AZE | RUS | ENG |

Berdıməhəmmədov Transxəzər layihəsindən imtina edir?

Berdıməhəmmədov Transxəzər layihəsindən imtina edir?
“Qazprom” yenidən Türkmənistana qayıdır

Bir neçə il bundan əvvəl Türkmənistanı qalmaqalla tərk edən Rusiyanın qaz monopolisti  "Qazprom” yenidən bu ölkəyə qayıdır. Rusiya mediasının yaydığı xəbərə görə, şirkət Türkmənistandan qaz alınması barədə danışıqları bərpa edib. Bu barədə razılıq qaz nəhənginin rəhbəri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətinin Aşqabada səfərindən sonra əldə olunub. Lakin Millerin bu səfərindən sonra qazın qiyməti və həcmi barədə heç bir məlumat verilməyib. Lakin "Nezavisimaya qazeta” öz mənbələrinə istinadən yazır ki, söhbət il ərzində 3 milyard kub metr qazın alınmasından gedir. "Qazprom” İdarə Heyətinin rəhbəri Aleksey Miller türkmənlərin "Vatan” telekanalına bildirib ki, ilin sonuna kimi türkmən qazının alınması ilə bağlı konkret danışıqlara başlanılacaq. Korporasiyanın rəhbəri, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla əməkdaşlıq məsələlərini müzakirə edib və əlavə edib ki, Rusiyada Türkmənistanın böyük imkanları barədə yaxşı məlumatlıdırlar və qazın ənənəvi daşındığı bazarların artdığını təsdiq edirlər.
Daha dəqiq parametrlər - daşınma həcmləri və digər texniki məsələlər yaxın vaxtlarda müzakirəyə çıxarılacaq. Aşqabada gələn nümayəndə heyətinin tərkibində Rusiya Federasiyasının aparat rəhbəri və Türkmənistanda hamının yaxşı tanıdığı Konstantin Çuyçenko da olub. Bir vaxtlar o, baş nazir Dmitri Medvedyevin komandasında təmsil olunub və türkmən qazının Ukraynaya nəqli məsələlərinə məsul olub. O, Türkmən dövlət agentliyinə müsahibəsində bildirib ki, bu ilin sonunda "Qazprom”un  necə deyərlər, kommersiya fasiləsi sona çatır və bu səbəbdən də qərar qəbul etmək gərəkdir. Rusiyalı məmur xatırladıb ki, hazırda iki ölkə arasında qaz sahəsində 2028-ci ilə qədər əməkdaşlıq barədə dövlətlərarası saziş qüvvədədir. 2003-cü ildə imzalanan bu sənədi eyni zamanda "qaz əvəzində insanlar” adlandırırdılar. Belə ki, imzalanan sənədlər arasında ikili vətəndaşlıq haqda sazişin qüvvədən düşməsi barədə sənəd də var idi. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyevin qənaətincə, Rusiya üçün türkmən qazı yalnız alət kimi maraq kəsb edir. Kreml bunun əvəzində Türkmənistanın xarici iqtisadi və xarici siyasi sahədə güzəştlərə getməsini istəyir. Söhbət ondadır ki, Rusiya türkmən, o cümlədən Xəzər istiqamətində təhlükəsizlik sahəsinə nəzarəti ələ almağa çalışır. Yəni Rusiya üçün Türkmənistanda hərbi iştirak o qədər də vacib deyil – bu, müşahidəçilər və müşavirlər formasında, eyni zamanda güc və xüsusi xidmət, hüququ-mühafizə orqanlarının fəaliyyətinin koordinə edilməsi və informasiya mübadiləsi ola bilər. Rusiya nümayəndə heyətinin səfərindən öncə Berdıməhəmmədovla Vladimir Putin arasında telefon söhbəti olub. Rəsmi məlumata görə, o, rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib və daha aktual məsələləri müzakirə edib. Xatırladaq ki, avqustda iki ölkənin liderləri Aktauda Xəzər sammitində, az sonra isə Soçi sammitində görüşmüşdülər. "Arxadağ” (türkmən lideri ölkəsində belə adlandırırlar) Boçarey Ruçaya  (prezident iqamətgahı)  dəstək, daha dəqiq desək, ölkəsində sabitliyin qorunub saxlanılması üçün təşrif buyurmuşdu. Lakin iki ölkə prezidentinin nədən danışdıqları bəlli deyil. Maraqlıdır ki,  Berdıməhəmmədov eyni vaxtda ABŞ-la da danışıqlar aparırdı və müəyyən nailiyyətlər də əldə etmişdi. Hətta ABŞ Türkmənistana, Amerika yüklərinin tranzitinə qoşulmağı təklif etmişdi. Artıq bu addımı Qazaxıstan atıb. Lakin Qazaxıstan ərazisindən marşrut ABŞ üçün əlverişli deyildi. Türkmənistan isə bu məsələdə cəlbedici görünür. "Birincisi, Türkmənistanın Türkmənbaşı limanında iri multimodal dəniz limanı fəaliyyətə başlayıb. İkincisi, Türkmənistandan Əfqanıstana, Qazaxıstan və Özbəkistandan fərqli olaraq, yol iki dəfə qısadır. Bundan əlavə, Türkmənistan Əfqanıstana dəmir yolu ilə iki çıxışa malikdir – Sərhədabad (Kuşku) və ölkənin şərqində İmam-Məzar buraxılış məntəqəsi vasitəsilə. Aşqabadda bu variant ciddi şəkildə nəzərdən keçirilir və əvəzində bir sıra şərtlər irəli sürülür - Əfqanıstan ərazisində TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsinin reallaşdırılması, inşası və mühafizəsinə kömək etmək”, - deyə Aşqabaddan olan politoloq Sərdar Aytakov bildirib. Ekspertin sözlərinə görə, amerikalılar türkmən qazının Xəzərin şərq sahili ilə nəqli, oradan isə Avropaya çatdırılması ilə bağlı konsorsium yaradılması planını nəzərdən keçirirdilər. Bununla da Amerika biznesi Avropa bazarına Şərqin qaz kəmərləri ilə çıxmağa müvəffəq olurdu. "Aşqabadın planları barədə Kreml də məlumatlı idi. Moskva dərhal geniş bir bəyanat verdi və bu məsələ Soçidə qapalı keçən görüşdə müzakirə olundu”, - deyə ekspert bildirib. O hesab edir ki, türkmən qazını yenidən almaqla, Putin Transxəzər boru xəttinin inşası, eləcə də, Xəzərdə üçüncü ölkələrin və regionlardan olan ölkələrin peyda olmasının üstündən xətt çəkmiş olur. Bundan əlavə Putin Əfqanıstana Amerika yüklərinin tranzitini nəzarət altına ala bilər. Bu da ona, amerikalılarla dialoqda əlavə kart, eləcə də digər regionlarda ticarət üçün presedent  yaratmış olur, - deyə türkmən ekspert bildirib.
Rusiyalı politoloq Arkadi Dubnovun qənaətincə, Rusiya Transxəzər boru xəttinin baş tutmamağı üçün hər cür addım atmağa məcburdur. "Rusiya türkmənlərə yardım əlini uzadır. Bununla da Berdıməhəmmədova bildirmək istəyir ki, sənin dostun okeanın o tayında deyil, Moskvadadır. Rusiya ona sərhədlərin mühafizəsində də yardım göstərə bilər”, - deyə ekspert bəyan edib. Ekspert hesab edir ki, Soçidə hər hansı bir bəyanatın səslənməməyi də təsadüfi deyil. Belə ki, artıq bəli idi ki, tərəflər prinsipial razılıq əldə ediblər. Türkmənlərin marağına gəldikdə, rusiyalı ekspert hesab edir ki, onlar üçün əsas, pul almaqdır. Lap bu məbləğ cüzi də olsa. "Berdıməhəmmədovun uğursuz Çin danışıqlarından sonra onun başqa yolu qalmayıb. Pekin hər min kub metr türkmən qazına görə, 60 dollar verir. Ruslar isə bundan bir qədər çox verirlər. Bundan əlavə, Rusiya təhlükəsizliyə təminat verə və yeni varisi qəbul edə bilər. Kütləvi etirazların baş verməsi isə mümkündür – bu, təbii və yaxud əvvəlcədən hazırlanan iğtişaşlar ola bilər. Saray çevrilişi də mümkündür. Zabit heyətini Berdıməhəmmədovun yaxın qohumları - bacılarının ərləri və onların övladlarının törətdikləri qanunsuzluqlar boğaza yığıb”, - deyə türkmən ekspert bildirib.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Berdıməhəmmədov ölkəsini gözləyən defoltdan yaxa qurtarmaq üçün yenidən Rusiya ilə əməkdaşlıq yolunu seçdi. Bu yolda hətta onun üçün zəruri olan Transxəzər layihəsindən də imtina etməli oldu.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000