• cümə axşamı, 28 mart, 18:55
  • Baku Bakı 13°C

Bələdiyyə sədri məhkəmədə zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəyini deyib

27.07.17 14:40 1475
Bələdiyyə sədri məhkəmədə zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəyini deyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilən Abşeron rayonu, Qobu bələdiyyəsinin keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sevindik Məmmədov ifadə verib.

O deyib ki, torpaq almaq üçün Ə. Əmiraslanova 1900 manat pul verib və bu puldan 500 manat qaytarılıb: "1400 manat isə qalıb. Mənə vurulan ziyanı tələb edirəm".

Ə. Əmiraslanov isə bütün zərərçəkmiş şəxslərə vurulan ziyanı ödəyəcəyini deyib.

Proses avqustun 3-də davam etdiriləcək.

İttihama görə, Ə. Əmiraslanov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilən özgə əmlakı xeyli miqdarda ziyan vurmaqla talayıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirib, hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, özgə əmlakını talamaq məqsədilə Qobu bələdiyyəsinin hesabına ayrı-ayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud pul vəsaitindən 4000 manat məbləği mal-material alınması adi ilə məxaric edib, lakin həmin məbləğ üzrə heç bir mal-material almadan qanunsuz olaraq özünə götürüb.


Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2013-cü ildə bələdiyyəyə müraciət etmiş Bakı şəhər sakini Nuriyev Rəhman Saleh oğluna Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakini Qəribov Samir Nəcməddin oğluna 0.08 ha torpaq sahəsini 2000 manata satmaqla onların adına rəsmiləşdirəcəyinə yalandan vəd verib. O, zərərçəkmişlər Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib. Eyni dələduzluq əməlləri ayrı-ayrı adamlara qarşı təkrarən törədilib.

Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilən Ə. Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 320.1 maddələri ilə cinayət işi açılıb.
banner

Oxşar Xəbərlər