• çərşənbə, 24 Aprel, 18:39
  • Baku Bakı 23°C

Berdıməhəmmədov Avropaya dəhliz qazanmaq istəyir

13.03.20 15:25 1353
Berdıməhəmmədov Avropaya dəhliz qazanmaq istəyir
Türkmənistan Cənub Qaz Dəhlizinə qoşulmağa çalışır

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölkəmizə səfərinin yekunları və müzakirə olunan məsələlər dünya mediasının diqqət mərkəzindədir. Rəsmi Aşqabad özünün karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün bütün imkanları nəzərdən keçirir və belə marşrutlardan biri də Transxəzər boru xəttidir. Ən əsası odur ki, Aşqabad və Bakı Xəzər dənizi-Qara dəniz vasitəsilə iki ölkənin liman infrastrukturundan istifadə etməklə nəqliyyat-tranzit sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər. Rusiyanın "Nezavisimaya qazeta” yazır ki, bununla bağlı razılaşma Türkmənistan prezidentinin Azərbaycan həmkarı İlham Əliyevlə görüşündə əldə olunub. Prezidentlər həmçinin, enerji daşıyıcılarının diversifikasiyasına əsaslanan və Avropa bazarlarına daşınması üçün balanslaşdırılmış çoxvariantlı sistemin yaradılmasına çalışıblar. "İki ölkənin əməkdaşlığının prioritetləri arasında energetika, nəqliyyat, kommunikasiya, aqrosənaye kompleksi, kimya və toxuculuq sənayesi, inşaat, texnologiya, xidmət sahəsi və s. göstərilib”. Bunu görüşün yekunu ilə bağlı türkmən prezidenti bildirib. Onun sözlərinə görə, Bakı və Aşqabad Şərq-Qərb xətti ilə nəqliyyat-tranzit dəhlizlərinin formalaşdırılması istiqamətində səylərini gücləndirəcəklər. Bu xətlər hər iki ölkənin ərazisi ilə Xəzər dənizinin limanlarından istifadə etməklə avtomobil-bərə və dəmir yolu məlumatları zamanı da istifadə ediləcək. Ötən ilin martında Buxarestdə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə bəyannamə imzalanıb. Marşrut Türkmənistanın Türkmənbaşı limanından Azərbaycana, daha sonra dəmir yolu ilə Batumi və yaxud Potiyə, oradan isə Qara dənizlə Rumıniyanın Konstansa limanına kimi uzanacaq.
Türkmən ekspert Sərdar Aytakov hesab edir ki, "İran və Əfqanıstana qonşu Türkmənistanın yerləşdiyi əlverişli coğrafi mövqe onu bir çox üstünlüklərə malik tərəfdaşa çevirə bilər. Bu dəhlizin məqsədi yüklərin Türkmənistandan Əfqanıstana tranzitidir. Bu isə NATO-nun maraqlarına uyğundur və Avropa ilə münasibətlərdə Türkmənistanın əlinə "kozır” vermiş olar”. Lakin ekspert əlavə edir ki, bu layihənin reallaşması digər bir layihəyə - Transxəzər boru xəttinin inşasına mane ola bilər. Adıçəkilən layihənin reallaşmasına mane olan marşrutlardan biri Lapis Lazuli (Lazuli dəhlizi) nəqliyyat dəhlizi olub. Bu marşruta Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə daxildir. Ekspertlər istisna etmirlər ki, bu dəhliz vasitəsilə Əfqanıstandan çıxan ABŞ ordusunun yükləri də daşına bilər. Həmin qoşunlar 2020-ci ilin martın əvvəlində ABŞ və Talibanla əldə olunan razılaşmaya uyğun olaraq ölkəni tərk etməlidirlər. Lakin məsələ ondadır ki, ABŞ Əfqanıstandan çıxandan sonra bu marşrutla NATO qoşunları üçün silah və ərzaq daşınması həyata keçirmək üçün gərək olacaq. Rusiya nəşri ölkəsinin başqa bir narahatçılığını da ortaya qoyur. Onların qənaətincə, Xəzər dənizi ilə hərbi xarakterli yüklərin daşınması da reallaşa bilər. Aytakovun qənaətincə, bu zaman bütün yüklərin kommersiya və humanitar yük kimi sənədləşməsi istisna edilmir. "Təşkilatçıların qənaətincə, onlar Rusiyanın diqqətini cəlb etməməlidir. Heç bir şübhə və etiraz doğurmamalıdır”, - deyə ekspert bildirib.
"Nezavisimaya qazeta” yazır ki, Bakıda səslənən ikinci mühüm məsələ enerji sahəsində əməkdaşlığı əhatə edir. Söhbət türkmən qazının Avropa bazarlarına çatdırılmasından gedir. Berdıməhəmmədov daxili problemlər, maliyyə problemi fonunda Cənub Qaz Dəhlizi layihəsinə qoşulmağa çalışır. Xatırladaq ki, Avropa Komissiyası Transxəzər qaz kəməri xəttini prioritet layihələr siyahısına daxil edib. Avropa İttifaqının Türkmənistandakı nümayəndəliyinin rəhbəri Lyubomir Frebort bildirib ki, 2020-ci ilin birinci rübündə Aşqabadda Avropa İttifaqının Mərkəzi Asiya üzrə Strategiyasının reallaşması üçün simpoziumun keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə konkret fəaliyyət proqramı ortaya qoyulacaq. Adıçəkilən strategiya 2019-cu ildə qəbul edilib və əsas istiqamətlərindən biri də məhz enerji məsələsidir. Frebort hesab edir ki, Türkmənistan Avropa İttifaqı ilə aktiv münasibətlərdən mənfəət əldə edəcək. Ötən əsrin 90-cı illərindən müzakirə olunan və türkmən qazının Avropaya nəqlini nəzərdə tutan Transxəzər boru xətti layihəsi Türkmənistan və Azərbaycanı bir-birinə bağlamalıdır. Lakin sonralar bu məsələ müxtəlif səbəblərdən arxa plana keçdi. "Lakin Avropa Komissiyası və yaxud Aşqabadın Transxəzər boru xəttini inşa etmək üçün arzuları kifayət etmir. Belə baxanda texniki nöqteyi-nəzərindən layihəni reallaşdırmaq elə də mürəkkəb deyil. Bunun üçün Xəzərin türkmən sektoru ilə Azərbaycan sektoru arasında 300 km. uzunluğunda boru xətti inşa etmək gərəkdir. Məsələn, "Şimal axını” ilə "Türk axını” daha mürəkkəb təbii şəraitdə inşa edilib. Əgər bu layihələri reallaşdırmaq mümkün olubsa, onda Transxəzər layihəsini reallaşdırmaq çətin olmaz. Məsələ başqadır: bu kəmərin inşasına kim həyata keçirəcək? Düzdür, Avropa İnkişaf və Yenidənqurma Bankı, Asiya İnkişaf Bankı belə bir təklif səsləndiriblər. Lakin konkret təklif ortada yoxdur”, - deyə "Cənubi Qafqaz” klubunun rəhbəri İlqar Vəlizadə bildirib. Ekspert diqqəti ona yönəldir ki, uzun illər ərzində konsorsium yaradılmayıb, Qərb bazarlarına nə qədər qazın nəqli, çəkiləcək boru xəttinin diametri də bəlli deyil. Bu, çox vacib məsələdir. Ehtimal olunur ki, Transxəzər kəməri "Cənub Qaz Dəhlizi”nə qoşulacaq. Nəqlin həcmi isə ildə maksimum 10 mlrd. kubmetr ola bilər. Sistemin özü əsasən Azərbaycan qazının nəqlinə yönəlib. Əgər türkmən qazının da bu marşrutla nəqli olarsa, onda artıq "Cənub Qaz Dəhlizi”nin gücünün artırılmasından söhbət gedə bilər. Prinsipial məsələ ondadır ki, türkmən tərəfi Avropa alıcıları ilə öz qazının daşınması ilə bağlı ortaya konkret nəsə qoymayıb. Berdıməhəmmədovun Almaniya və digər Avropa ölkələrinə səfərləri ilə bağlı ümumi bəyanatlar səslənsə də, konkret bir razılaşma yoxdur. Başqa bir fakt da odur ki, son illər Xəzəryanı dövlətlərdə enerjidaşıyıcılarının nəqlində kəskin artım baş vermir. Bir məsələ də var ki, Türkmənistan-Çin boru xətti ilə ildə 36 mlrd. kubmetr qaz nəqli olunur. Onun gücü isə 55 mlrd. dollardır. İran istiqamətindəki mövcud kəmər boşdur. Halbuki, il ərzində 20 mlrd. kub metr qaz nəqli üçün nəzərdə tutulub. TAPİ - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan layihəsinin inşasına başlanılıb. Bu da əlavə həcmdə qaz tələb edir.


Azər NURİYEV

banner

Oxşar Xəbərlər