• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

“Belə hadisələr zamanı həssaslıq nümayiş etdirmək lazımdır”

21.07.16 10:38 2600
“Belə hadisələr zamanı həssaslıq nümayiş etdirmək lazımdır”
Bir neçə gün bundan öncə azsaylı hərbçilər tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd olub və bu cəhdin qarşısı türk xalqı, hüquq-mühafizə orqanları tərəfindən alınıb. Təbii olaraq qardaş ölkədə baş verən hadisə Azərbaycan mediasının da diqqət mərkəzində olub. Dövlət çevrilişinə cəhd xəbərləri ilə yanaşı, hadisələr barədə müxtəlif fərziyyələr, subyektiv fikirlər ölkəmizin əksər kütləvi informasiya vasitələrində yer alıb. ANS telekanalı da həmin hadisələr barədə xəbərləri Azərbaycan tamaşaçısına çatdıran zaman nöqsanlara yol verdiyindən, Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalın yayımının bir ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edib. Yaranmış belə vəziyyətlə əlaqədar olaraq "Kaspi”nin suallarını Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli cavablandırır.
- Müşfiq müəllim, Türkiyədə baş verən son hadisələrə münasibətdə Azərbaycan mediasının tutduğu mövqeni necə qiymətləndirirsiniz?
- Azərbaycan mediası eyni millət və tərəfdaş dövlət olaraq, Türkiyədə baş verən hadisələrə ilk öncə ürək yanğısı ilə yanaşdı. Bu da təbii prosesdir. Çünki, biz eyni millət, iki dövlətik. İkinci diqqət çəkən məqam budur ki, Azərbaycanın rəsmi dairələri həmin hadisələrə dəqiq, operativ reaksiya verdilər. Dövlət başçısı İlham Əliyev, onun ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının digər rəsmisi Novruz Məmmədov, Xarici İşlər Nazirliyi çox operativ şəkildə reaksiya verdilər, Azərbaycanın mövqeyini çatdırdılar. Bununla da Türkiyədəki hadisələrə siyasi-hüquqi qiymət vermiş oldular, olayın dövlət çevrilişi olduğunu bildirdilər. Belə bir rəsmi mövqenin ortada olması mediada hadisələrə münasibətdə fikir aydınlığının yaranmasına səbəb oldu. Bizim KİV-lər baş vermiş hadisələri həm özləri işıqlandırmaqla, həm də siyasi dairələrin fikirlərini ictimailəşdirməklə Türkiyədəki olaylara kifayət qədər yer ayırdılar. İstər Azərbaycanda, istərsə də Türkiyədə ictimai rəyin düzgün istiqamətdə formalaşmasına səbəb oldular. Lakin təəssüflər olsun ki, bu vəziyyətlə bağlı bir neçə istisna hallar da ortaya çıxdı. Buna misal olaraq ANS televiziyasını da göstərmək olar. Bu telekanal Türkiyədə baş verən hadisələrlə bağlı ictimai rəydə çaşqınlıq yaranmasına səbəb ola biləcək informasiyalar yaymağa başladı. Bunun konkret səbəbi bəlli deyil. Bir qədər əvvəl istisna hal kimi qeyd etdiyim KİV-lər hadisələrin Türkiyə iqtidarı tərəfindən qurulmuş oyun kimi qələmə verməyə, ordunun təzyiqi qarşısında iqtidarın tab gətirmədiyini, hakimiyyəti qoyub qaçdığını və sair bu kimi çaşdırıcı informasiyaları çatdırmağa başladılar. Yaxşı ki, müvafiq qurumlar, o cümlədən özünütənzimləyici qurumlar zamanında proseslərə reaksiya verdilər. ANS barədə qərar qəbul olunmaqla digər KİV-lərə də örnək göstərildi ki, belə hadisələr zamanı həssaslıq nümayiş etdirmək, prosesləri düzgün qiymətləndirmək gərəkdir. Ümumilikdə götürsək, sosial şəbəkə, onlayn media və digər KİV-lər proseslərə normal şəkildə rəylər bildirdilər, vəziyyəti ürək yanğısı ilə kütləvi auditoriyaya çatdırdılar.
- ANS-in yayımının bir ay müddətinə dayandırılması ilə bağlı müxtəlif yanaşmalar var. Media eksperti kimi Sizin bu məsələyə yanaşmanız necədir?
- Azərbaycan qanunvericiliyində, o cümlədən KİV haqqında, Terrorizmə qarşı mübarizə haqqında qanunlarda, həmçinin beynəlxalq konvensiyalarda və sairdə terror, terrorçulara qarşı davranış məsələləri kifayət qədər açıq şəkildə göstərilib, şərh olunub. Misal üçün, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi birbaşa hansı informasiyaların yayımına məhdudiyyət qoyulmasını açıq şəkildə şərh edir. Burada dövlət çevrilişlərinə cəhd, cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlik informasiyaların yayımına məhdudiyyətlərin qoyulması aydın göstərilib. Həm yerli, həm də beynəlxalq qanunvericilikdən kifayət qədər bu kimi misallar gətirmək mümkündür. Terrora və terrorçuluğa qarşı mübarizədə baş vermiş hadisə ilə əlaqədar informasiya yayımının tənzimlənməsinə həmin qanunlarda aydınlıq gətirilir. Bütün qanunlarda göstərilir ki, terrora və terrorçulara tribuna vermək olmaz. Yəni, hansı məqsədlə törədilməsindən asılı olmayaraq, kimsə terrorçudursa, yaxud terrora dəstək verirsə, onlara tribuna vermək, fikirlərinin yayılmasına imkan yaratmaq olmaz. Belə hallar qanunvericiliklə bərabər beynəlxalq praktikada da öz əksini tapıb. Fikir verin, neçə illərdir İŞİD-ə, "Taliban”a və digər terrorçu qruplara qarşı mübarizə aparılır, müharibələr gedir. Lakin heç vaxt o terror təşkilatlarının rəhbərlərinə açıq tribuna verilmir ki, onlar mövqelərini bildirsinlər. Haqlı olaraq belə edirlər. Çünki, hansı məqsədə xidmət etməsindən asılı olmayaraq, istənilən halda terrorçuya tribuna vermək, onların ideologiyasının yayılmasına imkan yaratmaq yolverilməzdir. Misal üçün, ABŞ-da qoşa qüllələrin partladılması, bu ölkənin Əfqanıstanda, İraqda apardığı müharibələr zamanı baş verənləri bir kənara qoyaq. Konkret olaraq 2015-ci ildə Amerika telekanallarından birinin jurnalisti iki həmkarına qarşı terror həyata keçirmişdi və hadisəni törətdikdən sonra qaçıb gizlənməyə, aradan çıxmağa çalışırdı. Polis onun qaldığı yeri əhatəyə almışdı. Həmin vaxt terrorçu jurnalist əlində silah tutaraq tələb edirdi ki, televiziyalar ona yaxınlaşsın və o, öz fikrini geniş auditoriyaya çatdırsın. BBC-nin iki əməkdaşı polisə yaxınlaşıb əli silahlı şəxsdən mövqe öyrənmək üçün icazə istəsə də, polis buna imkan vermədi. Axırda həmin silahlı şəxs özünü güllələyərək intihar etdi. Polis o zaman bu addımını onunla əsaslandırmışdı ki, əlində silah olan həmin şəxs terrorçudur və terrorçunun fikirlərinin televiziya ilə yayılması yolverilməzdir. Beynəlxalq təcrübədən bu cür onlarla misal gətirmək olar. Belə bir vəziyyətdə ANS-in davranışı, açığı adamda şübhə yaradır. Bir qədər əvvəl qeyd etdiyim kimi, həm yerli və beynəlxalq qanunvericilikdə qadağalar var, həm də göz önündə terrorçuluqda şübhəli bilinən şəxslərlə necə davranış lazım olduğunu nümayiş etdirən kifayət qədər təcrübələr mövcuddur. Fətullah Gülən və onun şəbəkəsi də Türkiyə məhkəmələri tərəfindən terrorçu elan olunub, onlar barəsində cinayət işi açılıb. Bir neçə gün bundan öncə Türkiyədə dövlət çevrilişinə cəhddə də bu adam ittiham olunur. Belə bir halda, ANS-in Fətullah Gülənə tribuna verməsi nə qanunvericiliyə, nə də mövcud praktikaya uyğun gəlməyən hadisədir. Bu, sadəcə media hadisəsi deyil, eyni millət və iki dövlətin taleyüklü məsələsidir. Təsəvvür edin, bu gün Azərbaycan televiziya kanalları Fətullah Gülənə tribuna verirlər, sabah da Türkiyə televiziyaları Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyana efir verir, onun mövqeyini türk cəmiyyətinə çatdırırlar. Qarşılıqlı və zəncirvari şəkildə uzanıb gedə biləcək bu prosesin sonunu təsəvvür etmək mümkün deyil. Ona görə də ANS rəhbərliyi yol verilən nöqsandan nəticə çıxarmalı, gələcəkdə bu cür hallara bir daha yol verilməməsi üçün çaba göstərməlidirlər.
- Türkiyədə, yaxud da başqa yerdə baş verən və Azərbaycan tamaşaçısının da xüsusi önəm verdiyi bu cür hadisələr zamanı, kritik məqamlarda media nəyə diqqət yetirməlidir?
- Beynəlxalq aləmdə ümumi fikir bundan ibarətdir ki, medianın iki əsas funksiyasından biri cəmiyyətin marağına səbəb olan informasiyaları tapıb ona çatdırmaqdır. Təbii ki, dünyada baş verən çaxnaşmalar, dövlət çevrilişi və ona cəhdlər, sabitliyin pozulması, müharibələr cəmiyyətin marağına uyğun olmayan, müəyyən problem yaradan məsələlərdir. Bu baxımdan KİV-lər də belə məsələlərdə elə mövqe tutmalıdırlar ki, onların davranışı cəmiyyətin mövqeyinə, yəni sabitliyə, sakitliyə, əmin-amanlığa, proseslərin durulmasına xidmət etsin. KİV-lər bu amala xidmət edəcək informasiyalar yaymaqla, bu prosesləri həyata keçirən dövlət qurumlarına kifayət qədər tribuna verməklə hadisələrin tənzimlənməsinə yardım göstərməlidirlər. Bunlar KİV-lərin həm qanunla təsbit olunmuş vəzifəsidir, həm də vətəndaşlıq və dövlətinə xidmət vəzifəsidir. Bu baxımdan, KİV-lər kifayət qədər həssas davranmalıdırlar ki, prosesin daha da alovlanmasına deyil, sabitləşməsinə kömək olsunlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər