• cümə, 19 Aprel, 21:05
  • Baku Bakı 24°C

Belə qəhrəmanlıq lənətə gəlsin

06.05.19 11:45 1338
Belə qəhrəmanlıq lənətə gəlsin
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz yazar Nərmin Kamaldır. Nərmin xanımın sevdiyi əsər İsmail Kadarenin "Ölü ordunun generalı” romanıdır.

– Hansı məziyyətlərinə görə, İsmail Kadarenin "Ölü ordunun generalı” bu roman sevdiyiniz əsərdir?
– "Ölü ordunun generalı” həm bəzi estetik məsələlərə, həm də əks etdirdiyi problemlərə görə çox bəyəndiyim əsərdir. Əsasən də, bu iki cəhətin yaxşı uzlaşdırılmış vəhdətinə nail olduğuna görə.
Bu romanda yazıçı bir tragiqrotesk situasiya yaradır. Bu elə bir məhsuldar və onurğa sütunu möhkəm olan situasiyadır ki, əsərin əvvəlindən sonuna qədər bu situasiyadan ictimai şüura, müharibənin, ölümün, zamanın, insan təbiətinin, dövlət və ordu anlayışlarının mahiyyətinə dair bir çox məsələlər həyati təbiiliklə ortaya çıxır. Bir general iyirmi il əvvəl müharibə edib qan tökdüyü ölkəyə – Albaniyaya göndərilir, amma onun ordusunun əsgərlərinin hamısı ölüdür, vaxtilə hücum etdikləri bu yad torpaqda vuruşub öldürülüblər, burada basdırılıblar və indi general onları bir-bir axtarıb, tapıb öz ailələrinə, öz dövlətinə qaytarmalıdır. Sümüklər tapıldıqca, nömrələyib sellofan torbalara yığırlar. Albaniya tərəfi bu iş üçün ona bir qazıntı eksperti və fəhlə briqadası verib.
Həyatımdan çox uzaq olan general, müharibə, əsgər qəbirləri kimi sözlər ətrafında, uzaq Albaniyada cərəyan edən bu əsəri ayrı-ayrı vaxtlarda iki dəfə birnəfəsə oxumuşam və o, yenə də adiləşməyib. İndi yaşı 80-dən çox olan İsmail Kadarenin cəmi 26 yaşında yazdığı bu ilk romanında nail olduğu və diqqətimi çəkən bəzi məsələlər haqda danışmaq istərdim.
Hələ giriş səhnələrində oxucu özünü əsərin protaqonisti olan generalla özləşdirir, oxucu generalın qazıntı prosesini və sümükləri axtarılan əsgərlərin ailələrinin intizarını izləyir; General öz zavallı əsgər balalarını tapıb ailələrinə verərək uğura nail olacaqmı? Amma tezliklə oxucunun italyan generala bu tərəfdar münasibəti dəyişilir. Necə dəyişir? General alban əyalətlərində fəhlələrlə qazıntılar aparanda, daha bir generala (alman) rast gəlir, bu ikinci general da başqa bir dövlətdən Albaniyaya gəlib ki, əsərdə dediyi kimi, bu "yad torpaqda” öz əsgərlərinin sümüklərini axtarsın. İtalyan general öz əsgərlərinin sümüklərini axtaran alman generalla rastlaşanda yazıçı sözlə demədən, bu kinayəli görüş vasitəsilə zərərçəkmişin və gizli qəhrəmanın kim olduğunu göstərir. Demək, indi məsum görünən, söhbət edib sümükləri tapmaq üzrə təcrübələrini bölüşən bu generalları göndərən dövlətlər eyni bir dövrdə bu kiçik yad torpağa hücum ediblər. Həssas oxucu bu səhnədən sonra romanda öz mərkəzini tapır, özünü protaqonist italyan generalın, epizod kimi ortaya çıxan alman generalın yox, bu əsərdə fəal bir xarakterlə təmsil olunmayan Albaniyanın yanında hiss edir. Necə deyərlər, əsəri oxuyarkən oxucunun ağlına gələn bütün fikirlər yazıçıya məxsusdur. Yazıçı öz torpağında iki ayrı düşmən tərəfi görüşdürərək, dünya oxucusuna yaxşı tanış olmayan öz kiçik ölkəsinin yaşadıqlarına giriş verir, hətta ölkəsinə mərhəmət qazanır.
İsmail Kadare bundan sonra yazdığı başqa bir romanında ("Stone Chronicles” – red) öz ölkəsinə hücumlar mövzusunu tamam başqa bir süjetlə, yeniyetmə bir oğlanın təhkiyəçi diliylə davam etdirəndə, bir cümlə işlədir, "Axşam şər qarışanda, xəritələrə əsrlərlə romalıların, normanların, bizanslıların, türklərin, yunanların və italyanların mülkiyyəti kimi düşən şəhər indi alman imperiyasının bir hissəsi kimi qaranlığa baxırdı. Usanıb əldən düşmüş, son döyüşdən bayılmış, heç bir həyat əlaməti göstərmirdi” deyir. "Ölü ordunun generalı” romanında da yazıçı eyni tarixi faktları göstərmək istəyir, amma belə birbaşa demədən, düşmən generalın gözlərində gizlənərək. Hər hansı nəsr əsərində ən qiymətli cəhətlərdən biri yazıçının müəllif kimi özü ağlamsınmadan, şəxsi hisslərini açıq-aydın göstərmədən, heç bir zərf işlətmədən, barmağını tuşlamadan işləməsidir. İsmail Kadare də bu romandakı təhkiyəçi cildində soyuqqanlı bir dillə danışır, həqiqəti daha təsirli çatdırmaq üçün hekayəti öz camaatının yox, düşmən generalın baxış bucağından qələmə alır, personajların dialoqları ilə öz ölkəsinin də, Generalın təmsil etdiyi ölkənin insanlarının da faciəsini göstərir.
General il yarım "yad torpağı” gəzib yağışda, qarda, küləkdə qazıntılara rəhbərlik edir. Onlar mineral axtaran, sanki ölümün yaratdığı mineralı axtaran geoloqlar kimi işləyirlər. Fiziki əziyyətlə mənəvi əzab bir-birinə qarışır. Yerli əhali görəndə ki, vaxtilə onların oğullarını öldürmüş düşmənin generalı burdadır, onların acı müharibə xatirələri oyanır, yerli əhalinin reaksiyası necə olur... Xeyli dramatik səhnələr var.
Bu roman olmasaydı, şəxsən mən ömür boyu İkinci Dünya Müharibəsində albanlar kimi azsaylı xalqların nə yaşadığını tarixdən axtarıb oxumayacaqdım. Bu roman sırf tarixi faktları göstərmiş olsaydı da, məşhurlaşmayacaq, bizə gəlib çatmayacaqdı. Bu roman ona görə tanınıb, sevilib ki, yazıçı öz xalqının dərdində əbədi, bəşəri cövhəri görüb və onu belə estetik qurulmuş süjetlə, "həsir basma, dolan gəl” qələmə alıb.
Rus kuklaları kimi böyük vəziyyətin içindən kiçik, kiçik vəziyyətlərin içindən daha kiçik vəziyyətlər, həqiqətlər çıxır. Məsələn, general qazıntılara başlayan vaxt onun əlində minlərcə əsgərin yalnız adları, boyları və dişləri haqda məlumat yazılmış siyahı var. O bu siyahıya göz gəzdirəndə xatırlayır ki, hələ Albaniyaya gəlməzdən əvvəl, bu siyahıdakı əsgərlərin neçəsinin ailəsi, anası ilə üzbəüz qalmalı olmuşdu. Öz ölkəsinin cürbəcür yerlərindən üstünə yüzlərlə məktub, teleqram gəlmişdi ki, filankəsi tap, hər ailə öz oğlu üçün xüsusi xahiş-minnət etməyə gəlmişdi, generalın qapısının ağzında gecə yorğan salıb yatan da olmuşdu. Öz xalqından olan bir sısqa qarı yanında balaca nəvəsi ilə generalın qəbuluna gəlib demişdi ki, oğlu Stalinqrad yaxınlığında ölüb, öyrənsin, görsün oğlu qəlbini Allaha təslim edəndə yanında kim olub, onu kim dəfn edib, oğlunun son istəyi nə olub. General ona cavab verir ki, axı mən Rusiyaya getmirəm, Albaniyaya gedirəm, sənin oğlun bizim ölkənin başqa bir müharibəsində ölüb. Burdan iki kinayəli həqiqət ortaya çıxır: deməli, bu ölkə çox yerdə müharibə aparıb, ikincisi, sadə xalqın xəbəri yoxdur ki, dövləti hansı ölkələrdə nə müharibə aparır. Ana başa düşə bilmir, yenə öz xahişini təkrarlayır, bu səhnəni görən adamlar bir-birlərinə baxırlar və yalandan onu sakitləşdirirlər ki, nənə, yaxşı, necə deyirsənsə, general elə də edəcək. Qarı ümidlə çıxıb gedir. Roman belə "kiçik insan”larla doludur və yazıçı hər şeyi belə dolayısıyla, bu cür sənətkarlıqla təqdim edir.
– İkinci Dünya müharibəsindən 20 il sonra baş qəhrəman General, Ariosto Mussolinin istilaları zamanı Albaniya torpaqlarında can vermiş soydaşlarının nəşlərini tapıb İtaliyaya gətirilməsini təşkil etmək əmri alır. Baş qəhrəmanın axtardıqları həm soydaşları, həm də silahdaşlarıdır. Müharibə illərində ölən qeyri-albanlar qarışıq şəkildə ölkənin yaşayış olmayan dağlıq bölgələrində böyük bir ərazidə basdırılıblar. Bu işdə ona keşişi də köməkçi təyin edirlər. Sizcə, niyə məhz keşiş ona köməkçi seçilir?
– Keşiş çox maraqlı xarakterdir. Onun bir neçə funksiyası var.
Əsgərlərin qalıqları tapıldıqca hər biri üçün dini ritual yerinə yetirir. O, müharibə edən insanla Tanrı arasında qapıdır. O, mütləq dini dəyərləri, səmanı təmsil edir. Əsərin əvvəlində General nə qədər təmtəraqlı və həvəslidirsə, keşiş bir o qədər sakitdir. General o qədər yarışcanlı yer adamıdır ki, küçədəki uşaqların diqqətini keşişin yox, özünün geyimi cəlb edəndə sevinir ki, keşiş yox, o özü bu səfərin əsas simasıdır. Səfər boyu Keşiş onun əsas həmsöhbətidir. Keşiş səbrlidir. Keşiş təhlil edir. Keşiş filosofdur. Məşhur nağıldakı kirpilərə bənzətsək, General ərköyün və kirli kirpidir, Keşiş isə fikirli kirpidir. Əsərin sonlarında isə məğlub olmuş General oteldə Keşişin otağının bağlı qapısı arxasında duraraq, bəlkə də içəridə yatan Keşiş onu eşitmədiyi halda etirafa bənzər sözlər deyir. O, Generala məsləhətlər verir. Amma hər halda Keşiş Tanrı deyil. Çünki o da tərəfdir, o da mühakimə edir.
– Bəzi tənqidçilər romanın kulminasiyasız və əlaqəsiz finalla bitdiyini qeyd edirlər, bu fikirlə razılaşmaq olarmı?
– Kulminasiya toy səhnəsində generalın rəqsidir. Məhz bu səhnədə xarakter çevrilməsi baş tutur. Generalla keşiş bir-birinə oxşayan yeknəsəq günlərin birində yaxınlığında qazıntı apardıqları kənddə toy görürlər. Generalın təkidi ilə bu toya girib qonaq kimi otururlar. General bura adi marağa və könlünü əyləndirməyə gəlsə də, buradakı bəzi yaşlı kişilərin yaxalarında işğalçılara qarşı müharibədə cəsurluqla vuruşduqlarına görə verilmiş medalları görəndə, hər medalın arxasında öz öldürülmüş əsgərləri olduğunu düşünür. Keşiş onun bu toya girməsinin əleyhinədir, deyir ki, sənin ordun ölü olsa da, hələ də sən yerlilər üçün xarici işğalçısan, biz bu toya gəlməməli idik. General deyir, yox, onlar bizə hörmət edirlər, çünki biz ölüləri axtarırıq, ölüm hər yerdə hörmətlə qarşılanır. Doğrudan da, bir qoca alban kişi onlara yaxınlaşır, General bir anlıq onun sərt danışacağını güman edir, qoca isə ədəb-ərkanla danışır, deyir biz bilirik siz kimsiz, yaxşı ki, ölən əsgərləri axtarırsınız, hər qul öz vətənində uyumalıdır. Generalın kefi kökdür, çünki onları qovmadılar. General gülür, hətta rəqs etməyə qalxır. Özü buna məna verməsə də, onun əlindəki dəsmalın rəngi ağdır. Bu an bir qarı – bir dərdli ana Nisa ona hücum edir...
Məhz toy səhnəsindən sonra general bir xarakter kimi dəyişilir. Əvvəl o qazıntılara necə həvəslə gəlmişdisə, özünü şərəfli bir iş başında hiss edirdisə, xüsusən əvvəldən itkin düşənlər siyahısında olan silahdaşı polkovnik Z-nin qalıqlarını axtarırdısa, məhz toy səhnəsindən sonra General ruhi sarsıntı keçirir, xarakter kimi mövqeyi laxlayır, hətta elə təlaşa qapılır ki, polkovnikin bu toy əsnasında əldə etdiyi sümükləri olan torbanı öz əliylə üzüaşağı axar çaya atır. Gecə lap dəli kimi olur, toydakı nağara səsləri gecə qulaqlarında ölü ordusunun aramsız təbil səsləri kimi səslənir. Səhərə yaxın keşişi, sürücünü oyadır ki, bu dəqiqə çıxaq gedək buralardan.
Toy səhnəsinin ardınca inkişaf edən final səhnəsində isə General bu alban əyalətlərindən paytaxt Tiranaya gedir ki, oradan təyyarə ilə öz vətəninə qayıtsın. Özünü daha əvvəlki kimi güclü hiss etmir, gecə teleqramlarından qorxur, ruhi sarsıntı davam edir, o, ölü ordunun generalı kimi məğlub olub. Son səhifələrdə o, həmkarı olan başqa bir general-leytenantla söhbət edir, qazıntılar vaxtı yaşadıqları qəribə hadisələri karıxmış halda bir-birinə nəql edirlər. General qəbirlərin göydə uçması haqda yuxusunu danışır. Sözləri, söhbətləri ancaq qəbirlərdir, ölümdür. Buna baxmayaraq, onlarda peşədən irəli gələn psixoloji hal, müharibə həvəsi yenə baş qaldırır, eyni ölkənin iki generalı balaca uşaqlar kimi kağız üzərində xəritə cızıb müharibə meydanı qurur, dava-dava oyunu oynamağa başlayırlar. General bu an həm də yaşadığı həyatla yaşamağı arzuladığı həyat arasındakı qrotesk kontrasta görə Don Kixota bənzəyir. Azartdan gözləri parıldayır. Onlardakı bu müharibə həvəsindən elə başa düşülür ki, nə qədər ordu var, nə qədər insan təbiəti var, müharibə oyundur və iyirmi il əvvəlki tarix təkrarlana bilər.
Ən son fəslin birinci cümləsində yenə o iki söz – yad torpaq – var, sanki yazıçının Generala yerini göstərdiyi iki söz. "Yad torpağa sulu qar yağırdı.” Generalla keşiş hava limanında üşüyə-üşüyə dayanıblar, təyyarənin hazır olmasını gözləyirlər, betonun üzərinə düşüb dərhal əriyən və əvəzinə səmadan yenisi düşən damlalara baxırlar. Klassik nəsr ənənələriylə, təbiət özünü xarakterlərin vəziyyətinə uyğun aparır. Təyyarə minik üçün hazırdır. Yazıçının seçdiyi ən son cümlədə – külək durmadan əsirdi – bir anlayış kimi küləkdən həm düşmənin ardınca təmizləyici qüvvə kimi, həm görünməz güc kimi istifadə olunur.
– Qoca Nisa qarı generalın qarşısını keçib iyirmi ildir ürəyində saxladığı dərd-sərini deyir. Qan-qaraçılıq olmasın deyə, onu toydan uzaqlaşdırırlar. Amma o, yenidən qayıdır. Onun qızını zabit zorlayıb, sonra gənc qız bu təhqirə dözməyərək intihar edib, əri də torpağını qoruyarkən öldürülüb. Və qarı qızını zorlayan İtalyan zabitinin nəşinin qalıqlarını generalın qarşısına atır. "Sümükləri” "qisas hədiyyəsi” simvolu kimi dəyərləndirən tənqidçilər var, istərdim əsərdəki bu detalı şərh edəsiniz...
– Yazıçı Nisa qarını süjetə gözəl və fərqli bir yazı texnikası ilə daxil edir. General və din xadimi toyda ikən, toy öz axarında gedən vaxt mətndə kursivlə qabardılmış bir abzas verilir. O abzasda kiminsə dilindən General və keşişə müraciətlə deyilir ki, çıxın gedin burdan, axı siz düşmənsiz, burda nə işiniz var və sair belə sözlər. Kursivlə verilmiş abzas bitəndən sonra mətndə yenə adi toydur, Generalla keşiş toya tamaşa edirlər. Bu vaxt daha bir kursivlə qabardılmış abzas gəlir, gizli səs daha sərt sözlər işlədir: "Sən gülürsən? Vaxtilə evlərimizi yandırırdınız. Hələ bura gəlib gülməyə də utanmırsınız?!” Yenə toy öz axarında davam edir, hətta General rəqs etmək istəyir. Yalnız bu vaxt bir qarı adamların arasından Generala hücum edir və oxucuya məlum olur ki, bayaqkı iki kursiv abzas bu qarının daxili nitqi imiş. Təhkiyəçi təkcə tez-tez daxili nitqinə girdiyi Generalı yox, başqa personajların da daxili monoloqunu, gizli səsini eşidirmiş. Nisa qarı Generala üz tutur və bayaq ürəyində dediyi sözlərə bənzər sözləri uca səslə qışqırmağa başlayır. "Sən bu toya gəlmisən ki, oğullarımızı necə evləndirdiyimizi görəsən, sonra isə fürsət düşəndə onları öldürəsən”...
Onun dediklərindən məlum olur ki, ərini iyirmi il əvvəlki müharibədə italyan əsgərləri öldürüblər, məhz generalın bu səfərin əvvəlindən xüsusi sevgiylə axtardığı, itkin düşmüşlər siyahısında olan polkovnik Z. onun qızını zorlayıb. Qarı gətirib bir kisə atır generalın ayağının altına, kisədə polkovnikin sümükləri var, elə təəssürat yaranır ki, qadın qisas alaraq onu özü öldürübmüş. Yazıçı albanların müharibə yarasını bu qadının simasında şəxsləşdirir. Eyni zamanda təzə gəlin bu hay-küydən qorxub ağlayır ki, bu da təsadüf deyil, yeni nəslin keçmiş ucbatından narahat olmasıdır.
Torbadakı sümüklər qarının qisası olsa da, General üçün bu səfər zəminində bu sümüklər əsl tapıntıdır, axı General bu səfərdə hər tapılan əsgər qalıqlarına görə sevinirdi və onun xüsusi axtardığı da bu polkovnikin qalıqları idi. Amma indi General polkovnikin sümüklərindən imtina edir, onları toydan çıxandan sonra ruhi sarsıntıyla çaya atır ki, bu torbadakı bizə bədlik gətirir. Qarının tənbehi onu təlatümə salmağı bacarıb. Bir neçə gün sonra isə General polkovnikin sümükləri olan torbanı çaya atması hərəkətini özünə izah edə bilmir. Polkovnikin ailəsi qarşısında borc və utanc hissi onun başqa hisslərinə qalib gəlir. Ağlına gəlir ki, polkovnikin dişləri ilə və boyu ilə düz gələn başqa bir əsgərin sümüklərini guya polkovnikmiş kimi onun ailəsinə və dövlətə təhvil versin. Bəlkə, elə gündəliklərini tapıb oxuduğu bir əsgərin sümüklərini, yaxud qazıntılarda təsadüfən rast gəldikləri hündür ingilis təyyarəçinin sümüklərini. Halbuki qazıntılar əsnasında alman generalın italyan əsgərlərinin bəzi qəbirlərini ondan əvvəl açıb sümükləri oğurladığını görəndə, alman generalın italyan əsgərlərin sümüklərini guya öz əsgərlərinin qalıqlarıymış kimi alman ailələrinə təhvil vermək niyyətini biləndə heyrətlənmişdi və buna qəzəblənmişdi. İndi isə özü elə bir saxtakarlıq etmək fikrinə düşür. O, öz prinsiplərinin ziddinə hərəkət edir, çünki insan situasiyada mövcuddur.
Siz yaxşı bir söz işlətdiniz, "qisas”. Kadare bir yazıçı kimi bitərəfliyini qorumaqdan ötrü qisas fraqmentlərini ustalıqla kamuflyaj edib mətndə, amma həmin qisas məqamlarını qazıyıb çıxara bilərik.
Məsələn, qazıntılar əsnasında General görür ki, bir divara əllə "Düşmən öz payını aldı” yazıblar, alban ekspertə deyir ki, biz buna etiraz edirik, bu yazı dövlət tərəfindən təşkil olunmuş təxribatdır, çünki bir neçə gün əvvəl biz burada idik, bu yazı yox idi, demək, bunu təzəlikcə yazıblar. Generala təxminən belə bir cavab verirlər ki, sizin elədiyinizin müqabilində hansısa uşağın çıxıb ora nəsə yazması nədir ki. Qisas motivi kimi yanaşa biləcəyimiz başqa fraqmentlər də var. General son səhnələrdə Tiranaya qayıdanda ona öz ölkəsinin əsgər ailələrindən yüzlərlə məktub, teleqram gəldiyini görür, onları heç oxumadan mənasız bir şey kimi zibilliyə atır, küçədə isə bayramdır. Hücumçu ordunun generalının kədəri, onun əsgərlərinin sümükləri və əsgər ailələrinin səsi heç yana çatmayan narahat məktubları fonunda Albaniya paytaxtı təmtəraqla öz milli bayramını qeyd etməkdədir. Yəni siz bizi məğlub edə bilmədiniz.
– Toydan general da, keşiş də çıxıb gedirlər, ancaq geriyə qalan qadın naləsi olur. Sizcə, bu detalla – nalənin eşidilməsi ilə yazıçı nə demək istəyib?
– Bu nalə alban xalqının, geniş mənada isə müharibədən çıxmış insanın davam edən iniltisidir, harayıdır, etirazıdır. Qadın naləsindən təkcə albanların yox, başqa bir səhnədə italyanların iztirabını göstərmək üçün də istifadə olunur. General səfərə çıxmazdan əvvəl ərini və oğlunu müharibədə itirmiş qadınlar onu əhatəyə alaraq ağlayanda, hıçqıranda o, qadınlardan birinin üstünə çımxırır, deyir, bəsdir ağladınız, sizin oğlunuz döyüş meydanında həlak olub, onu ora vətən yollamışdı, o, qəhrəman kimi ölüb. Qadın alban toyundakı naləyə bənzər səslə cavab qaytarır ki, belə qəhrəmanlıq lənətə gəlsin.
Bu romanda təsadüfi detallar yoxdur, oxuyarkən yaxşı ölçülüb-biçilmiş, planlanmış roman təsəvvürü yaradır. Təsadüflərin olması da pis bir şey deyil, lakin o ayrı tip romanların estetikasıdır. Bu roman isə dəqiq nizamı olan kiçik aləmdir. Toy səhnəsində görürük ki, bəzi adamların bu yad qonaqlara qarşı xüsusi hissləri yoxdur, bəzi adamlar isə çalışırlar ki, təmkinlərini qorusunlar, toya qan-qaralıq salmasınlar, bəziləri isə Nisa qarı kimi açıq-aşkar hiddətlidirlər. Eynilə qazıntılar vaxtı da bəzi kəndlilər yoldan keçəndə heç Generalla Keşişin nə iş gördüklərini bilmədən "Yorulmayasınız, Allah köməyiniz olsun” deyirlər, bəzi kəndlilər divara "Düşmən öz payını aldı” yazırlar, bəziləri isə yaxınlaşır, söhbət edir və müharibənin çox dəhşətli keçdiyini deyirlər. Yəni roman güclü qurğuya rəğmən, real həyatın təbiiliyinə "riayət edir” və oxuyub deyirsən ki, bax, həyatda da belə olur.
– Maraqlıdır ki, İtaliyanın Albaniyanı zəbt etməsilə bağlı olan bu əsər elə ən çox İtaliyada sevildi. Nəzərə alsaq ki, hətta Marçello Mastroyani kimi məşhur aktyorun baş rolunu oynadığı bir film kimi tarixə keçib, bu əsəri italyan xalqının bir üzrxahlığı kimi də qəbul edənlər az deyil. Bu barədə nə deyə bilərsiniz?
– Filmdə Generalın arvadının rolu, kitabda olduğundan daha çox görünür və hadisələr xeyli sürətləndirilib. İtalyan xalqı özü romanda işarə vurulan müharibənin müəllifi Mussolini siyasətindən imtina edib və onun zamanındakı davranışına təqdir etmir. Bu mənada, bəli, üzrxahlıq kimi qəbul etmək olar. İtalyan xalqının özünə tənqidi münasibəti İtaliyanın post-müharibə sənətində geniş əks olunub. İtalyan kinosu əcdadı ədəbiyyata sadiqdir və italyan cəmiyyətini əks etdirən ədəbi əsərlərə çevik reaksiya verir.
– Ümumiyyətlə, Kadare bu romanı ilə nə demək istəyir, əsas mesajı nədir?
– Bütün ölkələrdə naməlum əsgərə abidə, yaxud naməlum əsgər məzarı kimi yerlər var. Yad torpağa kütləvi əsgər göndərib ölüm qazanmaq bəşəri problemdir və yazıçı bu problemə və buna səbəb olan mənəvi problemlərə işıq salır. Bu roman müharibə haqda sənət şərhidir. Yazıçı sənətin əbədi ideallarına sadiqdir, o, humanistdir, dövlətlərin insan təbiətindəki naqislikdən istifadə edərək, ondan əsgərlik kimi istifadə etmələrini mənəviyyat problemi hesab edir. Faciə və gülüşü birləşdirmək yazıçının əsas iş üsuludur.
Burada dövlətlər də personajlardır. Vəhşi təbiətdə olduğu kimi yırtıcılar və özünü qorumalı olanlar var. Ölmüş əsgərlərin sümüklərini vətənə qaytarıb təmtəraqla dövlət səviyyəsində dəfn etmək qədim ənənəsi isə ona xidmət edir ki, bir daha müharibələr etmək iştahasına düşsələr, ailələrdən oğullarını istəməyə mənəvi bəraətləri olmalıdır. Əsas mesajı belə bir şüarla ifadə etmək olar: Yad torpaqlara müdaxilə etməyin, yoxsa hər iki tərəf itki verir, hər iki tərəf əzab çəkir. Zaman keçəndən sonra bu əzablar unudulurmu? Bu roman göstərir ki, yox, zaman torpaq kimi deyil, o dəhşətlərin üstünü örtmür, sağ qalan nəsillər insan itkilərinə yanmağa davam edirlər.
– Romanda müəllif alban xalqına doğma deyil, kənar gözlə baxır – albanları əksərən dağlarda yaşayan yabanı bir toplum olaraq qələmə verir. Yazıçının bu cəhdini elə dünyaya çıxmaq və ya gələcək mükafatlara hesablanmış bir "hiylə” hesab etmək olarmı?
– Bu fikrin tərəfdarı deyiləm. Əgər oxucularda romanı oxuyarkən belə təəssürat yarana bilərsə, istərdim onlara deyim ki, bəli, elə yazıçılar var. Məsələn, V.S.Naipaul doğulub böyüdüyü Trinidadı və öz ölkəsinin milli mədəniyyətini romanlarında və müsahibələrində alçaldaraq yüksəlmiş bir yazıçıdır. V.S.Naipaul "Orada doğulmağım da dəhşətli bir səhv olub” deyir. İsmail Kadare isə o qəbildən yazıçı deyil və onun romanlarında, müsahibələrində çox qabarıq alban milli qüruru var. Müqayisəli ədəbiyyat baxımından danışsaq, Naipaul Trinidaddan utanır, Kadare isə alban milli mənsubiyyəti ilə fəxr edir. Bu sözlərimi əsaslandırmaq üçün bir neçə arqument gətirmək istərdim. Bildiyiniz kimi, "The Paris Review” jurnalında bir ənənə var, əlli ildən çoxdur ki, hər tanınmış yazıçıdan öz yaradıcılıq yolu haqda bir müsahibə alırlar, İsmail Kadare ilə də müsahibələri var. İstinad etmək üçün kifayət qədər ciddi mənbədir. Kadare orada alban xalqı və ədəbiyyatı haqda suallara cavablarında alban dili və ədəbiyyatı haqda milli qürurla söz açır, heç bir dil qrupuna daxil olmayan alban dilini və mədəniyyətini araşdıran avropalı filosoflara təşəkkür edir, sonra deyir: "Mənim üçün bir yazıçı kimi alban dili fövqəladə dərəcə yaxşı bir ifadə vasitəsidir – zəngin, uyumlu və çevik dildir”. Yaxud "Mən bir alban kimi deyə bilərəm ki...” ilə başlanan cümlələrlə danışır. Naipaul komik süjetli əsərlərində və müsahibələrində xalqından utanmağın və onu məsxərəyə qoymağın, Kadare isə öz xalqının milli ruhu ilə fəxarət duymağın simvolu sayıla bilər.
Bu romana gəlincə, əsər düşmən generalın nəzərindən, onun gözüylə nəql olunur ki, düşmən öz əli, öz dili ilə ifşa olunsun. Süjetin quruluşundan irəli gələrək, albanlar məsafəli təsvir olunmalıdır, düşmənin gözündə albanlar necədirsə, təbiilik və inandırıcılıq xatirinə albanlar məhz elə təsvir edilməlidir. Düşmən öz dialoqlarında albanları birbaşa tərifləsə, düşmənin kinli münasibəti açılmaz.
İkinci bir tərəfdən, alban cəmiyyəti də başqa cəmiyyətlər kimi şəhərlilərə və kəndlilərə bölünür. Yazıçı şəhərdə restoranda Generalla şərab içən və həssas müharibə mövzusundan uzaq durmağa çalışan, havadan, sudan gündəlik söhbətlər edən albanı "qərbləşmiş alban” kimi təsvir edir, bu da kinayəli bir sifətdir.
Qazıntılar əyalətdə vaxtilə döyüş getmiş yerlərdə aparıldığı üçün kəndlərdəki albanlar əsərdə ön plandadır. Bu kəndlilər yeni doğulan körpələrin beşiklərinə silah qoyurlar, çünki bu xalq o qədər yadlar tərəfindən hücumlara məruz qalıb ki, özünü qorumaq onlarda refleksə çevrilib.
Albaniya sözünün mənası "olba", "oba” "kənd"dir. Əgər yazıçı alban kəndlilərini Parisin mərkəzində gəzən adamlar kimi təsvir etsəydi, bu, lazımsız bir uydurma olar, əsərin realistliyinə xələl gətirərdi. Əgər yazıçı alban əyalətlərində cərəyan etdiyi halda alban kəndlilərini heç göstərməsəydi, onda yerli icmanı süjetdən gizlətmiş olardı ki, yenə də Albaniya bütöv görünməzdi.
Mədəni provinsiallıq dünya ədəbiyyatının ən görkəmli yazıçılarının mövzusu olub; Servantesin əyalət La Manşı, Mark Tvenin palçıqlı Missisipisi, Ceyn Austenin kənd icması və sair də sadə kəndliləri göstərir.
Alban kəndliləri ailə, vətən məsələlərində öz mənəviyyat qanunları olan icmadır. Bunun ən yaxşı açıldığı səhnə qazıntılarda bir qadın qəbrinin tapıldığı yerdir. General maraqlanır ki, bu nədir. Ona danışırlar ki, vaxtilə bu yerlərdə vuruşan italyan əsgərlərə xidmət etmək üçün öz vətənlərindən – İtaliyadan bura bir qrup fahişə qadın gətirirlər və onları bir binada yerləşdirirlər. Üstünə yazırlar ki, həm əsgərlər, həm də yerli mülki şəxslər üçün. Xeyli müddət bu bina fəaliyyət göstərir. Bir gün hörmətli alban kişilərindən olan Ramizin oğlu öz arvadından ayrılmaq istəyir. Arvadı ilə onun nəsli arasına ciddi soyuqluq yaranır. Ramiz öyrənir ki, oğlu bu binaya gedib-gəlir, özü də eyni bir qadının yanına. Bunu biləndə hücum çəkib binaya girir və həmin qadını öldürür. O hadisədən sonra fahişələri hərbi maşına doldurub buralardan aparırlar, güman ki, başqa bir ön cəbhəyə. Öldürülmüş qadını isə italyan əsgərləri burada basdırır və onun da qəbrinin üstünə əsgərlərin qəbrinə yazdıqları kimi "Vətən naminə həlak oldu” yazırlar. Ramizə də güllələnmə cəzası verirlər, gedir.
Bu səhnə romanın qroteskinə bir az da gülüş qatır, eyni zamanda albanların qeyrət-namus, ailə, qohumluq mentalitetini göstərməyə xidmət edir. Bu mentalitet xeyli dərəcədə Cənubi və Şimali Qafqaz xalqlarının mentalitetinə bənzəyir.
Albanlar keşməkeşli tarixin müqabilində, bu romanda kifayət qədər dözümlüdür, səbirlidir, heç düşmən əsgərlərin qəbirlərini qazıb dağıtmayıblar, hörmət ediblər o kütləvi qəbirlərə, onlarla yanaşı yaşayıblar. Alban kəndlisi müdrikdir, qəlbi genişdir və yad hücumlar qarşısında da qoçaqdır.

– Xüsusən də, general və keşiş sümükləri axtardığı yerlərdə, əhalinin dövrə vurub keçmiş düşmənlərinə maraqla baxması hissəsi çox diqqətçəkəndir. Yazıçının burda aydın şəkildə tərəf tutması hiss olunur. Sanki öz camaatının bu sadəlövhlüyündən və geriqalmışlığından utanır. Yəni bu tərəfkeşlik çox vaxt qarşı tərəfin xeyrinədir...
– Bu sualı, görünür, eyni bir əsəri oxuyan müxtəlif oxucuların fərqli nəticələrə gəlməsi haqda nəzəriyyə ilə izah etmək olar. Misal üçün, bu romandan əvvəl mənim Albaniya ilə hər hansı bir bağım, o ölkəyə qarşı heç bir hissim olmayıb. Amma bu əsərdən sonra bu xalqı sevdiyimi hiss etdim və bunu da yazıçının hünəri hesab edirəm.
Sadə albanların bəzən gəlib bu qazıntılara tamaşa etməsində yazıçının albanlardan utanmasını deməzdim, italyanlara vəziyyətin özündən doğan "Baxın, görün, öz əməlinizdir” cavabı vermək notu görürəm. Geridəqalmışlığa gəlincə, bu əsərdəki oxumuş vəzifəli qərblilərin yerində olmaqdansa, sadə alban kəndlilərin yerinə olmaq daha gözəldir.
Oradanca bir səhnəni yadınıza salmaq istərdim, italyan general son səhnələrdə həmkarı olan başqa bir italyan general-leytenantla danışanda deyir ki, öz əsgərlərimizin sümüklərini qəbirlərdən çıxaranda, neçəsinin eşşəklərlə bir basdırıldığını gördük. Deyir, biz alban dövlətinə etiraz yazdıq, amma sonra araşdıranda anladıq ki, bunu albanlar etməyiblər, tələsdiklərindən o vaxt elə öz əsgərlərimiz ölmüş yoldaşlarını eşşəklərlə bir basdırıblar. Bu kiçik fraqmentdə sanki bir eyham var, insan öz şüursuz hərəkətində heyvana qarışıb, heyvan insana.
Romanın ümumi ruhu belədir ki, həyatında hər şeyin öz yüksək standartı olan şəhərli qərbli ilə kəndli albanı üz-üzə qoymur, bu roman analardan yüz minlərlə oğullarını alıb yad torpağa öz mənasız maraqları üçün göndərən dövlətlə, onun nümayəndəsi ilə sadə, amma qürurlu və güclü kəndlini üz-üzə qoyur.
– Romanda generalın alban toponimlərinə olan reaksiyası da maraqlıdır. Adətən, türk, müsəlman toplumlarında "obrazlı” yer adları diqqət çəkir. Albanlar da bu cəhətdən geri qalmırlar. Məsələn: "Gəlinlər arxı”, "Karlar vadisi”, "Qu quşu çökəkliyi” və s. Belə adlanmalar bir qərbliyə ürküdücü görünür. Sanki yazıçı da xalqının bu cəhətini ürkə-ürkə dünyaya təqdim edir. Bəzi yerlərdə alban folklorunu, xalq nəğmələrini də italyan generalın ağzı ilə tənqid etsə də, onun özünün də bu folkloru kobud qəbul etməsi sezilir. Yazıçının bu cəhdlərini necə şərh edərdiniz?
– Bu sual imkan yaradır ki, mən romanın ən xoşladığım hissəsi – poetik hissəsi haqda danışım. Generalla Keşiş ucqar alban əyalətlərində çadır qurub qazıntı aparanda, ətrafda yaşayan albanların oxuduğu çoxlu qəmli mahnıların səsləri gəlir. Albanlar gün boyu bu qəmli mahnıları oxuyurlar. General, alban ekspert vasitəsilə bu mahnıların məzmunu ilə maraqlanır. Məlum olur ki, hamısı döyüş romantikasıdır. Oxucu kimi bizə aydın olur ki, bu xalq nə qədər özünü qorumağa məcbur qalıb, bu həyat onun folkloruna da nüfuz edib. General üçün mahnıların mətnlərini tərcümə edirlər, mətnlərdəki düşmən əleyhinə vüqar onu qıcıqlandırır, əsəbiləşdirir. General deyir ki, bunlar ibtidai tayfaların primitiv nəğmələridir. Bununla yazıçı onun bir düşmən kimi kinli, nifrətli münasibətini göstərir, axı düşmən düşməni haqda elə belə danışmalıdır ki, inandırıcı səslənsin. Bu xalq mahnılarını dinləməyə məcbur olmaq Generalın cəzasıdır. O, Keşişə deyir: "Bu, necə bir xalqdır?! Görünür, onları güclə fəth etmək olmaz. Bəlkə gözəlliklə olar?” Albanlar dərdini oxuyan xalqdır. Romandan bir mahnının sözləri xüsusən yadımda qalıb: Ana, məni soruşsalar, deyərsən ki, üç arvad aldı, yəni üç güllə aldı, deyərsən ki, toyuna bütün dostları, tanışları gəldi, yəni qarğa-quzğunlar gəldi... Alban mahnılarına yer vermək bu xalqın ruhunu dünyaya tanıtmaqdan ötrü yazıçının fəndlərindən biridir. Finala yaxın bir səhnədə General, həmkarı ilə söhbət edəndə öz qazıntı-axtarış təcrübələrini bölüşürlər, məlum olur ki, qazıntılar vaxtı qonşu alaçıqlarda yerli camaat bir mahnı da oxuyub, mahnının sözləri belə olub ki, düşmənlərin cəsədlərini torpaq da qəbul etmədi. General deyir, biz bu mahnıya görə alban dövlətinə rəsmi nota verdik ki, bu, məqsədli dövlət təxribatıdır. Amma sonra bilib ki, bu, təzə sözlər deyil, qədim alban xalq mahnısıdır. Bununla da yazıçı göstərir ki, alban xalqının döyüşlərlə özünü qorumaq təcrübəsi böyük olub və nə bilmək olar, bəlkə, keçmişdə də bənzər hadisə ilə üz-üzə qalıb sadə albanlar.

Ümumiyyətlə, mədəniyyətin bir yolu yoxdur, mədəniyyətlər çoxdur, biri digərindən üstün, aşağı tutulmamalıdır. Bu cür mahnıları yaratmağa, dağlara, dərələrə yaşanmış həyat hekayətlərini andıran bədii adlar verməyə bir xalqda özünəməxsus obrazlı dünyabaxışı, böyük ruh gərəkdir. Onların həyatı əl ilə ağız arasında keçməyib, qəlbdən də keçib bu yol. Yaşadıqları döyüşlərə, insan itkilərinə, həyata bədii sözlə, şeirlə, mahnı ilə reaksiya veriblər.
Folklor haqda bu səhnələri oxuyanda görürsən ki, bu xalq 20-ci əsrin ikinci yarısında hələ qərbləşmənin, qloballaşmanın qurbanı olmayıb, öz kimliyini saxlayıb.
Sonradan maraqlananda eşitdim ki, albanlar özləri öz ölkələrinə Albaniya demirlər, "Şipri" deyirlər, yəni "Qartallar diyarı". Azərbaycan kimi, güclü şifahi xalq ədəbiyyatı olan bir yerdir. Qərb ədəbiyyatşünaslığında Kadare, alban tarixi ilə alban mifologiyasını romanlarında ustalıqla bir-birinə hördüyünə görə də tərif olunur. Sanki yazılı ədəbiyyat şifahi ədəbiyyata sahib çıxır və onu öz qanadı altına alır.
– İstənilən halda Kadare bir alban olaraq xalqının həmin illərdə çəkdiyi iztirabları da unutmur. Müxtəlif obrazlar vasitəsilə kobud dağ adamı olsalar da, onların da ürəyinin sağalmaz yara ilə dolduğunu diqqətə çatdırmaq istəyir. Bacardıqca alban adətlərini, təbiətini təsvir edir. Bütün bunları nəzərə alsaq, Albaniyanı dünyada tək təmsil edən bir yazıçı üçün bunu qənaətbəxş hesab etmək olarmı?
– Doğrudan da, belə bir yazılmamış gözlənti var, kiçik xalqların yazıçıları dünyada tanınanda onlardan gözləyirik ki, qələmi xalqın tribunasına çevirsinlər, ingilis, fransız kimi böyük xalqların yazıçıları isə bu baxımdan azaddırlar, çünki onları dünyada təkcə yazıçılar təmsil etmir, imkanları daha çoxdur.
İsmail Kadare belə gözləntiləri doğruldan yazıçıdır. Onun romanlarında alban xalqının tarixi mövzusu qırmızı xətdir. Başqa bir romanından bir cümlə yadıma düşdü, hava hücumu olacağı haqda şəhərdə həyəcan siqnalı yayılır və bir alban qadın siqnalı eşidəndə deyir: "İndi bizim hamımız üçün ağlayacaq ağıçımız var”. Həmin romanda hadisələr dağların arasında yerləşən kiçik və qədim bir əyalət şəhərində cərəyan edir. Bir gün ərzində bu şəhərə cürbəcür dövlətlərin orduları girir, iki saat biri, sonra iki saat ayrısı, sonra bir ayrısı və onlar bir-birləri ilə savaşırlar. İngilislər də bu yandan bombalayırlar, yerli alban gəncləri hər gün eyni saatda təkrarlanan bu bombardmana elə öyrəşiblər ki, bir-birlərinə deyirlər ki, sabah bombardmandan əvvəl çayxanada görüşərik, yaxud başlanmasına beş dəqiqə qaldı, girək evə.
Kadare alban xalqının dərdləri mövzusunu romanlarında elə estetik aparır ki, bu, millətçiliyin xəfif və ədəbiyyat səviyyəsidir, yəni turist bələdçiləri kimi, yaxud qəzet publisistləri kimi kobud və birbaşa deyil.
– Əsərin bir narahatlığı da axıcılığın tez-tez yarıda qırılıb xatirələr və uzun-uzadı söhbətlərlə davam edilməsindədir. Nəzərə alsaq ki, yazıçı bu hissələri sonradan Fransada olarkən yenidən hazırlayıb, bu qənaətə gəlmək olarmı ki, Kadare romanı bir alban kimi deyil, fransız kimi yazıb?
– Bu romanda iki zaman var. Birincisi, indiki zaman, yəni general və keşişin qazıntılar apardığı vaxtdır ki, bu, xətti inkişaf edən zamandır. İkinci zaman – ölmüş əsgərlərin sağ ikən, vuruşduqları günlərdə yaşadıqlarıdır ki, bu keçmiş zamana iki yolla nail olunur: qazıntı vaxtı torpaqdan gözlənilməz bir şey tapırlar və bu tapıntı haqda alban ekspertin də köməyi ilə danışılır, misal üçün, qadın qəbri tapılır və onun hekayətini danışırlar generala, yaxud qazıntıda bir əsgərin gündəliyi tapılır və general yatmazdan əvvəl gündəliyi oxuyur. Səliqəli qurğudur.
Bu romanda dialoqların çox olması onun məzmununa uyğundur, çünki fəhlələr torpağı qazan saatlarda gün boyu boş vaxt yaranır və generalla keşiş, yaxud alban ekspert bekar qalıb söhbət edirlər. Çox mətləblər bu söhbətlərdə açılır. Generalın mövqeyi haqda təhkiyəçi öz dilindən heç bir söz demir, General dialoqlarda öz sözləri ilə öz xarakterini açır. Hər obraz öz dilindən inandırıcı danışmalıdır. Həmçinin Keşişin necə bir insan olması, mövqeyi haqda heç nə deyilmir, o, özü müxtəlif hadisələrə verdiyi reaksiya ilə özünü açır. "İnsan, danış görüm kimsən”. Xarakterlər müstəqildir, təhkiyəçidən asılı deyillər. Müəllif bəzən xarakterə aid etmək istədiklərini onun təhkiyəçinin səsinə qarışan daxili monoloquna salır, necə ki, general qazıntılara başlayanda torpağın qoxusunu duyub öz-özünə deyir: yad torpağı elə yad torpağıdır.
Siz Fransanı qeyd elədiniz. Ümumiyyətlə, necə olub ki, bu alban yazıçının həyatı Fransa ilə kəsişib. Bayaq istinad etdiyimiz müsahibə belə bir girişlə açılır: "1970-ci ildə tanınmamış bir alban yazıçısının fransız dilinə tərcümə olunmuş ilk romanı Parisdə burulğan yaratdı. "Ölü ordunun generalı”nı şedevr hesab etdilər və onun müəllifi Fransaya dəvət olundu, orada Fransa intellektualları onu Dəmir pərdənin o üzündən orijinal və güclü bir səs kimi qarşıladılar. O vaxtdan onun 10-dan artıq dünya dillərinə tərcümə olundu. Dünyanın böyük yazıçılarından biri hesab olundu. Fransada hazırda onun əsərlərinin həm alban, həm fransızca 6 cildliyi nəşrə hazırlanır...”
Kadare Avrasiyada xalqların taleyində böyük çevriliş olmuş bir vaxtda – 1990-cı ildə köçüb Fransaya. Fransada da bir neçə roman yazıb. Deməzdim ki, fransız kimi yazıb. Belə bir deyim var, əgər siz bir insanın nə yuvanın quşu olduğunu bilmək istəyirsinizsə, bəlkə elə bunu onun özündən soruşasınız. İstərdim Kadarenin özünə inanaq, onun öz mövqeyi nədir. Deyir, mən Fransaya köçəndən sonra ölkəmdəki totalitar kommunist rejimin tərəfdarları haqqımda deyirdilər ki, "Xeyir ola, Qərb burjuaziyası stalinist ölkənin yazıçısına sahib çıxır”, onlar mənə "fransız burjuaziyasının adamı” kimi baxmağa başlayanda mən gedib kommunist partiyasına üzv oldum və göstərdim ki, mən heç də Qərb burjuaziyasının adamı deyiləm. Yəni o, özü də "Fransanın adamı” olmaq istəmir, ən azı narahat olur bu qiymətdən. Kadareni xain adam hesab etmirəm, belə baxanda bütün romanlarında, müsahibələrində öz doğma xalqının maraqlarını müdafiə edir.
– Roman yazıldığı dönəmdə də alban nəsri üçün bir yenilik sayılırdı, çünki sovet-kommunist ideologiyasına uyğun gəlmirdi. Günümüz üçün əsəri dünya klassikləri incilərindən hesab etmək olarmı?
– Bu əsəri "Modern klassika” hesab etmək olar. Elə mən oxuduğum nəşr "Vintage Classics” seriyasından buraxılıb. Bildiyimiz kimi, zamanın sınağından çıxmış əsərlər nəşr edilir bu seriyadan. Kadarenin nəsri yunan teatrı kimi əbədidir və müasir klassikadır.
– Kadere bu romanla bağlı tənqidlərə cavab verərkən deyib: "Mən yazarkən düşünmürəm ki, yazdıqlarım Albaniyanı bəzəyəcək, ya yox. Mən yazıçıyam və niyyətim olanları göstərməkdir, olmayanları sırımaq yox. Mənim ölkəmdən bir dəfə nümunəvi kommunist düzəltmək istədilər, nəticəsi göz önündədir. İndi də bəziləri Albaniyadan nümunəvi İslam ölkəsi yaratmaq istəyirlər ki, tərkibində çoxsaylı xristianların da olduğu bir ölkədə bunun da nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Mənim tək istəyim Albaniyanın nümunəvi ölkə yox, dünya ilə ayaqlaşan, müasir ölkə olmasıdır”. Sizcə, bu roman kontekstində müəllifə qarşı bu cür iradların olmasında haqq payı nə qədərdir?
– Albaniyada Kadare çox sevilən yazıçıdır, ölkəsində bir çox ədəbi mükafatlar alıb, əsərləri ən çox oxunan kitablar arasındadır. Hətta parlament üzvü də olub. Kadareyə "apolitik” yazıçı demək olmaz, onun ölkəsi ilə əlaqədar hər bir hadisəyə münasibəti var. Albaniya bir-birinə ən zidd olan idarəçiliklərdən keçib, əhalinin yarısı xristian, yarısı müsəlmandır, üstəlik, qonşuluqda serblərlə yaxın keçmişdə müharibə olub. Bilirik ki, qərb mediası dünyanın qalan hissələrini anlamaq üçün "yazıçıdan soruş” ənənəsinə üstünlük verir. Beynəlxalq media hər dəfə söhbət Albaniya məsələlərindən düşəndə Kadaredən münasibət soruşur və o, fəal şəkildə ölkəsində keçmişdəki kommunist, total islamçı, diktatura rejimlərini tənqid edən müsahibələr verir, yəni ölkəsi ilə bağlı siyasi məsələlər haqda fəal danışan yazıçıdır. Ola bilsin, belə tənqidlərə də bədii yaradıcılığına görə yox, daha çox müsahibələrində, çıxışlarında dediklərinə görə tuş gəlir. O, milli romanlar yazır, deməzdim ki, siyasi romanlar yazır. Konkret bu romanı, mümkün olan ən geniş, ən uzaq universal nöqtədən baxaraq demək olar ki, yalnız bir xalqın tarixinə dair gündəlik, ötəri söz-söhbətlər deyil, insanın əbədi problemləri haqda insani bir romandır. Ümumilikdə, ədəbiyyat nəzəriyyəçisi Frederic Jameson’un "Bütün üçüncü dünya mətnləri mütləq və mütləq… alleqorikdir” deyimini də bu romana tətbiq etmək olar. Bu roman həm də alleqoriyadır və Kadare bir kiçik xalqın tarixində Avropanın yığcam tarixini göstərir.
– Romandakı "biz və düşmən” dilemmasında, sizcə, müəllifin özünə seçdiyi nöqtə haradır və həmin nöqtədə müəllifin obrazı necə görünür?
– Yəqin mənimlə razılaşarsınız ki, müəllifin aydın göründüyü roman – alınmamış romandır, roman deyil, bədii publisistikadır. Müəllif romanda mümkün qədər görünməməli, deməməli, – göstərməlidir. Çexov demiş, "Demə "Ay parıldayır”, bir sınmış stəkanda Ayın nurunu göstər”. Əgər birinci şəxsdə yazılmış memuar deyilsə, formaca ədəbi eksperiment deyilsə, qalan hallarda, istər birinci şəxsin təkində, istər üçüncü şəxsdə, istərsə də Kadarenin üsullarından olan ikinci şəxsin cəmində – icmanın dilində yazılmış romanlarda müəllif obrazların və təhkiyəçinin arxasında gizlənməlidir, onun hansı xarakterin tərəfdarı olduğu açıq bilinməməlidir. Ədəbiyyatın həyatı obrazlı şəkildə əks etdirən söz sənəti olması haqda əbədi tərif bu gün də qüvvədədir. Bu roman qəsdən yazıçının mənsub olduğu xalqın yox, ona hücum etmiş düşmən ölkənin generalının nəzərindən yazılıb. Bununla müəllif özünü gözəgörünməz edib və birbaşa təhkiyədən qaçmağa nail olub. O, düşmən gözüylə öz xalqına və düşmənin özünə baxır, bu nöqtədən düşmənin təcavüzkarlığı, nahaqlığı, yad torpaqlara soxulması, aqressivliyi öz-özünü faş edir, alban xalqının isə özünüqoruma şücaəti, milli birliyi görünür. Buna kütləvi mədəniyyətdə qntireklamın reklama çevrilməsi də deyirlər.
– Romanda süjetin ləng inkişafını bəzi tənqidçilər hadisələrin geniş masştabda qələmə alınması ilə bağlayırlar, bəziləri isə Kadarenin müharibə mövzusunu zəif, üzdən araşdırması ilə. Bəs siz süjetin dinamikası ilə bağlı nə deyə bilərsiniz?
– Mənə belə gəlir ki, müharibəni dərindən təsvir etmək müəllifin məqsədi olmayıb. Romanda müharibədən 20 il keçib, hərbi ehtiraslar soyuyub, hətta 20 il əvvəl savaşan iki dövlət indi qarşılıqlı razılıq əldə edərək əsgərlərin sümüklərinin axtarışına başlayıb.
Hər gün, hər gün davam edən üzücü, yorucu, yeknəsəq qazıntı işlərinin iki ilə yaxın zamanını hiss etdirmək üçün süjet ləng inkişaf edir. D.Buzzattinin "Tatar çölü” romanı kimi burada da zaman süjetin əsas həlqələrindən biridir, bir-birinə bənzəyən günlər ağır-ağır ötür, personajlar bu kəmiyyətin əlində keyfiyyət dəyişikliyinə uğrayırlar. General belə bir hissə qapılır ki, daha onun həyatında yad yolları gəzməkdən başqa şey olmayacaq. Kino ədəbi mətni oxumaq prosesi qədər bu zamanı hiss etdirə bilmir, çünki zamanı sıxıb saat yarıma yerləşdirməlidir. Kitabı oxuyanda isə oxucu da paralel öz həyatının hadisələrini yaşayır və adını çəkdiyimiz romanda Covanni Droqo üçün eyni məkanda, hərbi libasda bir ömrün, bu romanda isə General üçün yad torpaqda uzun və sürəkli zamanın necə ağır keçdiyini nisbətdə daha yaxından hiss edir. Yəni süjetin ləng ritmi məzmunun çatdırılmasına xidmət edir.
– Romanda İtaliya, müharibə ilə bağlı təsvirlər üzdən verilir, ancaq Albaniya dərindən təsvir edilir. Bunu, müəllifin "tərəzinin gözünü əyməsi” kimi qəbul edənlər də var. Bu barədə siz hansı fikirdəsiniz?
– Nəzərə almalıyıq ki, bu müharibə İtaliya torpağında yox, alban torpağında gedib. Hadisələrin cərəyan etdiyi yer, yazıçının hədəf məkanı Albaniya olduğuna görə, bu ölkə dərindən təsvir edilir, İtaliya isə üzdən. Albaniya təsvir olunan ağacdır, ağac ətrafındakı təbiətlə birlikdə görünür. General Albaniyadadır və hər addımda görmək imkanı var ki, müharibədən 20 il sonra zərərçəkmiş xalq özünü necə hiss edir. İtalyanlar romanda qum-çınqıl kimi aparılıb ora-bura səpələnmiş oğullarına görə yanırlar, bu müharibə onların öz torpağında olmayıb.
Yazıçının məqsədi post-müharibəni, müharibədən 20 il sonra sonra yerdə qalan vəziyyəti göstərmək, bu yolla müharibənin dəhşətini çatdırmaqdır. Müharibə artıq keçmişdir, İtaliyada hakimiyyət dəyişib, Albaniyada hakimiyyət dəyişib, amma xalqlar olub keçəni unutmayıblar. Keçmişin insanın bugünü üzərində gücü davam edir.
– Əsərdə qəhrəmanın zəhmətindən sonra ona vəd edilən "Beynəlxalq şərəf” mükafatı, sizcə, nəyə ironiyadır, yoxsa onu adi detal kimi qəbul etməliyik?
– Bu romanda havada uçan toz zərrəciyi də qabaqcadan cızılmış zəruri trayektoriya ilə uçur. Bu da ironiyadır, böyük dövlətlərin yad torpaqlarda hərb aparmasına beynəlxalq dəstək olmasına və digər buna oxşar məsələlərə ironiyadır.
– Əsərdə belə bir cümlə işlənir: "Əgər sülh şəraiti hökm sürürsə, məsələn, indiki kimi, albanlar sadəcə, qışda yem axtaran yarıölü bir ilan kimidirlər. Onları yalnız müharibə, meydan canlandırır”. Müharibə bu məqamda həm də xalqların ruhən oyanışı kimi qələmə verilir. Sizcə, bu düşüncə əsərin əsas ideyası ilə nə dərəcədə uyğundur?
– O fikirlər Keşişin dilindən Generalla dialoqda deyilir. Keşiş albanlar haqda belə deyir, çünki o da tərəfdir, Tanrı ilə yanaşı italyan tərəfini də təmsil edir. Keşişin və Generalın albanlar haqda dedikləri albanları açmaqdan ziyadə, bu xarakterlərin özlərini, öz baxışlarını açmağa yönəlib. Keşiş deyir, albanların intiqamı öküz kimidir, yolunda dayanan hər şeyi tar-mar edə bilər, albanlar bu öküzün boynundan bər-bəzək asırlar ki, ölümdən həm də estetik zövq alsınlar...
Əsərdə filosof rolu oynayan Keşişin müharibəyə belə qiymət verməsi əsərin sadə xalqın müharibəyə qarşı olması haqda ideyası ilə zidd deyil. Çünki romanda müharibəyə görə təkcə siyasətçilər ittiham olunmur, müharibənin səbəbi insanlığın öz təbiətində də axtarılır. İnsanı həyat instinktləri olan mehribanlıq, əməkdaşlıq, çiçəklənmək, ocaq, xilas olmaq duyğuları ölüm instinktləri olan dağıtmaq, zorakılıq, öldürmək duyğuları ilə birgə idarə edir. İnsan mülki həyatda da stressli, təhlükəli, hər an ölümlə nəticələnə bilən vəziyyətləri əyləncəyə çevirir, ondan həzz alır. Ziddiyyət insan təbiətindədir.
– Romanda bir dəyişmə məsələsi də var: Obraz işə başlayandan sonra dəyişir: qəhrəman sanki fövqəlqüvvənin təsiri altına düşür. Sümükləri axtararkən özünü bu ordunun generalı hesab etməyə başlayır. Ağ neylon torbalardakı sümüklərin böyük bir ordu kimi toplandığını, həmin ordunu idarə etdiyini, fateh olduğunu düşünür. Sizcə, illüziyaya qapılmaq qaçılmazlığına nə səbəb olur?
– O fövqəlqüvvə insan psixologiyasıdır və Keşişin albanlar haqda dediyi sözlər əsərin səbəb-nəticə əlaqəsində italyan Generala da aiddir. Onu bu sülh vəziyyəti qane etmir. İnsan təbiətində həyat və ölüm instinktlərini, Eros və Tanatosu tarazlıqda, bir-birilə harmoniyada saxlamaq çətindir. Generalın daxilində gah telefonla danışdığı arvadının yanına evə qayıtmaq arzusu, gah da döyüş arzusu baş qaldırır. O, bir anlıq bu ordunu canlanmış sayır, özünü onların döyüş başında olan generalı kimi hiss edir. Necə ki, bəzi alban kəndliləri bu ordunu hələ də canlı kimi hiss edirdilər. Son səhnələrdə eyni ölkənin iki generalının uşaq kimi kağız üzərində dava-dava oyunu oynaması da bu qəbildəndir. Romanda "Adsız fəsil” adlı bir kiçik və maraqlı fəsildə General bu qazıntılar haqda öz-özünə uşaq nağılı uydurub yadında saxlayır ki, İtaliyaya qayıdanda bacısı qızına danışsın. Bu nağıla bir ayı salır, guya qazıntılar vaxtı generalla keşişin qarşısına ayı çıxır. Çünki bacısının balaca qızı həmişə nağıla qulaq asanda deyirdi: "Bəs ayı?” Uşaqlıqdan insanlarda büruzə verir təhlükəli, ölümlü vəziyyətlərdən həzz almaq. Dövlət münasibətləri insan təbiətindəki bu Tanatos qüvvəsinin ortaya çıxmasına şərait verməsə, müharibələrin qarşısı alınar.
– Əsas obrazın xarakterindən danışaq: o sümüklərin axtarışına göndəriləndə özünə çox əmin halda gəlir, baxmayaraq ki, ona qədər bu işi görməyə gələnlər uğursuzluğa düçar olmuşdular, amma zamanla onun da "ümidi öləziyir”. Sizcə, yazıçı obrazının xarakterindəki bu cür dəyişikliklə hansı reallığı açmağa çalışıb?
– General əvvəl bu ölkəyə həvəslə və böyük ümidlə gəlir, amma tədricən onun əhvalı dəyişdi. Doğrudan da, niyə General siyahıdakı bütün əsgərlərin sümüklərini taparaq ölkəsinə qaytara bilmir, nə qədər çalışsa da, özündən əvvəlkilər kimi bu işi qismən görə bilir. Generalı bu cür ümidi öləzimiş halda yola salmaqla yazıçı belə bir təəssürat yaradır ki, deməli, bu torpağa döyüşməyə göndərilən əsgərlər lap çox olublar, neçə nümayəndə göndərilsə də, hələ heç yarısını da tapmağa müvəffəq olmayıblar. Bununla həm də müharibənin adi müharibə kimi cəbhələrdə getmədiyi, ölkənin hər bir guşəsinə nüfuz etdiyi üçün xüsusilə ağır müharibə olduğu aydın olur. İtaliyada minlərcə ailə intizardadır və bu intizar faciənin davam etdiyini göstərir. Nəhayət, yazıçı Generalın can atdığı şöhrəti, qalibiyyəti ona vermir. Nə müharibəyə gələn generalları qalib olmuşdu, nə də müharibənin qalıqlarını aparmağa gələn generalları. Yazıçı Generalı məğlub edir.

Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər