• cümə, 26 Aprel, 05:04
  • Baku Bakı 16°C

Bərabər hüquqlar və bərabər imkanlar

24.11.16 13:13 1308
Bərabər hüquqlar və bərabər imkanlar
"Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar Azərbaycanda daim yaşayıb”.
Bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumun açılış nitqində deyib.
Tarixən Azərbaycanda yaşayan insanlar arasında milli və ya dini ayrı-seçkilik qoyulmayıb. Tolerantlıq, milli-etnik dözümlülük, sıx əməkdaşlıq, bərabər imkanlarla iştirak milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Azərbaycan ərazisində məkan salmış bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı Vətəni olub. Bu doğma mehriban münasibətlər millətlər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verib.
Multikulturalizmin Azərbaycan modeli
Bu mövzuda məqalələrlə çıxış edən Ombudsman Elmira Süleymanova deyir ki, multikulturalizmin hökm sürdüyü ölkədə demokratiya özünün ən yüksək inkişaf səviyyəsinə çatır: "Yaşadığımız əsr bəşər tarixini milli və dini ədavətin qızışdığı, milli-dini zəmində qarşıdurmaların müharibə həddinə çatdığı, etnik təmizləmə ilə müşahidə olunan yüzillik kimi tarixə düşə bilər. Dünyada bir tərəfdə terror, müharibə, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnən hadisələr, digər tərəfdə isə insan hüquq və azadlıqlarının təmin olunması, humanist dəyərləri özündə birləşdirən tolerantlıq, sülh, dözümlülük, multikulturalizm ideyaları özünə yer tutub. Çox sevindirici haldır ki, son ideyaların gerçəkləşdiyi məkan olan Azərbaycan dünyaya öz multikulturalizm siyasətini, özünəməxsus modelini nümunə kimi təqdim edir və örnək kimi qəbul olunur. Yəni, multikulturalizmin hökm sürdüyü ölkədə demokratiya özünün ən yüksək inkişaf səviyyəsinə çatır. Dünyada multikulturalizmin artıq qəbul olunmuş Azərbaycan modeli bunun bariz nümunəsidir. Tolerantlıq, sülh, dözümlülük - hər bir ailədə, icmada, cəmiyyətdə, daha geniş götürdükdə, dövlət daxilində xoş münasibət, dostluq, qardaşlıq və əməkdaşlıq deməkdir. Azərbaycanda heç bir zaman milli, dini və irqi zəmində ayrı-seçkilik olmayıb. Əgər biz beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqların hər birini ayrı-ayrılıqda təhlil etsək, həqiqətən ölkəmizdə bərabər hüquqların bərabər şəraitdə bərabər imkanlarla təmin olunmasını bir daha təsdiqləyərik. Milli azlıqların nümayəndələri hakimiyyətin hər üç qolunda, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərində yüksək səviyyədə təmsil olunublar. Ölkədə keçirilən seçkilərdə milli və etnik azlıqlar aktiv və passiv seçki hüquqlarından tam və sərbəst şəkildə istifadə edirlər. Bu gün Parlamentdə və bələdiyyələrdə milli və dini azlıqların nümayəndələri də azad, şəffaf və ədalətli seçkilər nəticəsində seçicilərin səsini qazanaraq, həmin seçkili orqanlarda təmsil olunurlar. Beləliklə, dövlətin demokratik, idarəetmə sistemində səs verdiyi millət vəkilləri vasitəsilə qərar qəbul etmək səviyyəsində iştirak edirlər. Etnik, dini və milli azlıqlara mənsub olan şəxslərin öz mədəniyyətindən istifadə etmək, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, habelə doğma dilindən istifadə etmək hüququ vardır. Bu hüquqlar da ölkəmizdə tam şəkildə təmin olunur. Milli azlıqlar öz dillərində sərbəst şəkildə danışır, azad şəkildə öz dinlərinə etiqad edirlər, milli adət-ənənələrini, mədəniyyətlərini, mərasimlərini yaşadırlar. Məlum olduğu kimi, 2000-ci ildə ölkəmiz Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na da qoşulub. Bu Konvensiyaya əsasənmil­li azlıq­la­rın və bu az­lıq­la­ra mən­sub şəxs­lə­rin hü­quq və azadlıqla­rı­nın müda­fiə­si in­san hü­quq­la­rı­nın bey­nəl­xalq mü­da­fiə­si­nin ayrıl­maz tər­kib his­sə­si­dir və bu­na gö­rə də, bey­nəl­xalq əmək­daş­lı­ğın bir sa­hə­si he­sab olu­nur”.
"Gələcəyə nikbin baxış”
Azərbaycan mədəniyyətinin inkişafında, ölkədə və xaricdə daha geniş təbliğ olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çoxsaylı və geniş səpkili fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun Prezidenti,UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 7-ci Qlobal Forumun "Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasın açılışındakı yaddaqalan çıxışında bildirib: "Azərbaycanda müxtəlif dini icmalar tolerant şəkildə yaşayırlar. Ən mühüm nailiyyətlərdən biri Azərbaycan cəmiyyətində yüksək sosial tolerantlığın olmasıdır. Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq. Tanınmış alim Albert Şteyn deyib ki, hər hansı fərdin həyatı o zaman məna daşıyır ki, başqa bir canlının həyatını mənalı etsin”.
Sənədlər
10 dekabr 1948-ci ildə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hər bir kəsin hüquq bərabərliyi və heç kəsə qarşı ayrı-seçkiliyə yol verilməməsi prinsipi üzərində qurulmuş ən mühüm sənəddir. Bəyannamə qəbul edildikdən sonra daha geniş və daha yüksək səviyyədə tanınmağa, yayılmağa başladı. Bu tarixdən etibarən demək olar ki, insan hüquq və azadlıqları sahəsində artıq yeni bir mərhələyə qədəm qoyuldu və BMT tərəfindən insan hüquqları sahəsində bir sıra sənədlər qəbul edildi. Bu sənədlər arasında 16 dekabr 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar haqqında və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktların bu il bütün dünya tərəfindən 50 illiyi qeyd olunur. Bu Paktlarda bir daha insanların fundamental hüquqları aydın şəkildə öz əksini tapmış, dünyanın bir çox ölkələri tərəfindən tanınmış və əsas müddəaları milli qanunvericilik aktlarında təsbit olunmuşdur. Hüquq ədəbiyyatında Bill kimi tanınmış Bəyannamədə və Paktlarda xüsusilə qeyd edilir ki, hər kəs heç bir fərq qoyulmadan, o cümlədən irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli yaxud sosial mənşəyindən, əmlak və ya digər vəziyyətindən asılı olmayaraq, bu sənədlərdə təsbit edilmiş bütün hüquq və azadlıqlara malikdir. Deməli, bu hüquqlardan hamı bərabər şəkildə və bərabər imkanlarla istifadə edə bilər və heç kəs ayrı-seçkiliyə məruz qala bilməz. Odur ki, BMT tərəfindən bunlardan sonra qəbul edilmiş demək olar ki, hər bir sənəd ayrı-seçkiliyin yolverilməz olduğunu xüsusilə vurğulayır. Azərbaycan Respublikasının Konstitusiyasında da hamının qanun və məhkəmə qarşısında bərabərliyinin, insan və vətəndaş hüquqları və azadlıqlarının irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırılmasının qadağan edildiyi təsbit olunur.
"Genetik koda möhürlənmiş insanlıq”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Məşvərət Şurasının üzvü, araşdırmaçı-jurnalist Niyaz Niftiyev qəzetimizə açıqlamasında bildirdi ki, tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməyib, tolerantlıq milli mentalitetimizə xas olub. Onun sözlərinə görə, Azərbaycan modeli dünya tarixinə yazılan tarixi nümunədir: "Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar aralarında heç bir ayrı-seçkilik olmadan sülh və əmin-amanlıq şəraitində dinc - yanaşı yaşayıblar. Bu, dünya tarixinə yazılan tarixi nümunədir. Bu, adına "tolerantlıq” deyilən, gerçəkdə isə xalqımızın genetik koduna möhürlənmiş insanlıq, humanizm və bəşərilikdir. Bu, həqiqətdir, ən yüksək kürsülərdə səslənən səmimi etirafdır. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir, hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”.
"Dünyada mütərəqqi model”
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Ülviyyə Həmzəyeva da hesab edir ki, bu gün Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur. Onun fikrincə, Azər­bay­can sülh, to­le­rantlıq, bir­gə­ya­şa­yı­şın ide­al mo­de­li­nə, nü­mu­nə­si­nə sa­hib olan bir döv­lət ola­raq, bü­tün dünya­da ta­nı­nır: "Əsrlərdir xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, multikulturalizm ənənələrinin formalaşmasına mühüm töhfələr verib. Ta­ri­xi keç­mi­şə ma­lik olan Azərbaycan insanları, adət-ənənələriilə hələ qə­dim za­man­lardan başqa döv­lət­lə­rin, xalqla­rın mara­ğı­nı cəlb edib. İpək Yo­lu­nun üs­tün­də yer­lə­şən diyarımıza sənətkarlar, səyyahlar, elm adam­la­rı hə­mi­şə ma­raq gös­tə­rib, öz ölkələrinə qayıtdıqdan sonra öl­kə­mi­zi, xal­qı­mı­zı, qo­naq­pər­vər­liyimi­zi, hörmət-izzə­ti­mi­zi qələmə alıb, Azərbaycana və xalqına bir çox əsərlər həsr ediblər. Çoxmillətli Azərbaycan tarixinin bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında, tolerantlılığın inkişafında müstəsna xidmətlər göstərib. Bu gün ümummilli liderin siyasi xətti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
"Qırmızı qəsəbə” nümunəsi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əməkdaşı Tofiq Abbasov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda milli-dini tolerantlığın təməli əsrlər öncə qoyulub: "Milli-dini tolerantlıq tarixi şəkildə formalaşmış bir cərəyandır. Bunun təməli demək olar ki, əsrlər boyu qoyulub. İndi də öz gücünü, qüdrətini risklərə, təhdidlərə göstərə bilir. Azərbaycanda yerli əhalinin VI-VII əsrdən bəri islama yaxınlaşması digər təriqətlərin buradan sıxışdırılıb çıxarılmasına imkan yaratmayıb. Şimalda - "Qırmızı qəsəbə” deyilən yerdə yəhudilər artıq bir neçə əsrdir ki, yaşayırlar. Məhsəti türklərinə qarşı 80-ci illərin axırında Özbəkistanda amansız bir kampaniya başlandı. Onların bir qismi Azərbaycanda özünə sığınacaq tapdı, xalqımız onları qəbul etdi, dəstək oldu. İndi də onlar özlərini Azərbaycan vətəndaşı kimi hiss edirlər. Biz görürük ki, dini zəmində də, milli zəmində də ölkələrin daxilində, sərhədləri boyunca toqquşmalar baş verir, münaqişələr yaranır. Azərbaycanda belə bir mühit yoxdur. Bu da ondan irəli gəlir ki, Azərbaycan reallığında müxtəlifliyin vəhdəti artıq bərqərar olub. Bu da bizim xalqımızı, dövlətimizin ən böyük varlığı, sərvətidir”.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir. Biz bunu qorumalıyıq, qoruyacağıq.
Aygün ƏZİZ
Yazı Ombudsmanın 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar - hamı üçün!” mövzusunda keçirdiyi jurnalist yazılarının ənənəvi müsabiqəsinə təqdim olunur.
banner

Oxşar Xəbərlər