“Belə qeyri-ciddilik gözlənilməzdir”
"Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və
informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi
hiddət doğurur. Bu, bilərkəndən edilib. Başqa cür düşünmək üçün
əsas yoxdur”.
Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov öz "Facebook” səhifəsində yazıb. Qeyd edib ki, məsələ
ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirliyinə, Rusiyanın jurnalist
təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırır:
"Mətbuat konfransı ilə bağlı yayılmış video-görüntüdə Rusiyanın Xarici İşlər
Nazirliyi rəsmisinin Trend İnformasiya Agentilyinin müxbirinə konkret cavab
verdiyi əksini tapıb. Cavabdan hər şey adındır. Kojin açıqca bildirib
ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli
yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN
rəsmisinin bu fikri Ermənistanın baş nazirinin bir müddət öncə Xankəndində
səsləndirdiyi fikirlərə cavabdır. Trend İnformasiya Agentliyinın müxbiri də sualını məhz
bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiyanın Xarici İşlər
Nazirliyinin saytında Kojinin münasibətinin fərqli şəkildə təqdim edilməsi isə
təəssüf doğurur. Belə çıxır ki, Rusiya XİN mətbuat katibliyinin rəsmisi əslində
azərbaycanlı jurnalisti ittiham edir”.
Millət vəkili vurğulayıb ki, diplomatik
ənənələrə malik, hazırda ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin
xarici siyasət idarəsindən belə qeyri-ciddilik gözlənilməzdir: "Əslində məsələnin arxasında nə dayanır? Bu
qeyri-ciddilik nə ilə bağlıdır? Məlumdur ki, Kojinin fikirləri Ermənistan mediasında
və siyasi dairələrində birmənalı qarşılanmadı. Hətta bildirilmişdi ki, son 15
ildə Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana yönələn
belə sərt münasibət olmayıb. Rusiya bundanmı qorxdu? Yoxsa, Kojinin
fikirlərinin dəyişdirilməsi siyasi dairələrdə ermənipərəst kimi
qiymətləndirilən Lavrovun tərəfkeşliyinin nəticəsidir? Bəlkə Lavrov danışıqlar
prosesini uzatmaq üçün yeni cəhd edir. Hər bir halda bütün bunlar super dövlət
iddiasında olan Rusiyanın xarici siyasət fəaliyyətinə nüfuz gətirmir”.
Şura sədrinin fikrincə, daha bir hiddət doğuracaq
məqam ondan ibarətdir ki, Rusiya XİN jurnalistikanı bir növ alətə çevirir: "Jurnalistin
qeyri-ciddi obrazını yaradır. Sanki
jurnalistin boynuna hər şeyi qoymaq olar. Belə yol seçmək bu qədərmi asandır?
Hər kəsin gördüyü həqiqəti danmaq. Özü də nəyə görə? Ermənistana görəmi? Rusiya
üçün Ermənistan bu qədərmi qorxuludur. Ya Rusiyanın özü Lavrovdan qorxur?! Yenə
də deyirəm, hər şey göz qabağında olub. Jurnalistin sualı da, ona verilən cavab
da. Ancaq
dünya tarixində bu cür manipulyasiyalar olmayıb. Çox təəssüf...”.