• cümə, 29 Mart, 17:08
  • Baku Bakı 14°C

Belarusda ümummilli lider Heydər Əliyevin anım günü keçirilib

12.12.17 14:45 2817
Belarusda ümummilli lider Heydər Əliyevin anım günü keçirilib
Azərbaycanın Belarusdakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Belarusda yaşayan azərbaycanlılar, Minskdə təhsil alan azərbaycanlı və yerli tələbələr iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbir iştirakçıları tərəfindən ümummilli liderin səfirliyin foyesindəki büstü önünə gül çələngi qoyulub.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri barədə geniş məlumat verib. Bildirilib ki, 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan qutarıb, yeni dövlət yaradaraq onun gələcək on illiklər üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib.
Ulu Öndərin rəhbərliyi ilə "Əsrin Müqaviləsi”nin imzalandığını, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğu xatırladılıb və həyata keçirilən qlobal layihələrin və siyasi-iqtisadi islahatların hazırda Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırıldığı qeyd olunub. Bununla da Azərbaycanın dünyaya inteqrasiyası, qlobal dünyadakı yeri və rolu müəyyənləşdirilib. Bir sözlə ölkəmiz dünyanın tərkib hissəsinə çevrilib.
Səfir, əzəli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın xarici siyasətinin bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ probleminin həllində ciddi irəliləyişlərin olduğunu söyləyərək, artıq bütün dünyanın ermənilər tərəfindən Qarabağ torpaqlarının işğal altında olması faktını və buna son qoyulmasının vaxtı çatdığının dünya tərəfindən etiraf edildiyini qeyd edib.
Tədbirdə Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək, diaspora hərəkatının yaradılmasında, formalaşmasında Ulu Öndərin tarixi missiyası barəsində geniş danışıb. Daha sonra Azərbaycan İcmaları Konqresinin üzvü Baxşı Qəmbərov və Minskdə təhsil alan tələbələr çıxış ediblər.
Sonra Ulu Öndərin xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

banner

Oxşar Xəbərlər