• cümə, 29 Mart, 10:02
  • Baku Bakı 5°C

Bəlli qüvvələrin məqsədli qarayaxma kampaniyası

07.09.17 10:00 1501
Bəlli qüvvələrin məqsədli qarayaxma kampaniyası
Qərb ölkələrinə məxsus bəzi media qurumlarında son günlər Azərbaycana qarşı qərəzli, heç bir reallığı əks etdirməyən, yalnız ermənipərəst dairələrin və erməni lobbisinin maraqlarına söykənən "faktlar” əsasında qarayaxma kampaniyasına start verilib. Bununla xarici anti-Azərbaycan və ermənipərəst qüvvələr növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmağa, beynəlxalq aləmdə ölkəmizin nüfuzunu ləkələməyə çalışırlar. Bəzi beynəlxalq təşkilatlar guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri, rəsmi şəxsləri satın alması, onları gizli fondlardan maliyyələşdirməsi barədə növbəti dezinformasiyalar dövriyyəyə buraxır, bir sıra beynəlxalq media qurumları da məqsədli şəkildə bu yalanları tirajlayırlar. Xüsusilə diqqət çəkən məqam budur ki, bu informasiya dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və sair bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış "The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının adından verilir və dərhal bəlli xarici KİV şəbəkəsi tərəfindən ictimailəşdirilir. Araşdırmalar bir daha sübut edir ki, Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər. Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin "Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu dairələr təkcə Azərbaycanı deyil, həm də ölkəmizə xoş münasibət bəsləyən, onun inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxsləri, o cümlədən ictimai-siyasi xadimləri, rəsmi şəxsləri, ekspertləri də hədəfə götürüblər.

OCCRP təşkilatı ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, 2007-ci ildə müəmmalı şəkildə yaranmış bu qurumun yerləşmə məkanı Sarayevo və Buxarest olub. ABŞ-ın Merilend ştatında yerləşən xeyriyyəçi "Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin qeydiyyatdan keçmiş rəsmi adıdır. 2012-ci ildə aparılan araşdırmalar isə göstərib ki, "Jurnalistikanın İnkişafı Şəbəkəsi” adında qurum ümumiyyətlə mövcud deyil. Merilenddə sadəcə OCCRP-nin redaktoru kimi adıkeçən Endryu Sallivan yaşayır. Həmin Sallivanın da ümumiyyətlə nə bu layihədən, nə də hansısa təşkilat rəhbəri olmasından xəbəri yoxdur. Həmin vaxt təşkilatın maliyyəçiləri arasında C.Soros, ABŞ Milli Demokratiya Fondu və USAİD-lə bərabər, həm də Amerikanın KİV-lərə Beynəlxalq Dəstək Mərkəzinin (CİMA) nəzdindəki "Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu (İCİJ) və SCOOP təşkilatı da olub. O zaman araşdırmalar belə qənaətə gəlməyə əsas yaradırdı ki, bu qurum Azərbaycanda proseslərə nəzarət etməyi hədəfə alan Qərbin bəzi dairələri tərəfindən dezinformasiya vasitəsi kimi istifadə oluna bilər. Çox keçməyib ki, bu ehtimal öz təsdiqini tapıb. OCCRP-nin "araşdırmalarına” nəzər yetirdikdə məlum olub ki, materialların 80 faizindən çoxu Azərbaycana aiddir. Əsas hədəf də Azərbaycan Prezidenti və onun ailə üzvləridir.

Düzdür, sözügedən qurum Gürcüstan və bir sıra digər ölkələrlə bağlı da müəyyən "araşdırmalar” həyata keçirib. Ancaq həmin materiallarla tanış olduqda bunun iz itirmək üçün edildiyi gün kimi aydın olur. Çünki, ABŞ-ın Ayrıca Silikon vadisindəki Gələcək İnstitutu və dünyanın ən güclü beyin mərkəzlərindən biri hesab olunan Stenford İnstitutunun xüsusi texnoloji proqram paketləri hazırlayan qurumları ilə işbirliyi, eyni zamanda Azərbaycanın rəhbər vəzifəli şəxsləri, iş adamları haqqında müəmmalı dosyelərin hazırlanması və qərəzli məlumatların planlı şəkildə ictimai rəyə sızdırılması OCCRP-nin fəaliyyətinin başlıca istiqamətini təşkil edir. Maraqlı məqam həm də burasıdır ki, korrupsiya faktlarını araşdıran bir şəbəkə olduğunu iddia edən OCCRP erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç vaxt heç nə yazmayıb. Qeyd edilən təşkilat indiyə qədər erməni lobbisinin Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçilərini necə ələ alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında da heç nə verməyib.
Xatırladaq ki, Azərbaycan əleyhinə beynəlxalq mediada yer alan qarayaxma mahiyyəti daşıyan bütün yazılar eyni ölkəni tək tərəfli şəkildə hədəf alır. Yazılardan ikisinin həmmüəllifi erməni, birinin müəllifi Azərbaycan dövlətinə qarşı açıq savaş elan etmiş Xədicə İsmayıldır. Xədicə İsmayıl OCCRP-nin Azərbaycanla bağlı bütün yazılarının müəllifidir. Ancaq həqiqətən də müəllifidirmi? Bəzi iddialara görə, o yazıların altına sadəcə Xədicə İsmayılın adı qoyulur. Bütün bunlar onu göstərir ki, OCCRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da "Kaspi”yə açıqlamasında "The Washington Post” kimi nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqenin təəssüf doğurduğunu dilə gətirib. O, hər şeydən öncə jurnalistikadan söhbət getdiyini xatırladaraq deyib ki, jurnalist peşəkar olmalı, peşəkarlıq isə qərəzsizliyə söykənməlidir. Deputatın sözlərinə görə, jurnalistikada həssaslıq da mühüm şərtdir: "Bu mənada "The Washington Post”un təqdimatı tam yarıtmaz xarakter daşıyır. Mövcud dəst-xətt heç şübhəsiz siyasi amillərlə bağlıdır. Zaman-zaman belə halların az şahidi olmamışıq. Bu gün də eyni kampaniya aparılmaqdadır. Məqsəd bəllidir - Azərbaycanın beynəlxalq imicini ləkələmək, onun dövlət başçısının nüfuzuna zərbə vurmaq. Hesab edirəm ki, ölkə ictimaiyyətində bu cür uğursuz cəhdlərə münasibətdə tutarlı immunitet formalaşıb. İnsanlarımız reallıqları görürlər və düzgün qiymət verməyi bacarırlar”.
Ə.Amaşov bildirib ki, "The Washington Post”un jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilmələrinə toxunması, bu məsələ ilə "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi arasında paralellər aparması tam etikadan uzaqdır: "Bir qədər öncə jurnalistin həssas olmasının vacibliyini təsadüfən vurğulamadım. Düşünürəm ki, "The Washington Post” məhz bu məqama həssas yanaşmalıydı. Ona görə ki, burada ittiham edilən tərəf həm də Azərbaycan jurnalistləridir. Dövlət ümumilikdə 411 jurnalisti mənzillə təmin edib. "The Washington Post”un nəzərində 411 jurnalist mənzili rüşvət kimi qəbul edib. Yanaşma tam absurd və ziddiyyətlidir. Dövlətin jurnalistikaya təmənnalı münasibət bəsləməsinə hətta nəzəri cəhətdən belə ehtiyac yoxdur və olmayıb da. Müstəqillik dövründən bu yana həyata keçirilən islahatlarda, görülən işlərdə media amili əsas götürülüb. Yəni Azərbaycan dövləti öz işini məhz medianın dəstəyindən yararlanmaqla həyata keçirib. İkinci bir tərəfdən isə dövlətin ev verdiyi jurnalistlər Azərbaycan mediasının palitrasını təşkil edir. Bölgüdə müxalifətyönümlü və iqtidaryönümlü mediaya heç bir fərq qoyulmayıb. İndi də həmin