• çərşənbə, 24 Aprel, 11:55
  • Baku Bakı 13°C

Belarus prezidenti Azərbaycana rəsmi səfərdədir

20.11.13 18:33 1316
Belarus prezidenti Azərbaycana rəsmi səfərdədir
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus prezidentini Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
İki günlük səfər çərçivəsində A.Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək. Danışıqların yekununda müxtəlif sahələrə aid ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.
Dünən Belarus prezidenti Aleksandr Lukaşenko Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb. Sonra Belarus prezidenti tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.
Daha sonra Belarus prezidenti Şəhidlər Xiyabanını ziyarət edib. Xiyabanda Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. A.Lukaşenko və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət ediblər. Qonaq prezident “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.
Sonra qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Belarus prezidenti Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər. Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib, Belarusun dövlət bayrağı qaldırılıb. Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Məlumat verilib ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanıb. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa edilib.
Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar. Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.
Daha sonra İlham Əliyev və Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.
banner

Oxşar Xəbərlər