• cümə axşamı, 28 mart, 13:02
  • Baku Bakı 16°C

Bəkir Çobanzadənin şeir yaradıcılığında folklor motivləri

08.04.19 15:00 2029
Bəkir Çobanzadənin şeir yaradıcılığında folklor motivləri
Bəkir Çobanzadə türk xalqlarının ədəbi-bədii fikir tarixinə yalnız dilçi və ədəbiyyatşünas alim kimi deyil, həm də şair və yazıçı kimi daxil olmuşdur. Adətən, B.Çobanzadədən bəhs edən alimlərin böyük əksəriyyəti onun bir çox dilləri, o cümlədən bütün türkdilli xalqların dillərini və mədəniyyətini bildiyini vurğulamışılar (8 və 9.). Bu fikrə cəsarətlə onu da əlavə etmək olar ki, o, türk-tatar xalqlarının folklorunu, adət-ənənəsini və etnoqrafiyasını da dərindən bilmişdir. Ədib-alimin nəsillərə miras qoyduğu elmi-bədii irsi dediklərimizin təsdiqidir. Böyük alim həm elmi, həm də bədii əsərlərində xalqın istək və arzularının ifadəsi olan folklordan geniş bəhrələnmişdir. Şübhə və tərəddüd etmədən deyə bilərik ki, o, şifahi xalq ədəbiyyatı örnəklərindən şablon və ya hazır stereotiplər kimi deyil, yaradıcı şəkildə istifadə etmişdir. Başqa sözlə desək, onun yaradıcılığında folklor yalnız hazır material kimi ədəbiyyata gətirilmir, həm də dövrün, zamanın türk-tatar xalqının taleyində oynadığı tragik-dramatik fakt və hadisələr kimi təqdim edilir. Görkəmli alim foklorla – yaşanılmış tarixlə çağdaş zaman arasında harmoniya yaradır. Ona görə də, alimin baxışlar sistemində folklor dünənin hadisəsindən daha çox çağdaş zamanın aktı kimi çıxış edir.
O da unudulmamalıdır ki, onun yaradıcılığında folklordan bəhrələnmə birqütblü deyil, qarşılıqlı olmuşdur. Daha doğrusu, istedadlı alim ümumən folklordan və onun bədii sözlü qolundan – şifahi xalq ədəbiyyatından səmərəli şəkildə yararlandığı və qaynaqlandığı kimi, öz yaradıcılığı ilə folklorun zənginləşməsi istiqamətində də mühüm rol oynamışdır.
Biz bu yazımızda B.Çobanzadənin şeir yaradıcılığında folklordan qaynaqlanmanın bəzi məsələləri barədə fikir və düşüncələrimizi oxucularımızla bölüşdürmək istərdik. Apardığımız tədqiqatın məntiqi nəticəsi kimi deyə bilərik ki, şair şeirlərində folklordan istifadə edərkən daha çox ağrılı, milli tale ilə bağlı məqamları önə çəkir və qabarıq şəkildə ifadə etməyə çalışır. Fikrimizcə, bunun əsas səbəbi şairin özünün və mənsub olduğu tatar xalqının özünün faciəli taleyi ilə bağlıdır. İtmiş vətən, aclığa və səfalətə düçar olmuş millət, eləcə də türkün keçmişi, böyük ərazilərindən, böyük şəxsiyyətlərinə kimi – Çingiz xan, Hülaki xan, Batı xan, Əmir Teymur və onlarca başqaları şairin müqayisələrində ən ağrılı məqamlar kimi önə çıxır.
B.Çobanzadənin şeirlərində folklordan gələn atalar sözləri, zərb məsəllər, qoşma, layla, bayatılar birbaşa iştirak etməsə də, qanı və canı ilə bağlı olduğu xalq ədəbiyyatının, folklorun ruhu və ya hər hansı bir komponenti iştirak edir. Məsələn, müəllif "Anam” adlı bioqrafik şeirində oğul həsrəti çəkən ananın sarsıntı, iztirab və həyacanlarını bədii boyalarla təsvir etməklə yanaşı, onun xalq adət-ənənələrinə və inaclarına, folklora bağlılığını da məharətlə verməyi bacarır. Gecə yuxu görən ananın səhər açılan kimi yuxusunu yoza bilən inandığı adama müraciətinə "yuxu tanrısına hörmətlə yanaşan” bir ananın yalnız övladı üçün keçirdiyi narahatlığın ifadəsi baxımından deyil, folklor nümunəsi baxımından da olduqca maraqlıdır.
Şair "Anam” şeirində Zübeydə ananın qürbət eldə təhsil almağa gedən Bəkiri "öpüb, sevib laylalarla uyutduğunu, kəmgözlərdən necə qoruduğunu” qərib oğlu ilə bağlı keçirdiyi hiss və həyacanları dilə gətirir:

O özü yuxuma gəlir çox zaman,
Məni hey oxşuyur, öpür durmadan.

Öz qara bəxtinə yağdırır lənət,
Yuxu tanrısına eləyir hörmət.


Şeirdə işlənmiş yuxu tanrısı bir obraz kimi Azərbaycan mifik inanclar sistemində mövcud deyildir. İndiki halda bunun Krım tatarlarının inancları ilə bağlı olmasını, yaxud B.Çobanzadənin bunu yunan mifoloji panteonuna analogiya olaraq yaratdığını aydınlaşdırmaq çətindir. Lakin buna baxmayaraq, "yuxu tanrısı” konseptinin araşdırılması vacib məsələdir. Təbii ki, bu obraz türk mifoloji inanclarına yad hadisə deyildir. Türk inanc sistemində yuxu paradiqması zəngin mənalarla bağlıdır. Məsələn:
1. Yuxu-xəbər motivi;
2. Yuxu-buta/vergi motivi;
3. Yuxu-ölüm motivi.

Şeirdə daha sonra deyilir:

Ana qəlbi necə nazik, kövrəkdir,
Vacib olan bu gerçəyi bilməkdir.

Yuxu görüb gecə qəfil oyanar,
Saatlarla elə durub dayanar.

Səhər tezdən çağıraraq qonşunu,
Fal açdırar, yozdurar o yuxunu.

Burada milli həyatın folklor stereotipləri ilə müəyyənləşən mənzərəsi öz əksini tapmışdır. Gecə yuxu görən ananın səhər tezdən falçı çağırıb yuxusunu yozdurması bütövlükdə "folklor həyatının”, "folklorla (vasitəsilə) yaşanan həyatın” şeirdə motivləşməsidir. Bu motivin indiki halda, ən azı, iki səviyyəsi görünür:
1. Krım-tatar etnik səviyyəsi;
2. Ümumtürk-oğuz etnik səviyyəsi.
"Yuxu” motivinin bu iki səviyyəsi onun ümumtürk etnopsixoloji davranış invariantı olduğunu göstərir. Bu invariant Krım-tatar anasının nümunəsində məhəlli davranış aktıdırsa, "Kitabi-Dədə Qorqud”da Salur Qazanın gecə gördüyü yuxunu səhər qardaşına yozdurması sayəsində artıq ümumtürk etnik davranış aktıdır.
Dastanın "Salur Qazanın evinin yağmalanması” adlı ikinci boyunda Oğuz elinin bəylərbəyi Salur Qazan öz igidləri ilə Ala dağa ova gedir. Bu zaman Salur Qazanın qatı düşməni Şöklü Məliyin Oğuz elindəki casusu Qazanın ovda olduğunu ona xəbər verir. O da gəlib, Qazanın evini talan edir, mal-dövlətini, sürülərini, ailəsini əsir aparır. Salur Qazan həmin gecə yuxusunu qarışdırır: "Məgər, xanım, ol gecə Qalın Oğuzın dövləti, Bayındır xanın göygüsi, Ulaş oğlu Salur Qazan qara qayğılu vaqeə gördi, sərmərdi urı turdı. Aydır:
"Bilürmisin, qarındaşım Qaragünə, düşimdə nə göründi?
Qara qayğılu vaqeə gördüm.
Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm.
Gögdən ildırım ağ-ban evim üzərinə şaqır gördüm.
Düm qara pusarıq ordımın üzərinə tökülü gördüm.
Quduz qurtlar evimi dəlir gördüm.
Qara dəvə ənsəmdən qarvar gördüm.
Qarğu kibi qara saçım uzanır gördüm,
Uzanıban gözümi örtür gördüm.
Biləgümdən on barmağımı qanda gördüm.
Necə kim bu düşi gördüm, şundan bərü əqlim-usım dərə bilmən. Xanım qardaş, mənim bu düşimi yorğıl mana!” – dedi”
(3, 44).
Göründüyü kimi, ananın yuxugörməsi ilə Qazanın yuxugörməsi həm semantik məzmunu, həm də folklor davranışı baxımından bir-birinin eynidir. Hər ikisi narahat yuxu görür, hər ikisi yuxunu yozmaq üçün adam çağırtdırır: Ana falçını, Qazan da qardaşı Qaragünəni dəvət edir.
Bu iki yuxugörmə aktının eyni invarianta əsaslandığını nəzərə alsaq, deyə bilərik ki, Qazan da B.Çobanzadənin şeirindəki ana kimi Qaragünəni falçı statusunda dəvət edir. Bunu Qaragünənin yuxunu necə mahir şəkildə yozduğundan da görmək olar. O deyir: "Qara bulıt dedigin sənin var-dövlətindir. Qar ilə yağmur dediyin ləşkərindir. Saç qayğudır. Qan qaradır. Qalanısın yora bilmən, Allah yorsun”, – dedi”.
Qaragünənin falçılıqla bu və ya digər şəkildə bağlılığı haqqında S.Rzasoy yazır: "Qazanın yuxunu yozmaq üçün öz qardaşı Qaragünəyə müraciət etməsi təsadüfi deyildir. "Qaragünə oğlu Qarabudaq” adından danışarkən qeyd etdik ki, "qara” işarəsi birbaşa Xaosla bağlı semantemdir. Ata "Qara Günə” və oğul "Qara Budaq” – hər ikisi Qara Şaman arxetipinin paradiqmaları kimi Xaos/Qara dünya ilə əlaqələdirlər”.
Yuxu – türk etnik ənənəsində xəbərdir. Məsələn, oğuz türkləri yuxunu reallığın xəbəri hesab edirdilər. Beləliklə, yuxu ilə reallıq arasında mövcud olan "xəbər” iki dünya arasında vasitə kimi çıxış edir. R.Kamal yazır ki, kafirin casusu Oğuz-Kafir dünyaları arasında dialoqu və kommunikativ hadisə yaradan xronotopik obrazlardan biridir. Casusun "işi” "casuslamaqdır”, sərhəddən, periferiyadan Mərkəzə (təkura) xəbər çatdırmaqdır. "Kitabi-Dədə Qorqud”da sərhəd xronotopu bir-birilə bağlı olan, yaxud bir-birinin davamı olan məkanlar arasındakı münasibətləri müəyyənləşdirir. Sərhəd "özgə dünya”nın, kafir dünyasının mövcudluğunu və ya yaxınlığını bildirir, qəhrəmanın sosial statusunu dəyişdirən simvolik hüduddur.
Yuxarıda da dediyimiz kimi, B.Çobanzadənin şeirlərində foklor həmişə və hər yerdə bir bütöv olaraq iştirak etmir. Həmin şeir nümunələrində folklorun hər hansı bir komponenti iştirak edir və həmin nümunələrdə folklor yalnız görünən bir arqument kimi deyil, həm də görünməyən, lakin mövcud olan fakt kimi çıxış edir. Məsələn, Şair 1920-ci ildə Budapeştdə yazdığı "Atama” şeirində valideyinlərindən, xüsusilə də atasından bacısını oxutmasını xahiş edir. Əslində, bu klassik ədəbiyyatdan gələn ənənəvi mövzuya folklor məzmunu gətirən yalnız şeirdəki müraciət deyil, eyni zamanda yazılmış məktubu ünvana necə çatdırmaq vasitəsidir. Müəllif öz fikir və duyğularını vətəninə (atasına) çatdırmaq üçün "Kitabi-Dədə Qorqud”dakı, suya, qurda, Qaraca Çobana... və ya Şah İsmayıl Xətaidə olduğu kimi səba yelinə müraciət etmir. O, "Əbadil” və ya "qardaş” adlandırdığı quşu seçir. Bu quş olduqca sürətlə uçan və gözə az görünən, yerə enməyən, hətta uçarkən belə göydə yatan bir quşdur. Bu quşun adı "Qurani-kərim”in 105-ci ayəsində, Əl-fil (fil) surəsində adı keçir. Orada oxuyuruq:
"1. (Ya Peyğəmbər!) Məgər rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün) fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
2. Məgər (rəbbim) onların hiyləsini boşa çıxartmadımı?!
3. Onların üstünə qatar-qatar quşlar (Əbabil quşları) göndərdi.
4. (O quşlar) Onlara bişmiş gildən düzəlmiş (möhkəm, xırda) daşlar atırdı”.
Fikrimizcə, müəllifin Əbadil quşuna müraciəti də təsadüfi deyildir. Bu quş xeyirxahlığı ilə seçilən, gücsüzlərə və fəqirlərə kömək edən, eləcə də adı "Qurani-Kərim”də keçdiyinə görə müəllifin gözündə (ictimai həyatda mövcud olmasına baxmayaraq) daha da müqəddəsləşən, bəlkə, bir qədər də əfsanəviləşən bir quş olduğuna görə şair digər quşa deyil, məhz Əbadilə müraciət edir. Müəllifin ona müraciət etməsində başqa bir mühüm səbəb Əbadil quşunun hündür binaların çatılarında yuva qurması, yəni insanlara daha yaxın, daha məlhəm olmasıdır. Görünür ona görədir ki, müəllif həmin quşa "qardaş quş” deyə müraciət edir.
Xətainin "Dəhnamə” poemasından bəhs açan professor M.Qasımlıı yazır: "Mətnin ümumi mənzərəsi, hadisələrin nağılvari təsviri bu mövzunun şifahi xalq ədəiyyatından götürüldüyünü güman etməyə əsas verir. Çox ehtimal ki, buradakı hadisəyə bənzər rəvayət və yaxud nağıl mətni mövcud olmuşdur”.
Diqqətlə fikir versək görərik ki, burada müraciətin məzmunu və ünvanı da başqadır. Əgər Qazan xan elinin və evinin kimlər tərəfindən yağmalandığını öyrənmək üçün suya, qurda, Qaraca çobana xitab edirdisə, Xətainin qəhrəmanı səba yeli vasitəsilə məşuqəyə arzularını çatdırırdısa, B.Çobanzadə də Əbadil quşu vasitəsi ilə maarifçilik düşüncələrini atasına çatdırmaq istəyirdi. Göründüyü kimi, Əbadil qədim və orta əsrlərin yox, XX əsrin ədəbi qəhrəmanıdır. Burada aşiq və məşuqu elmdən, maarifdən uzaq düşən hüquqsuz qızlar əvəzləyib. Klassik ədəbiyyatdakı, hətta folklordakı aşiq və məşuq ("Qurbani”, "Əsli və Kərəm”, "Aşıq Qərib”, "Abbas və Gülgəz”... olduğu kimi) daha çox ilahi eşqin simvoludursa, B.Çobanzadənin qəhrəmanı real həyatdan gələn və ictimai, sosial problemləri olan qəhrəmanlardır.
Bu düşüncələri (bacısının təhsil alması məsələsini) yalnız müəllifin öz bacısı ilə məhdudlaşdırmaq doğru olmaz. Əslində, B.Çobanzadə bu quş vasitəsi ilə bütün qızların təhsil almasınıa şərait yaratmalarını valideyinlərə çatdırırdı:

Əbadil quş, qardaş quş,
Bizim eldə yumuşaq qış,
Bunu atama yetir,
Cavabını al, gətir,
Cavabını al, gətir...

Əlbəttə, Əbadil quşundan danışarkən Azərbaycan nağılları üçün xarakterik olan Zümrüd quşu, yaxud başqa adı ilə Simurq quşunun adını çəkməmək olmaz. Burada Əbadil quşu ilə Zümrüd/Simurq arasında semantik baxımdan mühüm bir eyniləşdirici məqam var. Bu hər iki quşun xilaskarlıqla bağlılığıdır. Əgər Simurq/Zümrüd quşu qaranlıq dünyaya düşmüş qəhrəmanı xilas edərək, onu işıqlı dünyaya aparırsa, Əbadil quşunun apardığı məktub da lirik qəhrəmanın bacısını qaranlıq dünyadan (cəhalətdən) işıqlı dünyaya (maarifə) qovuşdurmaq məqsədini güdür.
L.A.Lelekov yazır ki, Simurq İran mifologiyasında gələcəkdən xəbər verən quşdur. Adı "Avesta”dakı qartalabənzər quşun adı ilə bağlıdır. Simurq bəzən tale vasitəsi kimi də çıxış edir... (8, 436-437). Professor İsmayıl Vəliyev göstərir ki, simurqun xeyirxahlığı, insanlara, darda qalanlara yardım etməsi, qaranlıq dünya ilə işıqlı dünya arasında sərhədsiz məsafə qət etməsi onu Humay quşuna yaxınlaşdırır, hətta onları eyniləşdirir.
Göründüyü kimi, burada əsas semantik nöqtə quş obrazının türk mifik ənənəsində oynadığı rolla bağlıdır. Bu cəhətdən, Əbadil quşu – Simurq – Zümrüd – Humay eyni məna sırası yaratmaqla, qaranlıqdan işığa paran xilaskar rolunu oynayır.
Folklorun B.Çobanzadənin şeir yaradıcılığında ifadəsi "Buludlar, buludlar” şeirində də öz əksini tapmışdır. Burada artıq quşa yox, buludlara müraciət edilir. Müəllif əvvəlcə "Məni də götürün könlüm açılsın, // yurduma gözümdən yaşlar saçılsın”, "Götürün siz məni o uzaq yerlərə, // Salğırda saçını yuyan dilbərə”, "Dərya sahilinə aparın, gedək, // Zöhrənin üzünü orda seyr edək” deyirsə, şerin sonunda tamamilə başq bir müraciət forması ilə üz-üzə qalırıq:

Buludlar, buludlar,
Hardan gəlirsiz?
Köyümdən, anamdan,
Xəbər verin siz.
Söyləyin, birlikdə boşalıb dolaq,
Yollara tökülək, saralıb solaq.

Buludlar, buludlar,
Yaylaya gedin,
Əsmanı görsəniz,
Salamlar edin.
Yaşlı gözlərini anamın silin,
Öpüb əllərini, dərdini bilin.

Fikir verin, birinci müraciətdə şair "məni də götürün, aparın, görək, seyr edək” – deyirsə, ikincidə bunu etmir. Buludların uzaqlaşdığını görüb müraciətin formasını da dəyişir. Qasım bəy Zakirin məşhur qoşmasında olduğu kimi, "hardan gəlirsiz”, "xəbər verin siz” – deyir.
Poetik nümunələrdəki bu təhkiyə üsulu, nağılvarilik özünü yalnız ifadə formasında deyil, məzmun və mahiyyətdə də göstərir, onların yalnız folklorla bağlılığını deyil, həm də iç-içə olduğunu göstərir. Bu əsərlərdə folklorun özündən çox ruhu yaşayır.
Şair "Doğdum bir evdə” şeirində çamurdan tikilmiş, tavanını his basmış, borc içində yaşayan, bayramda belə ayağıyalın gəzən, çörəyini çobanlıqdan və cəhrədən çıxaran zəhmətkeş bir ailədə doğulduğunu ifadə edir. Əslində, şairin bədii boyalarla təsvir etdiyi Qarasubazar bölgəsindəki bu ev yalnız Çobanzadələr ailəsinin kasıb koması deyil. Bu evdən, komadan bütün Qarasubazar mahalının, sözün daha geniş mənasında, Krımın, tatar xalqının acınacaqlı taleyi, sosial həyat tərzi bütün tərəfləri ilə aydın görünür. Bəkir Çobanzadənin içində yaşayıb, boya-başa çatdığı, ana laylası eşitdiyi bu ev tatar xalqının ümumiləşdirilmiş Vətən obrazıdır.
B.Çobanzadənin "Yanıq tütək” şeiri Dədə Qorqud deyimləri üzərində qurulmuşdur:

İgidlik diləyin, hikkən çox ufaq,
Yurdunda qaya yox, torpağı quraq.
Kiçicik dağlardan vulkanlar çıxmaz,
Alçaq ağacları ildırım yaxmaz.
Yalnız bir şeyin var, tək bircəşeyin,
Qurtarsa, qurtarar yanıq tütəyin.


Burada şairin poetik ritorikasında Qorqud ruhunu hiss etməmək mümkün deyildir: "...çıxmaz”, "...yaxmaz” imperativləri ilə bitən hökmlər türk milli düşüncəsi üçün xarakterik olan davranış formulları ilə eyni cərgəyə girir. B.Çobanzadə də Qorqud ata kimi öz soydaşlarına ata sözünün gücünə sığınaraq müraciət edir. Sənətkar bu ritorkanı seçməklə, əslində, onların qan yaddaşını tərpədə biləcək formullara müraciət edir.
Milli ruh üstündə köklənən şair elmi yaradıcılığında olduğu kimi bədii-publisist yaradıcılığında da xalqın yaratdığı örnəklərə tez-tez müraciət edir. Sayca o qədər də çox olmayan şeirlərində folklor ənənələrindən, folklor süjetlərindən qaynaqlanır, folklordan gələn sadə, aydın üslubda şeirlər yazır. Təhkiyə üslubunda yazılan, əsas süjet xətti folklordan gələn "Su anası” şeirində sevgilisindən ayırıb zorla "qart hacının biri” ilə nikahı qıyılan Ayşənin faciəli taleyindən danışılır.
Xalqın yaratdıqlarına əvəzsiz sərvət kimi baxan Bəkir Çobanzadə məşhur "Qaytarma” oyun havasına həsr etdiyi şeirin­də şair bu havanın sədaları altında, həm də rəqs edə-edə ölmək istəyir:

Çal, ölüm, öp, ölüm, oyna, heç durma,
Mənə sən gərəksən, bir də qaytarma...


B.Çobanzadənin bədii yaradıcılığı bütün mövzu və ideyası, bədii ruhu baxımından milli mövzulara həsr olunmuşdur. Bu poeziya nümunələri üzərində müşahidələr göstərir ki, folklor, etnoqrafizm burada milliliyin əsas ifadə vasitəsi kimi çıxış edir.
Beləliklə, B.Çobanzadənin bədii yaradıcılığı folklor obraz və motivləri ilə zəngindir. Şairin yaratdığı hər bir poeziya nümunəsi milli çalarlara malikdir və bu çalarların boyasını folklor təşkil edir. Bu cəhətdən, müəllifin yaradıcılığında folklor obraz və motivlərindən ilk növbədə bədiiləşdirmə materialı kimi istifadə olunmuşdur. B.Çobanzadənin bədii yaradıcılığında folklor obrazları və etnoqrafik detallardan geniş istifadə olunmuşdur. O, zəngin Krım-tatar folklorunun obrazlarını öz bədii yaradıcılığına sevə-sevə gətirməklə onlardan bədii ideyanın təcəssüm vasitəsi kimi istifadə etmişdir. Şairin yaradıcılığında folklor obrazları milli həyatın etnoqrafik boyası ilə birgə təqdim olunaraq, milliyin bədii ifadəsinə xidmət etmişdir. B.Çobanzadənin bədii yaradıcılığının ideya əsasını tatar xalqı və milli kimliyinin taleyi təşkil edir. Onun bütün mövzuları bu və ya digər şəkildə milli ideyanın təcəssümünə xidmət edir. Müəllif tatar insanı və xalqının obrazını yaradarkən folklor-etnoqrafik boyalardan istifadə etdiyi kimi, tatar folklorunda yadellilərə qarşı mübarizəni təcəssüm etdirən obraz və motivlərdən tatar milli kimliyinin ifadə vasitəsi kimi istifadə etmişdir.
B.Çobanzadənin bədii yaradıcılığı təkcə poetik örnək deyil, həm də şairin özündən daha çox Krım tatarlarının etnobioqrafiyasıdır. Bu şeir nümunələrində türklərin tarixi və taleyi, adəti və ənənəsi, folkloru və yaşam tərzi xalqla paralel, yanaşı yaşayır və sabaha addımlayır.

Sevda QASIMOVA
banner

Oxşar Xəbərlər