• cümə axşamı, 28 mart, 19:11
  • Baku Bakı 13°C

Bələdiyyə zibili neynəsin? Araşdırma

29.10.13 10:03 1960
Bələdiyyə zibili neynəsin? Araşdırma
Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu günlərdə mətbuata açıqlamasında bildirib ki, bələdiyyələrin işində müəyyən nöqsanlar var və onların aradan qaldırılması üçün yerli özünüidarə qurumlarına əlavə səlahiyyətlər verilməlidir. Komitə sədri bələdiyyələrin büdcəsinin artırılmasını və məişət tullantıları ilə məşğul olmağı da onların öhdəsinə verməyi təklif edib. Bir sıra dövlət qurumlarının buna etiraz etdiyini deyən A.Rəhmzadənin sözlərindən belə çıxıb ki, parlament bələdiyyələrə əlavə səlahiyyətlər verilməsi məsələsində israrlıdır: “Biz məsələni yerindən tərpədəcəyik”. İlk baxışdan zibil qutuları üzərində nəzarət kimi səlahiyyətin hansısa əlavə gəlirlər gətirəcəyi şübhəli görünür. Lakin araşdırmalar və ekspert rəyləri göstərir ki, belə bir səlahiyyətin yerli özünüidarə qurumlarına verilməsi onların vəziyyətində əhəmiyyətli dəyişikliyə səbəb ola bilər.
Məişət tullantılarının yığılmasının, ümumiyyətlə, kommunal məsələlərin çoxdan bələdiyyələrin səlahiyyətinə verilməli olduğunu deyənlər də var. Bələdiyyələrlə bağlı normal təcrübəsi olan ölkələrdə bu, məhz belədir. Hətta bir sıra ölkələrdə bələdiyyələr geniş səlahiyyətlərə malik olmaqla xəstəxana, məktəb açmaq imkanlarını reallaşdırırlar, o cümlədən də yuxarıda qeyd etdiyimiz xidmətləri həyata keçirirlər. Lakin Azərbaycanda mövcud qanunvericiliklə həmin xidmətlər bələdiyyələrin səlahiyyətində olsa da, digər bir sıra qanunvericilik aktlarında bu səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilib. Təcrübədə də məişət tullantılarının toplanması və nəqlilə bağlı səlahiyyətləri yerli icra hakimiyyəti qurumları həyata keçirir. Ekspertlər hesab edirlər ki, bu səlahiyyətlər bələdiyyələrə verilsə, onun maliyyə təminatı da olmalıdır. Mütəxəssislər həmçinin düşünürlər ki, bu səlahiyyətin verilməsi təkcə maliyyə imkanlarının yaxşılaşdırılması baxımından yox, həm də həmin xidmətlərin daha keyfiyyətli yerinə yetirilməsi baxımından da vacibdir. Bu isə son nəticədə bələdiyyələrin vətəndaşlar arasında nüfuzunun artmasına səbəb olar.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, bələdiyyələrin səlahiyyətlərinin artırılması Azərbaycan hökumətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə daxildir. Ekspert deyir ki, gec-tez bu öhdəliyə əməl ediləcək: “Müvafiq qanuna edilən dəyişiklik və yerli icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən yeni Əsasnamə ilə məişət tullantılarının daşınmasından tutmuş, kommunal təsərrüfatın bütün sahələrinin, mənzil təsərrüfatının idarə olunması, ərazilərin abadlaşdırılması, bütün yerli sosial-iqtisadi problemlər, səlahiyyətlər də daha dəqiq göstərilməklə yerli icra hakimiyyəti orqanlarına həvalə olundu. Demək olar ki, icra başçısı nazir statusuna bərabərdir. Bütün bunların fonunda yerli özünüidarəetmə orqanı - bələdiyyələrin səlahiyyətlərininsə getdikcə azalması sezilir. Bu isə yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin onsuz da məhdud olan səlahiyyətlərinin daha da məhdudlaşdırılmasına gətirib çıxarır”.
Ə.Nuriyevin sözlərinə görə, məişət tullantılarının idarə olunması bələdiyyələr üçün daha əlverişli səlahiyyət deyil: “İcra hakimiyyətlərinin bu qədər geniş səlahiyyətə sahib olduğu yerdə bələdiyyələr nə iş görə bilər?! Bələdiyyələr üçün işləməyə daha yer qalmır. Onların fəaliyyət sahəsi bilinmir. Məişət tullantıları ilə bağlı məsələlərin həlli bələdiyyələrə təklif edilir. Bu nədir ki? Bələdiyyələr kommunal təsərrüfatı idarəsidir? Bu, çox azdır. Qonşu Türkiyədə bələdiyyələr park salırlar, ictimai nəqliyyatı tənzimləyirlər, yaşayış binaları inşa edirlər, idarəetməni aparırlar. Bizdə də bu cür səlahiyyətlər verilməlidir bələdiyyələrə”.
Araşdırmalar göstərir ki, bələdiyyələrin maliyyə imkanlarının məhdud olmasının bir səbəbi də mövcud qanunvericilkdəki ziddiyyətlərdir. Məsələn, “İstehsalat və məişət tullantıları haqqında” qanunun 12-ci maddəsində yaşayış məntəqələrinin ərazisinin məişət tullantılarından müntəzəm təmizlənməli olduğu göstərilir, amma bu səlahiyyətə məsuliyyətli struktur konkretləşdirilmir. Bundan başqa, Nazirlər Kabinetinin “Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda göstərilir ki, həmin fəaliyyəti həyata keçirən subyektlər yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları ilə müqavilə bağladıqdan sonra bu işləri görə bilər. “Bələdiyyələrin statusu haqqında” qanunda isə ərazinin abadlaşdırılması və məişət tullantılarından təmizlənməsi yerli özünüidarənin səlahiyyətlərindən biri kimi qeyd olunur.
Parlamentin Regional siyasət komitəsinin üzvü Tahir Rzayevin sözlərinə görə, məişət tullantılarının idarə olunması səlahiyyətinin bələdiyyələrə verilməsi təklifi normaldır və bu səlahiyyət əslində elə yerli özünüidarə qurumlarında olmalıdır. Bununla belə, millət vəkilinin sözlərinə görə, bədiyyələrə hər səlahiyyət verilə bilməz: “Bəzən deyirlər ki, qaz, su, işıq təchizatını, nəqliyyat sahəsində bəzi xidmətlərlə bağlı səlahiyyətlər yerli özünüidarə orqanlarına verilsin. Bu, çətin məsələdir. Amma müəyyən kommunal xidmətləri, yaşıllaşdırmanı, məişət tullantılarının daşınması və çeşidlənməsi kimi səlahiyyətləri bələdiyyələr həyata keçirə bilər. Düzü, hazırda bu xidmət sahələrini onlar müəyyən qədər həyata keçirirlər. Yaşıllaşdırma, suvarma, məişət tullantılarının toplanmasında iştirak edirlər. Təəssüf ki, bu xidmətləri həyata keçirən ayrı-ayrı dövlət idarələri də mövcuddur. Halbuki, bu işdə əsas vəsaiti bələdiyyələr xərcləyir”.
T.Rzayevin sözlərinə görə, bu gün kommunal xidmət sahəsində olan bir çox işlər var ki, bələdiyyələr onları həyata keçirirlər: “Binaların həyətlərinin təmizlənməsidir, orada yaşıllıqların salınması, qorunması, suvarma tədbirlərinin həyata keçirilməsi, zibilliklərin yığılması kimi işlər üçün bu qurumlar dövlətdən pul almırlar. Amma yaxşı olar ki, bu işlər və ona görə vəsaitlər bələdiyyələrə verilsin”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər