• çərşənbə, 24 Aprel, 12:32
  • Baku Bakı 27°C

Behbudovlar nəslinin ermənilər tərəfindən öldürülən bəyi

14.11.18 10:00 1675
Behbudovlar nəslinin ermənilər tərəfindən öldürülən bəyi
Araşdırmacı Ənvər Çingizoğlu "Behbudovlar” əsərində yazır: "Behbudovlar və yaxud behbudalılar Qarabağda tanınmış, sayılan-seçilən bir soy olublar. Soyun patronu Behbud ağa Pənahəli xanın qardaşıdır və xanlığın qurucularından biri olub”. Bu soyun bir üzvü də Rəhim bəyin oğlu Lütfəli bəy Behbudov idi. Lütfəli bəy 1877-ci ildə Şuşa şəhərinin Bayat kəndində anadan olub. Bəzi mənbələrdə onun doğum tarixi və yeri yanlış olaraq 1879 - Şuşa qəzasının Üçoğlan kəndi (Bax - Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, iki cilddə I c (2004), s. 251) kimi qeyd edilib. İlk təhsilini Şuşada rus-tatar məktəbində alan Lütfəli bəy, sonra Bakıda realnı məktəbdə oxuyub.
Əksər azərbaycanlı gənc kimi, onun da yüksək təhsil almasına H.Z.Tağıyev şərait yaradıb, Lütfəli bəy Peterburq Texnoloji İnstitutuna daxil olub. Burada kütləvi tələbə iğtişaşlarında iştirakına görə, institutdan çıxarılmış, lakin sonra bərpa edilmişdir. 1903-cü ildə həmin institutu mühəndis-mexanik ixtisası üzrə bitirib, Bakıya qayıdıb. Əvvəl Bakı gömrük departamentində işə başlayan Lütfəli bəy, həm də Xəzər Ticarət Donanmasının gəmi mexanikləri kursunda nəzəri mexanikadan dərs deyib. Hacının evində şəxsi mühəndis kimi də çalışan Lütfəli bəy, həm də Tağıyevə məxsus "Kür-Xəzər” səhmdar cəmiyyətinin müdiri işləyib. Bir sözlə, Hacının evinə gedib-gələn, məhrəm bir adam olub. Amma nədənsə, bir ara Hacı ondan şübhələnib.
Bu haqda görkəmli yazıçı Qılman İlkin "Bakı və bakılılar” əsərində yazırdı: "Necə olursa, Hacı Lütfəli bəyin Sona xanıma (Hacının arvadı) olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır”. Qılman müəllimin əsərindən və o dövrün mətbuatında yazılan məqalələrdən, informasiyalardan bəlli olur ki, Hacı Lütfəli bəyi sərt cəzalandırıb. Bir çox yazarlar, o cümlədən Üzeyir bəy də bu haqda "Molla Nəsrəddin” jurnalında felyeton çap etdirib. Üzeyirbəyşünas Səadət Qarabağlı "Üzeyir bəy Hacıbəyov və "Molla Nəsrəddin” sərlövhəli məqaləsində yazır: "Hamam” felyetonunda 26 yaşlı gənc yazar keçən əsrin əvvəllərində Bakıda Hacı Zeynalabdin Tağıyev və Behbudov arasında baş verən münaqişə və məhkəmə prosesindən bəhs edir. Üzeyir bəyin felyetonu 1911-ci il avqust ayının 4-də "Molla Nəsrəddin” dərgisinin 28-ci sayının 6-7-ci səhifələrində dərc olunmuşdur. "Hamam” felyetonunda Ü.Hacıbəyov belə yazırdı: "Hərgah hal-hazırda sizi qaynaşmaya salan Tağıyev-Behbudov əhvalatıdırsa, hay-küyünüz saxtadır. Sizin nə Tağıyevə yazığınız gəlir, nə də Behbudova. Mən bilirəm ki, sizin bir paranızı qızışdıran Tağıyevin adı-sanı, ələlxüsus puludur. Bir paranızı hay-küyə salan isə aranı qızışdırıb mənfəətbərdar olmaq arzusudur”. Doğrudan da, bu məsələni o dövrün mətbuatı həddən ziyada şişirdib. Rus və erməni dillərində çap olunan qəzetlərdəki məqalələrdə H.Z.Tağıyev nəinki tənqid edilir, hətta təhqirə də yol verilir. Tədqiqatçı-yazar Qılman İlkin yazırdı: "Bu işdə Tağıyevin düşmənlərinin, xüsusən də erməni varlılarının əli vardı”. Təəssüf ki, ana dilli qəzetlərimizdə də bəzi yazarlarımız bu məsələdə Hacını qınaq atəşinə tutaraq, yerlipərəstlikdə günahlandır və haqsız olduğunu iddia edirlər.
Beləliklə, L.Behbudov Bakını tərk etməyə məcbur olur və bir müddət ömür-gün yoldaşı Leyla xanımla (Leyla xanım tatar qızı idi) Rusiyanın müxtəlif şəhərlərində yaşayıb. 1917-ci il hadisələri baş verəndə yenidən vətənə qayıdıb. 1917-ci ildə Tiflisdə Zaqafqaziya Xüsusi Komitəsi yaradıldıqdan sonra Lütfəli bəy həmin il Qarabağda Komitənin nümayəndəsi təyin edilib. 1918-ci ildə Zaqafqaziya Seymi yaradılarkən Qarabağdan oraa deputat seçilib. Tez-tez "Nicat” Xeyriyyə Cəmiyyətinin toplantılarında, xeyriyyə işlərində yaxından iştirak edən Lütfəli bəyin, Cəmil Cahid bəylə də (polkovnik Cəmil Cahid bəyi 1918-ci ildə erməni-müsəlman qırğını zamanı Nuru paşa 1-ci Azərbaycan diviziyasının komandiri olaraq Qarabağa göndərib) arasında münaqişə olduğunu yazan mənbələr də var. İddia olunur ki, guya onu, Qafqaz İslam Ordusunun əsgərləri məhv edib. Başqa bir iddiaya görə, Cəmil Cahid bəylə görüşdən sonra Ağdamda həbs edilib və zindanda öldürülüb. Ancaq bu iddiaların heç bir əsası yoxdur. Əslində Lütfəli bəyi ermənilər öldürmüşdülər. Həmin günlərin canlı şahidi olan Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də bunu açıq-aydın yazırdı: "Şuşada ermənilərlə müsəlmanların münasibətləri tarıma çəkilmiş vəziyyətdə idi. Təxribatlar öz işini görürdü. Bu iki millətin münasibətləri gündən-günə korlanmaqda idi. Müsəlman və erməni səmtlərinin sərhədində hər iki tərəfdən keşikçilər qoyulmuşdu. Ermənilər Əsgəran qalasını bağlamış, müsəlmanları arandan ərzaq almaqdan məhrum etmişdilər. Belə ağır bir vaxtda söz-söhbət dolaşdı ki, türklər gəlirlər. Türklər ölkədə nizam-intizam yaratmaq və Şuşa yolunu açmaq üçün gəlirdilər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük pişvaz tədbirləri görürdülər. Həmin dövrdə Gülablı kəndinin yaxınlığından cəbhə xətti keçirdi. Müsəlmanlar və ermənilər üz-üzə səngər qazmışdılar. Atışma gedirdi. Ətraf ərazilərdən adamlar hər gün ora gedir, döyüşlərə tamaşa edir, ümid edirdilər ki, müsəlmanlar ermənilərin cəbhəsini yarıb, hər an Şuşaya girə bilərlər. Bir gün bədbəxt Behbudov da (Lütfəli bəy) görünən bir yerdə dayanıb durbinlə döyüşün gedişini izləyirmiş... Həmin yerdə Behbudovu görürlər və dəqiq nişan alaraq düz ürəyindən vururlar”.
Həmin an bu ölüm sanki Mirzə Cəlili dondurur. Həmidə xanım yazır: "Cəlil deyirdi ki, o da adətən həmin yerdə durub döyüşü izləyirmiş. Həmin gün bizim kəndlilərdən biri olan Həsən Nəsiroğlu ona yaxınlaşır və israrla tələb edir ki, o yerdən çəkilsin, yoxsa onu öldürə bilərlər. Həsənin bu hərəkəti Cəlili çox təsirləndirmiş, Lütfəli bəyin ölümü isə onu yaman sarsıtmışdı”.
Həmidə xanımın xatirələrindən o da bəlli olur ki, Cəmil Cahid bəy Qarabağda olarkən yerli nüfuzlu ziyalılarla görüşmüş və bu gərgin vəziyyətdən çıxış yolları haqqında uzun-uzadı müzakirələr aparmışdır. Həmin görüşdə Mirzə Cəlil, Lütfəli bəy və onun ən yaxın dostu Həsən Əfəndiyev (H.Əfəndiyev o zaman Şuşanın komendantı idi) də iştirak edib. Cəmil Cahid bəylə Lütfəli bəy arasında heç bir münaqişə olmayıb.
Lütfəli bəy də yüzlərlə, minlərələ azərbaycanlı kimi erməni-müsəlman davasının qurbanı olub.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər