• cümə axşamı, 28 mart, 15:12
  • Baku Bakı 16°C

“Bəlkə qayıda bilmədim...”

17.01.14 11:48 1830
“Bəlkə qayıda bilmədim...”
Doğmaları hər il onun torpağa tapşırıldığı gün - yanvarın 14-də Şəhidlər Xiyabanına yollanırlar. Onun məzarı üstə gül-çiçək düzür, yarıda qırılan ömrü üçün heyfslənir, göz yaşı axıdırlar. Amma qəlblərinə qürur verən, onlarda fəxarət hissi doğuran bir hiss də var: əzizləri Malik Məmmədov Vətən torpaqlarının azadlığı uğrunda şəhid olub.
1972-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olub Malik Məmmədov. 1990-cı ildə Rusiyanın Samara vilayətində hərbi xidmətdə olub. Ancaq 1 il 6 ay qulluq etdikdən sonra hərbi xidmətini yarıda kəsərək Azərbaycan torpaqlarını düşmən işğalından azad etmək üçün Bakıya qayıdıb. 1992-ci ilin fevral ayından «NZS»də yerləşən hərbi hissədə xidmətini davam etdirib. Bir ay sonra müharibəyə getmək könüllü müraciət edib.
Qardaşı Pənah Məmmədov danışır ki, Ermənistandan didərgin düşdüklərinə görə, o, çox sarsılmışdı: “Nəyə görə düşmən mənim torpağımı almalıdır, məni yurdumdan etməlidir?» - deyirdi. «Biz yurdumuza qayıdacağıq» - deyə, döyüşə yollandı. Müharibəyə gedəndə mənimlə görüşüb «Hər şey ola bilər, bəlkə qayıda bilmədim, anama yaxşı bax» - dedi.
M.Məmmədov əvvəlcə Seyfəli poliqonunda təlimlərdə iştirak edib. Ulu öndər Heydər Əliyev Seyfəliyə gedərkən M.Məmmədovun iştirak etdiyi taqım birinci yer tutduğuna görə onu fəxri fərmanla təltif edib. İlk döyüşə Füzuli bölgəsindən başlayıb. Füzulinin Qacar, Divanlılar və başqa kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Döyüş bacarığına görə onu taqım komandirinin müavini təyin ediblər. Daha sonra minaatıcı taborun bölük komandiri idi.
Onların taqımı Füzulinin Qacar kəndində döyüşə başlayanda həmin kənddə bütün əsirləri xilas etmişdilər. Ondan sonra ermənilər tərəfindən “Qara” adlandırılan bu cəsur döyüşçünün başına pul da qoyulur. «Kim Qaranı gətirsə, 10 min pul verəcəyik»- deyə ermənilər elan edirlər. “Buna görə də tabor komandiri Elnur Məmmədov həmişə onun yanında mühafizəçi gəzdirirdi. Onun həyatı üçün narahatlıq keçirirdi. 1992-ci ilin may ayının 14-də mən qardaşımı görmək üçün döyüş bölgəsinə getdim. Əsgərlərlə, tabor komandiri ilə görüşdüm və hamının Maliki nə qədər sevdiyinin şahidi oldum. Mən qardaşımın bu cür hörmət qazanması ilə fəxr elədim”.
Həmin vaxt Malikin qulluq etdiyi tabor Məngələnata yüksəkliyinin ermənilərdən təmizlənməsində iştirak edir. “Həmin döyüşdə Malik düşmənin 1 ədəd “PK” pulemyotunu və döyüş sursatını ələ keçirir. Hərbi hissəyə qayıdarkən, qəflətən minaya toxunub ayağından və çənəsindən yaralanır. Buna baxmayaraq, ələ keçirdiyi silahları gətirib tabor komandirinə təhvil verir. Tabor komandiri onu 10 min manat pulla mükafatlandırır. “Oradan isə Maliki birbaşa hospitala yollamışdılar. Əvvəlcə Füzulidə, daha sonra isə Bakı hospitalında yatdı. İki aylıq müalicədən sonra Samarada onunla bir yerdə hərbi xidmətdə olan iki yoldaşının Qarabağ döyüşlərində ölüm xəbərini eşidəndən sonra yenidən dözmədi: «Mən gedib onların da, xalqımızın da qisasını alacağam» - dedi. Hərbi hospitalda ona sən yararsızsan, döyüşə gedə bilməzsən“ desələr də o, inadkarlığından əl çəkmədi. «Məni yararsız etsəniz də, gedəcəyəm. Ona görə yazın ki, döyüş bölgəsinə göndərilir»-deyə israr edir və məqsədinə nail olur.
M.Məmmədov 1993-cü ilin dekabr ayında yenidən cəbhə bölgəsinə qayıdır. Cəbhənin ən qaynar nöqtəsinə, Füzuli rayonuna qayıdan M.Məmmədov rayonun Kürdmahmudlu, Şükürbəyli, Bəhmənli, Seyidəhmədli, Alxanlı kəndlərinin düşməndən təmizlənməsində böyük hünər göstərir. Bu döyüşlərdə Malik düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Cəbhə dostlarının söylədiklərinə görə, Malik dəstənin önündə getməyi xoşlayırdı və şəxsi igidlik göstərmədən geri dönmürdü.
Son döyüş

