Bəhram Osmanov: “Oradakı aktyorlar məni gözləyirdilər”
İyunun 27-də Azərbaycan
və KalmıkiyaRespublikasının əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar
Teatrının baş rejissoru BəhramOsmanovun Lənkəran Dövlət Dram Teatrında
quruluş verdiyi Əli Vəlioğlunun "Əsrlərin harayı” dramı əsasında hazırlanmış
tamaşanın premyerası keçirilib. Tamaşa barədə rejissorun təəssüratlarını öyrənmək
üçün onunla əlaqə saxladıq.
Söhbət əsnasında geridə
qoyduğumuz mövsümün rejissorun yaradıcılığında hansı izlər buraxdığını da xəbər
aldıq.
- Bəhram müəllim, istərdik ki, tamaşa barədə
təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Bu mənim Lənkəran
Teatrına üçüncü yaradıcı səfərimdir. Bundan əvvəl Lənkəran Teatrında "Yudif"
(A.Tammsaars), "Günahsız müqəssirlər" (A.Ostrovski), «Mənim ağ
göyərçinim» (T.Vəliyeva) pyeslərini hazırlamışam. Əli Vəlioğlunun bu əsəri bizim
eradan əvvəl Azərbaycanın ilk dövlətlərindən bəhs edir. Əsərdə yeni dövlət quran hakimlər bir-biriylə
mübarizə aparır. Onlar yaranmaqda olan saray siyasətinin qurbanına çevrilirlər.
Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və
firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi
ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir. Sonunda
öz səhvlərini anlasalar da, artıq gecdir. Çox ağır bir mövzudur. Tamaşanın 11 iştirakçısı olmasına baxmayaraq, Ortaya
qoyulan mövzu gənclərə çağırış edir ki, dövləti qurmaq asan olsa da, onu saxlayaraq
inkişaf etdirmək çox çətindir. Tamaşadan çıxan nəticə budur ki, hər bir vətəndaş
öz dövlətini sevməli və onu qorumağı bacarmalıdır. Lənkəran Teatrında çalışdığım
aktyorların əksəriyyətini tanıyırdım. Bu tamaşada əməkdar artistlər Təvəkkül Əliyev,
Sücəddin Mirzəyev kimi istedadlı aktyorlar oynayır. Əsərdə iki hadisə var. Onların
açılması üçün böyük aktyor oyunu tələb olunur. Klassik üslubda yazılmış ağır mətni
tamaşaçıya çatdırmaq üçün aktyorlardan fiziki güc və peşəkarlıq tələb olunur. Bütün
yaradıcı heyət, başda Təvəkkül Əliyev və Sücəddin Mirzəyev olmaqla bu işin öhdəsindən
peşəkarlıqla gəldilər. Əsas rollarda Təvəkkül Əliyev və Sücəddin Mirzəyev
yanaşı, teatrın aparıcı aktyorlarından Aynur Əhmədova, Əlibala Əsgərov,
Niftulla Əsgərov, Miraslan Ağayev, gənc
aktyorlar Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış edirdilər.
Tamaşanın səhnə tərtibatını
teatrın rəssamı Tərlan Sadıqova həvalə etdik. Musiqisi Rüfət Ramazanova məxsusdur.
O, Bakıda yaşayır. Gənc Tamaşaçılar Teatrı ilə son iki-üç ildə əməkdaşlıq etdiyi
üçün mən ona müraciət etdim. Əziyyətli olsa da, maraqlı iş ortaya çıxdı. Bir
daha şahidi oldum ki, teatrın rəhbəri Tofiq Heydərov və baş rejissoru Tural Mustafayev
Lənkəranda canlı bir teatr yaradıblar. Belə ki, teatrın nəzdində studiya açılıb.
Studiyanın yetirmələri olan gənc aktyorlar repertuarda yer alan tamaşalarda irili-xırdalı
obrazlar canlandırırlar. Tofiq Heydərov teatrın qapılarını maraqlı bir ideya üçün
açan rəhbərdir. Bu da Azərbaycan teatrında çox nadir bir şeydir. Mən
Lənkərandan xoş təəssüratlarla ayrıldım.
- Hər hansı bir teatra kənardan ayrı rejissor gələndə həmin teatrın yaradıcı heyəti
rejissoru qəbul etmək istəmir. Bəs siz belə hallarla rastlaşmısınızmı?
- İndiyə kimi elə
bir nüansla rastlaşmamışam. Çalışdığım teatrda işlədiyim müddət ərzində kənardan
gələn rejissorlara hörmətlə yanaşmışam. Çünki onlar dəvət olunublar və bizim
teatrda qonaqdırlar. Evimizə gələn qonaq səhnədə təkcə tamaşa hazırlamır. Yəni,
gəlib tamaşamı hazırlayım gedim və bununla işim bitdi kimi tendensiya bizim
teatrdan uzaqdır. Teatra dəvət etdiyimiz
hər bir rejissor yaradıcı heyətimizlə öz biliklərini, təcrübələrini bölüşür. O,
teatrda bizim yaratdığımız ənənələrə bir çalxalanma, tərpəniş gətirməlidir.
Əslində heç bir teatr dəvət olunan rejissordan qorxmamalıdır. Kənardan başqa
bir rejissor dəvət etmək lazımdır ki, repertuarda dəyişiklik olsun. Maraqlı,
başqa aspektdən hazırlanmış tamaşalara da rast gəlinsin. Repertuarda zəif
tamaşa saxlamağa ehtiyac yoxdur. Çünki onlar tez bir zamanda sıradan çıxırlar.
Biz Gənc Tamaşaçılar Teatrının rəhbəri Mübariz Həmidovla birlikdə kənardan
rejissor dəvət etməyə qorxmuruq. Dəvət etdiyimiz rejissor teatrın tələblərinə
uyğun olmalıdır. Aktyorlar üçün yeni bir töhfə verməlidir. Hansı ki, o töhfəni verməyi
mən və teatrımızda çalışın rejissorlar bacarmırlar.
O ki, qaldı Lənkəran
Teatrının yaradıcı heyətinə, mən onlarla çox rahat dil tapdım. Uzun müddət idi
ki, oradakı aktyorlar məni gözləyirdilər. Onlar mənim keçdiyim yaradıcılıq yoluna
çox yaxşı bələddirlər. Mənim Lənkəranda hazırladığım üç tamaşa indiyə qədər onların
yaddaşındadır. Hazırladığım tamaşalar həmin dövrlərin ən yaddaqalan və səs-səda
doğuran tamaşaları arasında yer almışdı.
- Artıq mövsümü başa vurmaq üzrəyik. Geridə qoyduğumuz
mövsüm sizin yaddaşınızda necə qaldı?
- Ötən həftə GəncTamaşaçılar Teatrında kalmık dramaturqu Baatr
Basanqovun "Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva
və Əli Əmirlinin səhnə üçün işlədikləri "Qohumlar” adlı müziklın
premyerasıkeçirildi. Tamaşanı Kalmıkiya Respublikası B.Basanqov adına
Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və
Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev hazırlamışdı. Çox ağır və gərgin məşq prosesi olsa
da, maraqlı tamaşa ərsəyə gətirə bildik. Aktyorlar böyük əzmlə çalışırlar.
Növbəti mövsüm də yeniliklərimiz çox olacaq. Belə ki, çox maraqlı tamaşalarımız
olacaq. Oktyabrın sonunda qastrol səfərimiz gözlənilir. Kalmıkiyada Azərbaycan aktyorlarının
ifasında tamaşa oynayacağıq. Mən orada tamaşa hazırlayacağam. Gələn il bizim
teatr üçün çox ağır və məsuliyyətli bir il olacaq. Teatrımızın 90 illiyi qeyd
olunacaq və bir sıra beynəlxalq layihələrimiz var. Azərbaycan teatr tarixində
ilk dəfə olaraq 3 dildə tamaşa hazırlayacağıq. Müxtəlif millətlər öz dilində
danışacaq.
Ümumi götürdükdə isə
geridə qoyduğumuz mövsümü yaradıcılığımda uğurlu dövr hesab edirəm. Nəinki mənim,
ümumilikdə teatr üçün uğurlu mövsüm oldu. Belə ki, teatrımızın rəhbəri Mübariz Həmidovla
arzuladığımız və qarşıya qoyduğumuz məqsədlərə çatdıq. Biz arzulayırdıq ki, teatrımıza
xaricdən çoxlu dəvətlər gəlsin. Biz bu dəvətləri qəbul etmək gücünə malik ola bilək.
Bizim aktyorlarımız xarici qastrollara səfərlərdə iştirak etsinlər. Arzulayırdıq
ki, teatrımız beynəlxalq aləmdə tanınsın. İstəyirdik ki, teatrımızda müxtəlif labarotoriyalar
fəaliyyət göstərsin və biz onların bazasına çevrilək. Demək olar ki, arzularımızın
hamısına çatmışıq. İl ərzində bizə 10-15 dəvət gəlir və biz həmin dəvətləri seçməyə
çalışırıq. Elə tamaşalarımız var ki, onları festivallar üçün hazırlayırıq. Gənc
Tamaşaçılar Teatrında beynəlxalq nümayəndəliklər var. Beynəlxalq arenada
iştirak etməkdə Mədəniyyət və Turizm Nazirliyi daim dəstəkçimiz olub.
- Beynəlxalq səfərlərdən söz düşmüşkən sizcə festivallar,
qastrol səfərləri teatra nə verir?
- Festival bir bayramdır.
İlk növbədə teatra beynəlxalq arenada ünsiyyət saxlamaq, özünü tanıtdırmaq və xaricdəki
teatrların yaradıcı heyəti ilə tanış olmaq üçün gözəl şəraitdir. Beynəlxalq
festivallarda iştirak edən teatr mənəvi tərəfdən çox qazanır. Bizim teatrımız
dünyanın əksər ölkələrində festivallarda iştirak edib. Artıq Gənc Tamaşaçılar Teatrı
tanınır.
Evin içində oturub
sənətdən danışmaqla bir şey əldə etmək mümkün deyil. Gecə-gündüz mətbuata müşahidə
verməklə inkişaf etmək mümkün deyil. Mən-mən deməklə də heç nəyə nail olmaq olmur.
Bizdən tələb olunur ki, işləyək. Biz də əlimizdən gələn qədəri ilə çalışırıq.
- İsveç dramaturqu Astridin "Uzuncorab Peppi” əsəri
əsasında tamaşa hazırlanır. Roni Danielson ilə birgəlik əsnasında həyata keçəcək
tamaşada izləyiciləri nələr gözləyəcək?
- İsveç səfirliyinin birgə layihəsi
çərçivəsində hazırlanan bu tamaşanın yeni – 89-cu teatr mövsümündə təqdim
olunması nəzərdə tutulur. İsveçli rejissor Roni Danielson gəldi, açılışda
tövsiyələrini verdi. Bu tamaşa əsnasında tamaşaçıları böyük bir möcüzə
gözləyir. Uşaqlar və valideynlər üçün maraqlı bir tamaşa olacaq. Şən oyunun
sonu bir qədər qəmli bitəcək. Hər uşağın valideyn qayğısına ehtiyacı var. Uşaq
nə qədər acı düşüncəyə malik olsa, azadlıq istəsə də, onun bir valideyn
qucağına, sığalına ehtiyacı var. Tamaşa oktyabrın sonunda təhvil veriləcək.
- Ötən ay xalq artisti Tariyel Qasımov sizi
ittiham edərək bildirmişdi ki, Bəhram
Osmanovun öz aktyor dəstəsi var və bizə rol vermir. İstərdik ki, bu məsələyə
aydınlıq gətirəsiniz.
- Bundan mənim
xəbərim yoxdur. Deyib də… Ağsaqqal adamdır. Teatrımızın ştatında 86 aktyor var.
Onlar da mütəmadi olaraq rejissorla işləyirlər və işləməlidirlər də. Biz bunu
qeyd edirik. O ki qaldı, Tariyel müəllimin iradına, biz onun xətrini çox
istəyirik. Tariyel Qasımovu gələcəkdə böyük rollar gözləyir.
Xəyalə Rəis