• cümə axşamı, 18 aprel, 16:13
  • Baku Bakı 22°C

Bəlkə dərslər oktyabrda başlasın?!

30.08.13 10:55 2575
Bəlkə dərslər oktyabrda başlasın?!
Artıq yay fəsli bitmək üzrədir. Qarşıdan sentyabr ayı gəlir və yeni tədris ilinə start veriləcək. Hamıya məlumdur ki, Azərbaycanda bütün ali və orta məktəblərdə dərslər sentyabrın 15-də başlayır. Halbuki, bir neçə il öncəyə qədər ölkədə bilik günü sentyabrın 1-də qeyd edilirdi. Bu il sentyabrın 15-i bazar gününə düşdüyünə görə tədris ili ayın 16-dan başlayır. Ümumiyyətlə, dərs ilinin başlanma tarixi son zamanlar müzakirə mövzusuna çevrilib. Bu günlərdə təhsil naziri də 3 ay yarım yay tətilinin çox uzun olduğunu deyib.
Rəsmi münasibət
Bir neçə gün öncə təhsil naziri Mikayıl Cabbarov nazirliyin rəsmi “facebook” səhifəsində vətəndaşların suallarını cavablandırarkən 3 ay yarım yay tətilinin şagirdlərin istirahəti üçün çox uzun müddət olduğunu deyib. Onun fikrincə, beynəlxalq təcrübə də yay tətili uzun olduqda, şagirdlər məktəbə qayıtdıqda bilik səviyyələrinin xeyli aşağı düşdüyünü göstərir: “Bu başqa bir problemi də yaradır. Problem isə ondan ibarətdir ki, məktəb proqramının həcmi azalmır. Ən azı, 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəlkindən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi. Amma bu il tədris sentyabrın 16-da başlayacaq və tədris həftəsi də 5 günlük olacaq”.
“1 sentyabrdan hamı məktəbə!”
Millət vəkili Fazil Mustafa da mətbuata açıqlamasında yeni dərs ilinin sentyabr ayının 15-də başlamasının əleyhinə olduğunu bildirmiş, bu tarixin əvvəlki illərdəki kimi sentyabr ayının 1-nə çəkilməsinin zəruriliyini vurğulamışdı. Hətta millət vəkili “1 sentyabrdan hamı məktəbə!” adlı kampaniya da başlatmışdı. F.Mustafa bu fikirlərini dərslərin sentyabrın 15-də başlamasının təhsilin keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərməsi ilə əlaqələndirib: “Bunu bir vaxtlar havaların istiliyi ilə əlaqələndirirdilər, halbuki istilik bəhanədirsə, o zaman bütün qəbul imtahanlarının yay aylarında keçirilməsi qadağan olunmalı, yalnız yazda və ya payızda keçirilməsi nəzərdə tutulmalıdır. Məncə, bəri başdan 15 gün itirilməsi proqram tərtibində də xeyli çətinliklər yaradır. Üstəlik, seçki məntəqələrinin əksəriyyətinin təhsil müəssisələrində yerləşdirilməsi və dairə və məntəqə seçki komissiyalarının üzvlərinin əhəmiyyətli hissəsinin müəllimlər olması dərsin keyfiyyətinə də təsirsiz ötüşməyəcək. Bir reallıq da var ki, may ayının son 15 günü orta məktəblərdə faktiki olaraq dərslər intensiv keçirilmir. Məncə, bu məsələnin təxirə salınmadan həlli ümumi işimizin faydasına olar”.
Proqramı çatdırmaq olmur
Yasamal rayonundakı məktəblərdən birində dərs deyən müəllimə Zemfira Quliyeva da dərslərin sentyabrın 15-də başlamasının tərəfdarı deyil. Müəllimənin sözlərinə görə, tədris həftəsi 5 gün olduğu üçün dərs proqramını çatdırmaq olmur: “Məktəbdə Təhsil Nazirliyinin metodiki proqramını çatdırmaq üçün uşaqları çox tapşırıq verməklə yükləyirik. Uşaqların bilik səviyyəsi aşağı olduğundan, 2-3 dərsi birlikdə oxumağa çətinlik çəkirlər və nəticədə şagirdlərdə dərsə maraq olmur”.
Məsələyə münasibətlərini öyrənmək üçün təhsil ekspertləri ilə də söhbətləşdik.
“Tədris ili oktyabrın 1-dən başlasın”
Təhsil eksperti Məhərrəm Zülfüqarlı dərslərin sentyabrın 1-nə keçirilməsi fikri ilə razı deyil. Ekspert qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın iqlim şəraiti dərslərin 15 gün tez başlamasına imkan vermir: “Mən təhsil işçisi olaraq dərslərin sentyabr 1-i başlamasını doğru yanaşma hesab etmirəm. Yay fəsli müddətində istirahət edən müəllim və tələbələrdə yeni dərs ilinə başlamaq üçün bir müddət uyğunlaşma prosesi getməlidir. Hesab edirəm ki, 15 gün ərzində müəllim, şagird kollektivi dərslərə daha tez adaptasiya olur və uyğunlaşma nöqteyi-nəzərindən dərslərin sentyabr 15-i başlaması daha məqsədəuyğundur”. Ekspertin sözlərinə görə, ölkəmizdə havalar isti keçdiyi üçün insanlar gərgin olurlar. Bu səbəbdən nisbətən sakit, mülayim havada dərsin başlaması daha məqbuldur: “Dərslərin başlamasının sentyabrın 1-dən 15-nə keçirilməsi çox düzgün qərar idi. Hətta mən, təhsil eksperti kimi dərslərin oktyabrın 1-də başlamasını təklif edirəm. Çünki Azərbaycanda havaların isti keçməsi adətən oktyabr ayına qədər davam edir. Bu səbəbdən hesab edirəm ki, dərslər oktyabrın 1-i başlamalıdır, nəinki sentyabrın 1-i”.
“Sentyabrın 1-i uğurlu seçim idi”
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə Təhsil naziri və millət vəkilinin fikirlərini dəstəkləyir və dərslərin sentyabr 1-i başlamasını məqsədəuyğun hesab edir: “Qərb ölkələrində, hətta Yaponiyada dərslər aprelin 1-dən başlayır. Ümumiyyətlə, heç bir ölkədə dərs ili hər hansı ayın ortasından yox, ayın əvvəlindən başlayır. Bizdə də sovetlər vaxtında dərs ili sentyabrın 1-dən başlayırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən başlayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi”.
E.Əliyev bizimlə söhbətində bildirdi ki, dərslərin sentyabrın 1-i başlaması müsbət nəticələr verə bilər: “Təsəvvür edin ki, 3 ay yarım şagirdlər istirahət edir, amma həmin o 15 gün tədris ilinin bitməsinə əlavə olunsa, şübhəsiz ki, bu daha yaxşı effekt verər. Çünki bu qədər istirahət mənəvi-psixoloji baxımdan da yaxşı hal sayılmır. Bu səbəbdən düşünürəm ki, 15 günün geri çəkilməsi və dərslərin ayın əvvəlində başlaması təhsildə daha böyük effekt verə bilər”.
Qeyd edək ki, psixoloqlar da hesab edir ki, istirahətin çox uzanması əks təsir verə bilir, insanda passivlik, tənbəllik müşahidə olunur. Təbii ki, uzun müddət fasilədən sonra əvvəlki iş rejiminə, həyat tərzinə öyrəşmək çətinləşir.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər