• cümə, 19 Aprel, 18:48
  • Baku Bakı 24°C

“Belə festivalla hər bir ölkə fəxr edə bilər”

04.08.18 09:00 1366
“Belə festivalla hər bir ölkə fəxr edə bilər”
İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı, "Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirildi. Avqustun 8-dək davam edəcək festival zəngin proqramı ilə yerli tamaşaçılara və vətənimizə təşrif buyuran turistlərə unudulmaz anlar bəxş etməyə davam edir.
Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı və rəngarəng musiqi proqramı ilə təqdim olunur. 10 illik yubiley çərçivəsində festival təşkilatçıları yeniliklər həyata keçirməyə davam edir. Təşkilatçılar tərəfindən verilən məlumata görə, bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərir. "Qəbələnd” əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı turistlər və yerli əhali ziyarət edib, Musiqi Festivalı haqqında məlumat alır. Fan-zonada açıq havada zövqlü musiqi və rəqslər, müxtəlif hədiyyəli müsabiqələr, fotoşəkillər çəkdirmək üçün xüsusi məkanlar, canlı heykəllərin şousu, uşaqlar üçün əyləncələr təşkil olunub. "Qəbələnd” festivalın keçirildiyi məkanın, Heydər Əliyev adına Konqres Mərkəzinin yaxınlığında yerləşir, bu isə festivalın qonaqlarına həm konsertlərdən öncə, həm də sonra fan-zonaya rahatlıqla gəlib əylənməyə imkan verir.
Biz də festivalla bağlı qonaqların fikirlərini öyrəndik. Onlar festivalı bayram hesab etdiklərini və festivalın turizm baxımından da əlverişli olduğunu qeyd etdilər.
Qəbələ Musiqi Festivalı öz tərzində uğurlu bir proqram həyata keçirir
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi bizimlə söhbətində bildirdi ki, Qəbələ musiqi festivalı insanlara yüksək musiqi zövqü bəxş etməklə yanaşı, ölkəyə turist cəlb edilməsi baxımından da ideal vasitədir: "Qəbələdə keçirilən X Beynəlxalq Musiqi Festivalını çox gözəl qiymətləndirirəm. İlk olaraq deyim ki, festivalın təbiətin qoynunda, gözəl məkanda keçirilməsi buraya turistlərin cəlb olunması üçün atılan ən perspektivli addımlardandır. Burada əsas istək isə "mədəni çevrə”ni yaratmaq istəyidir. 10 ildir ki, bu festival keçirilir, festivalın yaşı Qəbələdəki turizmin inkişafının yaşı ilə bərabər hesab edilir. İkinci tərəfdən baxdıqda, bütün festivallar, şənliklər, kollektiv hadisələr müəyyən bir kütləvi mədəni çevrənin formalaşmasına səbəb olur. Polifonik, simfonik musiqinin olduğu Qəbələ Musiqi Festivalı da öz tərzində, janrında uğurlu bir proqram həyata keçirir. Bu il Bülbül vokal yarışmasının qalibi türk sənətçisi Mine Kurtoğlu festivalda iştirak edir. Məncə, belə bir festivalın təşkili ideyası və onun həyata keçirilməsi çox gözəldir”.
Festival milli-mənəvi dəyərlərimizi qoruyub, saxlamaq üçün çox önəmlidir
X Beynəlxalq Musiqi Festivalın açılışında iştirak edən tanınmış rəssam Günay Mehdizadə bizimlə söhbətində festivalın Azərbaycan mədəniyyətini və musiqisini dünyaya tanıtdırdığını bildirdi: "X Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəniyyətlərarası dialoqun təşkilindəki rolunun artmasının göstəricisidir. Qəbələdə keçirilən musiqi festivalı ölkəmizin həm də mədəniyyətlərarası dialoqda önəmli körpü rolunu oynadığını sübuta yetirir. Azərbaycan bu gün mədəniyyət beşiyi olmaqla yanaşı, həm də dünya musiqisinə dəyər verən, onu zənginləşdirən bir diyar kimi tanınmaqdadır. Qəbələ Beynəlxalq Musiqi Festivalı getdikcə daha böyük maraq doğuran əsl beynəlxalq musiqi bayramına çevrilir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festival ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsidir. Bu festivalın əhəmiyyəti möhtəşəm musiqi əsərlərinin ifası ilə məhdudlaşmır. Qəbələ Festivalı müxtəlif ölkələrdən olan görkəmli musiqiçilərin bir-biri ilə tanış olmasına, yeni əməkdaşlıq münasibətlərinin qurulmasına şərait yaradır. Belə bir mötəbər beynəlxalq festivalda iştirak həm kifayət qədər tanınan musiqiçilər, həm də sənətə yeni başlayanlar üçün gözəl təcrübədir”.
Tanınmış rəssam milli adət-ənənələrimizi, dəyərlərimizi qorumaq üçün belə festivalların keçirilməsini vacib hesab edir: "Mən hər il bu festivalda tamaşaçı qismində iştirak edirəm. Çünki bu bizim milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq üçün çox önəmlidir. Qəbələ Azərbaycanın ən səfalı bölgələrindən biridir. Məhz yayda, belə gözəl bir zamanda bu məkanda festivalın keçirilməsini çox gözəl düşünülmüş addım hesab edirəm. Xaricdən gələnlər bizim gözəl guşələrimizi görür, mədəniyyətimizlə tanış olurlar. Festivalın proqramına nəzər yetirsəniz, onun çox zəngin olduğunun şahidi olarsınız”.
G.Mehdizadə, ümumiyyətlə ölkəmizdə keçirilən musiqi festivallarını yüksək qiymətləndirir: "Festivallar turizmin müxtəlif sahələrinə həsr olunur. Nəinki Beynəlxalq Qəbələ Festivalı, "Caz”, "Üzeyir Hacıbəyov”, "Muğam dünyası”, "İpək yolu” kimi beynəlxalq musiqi festivalları da bu qəbildəndir. Onlar xalqımızın musiqi zövqünü zənginləşdirməyə və beynəlxalq arenada Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir”.
"Azərbaycan muğamını çox sevirəm və çox rahat şəkildə anlayıram”
Euronews kanalının mədəniyyət proqramının Fransadakı rəhbəri Volfqanq Spindler deyir ki, Qəbələnin insanlarına, gözəl təbiətinə və festivalda səsləndirilən musiqiyə heyran qalıb: "Bu, mənim Qəbələyə ilk gəlişim deyil, artıq 7-ci dəfədir ki, bu festivalda iştirak edirəm. Burada həqiqətən də festival ab-havası var ki, bu da məni valeh edir. Xoşbəxtəm ki, Qəbələ kimi gözəl bir məkandayam və səslənən musiqilərdən zövq alıram. Burada dünya musiqisi incilərindən ibarət gözəl konsert proqramını dinləyirəm. Ümidvaram ki, gələn illərdə də bu festivala tamaşa edəcəyəm. Xüsusilə də, dinləyicilərin yüksək mədəniyyəti, klassik və milli musiqiyə eyni dərəcədə rəğbətlə yanaşmaları məni valeh edir. Bu festivalı təşkil edənləri belə bir gözəl təşəbbüs münasibətilə təbrik edirəm. Qəbələ festivalında hər bir konsert çox möhtəşəm keçir. Belə festivalla hər bir ölkə fəxr edə bilər. Ümumiyyətlə, festivalda iştirakım mənim üçün həm karyera, həm də Azərbaycanı yaxından tanımaq baxımından vacibdir. Buradan geri döndükdən sonra festival barədə geniş reportaj hazırlayacam”.
Müsahibimiz deyir ki, son illərdə Azərbaycan çox dəyişib, paytaxtınız, həmçinin Qəbələ gözəlləşib və daha da müasirləşib. Azərbaycan musiqilərini çox sevdiyini bildirən Volfqanq Spindler xüsusən də muğamı dinlədiyini bildirir: "Sizin gözəl musiqiləriniz var. Azərbaycan muğamını çox sevirəm və çox rahat şəkildə anlayıram”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər