• cümə, 29 Mart, 14:29
  • Baku Bakı 14°C

Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi

12.10.16 15:13 4430
Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi
XX əsrin əvvəllərində Azərbaycanın siyasi və diplomatiya tarixində böyük rol oynamış Behbud ağa Şahtaxtinski Azərbaycanın əzəli torpaqlarının, ilk növbədə Naxçıvan diyarının xalqımıza məxsus olmasında xüsusi əhəmiyyət kəsb edən Qars müqaviləsinin bağlanmasında misilsiz xidmətlər göstərmişdir.
1920-1921-ci illərdə Türkiyə Qafqazda öz nüfuz dairəsini yüksəltmək, Azərbaycan, Ermənistan, Gürcüstan respublikaları ilə problemlərini, xüsusən də ərazi məsələlərini həll etmək üçün ikitərəfli müqavilələr bağlamağa çalışırdı. Lakin Rusiyanın Qafqazda yeritdiyi siyasət və həmin respublikalar üzərindəki təzyiq və təsiri buna imkan vermirdi. Bu hal Türkiyə - Azərbaycan münasibətlərində də müəyyən qədər özünü göstərirdi.Rusiya isə Qafqazda Türkiyənin nüfuzunun güclənməsinin qarşısını almaq üçün vahid müqavilə bağlamağı təklif edirdi.

Nəticədə 1921-ci il mayın 7-də Cənubi Qafqaz respublikaları nümayəndələrinin iclası keçirilmişdi. İclasda S.Orconikidze, B.Leqran, M.Hüseynov və B.Şahtaxtinski iştirak etmişdi. Müzakirələr nəticəsində Türkiyə ilə keçiriləcək konfransda üç Cənubi Qafqaz respublikasının bir tərəf kimi birlikdə vahid müqavilə imzalaması barədə təklif irəli sürəcəkləri haqqında qərar qəbul edildi. Qərara görə, keçiriləcək danışıqların və imzalanacaq müqavilələrin əsasını 1921-ci il 16 mart tarixli Rusiya-Türkiyə müqaviləsi təşkil etməli idi.

Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin maddə və şərtlərini daha da konkretləşdirmək və müəyyən mənada tamamlamaq, bununla həm də onu reallaşdırmaq, yəni Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı həll olunmamış məsələləri nizama salmaq məqsədilə yeni konfrans çağırmaq lazım gəldi. Bu konfransın çağırılması ilə bağlı Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında diplomatik yazışmalar getdi və notalar mübadiləsi oldu.

Bu diplomatik yazışmalarda Azərbaycan-Türkiyə münasibətlərinin bir sıra məqamları- "rəsmi Moskvanın siyasətinin yedəyində gedən Azərbaycan rəhbərliyinin əksər hallarda Türkiyəyə arxa çevirməsi, özünün regiondakı müəyyən maraqlarını təmin etməyə çalışan Türkiyənin Azərbaycanın ərazi bütövlüyü, xüsusilə də Naxçıvan və s. ərazilərlə bağlı rahatsızlığı diqqəti cəlb edirdi”.

Uzun sürən müzakirədən sonra konfransın Qarsda keçirilməsi razılaşdırıldı. AK(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı B.Şahtaxtinski Azərbaycan SSR-in Qars konfransında nümayəndəsi təyin olundu. 26 avqust 1921-ci ildə AKP MK Siyasi Bürosu qərar çıxardı ki, Türkiyə ilə sülh müqaviləsinin imzalanması üçün ASSR-in nümayəndəsi kimi B.Şahtaxtinski göndərilsin.

Sentyabrın 21-də M.Hüseynov Türkiyə xarici işlər naziri Y.Kamal bəyə, Ermənistan xalq xarici işlər komissarı A.Mravyana teleqram vuraraq sentyabrın 26-da Qarsda Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında konfransı açmaq barədə onların istəklərinə müsbət cavab verdi və B.Şahtaxtinskinin fövqəladə səlahiyyətli nümayəndə təyin edildiyini bildirdi.

Müqavilənin hazırlanması, razılaşdırılması və imzalanması prosesində Naxçıvan bölgəsinin mənafeyini konfransda müdafiə etmək üçün Naxçıvan SSR-in XKS Tağı Səfiyevi Qarsa ezam etmişdi. Qars müqaviləsi 1921-ci il sentyabrın 26-sı ilə oktyabrın 13-ü arasında aparılan danışıqlar nəticəsində həmin gün saat 14-də imzalanmışdır. Müqavilə 20 maddə və 3 əlavədən ibarətdir.

Konfransda Türkiyə tərəfindən BMM deputatı, Şərq cəbhəsi komandanı Kazım Qarabəkir Paşa, Buldur millət vəkili Vəli bəy, ictimai işlər üzrə sabiq nazir Muxtar bəy və Türkiyənin Azərbaycandakı nümayəndəsi Məmduh Şövkət bəy, Ermənistan tərəfdən xarici işlər komissarı Askinaz Mravyan, daxili işlər komissarı Poqos Maqinzyan, Azərbaycan xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud Şahtaxtinski, Gürcüstan tərəfdən RSFSR-in Latviya respublikasındakı səlahiyyətli nümayəndəsi Yakov Qanetski iştirak edirdi.

18 gün davam edən və altı dəfə işinə fasilə verilən Qars konfransının materiallarının təhlili göstərir ki, danışıqlar çox gərgin və prinsipial şəraitdə keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişdilər. Konfransda Türkiyə yenə də onunla Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələr imzalanmasına dair mövqeyini təkrarlasa da, danışıqlarda vasitəçi rolunda iştirak edən Rusiya və əks tərəflər buna razı olmamışdılar. Kazım Qarabəkir Paşa türk diplomatiyasının mövqeyini belə əsaslandırırdı ki, Moskva sovet hökuməti Cənubi Qafqaz respublikalarının müstəqil olduqlarını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlətlər kimi ayrıca müqavilə bağlamaq istəyirik. Bu barədə bizə Kamal paşa göstəriş vermişdir.

Mübahisələrə B.Şahtaxtinski də qoşulmuş, Rusiya nümayəndəsinin mövqeyini müdafiə etdiyini bildirmişdi. B.Şahtaxtinski vahid müqavilənin bağlanmasının Cənubi Qafqaz respublikaları və Türkiyə üçün qarşılıqlı faydalı olduğunu, inqilabi zərurətin bunu tələb etdiyini söyləmişdi.

B.Şahtaxtinski bildirmişdir ki, "beynəlmiləl birlik, xalqımızın dostlaşması siyasəti bizdən tələb edir ki, Zaqafqaziya respublikaları Türkiyə dövləti ilə müqavilə bağlasınlar”. O, çıxışının sonunda demişdi: "Vahid müqavilə imzalanması Cənubi Qafqaz respublikaları üçün məqsədəuyğundur; bu respublikalar artıq iqtisadi-siyasi və hərbi cəhətdən birləşmişlər. Vahid müqavilə bizim ümumi düşmənimizə qarşı mübarizədə Türkiyə üçün də faydalıdır. .... mən Azərbaycan Respublikası adından müqavilənin vahid olmasını və bu müqavilədə hər bir respublikaya aid ayrıca fəsillərin olmamasını təklif edirəm”.

Yalnız B.Şahtaxtinskinin çıxışından sonra Kazım Qarabəkir Paşa öz fikrindən daşınmış və 30 sentyabr tarixli iclasda bir ümumi müqavilənin imzalanmasına razılıq vermişdi. B.Şahtaxtinski M.Hüseynova teleqram vuraraq konfransın işinin normal getdiyini bildirmişdi.

Qars müqaviləsinin I əlavəsində Türkiyənin şimal-şərq sərhədi Rusiya baş qərargahının xəritəsinə uyğun; II əlavədə: 1. Arpaçay zonası; 2. Araz zonası və III əlavədə isə Naxçıvan ərazisi verilmişdi. Müqavilənin I maddəsində qeyd edilir ki, Türkiyə Böyük Millət Məclisi hökuməti və Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri razılığa gələn tərəflərin ərazisinin tərkibinə daxil olan ərazilərdə əvvəllər öz suveren hüquqlarını həyata keçirən dövlətlər arasında bağlanmış yuxarıda göstərilən ərazilərə aidiyyəti olan müqavilələr ləğv olunmuş və öz qüvvəsini itirmiş hesab edirlər: bu maddə 16 mart 1921-ci ildə Moskvada bağlanmış Türkiyə-Rusiya müqaviləsinə şamil edilmir”.

İkinci maddədə isə deyilir: "Razılığa gələn tərəfləronlardan hər hansı birinə zorla qəbul etdirilən hər hansı bir sülh müqaviləsini və ya digər beynəlxalq aktı tanımağa razılaşırlar”.

Əslində Türkiyə konfransa müqavilənin onun diplomatları tərəfindən hazırlanmış layihəsini təqdim etmişdi. Cənubi Qafqaz respublikalarının Türkiyə hökumətinə verdikləri Memorandumda isə bir sıra məsələlərlə yanaşı, "sərhədlərin Ermənistanın xeyrinə bəzi düzəlişləri ilə Azərbaycan SSR nəzdində Naxçıvan Muxtar Respublikasının yaradılması”nın müzakirəsi təklif olunurdu. Bu təklif dəfələrlə B.Şahtaxtinski tərəfindən verilmiş və hələ Azərbaycan və Ermənistan nümayəndələri bu konfransadək - Tiflisdə Naxçıvan məsələsini müzakirə edərək razılığa gəlmişdilər.

Uzun sürən mübahisə və müzakirələrdən sonra 1921-ci il oktyabrın 13-də Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR hökumətləri bir tərəfdən, Türkiyə BMM hökuməti isə digər tərəfdən, RSFSR hökumətinin iştirakı ilə Qars müqaviləsi imzalandı. Müqavilənin 5-ci maddəsi və 3-cü Əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi, onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Qeyd olunan maddədə yazılırdı: "Türkiyə hökuməti ilə Ermənistan və Azərbaycan sovet hökumətləri razıdırlar ki, indiki müqavilənin III Əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”.

Qeyd etmək lazımdır ki, Moskva müqaviləsinin Naxçıvanla əlaqədar III maddəsi ilə müqayisədə, Qars müqaviləsinin V maddəsi daha dürüst və konkretdir.

"Naxçıvanın ərazisi” başlıqlı 3-cü Əlavədə bölgənin sərhədləri bu coğrafi hüdudlarda müəyyənləşdirilirdi: Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyası (o, Ermənistan Sovet Sosialist Respublikasına qalır), sonra düz xətlə Qərbi Daşburun dağını (3142) - oradan Şərqi Daşburun dağını (4108) - Cəhənnəmdərəsi çayını keçərək Bulağdan (Rövnə) cənubuna çatır, Bağırsaq (Yağırsık) dağının (6607), yaxud 6578-ci yüksəkliyin suayrıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhədlərini, oradan Şərur-Dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Gömürlüdağa (6839, yaxud 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayadağ (7868) - Qurdqulaq (Kurt Kulaq) kəndi - Həməsür dağı (8160), 8022-ci yüksəklik - Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi.

Müqaviləyə görə, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 km uzunluğunda müəyyən edilmiş, İranla sərhədi isə 176 km uzunluğunda, yəni 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi dəyişilmədən saxlanılmışdır.

Qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinə aid olan İğdır vilayətinin Aralıq-Dilucu məntəqəsi ilə Naxçıvanın Sədərək kəndi arasından keçən Araz çayı vasitəsilə sərhəd təşkil edən həmin 11 kilometrlik məsafə mühüm strateji əhəmiyyətə malik olduğu üçün XX əsrin əvvəllərində istiqlal savaşı dövründə Mustafa Kamal Atatürk tərəfindən İran hökumətindən qızıl pul ödənilməklə savaşsız olaraq alınmışdır. Bu fakt Atatürkün Azərbaycana və onu ayrılmaz parçası olan Naxçıvana, bütövlükdə türk birliyinə münasibətini parlaq şəkildə ifadə edir. Atatürkün aşağıdakı uzaqgörən sözləri də həmin münasibətləri bir daha təsdiqləyir: "Naxçıvan türk dünyasının qapısıdır. Onu qorumaq lazımdır”.

Sərhədlər müəyyən olunarkən 1868-ci ildə Qafqaz Hərbi Dairəsi tərəfindən nəşr edilmiş İrəvan quberniyasının Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarının coğrafi-geoloji xəritəsi əsas götürülmüşdür.

Qars konfransı Naxçıvanın gələcək siyasi-hüquqi statusunu müəyyənləşdirdi. B.Şahtaxtinskinin bununla bağlı elan edilən bəyanatında deyilir ki, "Naxçıvan vilayəti "Muxtar xalq sovetləri respublikaları sırasına daxil edilir və bununla yanaşı Azərbaycanın himayəsi altına keçir; gənc respublikanın özünün XKS, Azərbaycanın isə yeni dövlətdə nümayəndəsi olacaqdır”.

Müqavilənin 20-ci maddəsi Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanan bu müqavilənin təsdiq edilməli olduğunu, təsdiqnamələrin mübadiləsini tez bir müddətdə İrəvanda həyata keçirməyi nəzərdə tuturdu. Həmin maddədə yazılır: "Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanan bu Müqavilə ratifikasiya olunmalıdır. Ratifikasiya fərmanlarının mübadiləsi ən qısa bir vaxt ərzində İrəvanda olacaqdır”.

Müqavilə Azərbaycan SSR MİK tərəfindən 3 mart 1922-ci ildə, Türkiyə BMM tərəfindən 16 mart 1922-ci ildə, Ermənistan SSR MİK tərəfindən 20 mart 1922-ci ildə, Gürcüstan SSR MİK tərəfindən 14 iyun 1922-ci ildə ratifikasiya edildi. RSFSR-in iştirakı ilə ratifikasiya fərmanlarının mübadiləsi 11 sentyabr 1922-ci ildə İrəvanda keçirildi və həmin vaxtdan da qüvvəyə mindi. Qars müqaviləsinin əsas məzmunu tərəflərin bir-birlərinin suverenliklərini, ərazi toxunulmazlığını tanımaqdan, hər hansı mübahisəli məsələlərin dinc yolla həll edilməsi üçün bütün imkanlardan istifadə etmələrindən ibarətdir.
Qars müqaviləsinin bir çox bəndləri Moskva müqaviləsi ilə səsləşir. Əsas fərq isə Türkiyə ilə Ermənistan sərhədlərinin, habelə Ermənistanla Azərbaycan sərhədlərinin dəqiq müəyyənləşdirilməsindən ibarətdir. Qars müqaviləsinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu müqavilə XX əsrin Türkiyə ilə Azərbaycan üçün verdiyi çox mühüm sənəd idi. O, nəinki Türkiyə üçün böyük təhqir olan Sevr müqaviləsini iflasa uğratdı, habelə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimlədi. Qars konfransından sonra Atatürk demişdi ki, "Qars müqaviləsi ilə bizim Şərqdəki faktiki vəziyyətimiz hüquqi norma almışdır və bu müqavilə Sevr müqaviləsinin tətbiq olunmazlığını sübut edən amillərdən biridir, "erməni məsələsi” deyilən bu məsələ isə özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır”.

Beləliklə, Türkiyə dövlətinin köməyi ilə və mahir diplomat B.Şahtaxtinskinin siyasi gedişləri nəticəsində Moskva və Qars kimi beynəlxalq müqavilələrdə Naxçıvanın taleyi həll olunmuşdur.

Zaqafqaziya Diyar Komitəsinin 12 dekabr 1922-ci il tarixli qərarı ilə Naxçıvan muxtariyyət vahidi kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi elan edildi.
Bu müqavilənin əhəmiyyətindən və B.Şahtaxtinskinin rolundan danışarkən müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev qeyd etmişdir ki: "Əgər Azərbaycan Rusiya Federasiyası, Ermənistan, Gürcüstan respublikaları ilə və Türkiyə ilə 1921-ci ilin oktyabrın ayında Qars müqaviləsini imzalayıbsa və Azərbaycanın adından Behbud ağa Şahtaxtinski Qarsda bu müqaviləni imzalayıbsa, demək, o vaxt Azərbaycan Respublikası öz müqəddəratını həll etmək yolunda çox müstəqil olubdur. Biz bunu unutmamalıyıq, tariximizi qaraltmamalıyıq.

Hesab edirəm ki, Sovetlər İttifaqı dağılan zaman və Naxçıvana qarşı yenə də xəyanətkar əllər uzanan zaman biz bu müqavilələrin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu dərk edə bildik”.

Qars müqaviləsinin maddələrinin həyata keçirilməsi ilə bağlı məsələləri həll etmək üçün 1922-ci il fevralın 1-də Tiflisdə Cənubi Qafqaz (Zaqafqaziya) - Türkiyə konfransı öz işinə başladı. Konfransda Azərbaycanı B.Şahtaxtinski və Teymur Əliyev təmsil edirdilər. Onlar AK(b)P MK Rəyasət Heyətinin 1922-ci il 10 fevral tarixli iclasında təyin edilmişdilər. Konfransda üç Cənubi Qafqaz respublikası, Rusiya və Türkiyə arasında konsulluq, hüquqi yardım, poçt-teleqraf, dəmir yolu haqqında konvensiyalar bağlandı.

Beləliklə, Türkiyə dövlətinin köməyi və Behbud ağa Şahtaxtinskinin diplomatik gedişləri sayəsində Qars beynəlxalq müqaviləsi ilə Naxçıvan diyarı Azərbaycanın tərkibində muxtar ərazi kimi qəbul edildi. Bu müqavilə ilə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq-hüquqi təminat vermişlər. Naxçıvanın muxtariyyət statusu keçmiş SSRİ tərkibində son ifadəsini Azərbaycan SSR MİK-in 9 fevral 1924-cü il tarixli dekretində tapdı.

Heydər Əliyev hesab edirdi ki, "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti əldən getmiş başqa torpaqların qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanla, Azərbaycanla Türkiyənin sərhədi üçün tarixi bir hadisədir. O sərhəd 1921-ci ildə həmin Qars müqaviləsi ilə yaranıbdır. 1992-ci ildə Ümid körpüsünün yaranmasının da Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nə qədər böyük rol oynadığını artıq hamı görür”.

Bu gün tarixi saxtalaşdırmaqla məşğul olan erməni alim və siyasətbazları və tarixçiləri özləri yazırlar ki, Qars müqaviləsinin imzalanması ilə bütün müqavilələr qüvvədən düşmüş, Türkiyə qoşunları 1921-ci ilin aprelində Aleksandropol qəzasını tərk etmişdir.

Xatırladırıq ki, 1921-ci ilin noyabrında İrəvanda Qars müqaviləsinin təntənəli təqdimat mərasimi keçirilmişdir.

Son vaxtlar ermənilərin Naxçıvanla bağlı ərazi iddiaları daha da güclənib. Onlar İrəvanda Naxçıvan ermənilərinin milli şurasını (1999-cu ilin sentyabrından) yaradıblar. Şuraya Ermənistanın əslən Naxçıvandan olan tanınmış adamları daxildir. Qəbul edilmiş sənəddə bildirilir ki, indiki Naxçıvan MR-in ərazisi 1828–1840-cı illərdə Ermənistan vilayəti, 1849–1918-ci illərdə İrəvan quberniyası, 1918–1920-ci illərdə isə Ermənistan Respublikasına daxil idi. 1921-ci ildə Türkiyə və Zaqafqaziya dövlətləri arasında imzalanmış sənədə (Qars müqaviləsinə) əsasən, Naxçıvan zorla Ermənistandan ayrılmış və 1924-cü ildə Azərbaycanın tərkibində Muxtar Respublika elan edilmişdir. 1989-cu ildə ermənilər respublikadan köçmüşlər.

Sənəddə bildirilir ki, Ermənistan rəhbərliyi indiyədək vətəndən məhrum edilmiş Naxçıvan ermənilərini dəstəkləməyib, onların hüquqlarının qorunması məsələsini qaldırmayıb. Sənədin müəllifləri bildirirlər ki, yaranmış vəziyyətdə Naxçıvan erməniləri siyasi və iqtisadi hüquqlarını yaratdıqları orqan və strukturlar vasitəsilə qorumaq məcburiyyətindədirlər.

Bəyanatın müəllifləri 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin Naxçıvana aid olan bəndlərini qeyri-qanuni sayırlar. Şura respublika parlamentini Qars müqaviləsinin, Rusiya Dumasını isə Rusiya-Türkiyə (16 mart 1921-ci il) müqaviləsinin Ermənistana aid hissəsinin qüvvədən düşməsini bəyan etməyə çağırır. Şura respublika prezidenti, hökuməti və parlamentinə BMT, ATƏT və beynəlxalq hüquq-müdafiə təşkilatları ilə birlikdə 400 minə yaxın erməninin tarixi vətənə qayıtması üçün şəraitin yaradılması, habelə onlara doğma yerləri ziyarət etmək imkanının verilməsi məsələsini qaldırmağı təklif edir. Şura üzvlərinin fikrincə, bu məsələləri Azərbaycanla diplomatik əlaqələr gedişində həll etmək lazımdır.

Daha sonra Ermənistan parlamenti Rusiyanın Dövlət Duması, Türkiyənin Böyük Millət Məclisi və BMT-yə müraciət imzalayıblar. Müraciətdə Naxçıvanın "əzəli və qədim erməni torpağı” olduğu bildirilmiş "Naxçıvan problemi” həll edilməyincə Dağlıq Qarabağ münaqişəsinin də bir nəticə verməyəcəyi vurğulanmışdır.

Erməni məkrli siyasətinə tutarlı cavabı hələ vaxtilə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında fərmanında vermişdi: "Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci ilin martında imzalanmış Moskva müqaviləsində, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsində təsbit edildi. Naxçıvanın statusunun ilk beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir”.

Bütün bunlar isə Qars müqaviləsinin tarixi əhəmiyyətini artırmaqla B.Şahtaxtinski kimi mahir diplomatın nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha sübut edir.
Fizuli İbrahimzadə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

banner

Oxşar Xəbərlər