• cümə axşamı, 28 mart, 16:04
  • Baku Bakı 16°C

Bərdədə sahibkarların iştirakı ilə müzakirələr keçirilib

14.11.14 13:19 1311
Bərdədə sahibkarların iştirakı ilə müzakirələr keçirilib
Sahib Məmmədov: “İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi, ölkənin ixrac imkanlarının artırılması Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir”

Bərdədə sahibkarların iştirakı ilə “Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr keçirilib. Tədbirə İqtisadiyyat və Sənaye (İSN), Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirdən əvvəl iştirakçılar Aran iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə 20-dən çox sahibkarlıq subyektinin ixracyönümlü və rəqabətqabiliyyətli 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilib. Sərgi tədbir iştirakçıları və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sonra müzakirələrdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. Qeyd edilib ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi, ölkənin ixrac imkanlarının artırılması Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Görülən dəstək tədbirlərinin nəticəsində Azərbaycanın ixrac imkanları genişlənir, qeyri-neft məhsullarının ixracı artır. Bu gün rəqabətqabiliyyətli yerli məhsullar ənənəvi bazarlarla yanaşı, bir sıra xarici ölkələrə ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz geniş potensiala malikdir.
Tədbirdə qeyd edilib ki, özəl sektorun inkişafına kompleks dövlət dəstəyi tədbirləri, dövlət proqramlarının icrası, sahibkarlıq subyektlərinin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi, startaplara dəstək verilməsi, biznes inkubatorların yaradılması və sair kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, müasir texnologiyaların tətbiqinə əsaslanan iri istehsal müəssisələri yaradılır. Bu müəssisələrdə istehsal olunan ixracyönümlü rəqabətqabiliyyətli məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dövlət başçısının rəhbərliyi ilə ölkədə qeyri-neft sektorun inkişafına verilən dəstək nəticəsində digər rayonlar kimi, Bərdədə də aqrar sektorun sürətlə inkişaf etdiyini, bu sahədə müxtəlif istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu istiqamətdə sahibkarların rolunun daha da artdığını qeyd edib.
Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin, İSN-in Ticarət siyasəti və ÜTT şöbəsinin, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və AZPROMO-nun nümayəndələri çıxış edərək ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, güzəştli maliyyə vəsaitlərinə çıxış imkanları, regionların inkişafına dəstək, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları və bu imkanlardan istifadə edilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Tədbir sahibkarların suallarının cavablandırılması ilə davam edib, sahibkarları maraqlandıran məsələlər dinlənilib, xarici bazarlara çıxış imkanları müzakirə edilib və həmin məsələlərin həlli istiqamətində məlumat verilib.
Çıxış edən sahibkarlar ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, yaradılmış əlverişli biznes mühitindən istifadə edərək məhsul istehsalının və ixracın artırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər.
Müzakirələrdən sonra, Aran iqtisadi rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələri olan “Azqida” MMC, “Yevlax İstixana” firması və Qarabağ Sənaye Kompleksinin Bərdə ət kəsimi fabriki və soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər