• şənbə, 20 Aprel, 03:02
  • Baku Bakı 15°C

Bərabər hüquqa, qarşılıqlı hörmətə əsaslanan münasibətlər

07.10.17 12:00 2008
Bərabər hüquqa, qarşılıqlı hörmətə əsaslanan münasibətlər
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlar davam etdirilir. Bu saziş ikitərəfli əlaqələri yeni bir mərhələyə daşıyacaq. Bu günlərdə Prezident İlham Əliyevin Aİ-nin Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı səsləndirdiyi fikirlər bunu təsdiq edir. Dövlət başçısı bildirdi ki, Avropa irsi həmişə Azərbaycanda mövcud olub və indi təhlükəsizlik, siyasi inkişaf, ticarət, enerji, nəqliyyat, multikulturalizm kimi bütün vacib məsələləri özündə ehtiva edəcək yeni sazişlə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf edəcəyinə ümid edir.

Xatırladaq ki, 2017-ci ilin fevral ayında sazişlə bağlı danışıqlara Brüsseldə başlanılıb. 2016-cı ilin noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasətinin nümayəndəsinə müzakirələr aparılması üçün mandat verib. Bu il aprelin25-də sənədin müzakirəsi üzrə ilk görüş keçirilib. Danışıqlar üzrə son tarix hələ məlum deyil və sazişdə yer alacaq məsələlərlə bağlı müzakirələr aparılır. Bütövlükdə, Avropa İttifaqı və Azərbaycan arasında müzakirələri aparılan yeni sazişin əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan dövləti istənilən beynəlxalq birliyin subyekti ilə bərabər hüquqa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır: "Azərbaycan dövləti bundan kənarda hər hansı münasibəti qəbul etmir. Bu nöqteyi-nəzərdən Azərbaycanla Avropa İttifaqı münasibətləri məhz qarşılıqlı hörmətə, bərabər hüquqa, faydalı əməkdaşlığa söykənir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə qeyd etdi ki, Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri Avropa İttifaqı ilə münasibətlərdir. Bu bir daha təsdiqləyir ki, hər iki tərəf biri-birinin qarşılıqlı maraq dairəsində olan tərəflərdir və Azərbaycan-Avropa İttifaqı münasibətləri strateji tərəfdaşlığa dayanır. Təsadüfi deyil ki, Avropa İttifaqının 28 dövlətinin 9-u ilə Azərbaycanın strateji tərəfdaşlıq müqaviləsi mövcuddur. Heç şübhəsiz ki, Avropa İttifaqı ilə münasibətlər bizim üçün əhəmiyyət və məna kəsb edir. Xüsusilə də enerji təhlükəsizliyi məsələlərində ortaq mövqeyə malikik. O cümlədən "Cənub Qaz Dəhlizi” layihəsi bir daha onu göstərir ki, Avropa İttifaqı ilə münasibətlərimiz dinamik inkişafdadır”.

E.Nəsirov qeyd etdi ki, əsas məsələlərdən biri də münasibətlərimizin gələcəyidir: "Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının üzvləri ilə görüşündə bu məsələni xüsusi vurğuladı və qeyd etdi ki, Şərq Tərəfdaşlığı çərçivəsində də bizim münasibətlərimiz inkişaf edir. Nəzərə alsaq ki, hazırda Şərq Tərəfdaşlığı ölkələrindən 3-ü Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb, 2-i isə Avropa İqtisadi İttifaqının üzvüdür. Azərbaycan isə tamamilə fərqli mövqeyə malikdir. Bu baxımdan, Azərbaycan dövləti Avropa İttifaqı ilə yeni sənəd üzərində işləyir və bu strateji tərəfdaşlığı özündə ehtiva edəcək. Onu da vurğulayım ki, adətən analoji sənədlərin hazırlanması prosesinə Avropa İttifaqı rəhbərlik edir, onlar hazırlayır və qarşı tərəfə təqdim edirlər. Lakin indiki halda Avropa İttifaqı Azərbaycana çox böyük etimad göstərərək, onun hazırlanmasını bizə həvalə edib. Hazırda bu sənəd üzərində işlər gedir və bu nəticə etibarı ilə Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir səhifənin açılmasına gətirib çıxaracaq. Söhbət həm siyasi, iqtisadi, həm humanitar və digər sahələrdə əlaqələrin inkişafından gedir.Hətta Azərbaycan prezidenti bir məqamı da vurğuladı ki, bu gün Avropa Şurasından rəhbərlik səviyyəsində müəyyən təzyiqlər və qərəzli yanaşmalar var. Bu reallığa baxmayaraq, Avropa İttifaqı və Avropa Komissiyası ilə əlaqələrin daha da inkişaf etdirilməsi əsas məsələlərdən biri kimi nəzərdən keçirilir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan və Avropa İttifaqı arasında nəzərdə tutulan yeni sazişin imzalanması hər iki tərəf üçün önəmlidir və vacibdir: "Çünki Azərbaycana dost dövlətlər artıq Avropa İttifaqı ilə assosiativ saziş imzalayıblar. Əslində Azərbaycan fərqli bir anlaşma istəyir və buna da haqqı çatır. Çünki biz Avropaya daha çox fayda veririk. Ona görə də fərqli bir anlaşmaya ehtiyac var ki, strateji əməkdaşlığın istiqamətlərini göstərən bir sənəd olsun”.

E.Şahinoğlu vurğuladı ki, Azərbaycan Avropa İttifaqına daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli strateji sazişlər imzalayıb. Onun sözlərinə görə, bu sazişlər çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin konturlarını müəyyənləşdirəcək: "Siyasi, iqtisadi, enerji, ticarət və bu kimi məsələlər həmin sənəddə öz əksinin tapacaq. Hələ bu ilin fevral ayında Prezident İlham Əliyev Brüsseldə səfərdə olanda təlimat vermişdir ki, ilin sonuna qədər sənədin hazırlanması ilə bağlı bütün məsələlər öz həllini tapsın. Düşünürəm ki, hər iki tərəf sənəd üzərində fəaliyyətini davam etdirir. İlin sonuna qədər mümkündür ki, həmin sənəd imzalansın”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər