Belə bir Kobzon vardı - Fotolar
İnsanlar var ki,
abidə kimidir. Onlardakı qürur, kübarlıq yaradıcılıqlarının lap əvvəlindən bayağı
əsərlər yazmağa, yüngül komediyalarda oynamağa, bəsit mahnılar oxumağa mane
olub. Sovet ədəbiyyatında Mixail Şoloxov, kinoda Mixail Ulyanov, estradada əlbəttə,
İosif Kobzon kimi. Kreml sarayı və İttifaqlar Evinin sütunlu salonu onun ideal səhnəsi
olub. Qara kostyumu, ağ köynəyi, boynundakı «kəpənəyi» - dəyişməz imici ilə müğənni
həmişə bu səhnəyə vüqarla çıxıb.
Bütöv bir
epoxanın səsi sayılan müğənnini elə həmin səhnədən son mənzilə yola saldılar...
Səhnəyə yol
İosif Davıdoviç
Donetsk vilayətində doğulub. Kobzonun uşaqlığı çox çətin keçib. Gələcək müğənni bir neçə dəfə yaşadığı yeri dəyişməyə
məcbur olub. Müharibədən əvvəl ailə Lvova köçüb. Balaca İosifin atası cəbhəyə
gedib, anası isə Özbəkistanda yaşamağa məcbur olub. Ona bir daha atasını görmək
qismət olmayıb. Aldığı yaralardan uzun müddət hospitalda müalicə olunduqdan
sonra, atası tanış olduğu qadınla evlənib və Moskvada yaşamağa başlayıb. Atası
onları tərk edəndə Kobzonun 13 yaşı vardı. 1944-cü ildə anası yenidən Donetskə
qayıdıb. Kobzon bu şəhərdə birinci sinfə yollanıb. Anası vaxtından əvvəl
qocalmışdı. Zavallı qadın ailəni saxlamaq üçün gecə-gündüz çalışırdı. Ona görə
də müğənni həmişə müsahibələrində «Anam mənim mənəvi yol göstərənim olub» deyirdi. İki il sonra anası yenidən ailə
qurub. İosif 8-ci sinfi bitirəndən sonra Dnepropetrovskda texnikuma daxil olub.
O, təhsil aldığı illərdə boksa maraq göstərir, ancaq ilk aldığı ciddi zədədən
sonra idmanın bu təhlükəli növünü tərk etmək qərarını verir və musiqini seçir.
Texnikumun səhnəsi gənc bariton üçün ilk yaradıcılıq meydanına çevrilir.
1956-cı ildə
sovet estradasının gələcək patriarxını orduya çağırırlar. 50-ci illərin sonunda
o, Zaqafqaziya hərbi dairəsinin mahnı və rəqs ansamblında oxuyurdu. Tərxis
olunduqdan sonra yenidən Dnepropetrovska qayıdır. Yerli tələbə sarayında özünün
ilk müəllimi, xorun rəhbəri Leonid Treşenko ilə yenidən rastlaşması, onun həyatını
həmişəlik dəyişir. Treşenko fərdi proqram üzrə məşğul olaraq, gənci konservatoriyaya
hazırlayır. Uzaqgörən müəllim qarşısında nadir istedadın oturduğunu bilirdi. Hətta,
əmin idi ki, bu cavan oğlan tezliklə ulduza çevriləcək. O, şagirdinin çətinlik
çəkməməyi üçün iş tapmasına da kömək edir.
Artıq 1959-cu
ildə İosif Kobzon Ümumittifaq Radionun solisti idi. Estrada artistlərinin
ümumittifaq müsabiqəsində və Sopot şəhərindəki musiqi festivalında laureat
olması isə artıq musiqiyə yeni bir nəfəsin gəlməsindən xəbər verirdi. 1986-cı
ildə Kobzon artıq SSRİ Xalq artisti idi. Nəhəng ölkədə elə bir insan yox idi
ki, onun adını eşitməsin və lirik baritonu dinləməsin. O, öz konsertləri ilə
SSRİ-nin bütün diyarlarını gəzirdi...
1990-cı ilin
sonlarında o, səhnədən ayrılmağı qərar
verir. Sentyabr ayının 15-də "Ginnesin rekordlar kitabı”na düşəcək vida
konserti axşam saat 6-dan səhər 7-dək davam etdi. "Mən səhnəni öpdüm və zalı tərk
etdim. Üç gün sonra məni Dövlət Dumasına deputat seçdilər” - deyə xatırlayırdı.
İ.Kobzon həmişə
aktiv həyat tərzi ilə fərqlənib. O, məşhur siyasi xadim idi. 1990-cı ildə
siyasi karyerasına SSRİ Ali Sovetinin deputatı kimi başlamışdı. Ölkənin ən mürəkkəb
regionlarından olan Zabaykalye dairəsindən deputat seçilmişdi. Buna görə, müğənni
həmişə öz seçicilərinə kömək etməyə və onların problemlərini həll etməyə
çalışırdı.
Ukrayna ilə
Rusiya arasında baş verən münaqişədə Kobzon, Krıma görə prezident Vladimir
Putinin siyasətini dəstəkləyirdi. Avropa İttifaqı mövqeyinə görə, Kobzonu
Rusiya vətəndaşı kimi qara siyahıya saldı və onun, Avropa İttifaqı ərazisinə
daxil olmasına qadağa qoydu. Bir çox Ukrayna şəhərlərində onu fəxri vətəndaş
statusundan məhrum etdilər. Hətta doğulduğu Kramatorski əyalətində də müğənni
bu tituldan məhrum edilmişdi. Daha bir qalmaqal isə onun 2014-cü ildə
Ukraynanın Xalq artisti adından imtinası oldu. Bu qərarı o, özünün siyasi
baxışları altında qəbul etmişdi. Məşhur müğənni hətta, Rusiyanın 2017-ci ildə
Ukraynada keçirilən "Avroviziya” müsabiqəsində iştirak etməkdən imtina etməsini
düzgün qərar sayırdı.
"Həyatın bir anı”
SSRİ-nin
dağılması İosif Kobzonun karyerasına zərər vurmadı. Çünki onun mahnıları artıq
böyüyən nəslin də yaddaşına köçmüşdü. Özü isə ifası haqqında belə deyirdi: «Mən
çox nadir hallarda öz çıxışlarımdan razı qalıram və başa düşmürəm: nə üçün məni
hər dəfə alqışlayırlar. Axı mən qeyri-adi heç nə etmirəm. Bəlkə sadəcə, mən
lazımlı yerdə, lazımlı sözü deyə bilirəm». Kobzon müharibə bölgələrində, əsgərlər
qarşısında, təbii fəlakət zonalarında çıxışlar edib, humanitar yardımlar göstərib.
Bunu vətəni qarşısında borc hissi bilib. «Hesab edirəm ki, bu, mənim vəzifəmdir.
Xüsusilə bu mənim vətənimdirsə, mən burada doğulmuşamsa, çətinliyə düşən
insanların yanında olmaq lazımdır» deyirdi.
«Kobzon sovet
mahnılarını yazılanlardan daha çox oxuyub» - deyə Müslüm Maqomayev zarafat etməyi
xoşlayardı. Əlbəttə, onun repertuarında «Qaranlıq gecə», «Qələbə günü», «Mahnı
insanla qalır» kimi musiqi inciləri də var idi. Ancaq biz o mahnıları
xatırlayırıq ki, o, həmin mahnıları şəxsən şöhrətləndirib və özü yaradıb: «Həyatın bir anı, «Uzaq Vətən haqqında mahnı»...”
«Həyatın bir anı»
mahnısının yaranmasının maraqlı tarixi var. Deyirlər ki, bəstəkar Mikael
Tarıverdiyev və Robert Rojdestvenskiy «Baharın 17 anı» filmi üçün çoxlu
mahnılar yazıblar. Rejissor Tatyana Lyoznova o mahnılardan ikisini saxlayıb və
bir neçə ifaçı seçib: Valeriy Obodzinskiy, Valentina Tolkunova, Vadim Mulerman,
Müslüm Maqomayev, Nikolay Nikitski… Rejissorun istəyinə görə, mahnı elə
oxunmalı idi ki, guya onu Vyaçeslav Tixonovun özü oxuyur. Maqomayev bu təklifə
«Mən Tixonov deyiləm, mən Maqomayevəm» cavabını verib. Ancaq Mulermanın o zaman televiziyanın rəhbəri ilə
problemi olub. Rejissor Robert Rojdestvenskiyə bununla bağlı zəng edəndə, dostu
Kobzon da şairin yanında olub. Rejissor Kobzondan "Mahnını elə oxumalısan ki, səsini
tanımasınlar” deyə xahiş edib.
Kabzonun özü bu
mahnını «rekviyem» adlandırırdı. Bu kompozisiyanı oxumaq heç kimə müyəssər
olmayıb. Maqomayev deyirdi: "Kobzon həqiqətən bu mahnını elə təsirli oxuyub ki,
kişilərin də boğazı qəhərdən tutulub”.
O üçüncü qadın
Kobzonun şəxsi həyatı
estradadakı karyerası kimi o qədər də hamar olmayıb. 3 qadın, uğursuz nikahlar.
Veronika Kruqlova ilə anasının məsləhəti olmadan evlənmişdi. Anası əzəldən
«gözüm bu nikahdan su içmir» desə də, Kobzonun hissləri qəlbinə hakim olmuşdu.
İki il sonra cütlük ayrıldı. Veronika başqa bir məşhur ifaçıya - Vadim
Mulermana ərə getdi. Bir müddət sonra isə Amerikaya köçdü. Müsahibələrinin
birində estrada ulduzu ilə nikahının onu azca da olsa sındırmadığını demişdi.
Kobzonun Lyudmila Qurçenko ilə evliliyi 3 il keçdi. Sonradan Qurçenko bu
ittifaqı həyatının ən böyük səhvi olduğunu etiraf etdi. Aktrisaya əvvəlcə elə gəlmişdi
ki, ərini dəyişə bilər. Onlar tez-tez qastrola çıxırdılar və bu səfərlərdə məşhur
və gözəl cütlük ayrı-ayrılıqda romantik macəralar yaşayırdı. İosifin anası gəlinini
sevmirdi. Nəhayət, Qurçenko ərinin bütün qohumları ilə münasibəti kəsdi. Onlar
tez-tez dalaşır və bir-birlərinə güzəştə getmək istəmirdilər. Lyudmila Markovna
öz memuarlarında yazırdı ki, sevimli insanın onun yaradıcılıq karyerasını lağa
qoymasına dözmək çətin idi: «Bu nədir, hamı çəkilir, səni isə heç kim
çağırmır». O, inciyib ağlayır və hansısa bir anda bir yerdə yaşamaq istəmədiyini
anlayır. Ayrılıqdan sonra ulduzlar 40 il ünsiyyət saxlamadılar. Onlar bir-birlərinə
hər hansı tədbirlərdə rast gəlməməyə çalışırdılar.
Müğənninin həyatının
üçüncü qadını isə 70-ci ildə ailə qurduğu Ninel Mixaylovna oldu. Hamının "gözəl”
adlandırdığı Ninel müğənnidən 13 il kiçik idi. O, nüfuzlu yəhudi ailəsində
doğulan ağıllı və evdar qız idi. Ən əsası, Ninel şou-biznesdə olmağı
arzulamırdı. Baxmayaraq ki, onun bütün göstəriciləri şou-biznesə uyğun gəlirdi.
Bu gün hamı bu qadını Nelli Kobzon kimi tanıyır. Müğənninin üçüncü seçimi
anasının da xoşuna gəldi. "Həmişə sevimli arvadımla yanaşı olmaq məni xilas
edib”- deyə İosif Kobzon müsahibələrində deyirdi: "Ətrafımda ailə xoşbəxtliyindən
məhrum olan həmkarlarıma baxanda, onlara yazığım gəlir. Biz artıq uzun illərdir
bir yerdəyik və iki övladımız, nəvələrimiz var”. Onlar birlikdə 47 il ömür
sürdülər. Oğlu Andrey əvvəlcə atasının yolu ilə gedib musiqiçi olmaq istədi.
Sonra musiqini atıb bizneslə məşğul oldu. Son illər daşınmaz əmlak sferasında məşğul
olur. Qızı Natalya məşhur modelyer Valentin Yudaşkinin mətbuat katibi idi. O,
Avstraliya vətəndaşına ərə getdi. Övladları ata-analarına 7 nəvə hədiyyə ediblər.
Təcili yardım
Müğənni 15 il
idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun xəstəliyi 2000-ci ilin
ortalarından başlayıb. Kobzon Rusiya və xarici ölkələrin məşhur klinikalarında
müalicə olunub. Ağır cərrahi müdaxilələrdən sonra o, uzun müddət xəstəxanalarda
müayinə olunub. Baxmayaraq ki, xəstə idi, ancaq işləyir, qastrollara
gedirdi.
2009-cu ildə
Kobzon Almaniyada əməliyyat olunandan 5 gün sonra Yurmala festivalına yollandı.
Hətta, səhnədə canlı oxuyaraq öz pərəstişkarlarını heyrətləndirdi. 2010-cu ildə
isə pərəstişkarları onun səhnədə iki dəfə yıxılması və huşunu itirməsi xəbərini
aldılar. Ancaq müğənni uzun müddət yataqda uzana bilmədiyini etiraf edirdi. O,
səhnəsiz yaşaya bilmirdi. Səhnə və tamaşaçılar onun xəstəliyinin ən yaxşı dərmanı
idi. Həmişə deyirdi: "İstərdim ki, xatırlasınlar: Belə bir Kobzon vardı”.
Kobzon 81
yaşında vəfat etdi. Görkəmli estrada müğənnisinin ölüm səbəbi elə illərlə
mübarizə apardığı onkoloji xəstəliyi oldu.
Rusiya öz
sevimli müğənnisini böyük təntənə ilə son mənzilə yola saldı. Sentyabrın 2-də İosif
Kobzonun həyat yoldaşı Nelli əri ilə vidalaşmaq üçün əlavə mərasim təşkil etdi.
Matəm mərasimi mühafizə altında keçirilib və yalnız ifaçının yaxın qohumları və
dostları iştirak ediblər. Gizli vidalaşma açıq mərasimdən bir gün öncə
keçirilib. Çaykovski adına konsert zalında keçirilən açıq vidalaşmaya insan
seli səhər saat 8-dən axışıb. 3 saatlıq vidalaşma isə İosif Kobzona yaradıcılığına
görə "sağ ol” demək istəyənlər üçün az idi. Kobzonun bütün həyatını musiqi
müşayiət edib. Ona görə də minlərlə buketlərin üst-üstə qalandığı səhnədə Kobzonun
repertuarından kompozisiyalar ifa olunub. «Bu, mümkün deyil, ağlasığmazdır,
ancaq təəssüf ki, bu, baş verib. O, öz yaradıcılığına, həyatına və
davranışlarına həmişə vicdanla yanaşıb. Əgər o, həyatında yalnız bir hərəkət
etsəydi – Nord-Ostda, Dubrovkaya gəlib uşaqları və hamilə qadınları terroristlərin
əlindən xilas edib çıxartsaydı belə, yenə də tarixdə qalacaqdı. O, heç vaxt
fonoqramla oxumayıb, heç vaxt fonoqramla dostluq etməyib» - deyə yaxın dostu
Mixail Şvıdko bildirib. «Bu gün onun sənətini sevən bütün insanlar ona görə kədərlənir.
Çünki o, hər kəsə yaxın idi. Onun ifası bu gün vidalaşmaq üçün gəldiyi səhnədə
öz ifasında az səslənməyib. Onun ifasından göz yaşları axıdanlar az olmayıb.
Biz onu «Təcili yardım» - deyə çağırırdıq. O, bütün yaxınlarının, doğmalarının
və özgə insanların köməyinə çatırdı» - deyə Vladimir Vinokur bildirib.
Görkəmli heykəltəraş
Zurab Seretelli Kobzonun abidəsini hazırlayacağını bəyan edib: "Onsuz da onun
mahnıları əbədidir. Kobzona bu mahnılardan, sağlığında abidə qoyulub -
insanların qəlbində. Biz onunla - sovet epoxası ilə bir daha vidalaşırıq...”
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova