• cümə axşamı, 18 aprel, 08:07
  • Baku Bakı 12°C

Belarus növbədənkənar seçkilərə gedir

07.08.19 18:22 10114
Belarus növbədənkənar seçkilərə gedir
Belarus növbədənkənar parlament seçkilərinə getmək barədə qərar qəbul edib. Minsk, seçkiləri nəzərdə tutulduğundan bir il əvvəl - bu ilin noyabrında keçirəcək. Qanuna görə, indiki tərkibli parlament bir il də işləməli idi. Lakin 2020-ci ildə ölkədə prezident seçkiləri keçiriləcəyindən, seçkiləri bu ilə salıblar. Bir ildə iki seçki keçirmək məqbul hesab edilməyib. Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina vəd edib ki, start götürən kampaniya sakit və "köhnə” qayda ilə, qənaətlə və hansısa bir xüsusi informasiya texnologiyaları ilə keçirilməyəcək. Öz növbəsində Avropa İttifaqının Belarusdakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin bildirib ki, parlament seçkilərindən gözləntiləri çoxdur - əgər Brüssel onları kifayət qədər demokratik sayarsa. Onda Minskə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq.
Onu da qeyd edək ki, yuxarı palatanın üzvlərini noyabrın 7-də seçəcəklər. Aşağı palata – Nümayəndələr Palatası üzvlərini isə on gün sonra seçəcəklər. Növbəti ümumxalq seçkiləri – prezident seçkiləri olacaq. Bu seçkilər isə 2020-ci ilin 30 avqustunda olacaq. "Parlamentarilər bizimlə razılaşıblar. Bizim deputatlara bu plana görə sağ ol deyirəm”, - deyə prezident qərarı şərh edərkən bəyan edib. Maraqlıdır ki, mart ayında prezident, yaxın iki il ərzində seçkilərin keçirilməyəcəyini bildirirdi. İndi isə bəyan edir ki, həm prezident, həm də parlament seçkiləri "bayram” kimi keçirilməlidir. Artıq ehtimal etmək olar ki, prezident seçkiləri ilə bağlı onun bu arzusu yerinə yetiriləcək. Gələn il avqustun 30-da 66 yaşını qeyd edəcək Lukaşenko artıq altıncı dəfə öz namizədliyini irəli sürəcəyini bəyan edib. Bu səbəbdən də onun bayramını kiminsə poza biləcəyi ehtimalı, faktiki olaraq yoxdur.
O ki qaldı parlament seçkilərinə - burada vəziyyət bir qədər mürəkkəbdir. Ötən seçkilərdə son 12 ildə ilk dəfə olaraq parlamentə müxalifətçi siyasətçi, Birləşmiş Vətəndaş Partiyasının lideri Anna Kanopaçkaya düşməyə müvəffəq olub. O zaman ATƏT bəyan etmişdi ki, Belarus üzərinə götürdüyü demokratik öhdəlikləri yerinə yetirmək üçün hələ uzun yol keçməlidir. Bu dəfə Avropa institutları ondan daha çox şey gözləyirlər. Əvəzində isə bütün məhdudiyyətləri aradan qaldıracaqları vədini veriblər. "Əminəm ki, Avropa İttifaqı və ona üzv dövlətlər qarşıdan gələn seçkiləri diqqətlə izləyəcəklər. Bu seçkilər azad, şəffaf olacaqmı, müxalifətdən olan namizədlər üçün bərabər imkanlar yaradılacaqmı? Bunları zaman göstərər. Sanksiyaların ləğvində onların böyük rolu ola bilər”, - deyə Aİ-nin Minskdəki nümayəndəliyinin rəhbəri Andrea Viktorin bildirib. Xatırladaq ki, Belarusa qarşı tətbiq edilən sanksiyalar özlüyündə silah və avadanlıqların alınmasına embarqonu birləşdirir. Sanksiya qərarında göstərilir ki, bunlar daxili repressiyalar üçün istifadə oluna bilər. İstisna yalnız idman silahlarına, məsələn biatlonadır. Bundan əlavə, Belarusun yüksək rütbəli dörd məmuruna və güc strukturu rəhbərinə qarşı Avropaya gəlmək qadağası qoyulub. Onlar müxalifətçilərin yoxa çıxmasında şübhəli bilinirlər. Xanım Viktorin əlavə hər hansı bir optimist məqam görmür. Onun sözlərinə görə, bu il Brüssel, Belarusda sanksiyaların ləğvinə gətirib çıxaracaq bir dəyişiklik müşahidə etməyib. Vəziyyəti gərginləşdirən həm də Belarusun ölüm hökmü qərarı ilə bağlı mövqeyinin dəyişilməz qalmasıdır. Bu ilin əvvəlindən bəri ölkədə artıq iki ölüm hökmü qərarı icra edilib. "Biz əminik ki, ölüm hökmünün qalması” cinayətkarlığın qarşısını almayacaq – bu, çıxış yolu deyil. Ən ağır cəza bizim insan haqları ilə bağlı mövqeyimizə uyğun deyil”, - deyə diplomat vurğulayıb.
Belarusda fəaliyyət göstərən siyasi analitik, "Moskva Karneqi Mərkəzi”nin rəhbəri Artem Şraybman "Kommersant”a bildirib ki, 2016-cı ildə hakimiyyət müxalifəti parlamentə buraxanda, bu, öz bonusunu verdi. Belarus parlamenti ilə artıq Avropa parlamentləri də əlaqə qurmağa başlayıblar. Halbuki, 90-cı illərdə onu legitim orqan kimi tanımırdılar. Lakin bildirilir ki, müxalifət deputatlarını parlamentə, özü də kimi buraxmaq məsələsini prezident administrasiyası həll edəcək. Və onların da hansı qərar qəbul edəcəyini ehtimal etmək çətindir. O ki qaldı sanksiyalara – Şraybmanın sözlərinə görə, onlar Belarus rəhbərliyini elə də narahat etmir. Hesab edir ki, onlardan yalnız cüziləri qalıb. "Belarus xarici işlər naziri xal-xətrin qalmasın, hərdənbir, sanksiyaların aradan qaldırılmasını xahiş edir, lakin əslində onlar heç kimə mane olmur”, - deyə politoloq vurğulayıb. Məlumat üçün bildirək ki, Belarusa qarşı hələ 2016-cı ildə sanksiyaların əsas hissəsi ləğv edilib. Belarus parlamentində yeganə müxalifətçi deputat Anna Kanopaçkaya "Kommersant”a bildirib ki, müxalifət qanunverici orqana düşməyə ümid edir və birləşməyə çalışacaq: "Bu, artıq məqsəd olmalıdır, biz müxalifət daxilindən bir neçə nəfərin deputat seçilməsinə nail olmaq istəyirik”. O ki qaldı seçkilərdə müxalifətin iştirakının Lukaşenkonun hakimiyyətini legitimləşdirəcəyi barədə ehtimallara - xanım müxalifətçi bunu təkzib edib. Əlavə edib ki, mövcud müxalifət qüvvələri sistemin dəyişməsini hədəfə alıblar, Lukaşenko rejiminin leqallaşmasını yox.
O ki qalda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakına – Belarus prezidenti bəyan edib ki, kimlərinsə qarşısında əyilib seçkiləri müşahidə etmək üçün kiminsə gəlməsini xahiş etmək istəmirlər. Lakin heç kimin gəlməsinə mane də olmayacaqlar: "Əminəm ki, özümüzü göstərmək üçün həddən artıq yuxarı tullanmağımıza ehtiyac yoxdur”.
Bütün bunlara baxmayaraq, Şraybman hesab edir ki, hazırda diqqət münasibətlərin yaxşılaşmasına yönəlib və heç kim də bu xətdən çıxmaq istəmir. Yəni Lukaşenko durumu pisləşdirsə belə, Avropa yaxınlaşma xəttinə üstünlük verəcək. Onun qənaətincə, Brüsseldə gözəl anlayırlar ki, Minski uzaqlaşdırmaqla, Vladimir Putinin ağuşuna doğru itələmiş olacaqlar.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər