• şənbə, 20 Aprel, 14:34
  • Baku Bakı 23°C

Bədii texnika ədəbi dürüstlüyün sınağıdır

24.10.16 11:19 1877
Bədii texnika ədəbi dürüstlüyün sınağıdır
Amerikalı şair-tənqidçi, modernist hərəkatın aparıcı simalarından Ezra Paund 1885-ci ildə Hayleydə anadan olub. Homer Pundla İzabel Uestonun ailəsində dünyaya göz açan Ezranın ailəsinin həyatı anasının Haylidən köçməsi ilə dəyişir. İzabel 1887-ci ildə 18 aylıq körpəsi ilə Nyu-Yorka köçür. Onu qərarından daşındıra bilməyən Homer də ailəsinin arxasınca gəlir. Bundan sonra isə ailənin daimi köç həyatı başlayır. Bir yerdə qərar tuta bilməyən Pundların yolu 1893-cü ildə Pensilvaniyaya düşür. Digər yerlərə nisbətən burda uzun qalan ailə 1901-ci ildə Ezranın universitetə qəbul olması ilə burada kök salır. Universiteti bitirdikdən (1908) sonrakı 12 il (1908-1920) ərzində Ezra ədəbi çevrədə daimi axtarışlar axınına düşür. Paundun həyatının ən məhsuldar illəri 1924-45-ci illər hesab olunur. Eliot, Ceyms Coys, Robert Frost, Ernest Heminquey kimi ədiblərlə olduqca sıx dostluq münasibətləri olub. Müəllifin "Paris Review” jurnalının 28-ci sayında dərc olunmuş müsahibəsini təqdim edirik.
İtaliyaya qayıtdıqdan sonra Ezra Paund zamanının çoxunu Tirolda Brunnenbörq malikanəsində xanımı, qızı Mari, kürəkəni şahzadə Boris de Raçuiltz və nəvələri ilə ilə keçirir. Baxmayaraq ki, Merano yaxınlığındakı bu yerlər dağlıq ərazi olduğu üçün qışları çox sərt keçir, lakin günəşsevən Paund buralardan ayrılmır. Artıq Meranoya yola düşməyə hazırlaşan müxbir fevralın sonunda aldığı bir teleqramla bütün planları dəyişdi: "Merano donub. Romaya gəlin”.
Paund Romaya tək gəlmiş və Uqo Dadone adlı köhnə dostunun evini "zəbt etmişdi”. Martın əvvəlləri idi, istisna sayılsa da hava mülayim, ilıq idi. Paund divanın yanındakı kresloda yerini rahatlayarkən müxbir də geniş kresloya əyləşir. Otaqda Paunda aid iki çamadan və üç kitab var.
Yaşından gənc görünən bu adamı böyük papağı, sərt şəkildə yönləndirdiyi əsası, sarı şarfı, uzun şux paltosu ilə tanımaq olar. Avropanın Latın Bölgəsinin pələngi. Söhbət əsnasında gözləmədiyiniz anda insanı valeh edən mimika istedadı qabarar və gülüşləri saqqalını oynadar. Üç gün günorta saatlarında baş tutmuş müsahibədə ədib diqqətlə ətraflı danışma çalışır, yorulanda ötəri cavab verdiyi sualları səhəri gün dəyişirdi. Ezra Paund ilə "Paris Review” jurnalından Donald Halın söhbəti.
- 1916-cı ildə yazdığınız bir məktubda Andreas Divusun "Gəmiçi” ("Seafarer”) əsərindəki ritmlər üzərində özünüzü sınamaq istədiyinizi demişdiniz. Belə görünürdü ki, qitə şəklində bir şey yazmaq istəyirdiniz. "Qitələr”-ə başladınızmı?
- Hələ 1904-cü ildən başlamışdım yanılmıramsa. Əlimdə çoxlu yazı formulları var idi. Formanı alındırmaq problem idi, qərar verə bilmirdim. Lazımı material olmadan alınmayan elastik bir şeydir forma. Onun heç nəyi kənarda qoymayan forması olmalıdır, əks halda şeir yerinə oturmur.
- 30-35 ildir ki, indi əlləşdiyiniz formadan tamamilə fərqli formalar üzərində işləmisiniz. Niyə?
- Təsadüfi parıltılı titrəyişlər insanda bir fikir nüvəsi, cərəyan zonası yaradır. Bu zaman zehnimdə yarananları elə deməliyəm ki, hər şey ümumi sxemə uysun. O zamanlar bu sxem fərqli idi.
- Gənclik illərinizdə sizin poetik yaradıcılığınızda forma üzərində mərkəzləşdiyiniz qabarıq hiss olunurdu. Bütün professionallığınızı və ədəbi fədakarlığınızı şeirin yazı texnikasına yönəltmişdiniz. Sanki Paundun texnikası ilə məşhurlaşmışdınız. Son 30 ildə önümüzə gələn poetik əsərlərinizdə isə sanki maraq mərkəziniz dəyişib. Daha çox məzmuna, ideyaya önəm verirsiniz. Bu dəyişiklik prinsipial olaraq atılmış addımdır?
- Məncə, mən bütün prosesi əhatə edirəm. Bədii texnika ədəbi dürüstlüyün sınağıdır. Texniki baxımdan peşəkarlaşmamış ədəbi məhsulu dəyərli adlandırmaq olmur, sonrakı dövrlərdə isə onun dəyəri layiq olduğu qədər – aşağı olur. Bütün bunlar bir tapşırıq, məşq kimi qəbul edilməlidir. Rixterin "Harmoniya haqqında elmi tezislər” əsərində baxın nə deyilir: "Bunlar harmoniyanın, tamamlanmış işin prinsipləri və kontrapunktudur. Onların, əslində, yekundakı işlə bir əlaqəsi yoxdur, texnika və prinsiplərlə işləmək işin öz mahiyyətindən tamamilə fərqli fəaliyyətdir". Kiminsə dilə gətirdiyi ifadəni tamamilə başqa formada sənin istifadə edə bilməyəcəyin də tamamilə yanlışdır. Hə bu nə dərəcədə məsləhət bilinəndir, ümumiyyətlə, məsləhətlidirmi, bu artıq başqa məsələdir. O ki qaldı, qeyd etdiyiniz dəyişməyə. Mən bunun, ümumiyyətlə, fərqində deyiləm. Sadəcə dediyiniz zamanlarda mənim ədəbi zövqümün, bacarığımın prinsiplər və texnika ilə sınanması lazım idi. Ümumiyyətlə, ədəbi yaradıcılığımın hansısa dövrdə formadan, hansısa dövrdə texnik baxımdan geri qaldığını qəbul etmirəm. Dəyişkənlik isə həyata maraq göstərən, onun tempinə uyğunlaşan hamının keçdiyi yoldur.
- Sizcə, sərbəst şeir yalnız amerikan ədəbiyyatına xas formadır? Məsələn, məncə Uilyam Karlos Uilyam belə düşünür və hətta soruşsaq, deyərdi ki, iambiklər (biri qısa, biri uzun hecalardan ibarət şeirlər – red.) də İngilis ədəbiyyatına aiddir.
- Eliotun bu fikrini misal çəkəcəm: "Mükəmməl bir nümunə yaratmaq istəyən adam üçün heç bir forma sərbəst deyil”. Düşünürəm ki, istənilən sərbəst şeir nümunəsini belə yaradarkən insan kəmiyyət ölçüləri qorumağa cəhd edir, meyarlar olmadan alına bilməz nəsə.
- Yaradıcılığınızda ən az forma baxımından mükəmməl olanlar qədər böyük təcrübə və sınaq cəhdi olan nümunələr də var. Sizcə, şairin sahib olduğu ən böyük keyfiyyət nədir? Formallıq üstünlük təşkil edir, yoxsa düşüncə keyfiyyəti?
- Açığı hansı sifariş olunmuş kimi mənimsənilən keyfiyyətləri nəzərdə tutursunuz, bilmirəm. Amma şairdə, ədəbiyyat adamında daimi maraq olmalıdır. Bu maraq onu yaxşı yazıçı etməyəcək, amma maraq olmasa, o öləcək. Ədəbi gücün ölməməsi bu davamlı enerji axınından asılıdır. Aqassis ( Yerin təbii enerji tarixini araşdıran isveç-amerikan əsilli bioloq-geoloq alim – red.) kimi adamlar heç vaxt darıxmır, yorulmur. Daxili stimulun şüurlu dərk olunması və onun ləngidilmədən yazıya, əməyə, səsə yönəldilməsi ömürlük dövri enerjinin mənbəyidir.
- Gənclik illərinizdə ədəbi üslubunuz tez-tez dəyişirdi. Sanki məzmun baxımından harasa yapışıb qala bilmirdiniz. Şüurlu şəkildə üslubunuzun sərhədlərini genişləndirmək istəyirdiniz? Sizcə, incəsənət adamının bu daimi hərəkətə bu qədərmi ehtiyacı var?
- Məncə, rəssam mütləq daimi hərəkətdə, axtarışda olmalıdır. Sən insanlara həyatı oxuyarkən əsla sıxılmayacaqları, dönə-dönə oxumaq istəyəcəkləri yollarla göstərməyə çalışırsan, gördüyünün sözlərlə şəklini çəkirsən, sizcə, eyni yoldan gedərək, fərqli üslublar yaratmaq olarmı...
- Hər zaman gənclərə verdiyiniz məsləhətlərlə tanınmısınız. Onlara məsləhət gördüyünüz xüsusi bir məsələ varmı?
- Maraq dairələrini inkişaf etdirsinlər və əsla təqlidə, saxtalığa üz tutmasınlar. Amma məsələ ədəbiyyatdırsa, bu tək başına kifayət deyil. Xüsusi diqqət edilməli çox şey var. Pensilvaniya Universitetində oxuyan tələbələr bu fikri motto (şüar – red.) kimi qəbul edirlər: "Yalnız məzlum səfehlərin spontan olmaq haqqı var”.
- Bir dəfə yazmısınız ki, Tomas Hardi, Uilyam Butler Yits, Ford Madoks Ford və Robert Brics kimi şairlərin ədəbi həyatlarından əlinizdə işəyarar rituallar var. Nə kimi rituallar idi?
- Ən sadəsi Bricsinkidir. Bricsin yaradıcılığı homofonlara (eynisəsli sözlərin yan-yana gəlməsi – red) düşməndir. Hardi üslubdan, tərzdən çox mövzu üzərində mərkəzləşirdi, hətta mövzuya onun qədər əhəmiyyət verən ikinci bir çağdaşı olmayıb. Ford dilin yenilənməsi prosesinin özü idi. Onun hər yeni yazısında əvvəl heç rast gəlmədiyimiz bir ifadə, bir təsvir olur. Gəldik Yitsə. Yits 1908-ci ildən olduqca sadə lirik nümunələr yazıb, heç birində sözlərin təbii sıralanmasından uzaqlaşmayıb.
-1913-14-cü illərdə Yitsin katibi işləmisiniz. Onun xidmətində nə kimi işlər görürdünüz?
- Adətən yüksək səslə qiraət edirdim onunçün. "Britaniyada gün batımı” kimi əsərləri oxuyurdum. Onun öz yaradıcılığındakı qarşıdurmalar səbəbsiz deyildi. İrlandlar ziddiyyəti sevirlər. Gülməli də görünsə, 45 yaşında özünümüdafiə öyrənirdi. Üzünü folqa ilə təmizlətdirərdi, balina dərisi kimi olardı. Hərdən elə davranırdı, məndən də idiot kimi görünürdü.
- Avropaya gəlməzdən əvvəlki dövrdə, həyatınızın Amerikadakı illərində nə kimi ədəbi fəaliyyətlə məşğul olduğunuz haqqında danışaq. Amerikaya nə zaman gəldiniz?
- 1898-ci ildə, 12 yaşımda, xalamla.
- Onda artıq fransız poeziyasını oxuyurdunuz?
- Yox, onda hələ amerikan ədəbiyyatı ilə kifayətlənirdim. Ora gedəndən bir il sonra latın dilini öyrənməyə başladım.
- Necə şair oldunuz?
- Babam regional bank prezidentinin katibi idi. Nənəm isə uzaqda qalan qardaşları ilə yazışa-yazışa oxuyub-yazmağı öyrənmiş, böyük ədəbi zövq formalaşdırmışdı. O dövr üçün oxuyub-yazan adamlarla əhatə olunmaq böyük fürsət idi.
- Universitet bilikləriniz sizə şair kimi necəsə kömək etdi? Deyəsən, 7-8 illik tələbəlik həyatınız olub.
- Altı illik. Altı il dörd aylıq. Bütün günü yazırdım, xüsusilə də buraxılış ilində. İlk ilimdə tamamilə ağ vərəq idim. Məni kollecə də sırf latın dilini bildiyim üçün qəbul etmişdilər. Bir də artıq 15 yaşımda yaxşı araşdırma mexanizmi formalaşdırmışdım. Sanki beynim kimin nə zaman harada nə etdiyini araşdırıb, tapmağa, analoji halları birləşdirib, nəticə əldə etməyə istiqamətlənmişdi.
- Sizinlə eyni illərdə oxuyanlar Amerika Universitetlərində müəllimdirlər. Sizcə, müəllimliklə yazarlıq arasında bir əlaqə varmı? Və ya yazarlıq öyrədilə bilərmi?
- Burda sadəcə iqtisadi faktorlar var. Adam necəsə yaşayışını təmin etməlidir.
- Deyəsən haradasa oxumuşdum ki, bir dəfə roman yazmağa cəhd etmisiniz. Onu hardasa saxlayırsınız?
- Xoşbəxtlikdən Lanqamdakı evdə yandı. Əslində, iki dəfə cəhd etmişəm. İkincidən sonra başa düşdüm ki, roman nədir, necə olmalıdır. Sonra bir də cəhd etmədim.
- 20-30 il İngiltərənin aparıcı şairləri, dövrün məşhur rəssamları, heykəltəraşları, bəstəkarları ilə yaradıcı münasibətləriniz olub.Bu adamlardan kimlər incəsənət əhli kimi sizə daha çox stimul verib.
- Bu cəhəti ən çox Fordda və Qodierdə görürdüm. Onlarla tanışlıqda haqqında yazdığım adamların əslində nə qədər əhəmiyyətli olduğunu daha dərindən anladım. Mənim yaradıcılığım xüsusi intellektual insanların xüsusi keyfiyyətləri üzərində mərkəzləşməklə məhdudlaşırdı. Lakin ətrafımdakı dostların o qədər təsvir ediləsi keyfiyyətləri var idi ki, bunu görməzdən gəlmişdim.
- Ceyms (Ceyms Coys) necə? O, Londonun intelligent təbəqəsi arasında xüsusi hesab oluna bilərdimi sizin üçün?
- Ahhh. O vəfat edəndə mənə elə gəldi ki, artıq dünyada nəsə haqqında sual veriləcək heç kim qalmadı. Onu tanıyan hamının içində sözün əsl mənasında yeni bir şəxsiyyət tanımaq, yeni bir şey kəşf etmək hissi olurdu. 65 yaşımda başa düşdüm ki, mən onu tanıyanda özümü ondan daha yaşlıymış kimi hiss edirmişəm.
Tərcümə etdi: Elcan Salmanqızı
"Paris Review” jurnalından
banner

Oxşar Xəbərlər