jurnalistlər tam sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Onlar heç bir halda düşünməyib və düşünə də bilməzlər ki, dövlət ev verirsə, nələrisə yazmamalı və deməməlidirlər. Əksinə, jurnalistlər indi daha çox tənqid yazır və hesab edirlər ki, tənqid və nöqsanların diqqətə çatdırılması cəmiyyətin inkişafı, dövlətin tərəqqisi üçün son dərəcə vacibdir. Bu mənada "The Washington Post” Azərbaycan reallıqlarına tam əhəmiyyətsiz yanaşır”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu da son günlər qlobal mediada Azərbaycanda korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında məhz düşmən qüvvələrinin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdinin dayandığını vurğulayıb. O, qəzetimizə açıqlamasında təəssüflə bildirib ki, hazırda imperialist mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları bu kimi dezinformasiyaları tirajlayan vasitəyə çevriliblər. Millət vəkilinin fikrincə, bu, informasiya ilə yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj olunmasıdır: "Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya təxribatında düşmənlərimizin bir başa iştirakı var. Eyni zamanda məşhur milyarder və siyasi hoqqabaz Corc Sorosun da bu işdə dəsti xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları”nın davamına cəhdi kimi qiymətləndirilməlidir. Bəlli olduğu kimi, hazırda Corc Sorosun terrorçu elan edilməsi üçün ABŞ-da petisiya elan olunub və məsələnin müvafiq qurumlarda müzakirə olunmasına hüquqi əsas yaradacaq qədər imza artıq toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terroru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın ermənilərlə iş birliyi içərisində olması olduqca təbiidir .Çünki onları terrorizm xisləti birləşdirir”.
Millət vəkili "The Washington Post” nəşrində Azərbaycanda jurnalistlərə ev verilməsi hadisəsi ilə bağlı irəli sürülmüş əsassız iddialara da münasibət bildirib. O, Azərbaycanda jurnalistlərə ev verilməsinin heç də birinci belə hadisə olmadığını xatırladıb. Qeyd edib ki, bundan öncə də ölkəmizin milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərə ev verilib. Deputatın sözlərinə görə, bu, həm sosial baxımdan, həm də cəmiyyətimizin aparıcı intellektual institutlarından biri olan medianın fəaliyyətinin stimullaşdırılması baxımından olduqca mühüm hadisədir: "Deməli, təəccüblü olan evlərin verilməsi yox, "The Washington Post” nəşrinin məsələyə olan münasibətidir .Əgər ev vermək pis hadisə idisə onda nəyə görə birinci dəfə evlər paylananda həmin nəşr bu məsələyə münasibət bildirməyi vacib hesab etmədi. İndi birdən-birə bu məsələ ilə manipulyasiya edir. Deməli, yazı sifarişlidir və kimlərinsə maraqlarına xidmət edir. Ona görə də biz son günlərdə transmilli mediada Azərbaycan haqqında gedən informasiyaları təşkil edilmiş təxribat adlandıra bilərik. Bunun nəyə görə təşkil edildiyi də məlumdur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmi ermənipərəst mərkəzləri ciddi şəkildə narahat edir. İslamafob mərkəzlər müsəlmanların yaşadığı inkişaf etmiş və güclü ölkənin mövcud olmasını istəmirlər. Hər fürsətdə informasiya imperializminin cəbbəxanası olan "yumşaq güc”, yəni informasiya manipulyasiyası vasitəsilə ölkəmizə qarşı qara piar aparırlar. Ancaq Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir və nələrin nə üçün baş verdiyini yaxşıca təhlil etməyi bacarır”.

Millət vəkillərinin söylədikləri fikirlərə qatılaraq onu da əlavə etmək istərdik ki, Azərbaycan əleyhinə təbliğat aparan dairələrin bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir. Heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.

Alpər TURAN
banner

Oxşar Xəbərlər