Füzulidə başlayan döyüşlər günlərlə davam etdi. Səkkiz gün davam edən gərgin döyüşlərdən sonra ona məzuniyyət verildi. Ancaq o, məzuniyyətə çıxmaq istəməyərək tabor komandirinə: «Qoy bu döyüşdə də iştirak edək, müavinim Vasiflə birlikdə məzuniyyətə gedərik”- deyə növbəti döyüşə yollanıb. O, taqımı ilə bərabər sübhə qədər döyüşüb. “Digər taqım komandiri Vüqarı snayperlə sinəsindən vurmuşdular. Onun bölümü də Malikin ümidinə qalmışdı. O biri taqım komandiri də aldığı güllə yarasından 3 gün sonra vəfat etdi”.
1994-cü il yanvar ayının 13-ü M.Məmmədovun axırıncı döyüş günü olur. Həmin gün Malikin qulluq etdiyi tabor Aşağı Əbdülrəhmanlı kəndini düşməndən azad etmək üçün hücuma keçir. Gecədən başlayan döyüş səhərə yaxın daha da şiddətlənir. Səhər xeyli itki verən düşmən Əbdülrəhmanlı kəndini tərk edir. Malikin dəstəsi qaçan düşməni təqib edib 8 kilometr geriyə qovur. Malik təkbaşına 12 düşməni və düşmənin 2 snayperini məhv edir. Üçüncü snayperi vurmaq üçün irəliyə atılan Malikdən düşmən gülləsi yan keçmir. “Bu zaman düşmən gülləsi Malikin başından dəyir. Döyüş dostu Vasif danışırdı ki, onu qucaqlayıb, birdən əlinin istiləndiyini hiss edib. Papağını çıxaranda başından qan axdığını görüb. Son nəfəsində «bölüyü burdan çıxarıb arxaya gedin, bizə kömək yoxdur» - deyib. «Biz səni qoyub gedə bilmərik» - deyən yoldaşları onu plaş çadır arasına qoyaraq 3 kilometr yolu sürüyüblər. 6-7 plaş-çadır cırılıb. Axı Malik hündür, canlı oğlan idi. Ancaq o, yolda keçinir. Bununla belə yoldaşları onu bölüyə qədər gətirib çıxara bilmişdilər”. Tabor komandiri onları maşınla qarşılayır, sonra da Bakıya yola salır: “ Əvvəlcə Malikin cəsədini qapımıza gətirmişdilər, ancaq heç kəsin ürəyi gəlib qapını döyməmişdi. Ona görə də, meyidi yenidən hərbi komissarlığa aparmışdılar. Səhər işdən qayıdanda məni hərbi komissarlığa çağırdılar. Orada Malikin şəhid olduğunu öyrəndim”.
Malikin adını yaşadan

Cəsur döyüşçü 1994-cü il yanvarın 14-də Şəhidlər Xiyabanında dəfn olunur. Ölümündən sonra baş çavuşa döyüşlərdə göstərdiyi igidlik və şücaətinə görə Bakının Nərimanov rayonundakı küçələrdən birinə Malik Məmmədovun adı verilib. Həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” ölkə prezidentinin 24 iyun 2010-cu il sərəncamı ilə respublikanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə M.Məmmədov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
“Malik haqqında nə qədər danışsam, qurtaran deyil”- deyə qardaşı kövrəlir: “O qədər mehriban, ailəsevən, dostcanlı insan idi ki... Hələ yeniyetmə ikən sürücülük məktəbində oxuya-oxuya həm də mağazada çalışıb ailəmizə kömək edirdi. Ata-anam qoca idi. Mən isə hərbi xidmətdə idim. Təbriz küçəsində bəlkə də onu tanımayan adam yox idi. Hamıya kömək edirdi. İmkansız adamlar üçün öz cibindən pul verib ərzaq alırdı. Əgər soruşsanız, bu gün də onun haqqında yalnız yaxşı sözlər eşidərsiniz...”
İndi Məmmədovların ocağında Malikin adını daşıyan bir övlad böyüyür. Böyük qardaşının nəvəsinə igid döyüşçünün adını veriblər. “Təsəllimiz odur ki, bu uşaq qardaşımın yarıda qalan arzularını davam etdirsin. Onun kimi Vətənə gərəkli övlad olsun!”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər