• çərşənbə, 24 Aprel, 21:20
  • Baku Bakı 23°C

“Bələdiyyələr dövlət mexanizminin ayrılmaz tərkib hissəsidir”

18.12.14 16:33 1121
“Bələdiyyələr dövlət mexanizminin ayrılmaz tərkib hissəsidir”
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatında qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə bələdiyyə seçkilərində iştirak edən YAP namizədlərinin görüşü keçirilib.
YAP Binəqədi Rayon Təşkilatından “Kaspi”yə bildirilib ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov qarşıdan gələn sayca dördüncü bələdiyyə seçkiləri haqqında danışaraq, yerli özünüidarəetmə orqanları, bələdiyyələrin funksiyaları haqqında gənclərə ətraflı məlumat verib. Natiq bələdiyyələrin dövlət mexanizminin ayrılmaz tərkib hissəsi olduğunu, bələdiyyə strukturlarının Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib. Sədr Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələr haqda danışaraq rayonda Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən və Biləcəri bələdiyyələrinin fəaliyyət göstərdiyini, cari seçkidə ümumilikdə beş bələdiyyə üzrə 79 üzv yerinə seçkilərin keçiriləcəyini bildirib. Rayon Partiya Təşkilatının sədri bu yerlərin hər birinə YAP-dan olan namizədlərin irəli sürüldüyünü, namizədlərin əksəriyyətini gənclərin təşkil etdiyini, onların hamısının ali təhsilə malik, vətənpərvər, savadlı və geniş dünyagörüşlü şəxslərdən ibarət olduğunu diqqətə çatdırıb.
Sədr seçkidə iştirak edən namizədlərin 40 faizinin 35 yaşa qədər, 33 faizinin 30 yaşa qədər olan şəxslərdən ibarət olduğunu qeyd edib. Səsvermə hüququnun vətəndaşın əsas konstitusion hüquqlarından biri olduğunu qeyd edən natiq, seçmək və seçilmək kimi fundamental hüquqa görə tarix boyu mübarizələrin getdiyini, 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaş üçün bu hüququn təsbit edildiyini bildirib.
Ölkədə aparılan uğurlu gənclər siyasətindən danışan Sədr əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm nəticələr verdiyini, hazırda gənclərimizin dünyanın ən nüfuzlu ali təhsil məktəblərində təhsil aldıqlarını və ölkəmizi xaricdə layiqincə təmsil etdiklərini vurğulayıb.
Rayon partiya Təşkilatının sədri seçkidə iştirak haqda danışaraq gəncləri seçkidə fəal olmağa, səsvermə günü seçki məntəqələrinə getməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb. O, cari bələdiyyə seçkilərinə “Rifah və Quruculuq Naminə” şüarı ilə gedən YAP-ın qələbə qazanacağına və Binəqədi rayonunun bu seçkilərdə öncül yerlərdən birini tutacağına inamını ifadə edib.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak münasibətilə təbrik edib. O. səsvermə hüququnun mühüm hüquqlardan biri olduğunu, vətəndaşın seçmək və seçilmək hüququnun demokratik dövlətlərə xas hal olduğunu, Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçdiyini bildirib. Ə.Pənahov Azərbaycan gəncliyinin inkişaf etdiyini, gəncliyin hazırda dünyanın diqqət mərkəzində olduğunu, gənclərin inkişafı iə bağlı müxtəlif Dövlət Proqramlarının qəbul edildiyini qeyd edib. O, YAP Gənclər Birliyinin fəaliyyətinə toxunaraq partiyanın üzvlərinin iki yüz əlli mindən çoxunun gənclərdən ibarət olduğunu qeyd edib, YAP Gənclər Birliyinin beynəlxalq əməkdaşlığı haqda geniş danışıb. Binəqədi rayonunun hər zaman özünəməxsusluğu ilə seçildiyini qeyd edən natiq bələdiyyə seçkilərində Binəqədi rayonunun öncül yerdə olacağından əmin olduğunu ifadə edib.
YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov səsvermənin 23 dekabr tarixində ilk dəfə səs verəcək gənclərin həyatında mühüm bir hal olacağını qeyd edib. O, gənclərin mənəvi və fiziki inkişafı üçün cənab Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla aparıldığını vurğulayıb. Q.Bayramov hazırda hər bir gəncin öz ideya və layihələrini reallaşdırması üçün istənilən imkanlara malik olduğunu, Preizdentin göstərişi ilə Gənclər Fondunun yaradıldığını qeyd edib. O, Binəqədi rayonunda gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərdə vətənpərvərlik hisslərinin inkişafı üçün Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə müxtəlif layihələrin keçirildiyini vurğulayıb. Natiq 23 dekabr bələdiyyə seçkilərində əksəriyyəti gənclərdən ibarət olan YAP namizədlərinin qalib gələcəyinə inamını ifadə edib, hər kəsi səsvermə günü seçki məntəqələrinə getməyə çağırıb.
Bələdiyyə seçkilərində YAP-ın namizədləri olan Aytac Əliyeva, Zaur Quliyev və Ayla İbrahimova özlərini təqdim edərək bələdiyyə seçkilərində iştirakdan böyük qürur duyduqlarını qeyd ediblər. Namizədlər gənclərin bələdiyyə seçkilərində “Rifah və Quruculuq Naminə” süarı ilə iştirak edən YAP-ın namizədlərinə səs verəcəklərinə inandıqlarını ifadə ediblər.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər