AZE | RUS | ENG |

Bəhruz Vaqifoğlu: “90-cı illərdəki boşluq bizi çox geriyə saldı”

Bəhruz Vaqifoğlu: “90-cı illərdəki boşluq bizi çox geriyə saldı”
Paytaxtımızın teatrları arasında ən çox sevilən məkanlardan biri də Dövlət Pantomima Teatrıdır. Bu Teatrın isə ən sevimli aktyorlarından biri - Bəhruz Vaqifoğlu. Aktyor bu yaxınlarda əməkdar artist adına layiq görülüb. Elə bu fərəhli hadisədən ruhlanaraq Bəhruz Vaqifoğlu ilə görüşüb - söhbətləşmək, sevincini bölüşmək istədik. 

- Əvvəla, sizi əməkdar artist adına layiq görülməniz münasibətilə təbrik edirəm!
- Çox sağ olun, təbrik üçün də minnətdaram! 

- Mahiyyət olaraq pantomima sözsüz, hərəkət və mimikalardan ibarət teatr növüdür. Bəs siz pantomimanı necə izah edərdiniz?
- Söz var, bir də o sözə əməl etmək var. Pantomima əməlli-başlı əməldir. Bu mənim üçün birmənalıdır və ikinci mənası yoxdur. Burada sözü əmələ döndərmək üçün yetəri qədər iş var. Hər şey tamaşaçının gözü qabağındadır. Pantomimada tamaşaçıya yalan danışmaq və ya onu aldatmaq qeyri-mümkündür. Bir də İvana Chubbuckun gözəl bir fikri var: "İnsanlar insan münasibətini görmək üçün teatra, kinoya gedər və ya televizora baxarlar”.  Demək, fərq etməz ya pantomima  ya sözlü  teatr,  əsas dəqiq tapılmış insan münasibətləridir.

- Həyatın hər bir sahəsində münaqişələr olur. Bəs sizin sənətdə kimlərləsə münaqişəniz olub və nəyə görə?
- Son zamanlarda bu fikri tez-tez söyləməyə başlamışam. Konfliktsiz ssenari maraqsız olduğu kimi konfliktsiz həyat da maraqsızdır. Biz canlı yaradılmışıq. Ağlımız, şüurumuz, düşüncəmiz və ən əsas hisslərimiz var. Təbii ki, münaqişəsiz iş olmaz. Amma mən heç vaxt o münaqişələrdə ilişib qalmıram. Üzr istəməyi bacarıram. 

- Azərbaycan teatrı və kinosunun uğur və qüsurlarından danışaq.
- Teatrımızın 144,  kinomuzun 118 yaşı olsa da,  90-cı illərdəki boşluq bu sahədə bizi çox geriyə saldı. Bizim  teatrımız və kinomuz  sanki yenidən yaranmağa başlayıb. Son zamanlar kinoteatrların sayı çoxalıb, çəkilən filmlər ötən illərə nisbətən həm say, həm də keyfiyyət baxımından irəliləyib. Teatr binalarımız əsaslı şəkildə təmir olunur. Ölkəmizdə irili-xırdalı film və ssenari festivalları keçirilir.  Bir də bir fikir demək istərdim, Azərbaycanın yaradıcı insanlarından dünyanın heç bir yerində olmayıb, yoxdur və olmayacaq da. Bizim vaxtı ilə kinoda elədiklərimizi bir çox filmlərini bəh-bəhlə izlədiyimiz qonşu və qonşumuzun qonşuları indi-indi edirlər. O ki qaldı teatrımıza, mənim çalışdığım Pantomima teatrı dünyanın bir çox ölkələrində səfərdə olub. Texnika baxımdan onlardan bir çox şeylərlə ayaqlaşa bilməsək də, aktyor oyunu, insan hissləri, fikir, ideya və s. baxımdan onlardan üstünük.                   
- Deyəsən, jurnalistlərdən başınız çox çəkib, söhbətimizin əvvəlində də azacıq giley etdiniz. Bir az bu haqda söhbət açaq.
-Yox, qətiyyən. Jurnalistlərimizə çox böyük hörmətim var. Hərdən yadlarına düşürük. Məni narahat edən, sualların təkrarlanmasıdır. Özümü oxucunun yerinə qoyub deyirəm: "Mən bunun nəyini oxuyum, bunları başqa müsahibədə oxumuşam da”. Cavablandıranda çalışıram ki, bir az fərqli cavablandırım. Amma nə qədər də olsa, təkrar sualın cavabı elə təkrar cavabdır. 

- Bəs bu müsahibədəki sualları necə, bəyəndiniz?
- (Gülür). Bircə teatr və kinonun tarixi ilə bağlı sual təkrar idi, o da ki, yaralı yerimizdir. Qalanları əla idi.

- Təşəkkür edirəm. Müsahibələrinizin birində Şah İsmayıl Xətai obrazını yaratmaq istədiyinizi demisiniz. Niyə Qızıl Arslan, Nadir şah, Azərbaycan xanları yox, məhz Xətai?
-Bu sualınızı  bəyəndim (gülür). Bunu mən özüm də tam bilmirəm. Bu Xətaiyə olan gizli sevgi və rəğbətdən doğur. Azərbaycanımızın qədimdən tutmuş bu günə qədər bir çox igid oğulları və qəhrəmanları olub. Amma onların içində Xətai mənim üçün bir başqadır. İgidliyi, siyasi baxışı, yaradıcılığı, müdrikliyi ilə bütöv bir obrazdır. Mən düşünmürəm ki, elə bir kişi aktyor olsun ki, Xətaini canlandırmaq istəməsin.  Bir də bir obrazın problemi nə qədər çox olsa, o obrazı oynamaq bir o qədər zövqverici olur. Hökmdarların da həyatı, verdiyi qərarları, qurbanları, müharibələri ilə problemlərlə doludur.  
 
 
- Son zamanlar Türkiyə kinosu tarixi mövzulara çox yer verir. Amma Azərbaycan tarixindən bəhs edən filmlər çox azdır...
- Burada dərin bir köks ötürmək məcburiyyətindəyəm. Mən aktyoram, bir də alababat  teatr  rejissoru.  Mənə aid olmayan şeylərə çox vaxt qarışmıram. İşimlə məşğul olmağı daha üstün tuturam. Aktyor olaraq tarixi filmlərdə oynamağın çox həvəskarıyam. Hətta döyüş səhnələrinə də quruluş verə bilərəm. Amma bu səpgidə filmlərimiz son zamanlar üçün yetəri qədərdir. Uzaq tarixi götürsək,  "Hökmdarın taleyi”, "Cavad xan”, "Mahmud və Məryəm”  filmləri, yaxın tarixi götürsək, "Cavid ömrü”, "Sübhün sehri”, "Yarımçıq xatirələr” filmi çəkilib. İnanıram qarşıda hələ yaxın və uzaq tarixlərimizə səyahətlər çox olacaq. 

- Sizcə, aktyorun təskinliyi qucaq-qucaq çiçəklərdir, yoxsa..?
- Mən hərdən düşünürəm ki, aktyor barəsində deyilən bir çox təsəlliverici sözlər ancaq bizim mahalda  yaranıb. Misal üçün bizə ancaq alqışlar qalır, rolun balacası-böyüyü olmaz, aktyorun təsəllisi qucaq-qucaq güllərdir, aktyor gərək ac olsun və s. bu səpgidə bir neçə sözlər (gülür). Alqışlar aktyora verilən dəyər və tamaşaçıların görülən işə minnətdarlığıdır. İşdən asılı olaraq tamaşaçı onu alqışlayır: ayaq üstə alqışlayır, tez-tez alqışlayır, fit çalaraq alqışlayır, "afərin!” deyərək alqışlayır və ya əksinə könülsüz alqışlayır, "tamaşanın sonunda alqışlayarlar” deyə alqışlayır və s. O ki qaldı qucaq-qucaq güllərə, o artıq kinolarda və tamaşaların içində olur. Tamaşaçı özünü ancaq tamaşaya çatdırır, onun gül almağa vaxtı haradandı? Hərdən görürsən hansısa tamaşaçı bir gül dəstəsi ilə gəlir. Səhnədə on aktyor olursa hamısı düşünür, görəsən bu gül dəstəsi kimədir?(gülür). O tamaşaçı gül dəstəsini istədiyi aktyora verənə qədər onların içində bir narahatlıq hiss olunur. Məncə, yardıcı insanların təskinliyi diqqət və qayğıdır.

- Bir oğlunuz var, Allah saxlasın. Onun kino günündə dünyaya gəlməyinin təsadüf olmadığını bildirən bir facebook postu paylaşmışdınız. Ötürmək istədiyiniz mesaj oğlunuzun da aktyor olmasını istəmənizdir?
- Həyatda təsadüf deyilən heç bir şey yoxdur (gülür). Zərurətdən doğan təsadüflər var.  Mən deyə bilmərəm, o, böyüyəndə kim olacaq. Mən sadəcə istiqamət verə bilərəm və bir də kömək edə bilərəm. Amma aktyor və ya rejissor olsa, mən bununla fəxr edərəm. Əgər mənim məşğul olduğum bu peşə mənasız, lazımsız və məsləhətsiz bir peşə  olsaydı, mən heç özüm bu işlə məşğul olmazdım. 
 
Nurlan AĞA,
BDU Jurnalistika fakültəsi, IV kurs


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173