• çərşənbə, 24 Aprel, 10:16
  • Baku Bakı 13°C

Belarus-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə çatıb

21.11.13 18:01 1993
Belarus-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə çatıb
Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 21-də rəsmi qarşılanma mərasimi keçirilib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub.
Görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub. Əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Belarus prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib. Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
AzərTAc xəbər verir ki, noyabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev qonaqları salamlayaraq deyib: “Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaq. Biz ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çox ümid edirik ki, həmin münasibətlər bundan sonra da fəal inkişaf edəcək və dərinləşəcək. Artıq bir neçə dəfə yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərimiz olub. Qarşılıqlı siyasi əlaqələrimiz, siyasi məsləhətləşmələrimiz çox fəaldır. Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb. Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.
Bizim münasibətlərimizin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir. Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tamdəyərli xarakter daşıyır”.
Görüşdə çıxış edən Belarus prezidenti ilk növbədə dövlətlərimiz arasında yaranan səmimiyyətə görə İlham Əliyevə təşəkkürünü bildirib: “Yəqin ki, bu, ümumiyyətlə, Sizin xalqın milli xarakterinə və bu xalqın bir hissəsi kimi Sizə də xas olan cəhətdir. Bizim nümayəndə heyətini, məni və ümumiyyətlə, Azərbaycanda belarusları həmişə səmimiyyətlə qəbul etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin xalqın, Sizin millətin nümayəndələrinə münasibət mənasında Sizin də bizə qarşı heç bir narazılığınız yoxdur və ola da bilməz. Buna görə çox sağ olun.
Siz düzgün dediniz ki, bizim iki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranıb. 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı altı dəfə artıb. Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyil. Bizim imkanlarımız daha çoxdur. Bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız var. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir.
Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik”.
Noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Öncə İ.Əliyev və A.Lukaşenko “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni imzalayıblar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Respublikası ərazisində yeni təhsil müəssisələrinin yaradılması haqqında Protokol”u Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Belarusun təhsil naziri Sergey Maskeviç, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında Məsləhətləşmələr Planı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Vladimir Makey, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”u Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Belarusun xarici işlər naziri Vladimir Makey, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Belarusun xarici işlər naziri Vladimir Makey, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında 5 noyabr 2004-cü il tarixli Sazişə əlavələr və dəyişikliklər edilməsi haqqında Protokol”u Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Belarusun vergilər naziri Vladimir Poluyan imzalayıblar.
Bunlardan əlavə, A.Lukaşenkonun rəsmi səfəri çərçivəsində iki ölkə arasında daha beş sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatla çıxış ediblər.
Belarus prezidentinin rəsmi səfəri noyabrın 21-də başa çatıb.
banner

Oxşar Xəbərlər