AZE | RUS | ENG |

Bəhram Osmanov: “Rejissor zamandan geri qalanda getməyi bacarmalıdır”

Bəhram Osmanov: “Rejissor zamandan geri qalanda getməyi bacarmalıdır”
Könül Əliyeva-Cəfərova: Bəhram müəllim, son zamanlar ədəbiyyat və incəsənət insan mənəviyyatından çox onun deqradasiyasından danışır. Bədii əsərlər bir-birini sevən insanları yox, aqressiv, nifrətcil, vəhşiləşən insanı göstərməyə meyllidir. Bəs, teatrın bu vəziyyətə münasibəti necədir?
Bəhram Osmanov: Yaxşı bələd olduğum Azərbaycan və Rusiya teatrına istinadən deyə bilərəm ki, teatr, dediyiniz bu "bəla” ilə mübarizə aparır. Əsasən də, repertuar teatrları. Bu gün teatr gərəkli olmağa çalışır, bütün mümkün vasitələrdən, texniki innovasiyalardan yararlanıb yenə də insanın ətrafında fırlanır, daha çox insan mənəviyyatını "araşdırır”, "insan hisslərinin yaşantısı”na çatmağa çalışır. Klassik və konseptaul rejissura bununla məşğuldur. Bir də var gənc nəsil, mən deməzdim deqradasiyaya uğrayır, sadəcə, gənclik çox vaxt məhz dediyimiz insan mənəviyyatına enməkdə çətinlik çəkir. Teatrdan yayınıb performansa yönəlir, eksperimentlər edir. Şəxsən mənimçün bu eksperimentlərin heç bir müsbət yekunu, məhsuldar hasili yoxdur.
Dağlar Yusif: Siz gənclərin bu təşəbbüslərini qəbul etmirsiz?
B.O.: Xeyr! Mən tamaşanı tamaşa kimi görmək istəyirəm. Performans isə layihədir, üç dəfə, beş dəfə oynanılıb unudulan bir şeydir.
K.Ə-C.: Axı, bu, həm də dövrün tələbidir... 
B.O.: Bəli, dövrün diqtəsidir, ancaq mən ona görə qəbul eləmirəm ki, istəyirəm, aktyor öz rolunu tamaşadan-tamaşaya təkmilləşdirsin, tamaşaçı ilə sınaqdan keçirib kamil bir qəhrəman yaratsın.
D.Y.: B.Osmanova "müasir teatr”, "müasir rejissura” ifadələri nə deyir, hansı forma və məzmunları diqtə edir? 
B.O.: B.Osmanov rejissurasının  müasirliyi və aktuallığı insan fərdiyyəti üzərində dayanır və hazırladığı hər bir tamaşada eksperiment bundan ibarətdir ki, bu fərdiyyət daha qabarıq, daha kamil şəkildə görükdürülsün. Bu mənimçün dəyişməz missiyadır, çünki səhnədən zala enerjini yalnız insan ötürə bilər, texnika yox. Dəyişən isə yalnız ifadə vasitələridir. Teatr Xadimləri İttifaqında apardığım rejissor laboratoriyasında da çalışıram riyazi hesablamalara əsaslanan "dəqiq rejissura”nı öyrədim. Bu gün tələbələrə deyəndə ki, tamaşa hazırlamaq çox asandır, bunu qəbul etmirlər. Baxmayaraq ki, bəziləri bir neçə tamaşa hazırlayıblar, hətta mükafatlar alıblar. Qəbul etmirlər, ona görə ki, dediyim o "riyazi hesablama mexanizmi”nə yiyələnməyiblər. Bilirsizmi, artıq iyirmi ildir bizə sırınan "müasir teatr”ı qavramaq mənimçün çox asandır, amma maraqlı deyil. 
D.Y.: Bu gün düşüncənizdəki "yeni teatr”ı ifadə etmək üçün imkanlar varmı?
B.O.: Əlbəttə, niyə yoxdur?! Hər bir tamaşa mənimçün eksperimentdir və hər tamaşamda aktyorları heyrətləndirməyə çalışıram. Çalışıram ki, mən və mənim tamaşalarım onlar üçün maraqlı olsun. Bir rejissor üçün bu, çox önəmlidir. Bəs, bunu necə edək? Əlbəttə, birinci növbədə, götürdüyümüz əsərdə yeni qatlar, yeni fikirlər aşkarlamaqla. Bu isə yalnız düzgün təhlillə, bayaq dediyim "riyazi hesablamalar”la mümkündür. Ona görə performansları sənət olaraq qəbul etmirəm ki, orda heç bir təhlildən və fikirdən söhbət gedə bilməz. 
K.Ə-C.: Gənc Tamaşaçılar Teatrının baş rejissorusunuz. Bunun məsuliyyəti daha böyük, missiyası digər teatrlardan daha çətindir. Dram teatrı formalaşmış bir nəsillə kontaktdadırsa, siz nəsil formalaşdırırsınız. Repertuar seçimində hansı prinsiplərdən çıxış edirsiz? 
B.O.: Nəsil formalaşdırmaq böyük sözdür, teatr nəsil formalaşdırmır. Çətinlik bundan ibarətdir ki, 7 yaşdan 77 yaşa kimi tamaşaçının maraq dairəsini duymaq və ona uyğun repertuar qurmaq lazımdır. Bu gün biz deyirik ki, uşaqlar kompüter oyunlarına, internet resurslarına meyllənirlər. Lakin görəndə ki, həmən uşaqlar tamaşada sadə bir keçinin ağlamasından təsirlənirlər, buna yalnız sevinmək olar. Əsas məqsəd mərhəmət hissini aşılamaqdır. Məncə, dünyanın buna ehtiyacı var! Amma təəssüf ki, belə əsərlər tapmaq bu gün xeyli çətindir. Bəzən mən 5-6 əsər tapmaq üçün yüzə yaxın əsər oxuyuram. Hərdən gənc yazarlar gəlirlər, söhbətləşirik, təəssüf ki, bunlar elə söhbət olaraq da qalır. Heç olmasa, beş ildən bir dialoqla işləməyi bacaran, hərəkəti, dramaturgiyanı duyan bir gənc dramaturq formalaşsa, durğunluq aradan qalxar. Bu gün Azərbaycan teatrının ən böyük problemləri dramaturqdur, rəssamdır, bəstəkardır.
K.Ə-C.: Məncə, bizim ən böyük problemimiz həmişə rejissura olub.
B.O.: Rejissor, bilirsiz, rus demiş "ştuçnıy tovar”dır. Rusiyanın 650 dövlət, bir o qədər də özəl, bələdiyyə və s. teatrı, 5 rejissor təhsili verən ali məktəbi var. Onlar da rejissor çatışmazlığından dad eləyirlər.
K.Ə.C.: Axı, niyə? Azərbaycan teatrı da həmişə güclü aktyorların çiynində bərqərar olub, hətta Ə.İsgəndərovun, T.Kazımovun dövründə belə?!
B.O.: Rejissorun yaradıcılığında bir an yüngül bir büdrəmə olan kimi, bir anlıq kələfin ucunu itirən kimi aktyorlar onu "yeyirlər”. Necə ki, Ədil İsgəndərovu "yedilər”... Tofiq Kazımov isə, mənə elə gəlir, bir az onlarla mübarizə apara bilib, Cəfər Cəfərov ölənə qədər. Sonra fiziki gücü çatmadı. Mehdi müəllim isə zamanında qaçdı getdi. Əvvəllər mən onu qınayırdım, indi isə yaxşı başa düşürəm. Ona görə deyirəm ki, rejissor hər zaman gərgin olmalıdır, çünki hər gün özünü təsdiq etməyə məcburdur. Aktyor böyük uğur qazanmaq arzusundadır. Bir dəfə, iki dəfə, üç dəfə... bir gün sən bu uğuru ona verə bilməyəndə, artıq onun yeganə arzusu səni parçalamaq olur. Bax, onda rejissor, ağlı varsa, getməlidir. Rejissor zamandan geri qalanda getməyi bacarmalıdır.
D.Y.: Çox vaxt "aktyor məktəbi”, "rejissor məktəbi” kimi nəliyi, necəliyi özümüzə də bəlli olmayan ifadələr işlədirik. Sizcə, "məktəb” nədir? Azərbaycan teatrında "məktəb” olubmu? B.Osmanov necə, "məktəb”ə çevrilə bildimi?
B.O.: Heç vaxt Bəhram Osmanov məktəb ola bilməyib. Mənim öz aktyorlarımı yetişdirməyə zamanım və imkanım olmayıb. 40 yaşıma qədər məndən tələb olunan yaxşı tamaşalar hazırlamağa çalışmışam. Qırxdan sonra isə anladım ki, bu da heç kimə lazım deyilmiş. Anlayanda ki, nəyisə yaxşı təqdim etmək çabalarım adi insani münasibətləri korlayır, çıxıb getdim. Amma sağ olsun rus dostlarım, işsiz olduğum o üç ildə məni darıxmağa qoymadılar. Bu gün isə rəhbərlik etməkdən çox, rejissor kimi işləmək, özümü müxtəlif məktəb və estetikalarda realizə etmək istəyirəm. Nə qədər qəribə səslənsə də, məktəb yaratmaq səlahiyyətə bağlıdır. Məsələn, Vaqif İbrahimoğlunun ətrafında ona inanan söz sahibləri var idi və onunçün teatr yaratdılar. Hüseynağa Atakişiyev də həmçinin.  
K.Ə-C.: Bu gün B.Osmanova inanan yoxdur?
B.O.: İnanan var, sadəcə, indi mən istəmirəm. Sıfırdan başlamağa zamanım yoxdur. Mən universiteti bitirəndə hazırladığım hər hansı kurs işi Azərbaycan teatrında səs-küyə səbəb olurdu, çoxları elə bilirdi ki, bir truppa var. Amma o truppadan qalan bir Qurban İsmayılov oldu.
K.Ə.C.: Sənətkar yaşadığı zaman içində həm də öz zamanını qurur. B.Osmanov necə, öz zamanını qura bilibmi?
B.O.: Maraqlı sualdır... Məncə, öz zamanını yaratmaq üçün öz teatrını yaratmalıdır rejissor. Gənc yaşlarımdan Akademik Teatrda işlədiyim üçün heç vaxt bu barədə düşünməmişəm. Bu, o demək deyil ki, durumumla razılaşmışam. Sadəcə, bilirdim ki, teatr yaratmaq üçün sənə inanan aktyorlardan başqa həm də arxa lazımdır. Amma mənim heç zaman arxam olmayıb, yalnız, müxtəlif zamanlarda müxtəlif insanlara lazım olmuşam və tamaşalar qurmuşam. Bundan başqa, sən öz zamanını yaratmaq üçün gərək ənənəni dağıdasan, bu isə çox təhlükəlidir. Çünki yenisini yaratmaq hər adama nəsib olmur. 
D.Y.: Bu işdə sizə kimsə dayaq olmadımı?
B.O.: Oldu. Sənətə gələndə Rəhmətlik Həsən Turabovla Vaqif İbrahimoğlu mənə çox dəstək oldular. Amma nədənsə, bu dəstək tez də yoxa çıxdı. Niyəsini soruşmayın, heç özüm də bilmirəm.
K.C.Ə.: Mənə görə, B.Osmanovun yaradıcılığı yaşadığı zamanla mübarizə, zamanını dəyişmək iddiası yox, bu zamanın içində bir hücrə yaradıb, orada öz işi ilə məşğul olmaq, ara-sıra "zamanın qapısını tıqqıldadıb” "mən də varam” deməkdir. Haqlıyam?
B.O.: Haqlısınız…
K.Ə-C.: Axı, qəhrəmanlar heç vaxt belə adamların yox, məhz zamanı ilə mübarizə aparanların içindən çıxır. Siz zəmanənizin qəhrəmanı olmaq istəmirsiniz?
B.O.: Xeyr! Mənim tamaşalarım "zamanın qəhrəmanı” olmalıdır, özüm olmasam da olar. Rejissorun gördüyü işlər zamandan beş gün qabağa gedib həyəcan təbili çala bilirsə, bu elə onun qəhrəmanlığıdır. Mən müəllimlərimdən bunu öyrənmişəm. Mehdi Məmmədov həmişə deyərdi ki, gördün, artıq ləzzət ala bimirsən, onda şapkanı qoy başına və çıx get. Mən bunu çox vaxt narazılıq edən aktyorlara deyirəm. Teatrdan getmək faciə deyil, o qədər gözəl sənətlər var ki, onlara yiyələnib bir insan ömrünü normal yaşamaq olar. Və mənim də ləzzətim teatrı bir sənət kimi sevməkdir. Mən teatrı, doğrudan, sevirəm. Tələbələrimə də deyirəm, bacarırsız, rejissurayla məşğul olmayın. Yox, əgər qət eləmisizsə ki, məşğul olasız, onda ölənə qədər bu sənəti öyrənmək gərəkdir. Mən bir mövsümdə 6 tamaşa hazırlayan rejissor olmuşam. Və bəzən ani də olsa, xəyal qururdum ki, zaman gələcək, sən söz sahibi olacaqsan, sənin dediyin kredoya çevriləcək. Amma bu gün bir də görürəm ki, aktyorların yanında gücdən düşürəm, gücsüz oluram.
D.Y.: Nə mənada "gücsüz”?
B.O.: Anlada bilmək gücsüzlüyü, özünü ifadə etmək gücsüzlüyü. İndi qəribə bir şey əmələ gəlib – özünü qorumaq. Aktyor müəyyən bir zirvəyə gələndən sonra özünü qorumaq istəyir. Hər yerdə var olmaq istəyir. Amma yaradıcılıq məqamına gələndə görürəm, ən inandığım adam da deqradasiyaya uğradı getdi. Anlaya bilmir, anlamaq istəmir. Onunçün bütün bu deyilənlər, sadəcə, yalandır. Rejissor özünü öldürür, atlanır-düşür, hərdən hətta təhqir də edir. Amma aktyorlar heç nə anlamırlar. Onlar üçün bu klapanlar bağlanıb.
D.Y.: Deyirlər, "təhsil sənətin meyarlarını yaradır”. Azərbaycanda teatr təhsili lazımi meyarları yarada bilirmi?
B.O.: Bilirsiz, mənim oxuduğum dövrdə müəllimlər "söz sahibi” idilər, onların sözləri qanun idi. Müəllimlər tələbələrin istinad nöqtəsi idi. İndi o istinad nöqtəsi yoxdur. Çünki son 30 ildə tələbələrə belə bir düşüncə aşılandı ki, sən hamıdan ağıllısan, sən hamıdan artıq bilirsən, sən özün bir şəxsiyyətsən və s. Amma bizim sənətdə kiməsə oxşamaq istəyi şərtdir.
D.Y.: İndi hamının oxşamaq istəyəcəyi rejissor da yoxdur axı...
B.O.: Yox, mən demirəm ki, hamı ölürdü Mehdi üçün, Nəsir üçün. Mehdini bəyənməyənlər də var idi. O, tədris teatrına gəlirdi, küsürdü, çıxıb gedirdi. Mən bunları demirəm. Bu gün artıq sizin də oxuduğunuz kitablardan bir həqiqət məlum olur ki, sadəcə Stanislavski var və qalanları ondan şaxələnib, ondan oyrənib və ona yeni yanaşmalar sərgiləyiblər. 4-5 il bundan qabaq GTT-da Rusiya rejissorlarının laboratoriyasını təşkil etdik. Bizdə iki tamaşaya baxdılar: "Müharibə” və "Bir gecənin nağılı”. Çox gözəl müzakirələr keçdi və ilk sualları belə oldu: bu aktyorlar Moskvada oxuyublar, yoxsa Sankt-Peterburqda? Mən də zarafatca dedim, "Bəhram Osmanov” məktəbində. Onlara bildirəndə ki, Azərbaycanda çox az aktyor Rusiyada təhsil alıb, çox təəccübləndilər. Deməli, hər şey məktəblə bitmir, sənət çox qəddardır, ona görə ki, sənət bir az da şans məsələsidir.
K.Ə-C.: Deyirsiniz, sənət çox qəddardır...
B.O.: Bəli...
K.Ə-C.: Ötən əsrin sonlarında sənətdə, az qala, inqilab edən, cəsarətli tamaşalar quran Bəhram Osmanov haqqında eşitmişəm, amma indi qarşımda oturan sanki həmin adam deyil. O adamı neylədiniz? Yoxsa o adamın "yel dəyirmanları ilə vuruşan Don Kixot” olduğunu anladınız?
B.O.: Siz çox romantik danışırsınız... Mən dəyişməmişəm, bir qədər müdrikləşmişəm.
K.Ə-C.: Yəni, müdrikləşib, o adamın "yel dəyirmanları ilə vuruşan Don Kixot” olduğunu anladınız?
B.O.: Bəli... Təzə başlayanda o qədər böyük ümidlə, şövqlə işləyirdim ki, nəticədə gördüm, məni anlamırlar. Heç teatrın içindəkilər də anlamadılar məni və üçüncü- dördüncü tamaşadan sonra sındım. Başa düşdüm ki... (susur) Dəvətlərin çoxunu bəhanələrlə rədd etdim, xaricə səfərlərdən imtina etdim... İllər keçəndən sonra anladım ki, çox böyük səhvlər buraxmışam. Mən dünyanı görmək şansını əldən vermişəm. C.Strelleri, P.Ştaynı görmək şansını qaçırmışam... 1995-ci ildə Moskvada bir ay qaldım, İ.Berqmanla ünsiyyətdə oldum. Sonra rəhmətlik V.İbrahimoğlu məni Yuğa dəvət elədi, orada "Berqman nə düşünür” mövzusunda mühazirə oxudum, gördüklərimdən danışdım. Vaqiflə çoxlu söhbətlərimiz oldu. Əslində, Berqmanın danışdığı hər şey Stanislavskidə var, sadəcə, bir qədər müasir formada təfsir edir. Bir şeyi anladım ki, rejissurada vacib olan rejissor təhsili almaq deyil, dünyagörüşünün geniş olmasıdır. Zəruri olan doğru-düzgün ifadə vasitələrinin tapılmasıdır. Streller deyir, mənim stolarxası məşqimdə kim nə istədi danışa bilər. Mən hamıya o imkanı yaradıram ki, əsər ətrafında danışsın. Susuram, onlar öz ürəyini boşaldır, səhnəyə düşəndə isə hakimi-mütləq özüməm. Bu sözü P.Ştayndan da eşitmişəm, Tovstonoqovun kitablarından da oxumuşam. Bir şeyi etiraf edim ki, sənətşünaslar, teatrşünaslar çox zaman həddən artıq tələbkar olurlar. Axı, rejissor da insandır. Rejissor əgər 50 illik yaradıcılığında qurduğu beş böyük səhnə əsərinin adını çəkə bilirsə, bu, özü böyük işdir. Qalan illərdə həmin beş əsərin çörəyini yeyir.
D.Y.: Bəhram müəllim, tez-tez eşidirik ki, Azərbaycan teatrını "xilas etmək” üçün "köklü islahatlar”a ehtiyac var. Bu "köklü islahat” nə deməkdir?
B.O.: Bilmirəm, köklü islahatları kimlər deyir, mənim fikrimcə, repertuar teatrlarına toxunmadan dövlət tərəfindən gənclik üçün teatral mərkəz yaradılmalıdır. 
D.Y.: Söhbətinizin intonasiyasından, məsələlərə yanaşma tərzinizdən mən sizdə gələcəyə inam gördüm. O gələcəyin parametrləri nədən ibarətdir?
B.O.: Mən o gələcəyə inanmasaydım, bu gün Teatr Xadimləri İttifaqına laboratoriyaya gəlməzdim. O ki, qaldı gələcəyi necə görürəm, inanıram ki, iki ildən sonra Azərbaycanda on nəfər yaxşı rejissor olacaq. 
K.Ə-C.: On nəfər?
B.O.: Bəli.
K.Ə-C.: Azərbaycan teatrı yaranandan bu yana saysaq, on nəfər yaxşı rejissorun adını çəkə bilərik?
B.O.: İstəyirsiniz, mən epoxalara bölüm, sayım sizin üçün. Sadəcə, siz onlara rejissor demirsiniz. Bilirsinizmi, rejissuranın arxasında iki şey dayanmalıdır: ona inanan aktyorlar və ona səlahiyyət verən şəxslər.
D.Y.: Səlahiyyət verən şəxslər deyəndə, dövləti nəzərdə tutursunuz?
B.O.: Bəli. Biz dövlətdə yaşayırıq. 
K.Ə-C.: Dövlət sizə verib o səlahiyyəti – Gənc Tamaşaçılar Teatrının baş rejissorusunuz. Səlahiyyətiniz yoxdurmu?
B.O.: Əlbəttə, var, mən işləyirəm. Söhbət məndən getmir. Gəncləri nəzərdə tuturam.  
K.Ə-C.: Gənclərə də səlahiyyəti siz verə bilərsiniz. Sizin teatrda tamaşa hazırlamaq istəyən gənc rejissorlar əsər seçimində azaddırlarmı?
B.O.: Əsəri mən təklif edirəm, onlar özləri seçir.
K.Ə-C.: Bəs, özü əsər təklifi ilə gələn?
B.O.: 99 faiz mən seçirəm. 
K.Ə-C.: Sonra da deyirsiniz səlahiyyət verilmir. Heç özünüz də səlahiyyət vermirsiniz. 
B.O.: V.Fokin deyir ki, 38 yaşımda məni Yermolova adına teatra baş rejissor təyin elədilər. İki il işlədim, sonra gördüm ki, mən başqa cür işləmək istəyirəm, truppanı dağıtdım. Çıxan çıxdı, qalan qadı, yeniləri gəlmədi, sonra baş götürüb teatrdan qaçdım. Açıq da deyir, deyir, cavan idim, gördüm alınmır, getdim. Lakin bu adama verilən səlahiyyət, inam o qədər böyük idi, o məsul şəxsləri inandırdı ki, Moskvanın mərkəzində olan bu teatr ikiyə bölünməli, birində V.Meyerhold adına studiya açılmalıdır. Sonra getdi Sankt-Peterburqa. Deyir ki, orada mən müdrik davrandım, anladım ki, heç nəyi dağıtmaq olmaz, əksinə, qurucu olmaq lazımdır. Orada da ona inandılar, səlahiyyət verdilər.
K.Ə-C.: Sovetlər dönəmində teatr dövlətin ideoloji silahlarından biri idi. Bəs, bu gün Azərbaycanda teatrın cəmiyyətdə rolu nədən ibarətdir? Müasir teatrın ideoloji silah rolunu oynamaq gücü varmı?
B.O.: Var, əlbəttə. Teatr bu gün mərhəmət hissini, vətənpərvərlik hissini aşılamağı, cəmiyyətdə baş verənlərə münasibət bilidrməyi, bəşəriyyətin gələcəyi üçün həyəcan təbili çalmağı bacarır. 
D.Y.: Sizin teatrda hazırlanan "Yarımçıq qalmış” tamaşasında istər aktyor oyunu, istər rejissor işi nəinki vətənpərvərlik hissini aşılayır, əksinə "vətən”, "şəhidlik” anlayışlarını adiləşdirir. 
B.O.: O sizin fikrinizdir. Mənə görə, vətənpərvərlik mövzusunda tamaşa hazırlamaq üçün birinci illüziya yox, kamil dramaturgiya lazımdır. 
K.Ə-C.: Sizin hazırladığınız "Hasarın o üzü” tamaşası da istər dramaturji, istər aktyor oyunu, istərsə də rejissura baxımından zəif işdir. Cəmiyyətə ötürdüyü sosial mesaj çox bəsitdir.
B.O.: Niyə? O tamaşada möcüzədən danışılır. 
K.Ə-C.: Anlayıram, amma çox primitiv bir dildə danışılır. O sənət dili deyil, deyə düşünürəm. 
B.O.: O tamaşa ayda bir dəfə oynanılır və bütün biletləri satılır. 
K.Ə-C.: Sizin üçün peşəkarların rəyi əsasdır, ya tamaşaçının? 
B.O.: Mən repertuar teatrında çalışıram, istəyirəm ki, tamaşaçı gəlsin.
K.Ə-C.: Yəni, tamaşaçının rəyi maraqlıdır...
B.O.: Əlbəttə, öncə tamaşaçı, sonra tənqid. Tamaşaçısız teatr ola bilməz. Bəzən eksperimentlər eləmək istəyi baş qaldırır, deyirəm, gəlin, bunu edək və sübut eləyək ki, bunu da bacarırıq. Həmin an da fikrimdən daşınıram, "olmaz” – deyirəm. Olmaz, ona görə yox ki, yaş keçib. Ona görə ki, mənə inananları rəncidə etməyə və səhnədə əllaməçilik eləməyə haqqım yoxdur. İllər keçir, əmin oluram ki, doğru yoldayam, sadəcə, səbr eləmək gərək.
D.Y.: Bəhram müəllim, niyə hazırladığınız bütün tamaşalar həmişə məişətdən başlayır?
B.O.: Mənə elə gəlir, hər şey məişətdən çıxır və sosiallaşır. Mənim üçün "Don Kixot” özü də məişətdir. 
D.Y.: G.Vaxtanqov deyirdi ki, məişət teatrı ölməlidir.
B.O.: Deyirdi, ölmədi ki. 
D.Y.: Sizcə, bu gün teatr hansı missiyanı öhdəsinə götürməli, hansı fəlsəfi fikri manifestləşdirməlidir?
B.O.: Heç bir. Bu, teatrın işi deyil. Teatrı fəlsəfəyə çevirmək sizlərin vəzifəsidir. 
K.Ə-C.: Deyirsiniz ki, teatr sənətində çox tez uğur əldə etməyə ehtiyac yoxdur, çünki ömür uzundur, sonra yaşamaq çətinləşir. Bu gün B.Osmanov üçün yaşamaq çətin deyil ki?
B.O.: Çətindir... çox çətindir, çox çətin.
K.Ə-C.: Bayaqdan izləyirəm, düşünürəm, qarşımda oturan adam ya çox praqmatikdir, ya da özü ilə üzləşə bilməyən, üzləşməkdən qorxan adam. 
B.O.: Praqmatik deyə bilmərəm, mən realist adamam.
K.Ə-C.: Edip Cansever bir şeirində deyir: "İnsan bazən ağlamazmı bakıp-bakıp kəndinə”. Bu, özü ilə üzləşməkdir. Sizin necə, heç özünüzlə üzləşmə məqamlarınız olubmu?
B.O.: (pauza) Olub, səfərlərdə olub. 
K.Ə-C.: Öz güzgünüzdə nələr görmüsünüz?
B.O.: Ömür gedib və heç nə mən istəyən kimi olmayıb... 
 
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157