• cümə, 19 Aprel, 08:47
  • Baku Bakı 13°C

Berlin muzeyində islam incəsənəti - Reportaj

24.07.15 13:22 4352
Berlin muzeyində islam incəsənəti - Reportaj
Muzeyin salonlarında Azərbaycana aid çoxlu əşyalar yer alıb
(İkinci hissə)
“Berlinin bəxti gətirdi: çünki islam incəsənətinin dünyadakı ən böyük kolleksiyalarına sahibdir"- deyə İslam Sənəti Muzeyinin direktoru Klaus Peter Xaase qeyd edib. Onun sözlərinə görə, muzeyin eksponatları müsəlman Əndəlusundakı (İspaniya) incəsənət əsərlərindən başlayaraq, Moğolların dövründən Hindistandakı şedevr əsərlərdə qurtaran bütün regionları və dövrləri əhatə edir: “Faktiki olaraq Berlin təkcə özünün sənət tarixçilərinə deyil, həmçinin dünya sənətşünaslarına islam şedevrlərini dövrlər və regionlar üzrə necə siniflərə bölünməsini misal olaraq göstərdi. Bu yanaşma bizim dövrdə də geniş yayılıb”.
Muzeyin salonlarını gəzdikcə gerçəkdən İslam dünyasının böyük bir coğrafi ərazisini əhatə edən nadir eksponatları seyr etmək mümkündür.
Muzeyin ilk salonlarından birində Səlcuq və Osmanlı dövrü mədəniyyətini (1300-1520-ci illəri) əhatə edən müxtəlif eksponatlar sərgilənib. Məsələn, Quranın altlığı Konyadan gətirilib. 13-cü əsrə aid olan əşya qoz ağacından düzəldilib. Ornamentinə görə dizaynı ərəb hərfləri ilə bəzədilib. Abdul Əli Vahid ibn Süleyman adlı ustanın əl işi olan altlıq İslam inamını ifadə edir. Bələdçi bu əşyanı möhtəşəm usta işi kimi dəyərləndirdi: «Bu eksponat əsl şedevrdir və Səlcuq epoxası üçün tipikdir». Quran qabı da nadir eksponatlardandır və türk ustalarına məxsusi əşya kimi təqdim olunub.
Eksponatlar sırasında İran və İraqdan gətirilən nadir saxsı qablar var. Salonlarda həmçinin Sasanilər dövrünə aid olan irs təqdim olunur. Qacar sülaləsinə aid balaca qılınc (1796-1924) muzeyin nadir eksponatlarından sayılır. Qılınc haqqında yazılan açıqlamada qeyd olunub ki, o zaman şahın ətrafında olan insanların hamısının üzərində bu qılıncdan olubmuş. Həmçinin şahı qoruyan mühafizəçilər də əllərində bu qılıncdan tuturlarmış. Muzeydə Səlcuq dövrünə aid xalça və qablar saxlanılır.
Muzeyin salonlarında Azərbaycana aid çoxlu əşyalar yer alıb. Ancaq həmin eksponatlar fars nümunələri kimi təqdim olunur. Tədqiqatçılar müxtəlif çeşidli mis, gümüş və saxsı qabların bəzilərinin Azərbaycandan gətirildiyini bildirirlər. Əfsus ki, həmin əşyaların hamısı İran, türk və ya digər islam ölkələrinin adı ilə təqdim olunur. Muzeyin direktoru Xaaseyə “Muzeydə ən qiymətli və ən mühüm hansı eksponatı hesab edirsiniz?” deyə soruşanda “Demək çətindir - əlbəttə bu, baxmağa gələnlərin meylindən asılıdır. Burada iordan sarayının fasadının memarlıq elementləri kimi iri obyektlər var. Amma həmçinin XIV yüzilliyin əvvəlində yaradılmış və İspaniyadan gətirilmiş qədim xalıları da qeyd etmək lazımdır" - deyə cavab verib. Direktor həm də XVI əsrdə Səfəvilər sülaləsinin çiçəklənməsi dövründə hazırlanmış Quranın gözəl əl yazmalarını da fərqləndirib: “Faktiki olaraq, bütün bu incəsənət əsərləri bərabər mənaya malikdir və onlardan hər biri öz-özlüyündə unikaldır” - deyib. Xaase həmçinin müasir Suriya ərazisindən gətirilmiş “Hələb otağı”nın Berlindəki məşhurlaşması ilə qürur hissi duyduğunu bildirib. O, eksponatı XVI və XVII əsrlərdə Osmanlı cəmiyyətinin “dinlərin və mədəniyyətlərin ensiklopediyası” adlandırıb.
“Damğalı”, “Əjdahalı”...
İslam İncəsənəti Muzeyinin eksponatları içərisində xalçalar mühüm yer tutur. Ümumiyyətlə, Almaniyanın Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn, Manheym və s. şəhərlərinin muzeylərində Azərbaycana aid nadir xalça nümunələri saxlanılır.
Orijinallıq baxımından 1960-cı ildə Münhen şəhərindəki əntiq mallar mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da qiymətli eksponat hesab edilir. “Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif tərəfə ayrılan bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə “Damğalı” adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ-tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik” - deyə tədqiqatçılar qeyd edirlər.
Tarix etibarı ilə dünya muzeylərində saxlanılan ən qədim Azərbaycan xalçalarından biri də “Əjdahalı” Qazax xalçası hesab olunur. XV yüzilliyə adi edilən bu xalı Berlin İncəsənət Muzeyinin Şərq bölməsində nümayiş etdirilir. Simurqla əjdahanın döyüşü təsvir olunan xalıda iki dəfə bir-birini təkrar edən süjetli kompozisiya yerləşir. Deyilənə görə, xalı 1896-cı ildə Romada bir antik mallar satıcısından alınıb. Onun XV əsrə adi olmasını həmin ərəfədə yaşamış italyan rəssamlar Domeniko Moreno və Domeniko de Bartolun əsərlərində əks etdirilməsi də təsdiq edir. Önəmli xalçalarımızdan biri də Münhen şəhərindəki xalı salonunda nümayiş etdirilən uzunluğu 0.95 santimetr, eni 0.72 santimetr ölçüdə olan kiçik bir xalıdır. Xalçanın yanındakı etiketdə onun 1600-cü ildə Qarabağda toxunduğu qeyd olunub. Bu xalçanın əsas orijinal xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun üzərində biz XVI-XVII yüzilliklərdə Təbriz xalçalarında tez-tez təsadüf olunan süjetə, yəni ovçuluq səhnəsinə rast gəlirik. Xalçanın enli ara sahəsində hündür sərv ağacı, onun da ətrafında simmetriya əsasında yerləşdirilmiş iki “qızılbaş” zadəgan fiqurları təsvir olunub”.
Türk tayfalarına aid sənət
İslam Sənəti Muzeyindəki xalçalar da orijinallıq baxımından diqqət çəkir. Qədim və nadir xalçalar bir neçə salonda sərgilənib. Muzeydə 500-dən çox xalça olsa da onların az bir hissəsi nümayiş etdirilir. Bələdçi qeyd etdi ki, müharibədən sonra xalçaları təmizləmək və restavrasiya etmək lazım gəlib. Salonlardan birində Türkiyənin İznik, Bursa kimi bölgələrindən gətirilən xalçalar yer alıb. Bu xalçalar da naxışlarına görə ilk baxışdan ölkəmizdə toxunan xalçalara bənzəyir.
Salonlarda yer alan xalçalar içərisində vaxtilə Azərbaycandan aparılan xalçalar da var. Divara Qafqaza aid uzun xalça vurulub. İran nümunəsi kimi göstərilən digər xalçanın 1600-cü ilə aid olunduğu qeyd olunub. Həmçinin 15-16-cı əsrlərə aid bir sıra İran xalçaları muzeydə yer alıb. Ekspertlər bu xalçalardan bir neçəsinin Azərbaycana aid olduğunu bildirirlər. AMEA-nın Əlyazmalar İnstitunun əməkdaşı, tədqiqatçı Faiq Ələkbərli xalça nümunələrinin Azərbaycana aid olmasının fakt kimi sübut etməyin heç də çətin olmadığını söyləyir: “Xalça toxumaq sənəti türk tayfalarına aiddir. Farslarda ənənəvi xalça toxumaq sənəti olmayıb. Həm də farslara aid xalçaların naxışları, ornamentləri fərqlənir. Əgər bu xalçalar Təbriz, Urmiya, Gəncə, yaxud Şamaxıda toxunubsa, onu necə Azərbaycana aid olmadığını söyləmək olar?”
F.Ələkbərli qeyd edir ki, xalçanın hansı əyalətdə toxunması göstərilməlidir: “İranda şərqi və qərbi Azərbaycan əyalətləri var. Orada da yaşayan azərbaycanlılardır. Ona görə də burada Azərbaycanın adının çəkilməməsi düzgün deyil. Yəni bunu sübut etmək də bir o qədər də çətin deyil”. Tədqiqatçının sözlərinə görə, bu ölkədə dərc olunan xalça sənətinə həsr edilən kitablara nəzər yetirəndə oradakı materialların bir çoxunun Azərbaycan xalçalarına aid olduğunu görərik. Bu kitablarda alman xarakterinə xas olan bir dəqiqliklə xalçalarımızın bədii və texnoloji xüsusiyyətləri, onların toxunduğu yer və s. haqda ətraflı məlumat verilir.
İslam Sənəti Muzeyini ziyarətə gələnlər hər bir eksponata xüsusi maraq göstərirlər. İslam ölkələrinin maddi mədəniyyət nümunələrini əks etdirən nadir eksponatlar haqqında muzeyin 1-ci mərtəbəsində təqdim edilən broşürlərdə geniş məlumat əldə etmək olar. Həmçinin xüsusi qulaqlıq vasitəsilə müxtəlif dillərdə hər bir eksponat haqqında məlumatlar öyrənmək olur.
Bu gün İslam İncəsənəti Muzeyi bir əsrdən çox Berlində sərgilənən kolleksiyası ilə fəxr edir. İslam incəsənətindən ibarət muzey dünyada ən məşhur muzeylərdən sayılır. Berlin Muzeyinin ilk rəhbəri Vilhelm fon Bodenin muzeyə gələn tamaşaçıları qeyri-Avropa sənəti ilə yanaşı ilk növbədə islam kolleksiyası ilə tanış etmək qərarı özünü doğruldub. Hər il bu muzeyə 330 min insan baş çəkir.
Təranə Məhərrəmova
Berlin
Bu məqalə Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb
Yazının 1-ci hissəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://kaspi.az/news.php?id=23314

banner

Oxşar Xəbərlər