Bədii tərcümə - problem nədədir?
"Bədii tərcümə – ədəbi yaradıcılıq
növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir. Bədii tərcümə başqa tərcümələrdən
orijinal bədii yaradıcılıqla bilavasitə bağlılığı ilə seçilir. Bədii tərcümədə
söz estetik mahiyyət kəsb edir. Buna görə də bədii tərcümə problemləri bədii
yaradıcılığın spesifik qanunlarına daxildir. Bədii tərcümə orijinal
yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir. Bədii tərcümənin
tarixi hər ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsidir. Bütün xalqların qədim
yazılı abidələrində tərcüməçilik fəaliyyəti nəzərə çarpır”. Ədəbiyyat nəzəriyyəsində,
ədəbiyyatşünaslıqda bədii tərcümənin izahı ilə bağlı yer alan bu fikirlər bədii
ədəbiyyat sahəsində onun əhəmiyyətliliyini ortaya qoyur. Ana dilimizin
saflığının qorunması və zənginləşdirilməsi istiqamətində bədii tərcümələrin də
böyük rolunun olması qeyd edilir. Mütəxəssislər isə bu sahədə problemlərin
olduğunu qeyd edirlər. Bəzi əsərlərin tərcüməsində peşəkarlığın olmamağı, həvəskar
tərcüməçilərin çoxalması, mexaniki və ya sətri tərcümələrə yer verilməsi, tərcümə
üçün əsərin düzgün seçilməməsi və s. ki, amillər var. Peşəkar tərcüməçilərin
yetişməsi isə necə deyərlər 3-5 günün işi deyil.
"Müzakirə”mizdə bədii tərcümə sahəsində
bəzi problemlərə aydınlıq gətirməyə çalışdıq.
Tərcüməçilik estetikadır
Ədəbiyyatşünas Rüstəm Kamal son illər ölkəmizdə bədii tərcümə sahəsində müəyyən
irəliləyişlərin olduğunu bildirir. Belə ki, Tərcümə Mərkəzi yaradılıb, xarici
ölkələrin görkəmli nümayəndələrinin əsərləri dilimizə tərcümə olunur və s. Eləcə
də, həvəskar tərcüməçilərin etdiyi əsərlər az deyil: "Artıq bizdə tərcüməçilər
dəstəsi var. Peşəkar tərcüməçilərin sinfi yaranıb. Ölkə yaxşı tərcüməçilərini də
tanıya bilir. Tərcüməçilik özü də yaradıcılıq hadisəsidir. Ona görə də biz tərcüməçiliyə
bədii yaradıcılığın bir növü kimi baxırıq. Tərcümə olunmuş mətinlərə, əsərlərə
də çox diqqətliyik”. Ədəbiyyatşünasın sözlərinə görə, Azərbaycan cəmiyyəti ana
dilinə tərcümə olunmuş əsərlərə biganə deyil: "Bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm.
Bizdə son zamanlar sistemli şəkildə tərcümə edənlər də var. Prezidentin sərəncamı
ilə dünya ədəbiyyatının, Nobel mükafatçılarının əsərlərini tərcümə edənlər var.
Təbii ki, bu, çox önəmli hadisədir. 70 ildə tərcümə olunmayan əsərlər son 10
ildə tərcümə olunub”. R.Kamalın fikrincə, redaktorluq institutu zəifdir:
"Sistemli tərcümələr ətrafında bir neçə savadlı redaktorlar yetişdi. Təəssüf
ki, onlar bir mərkəzdən fəaliyyət göstərmirlər, pərakəndə haldadırlar. Bədii tərcümələr
arasında peşəkar olanlara və olmayanlara rast gəlinir. Xüsusilə də bəzi cavan
xanımlar, ədəbi dilin ruhunu hiss etməyən naşı tərcüməçilər var. Hərdən məşhur bir yazıçının adını eşidib
kitabı alıram. Onu öz dilimizdə oxumaq istəyirəm. Ancaq tərcümə məni o əsəri
oxumaqdan uzaqlaşdırır. Ona görə də əsəri elə tərcümədə oxumaqdansa,
orijinaldan oxumağa üstünlük verirəm”. Ədəbiyyatşünas peşəkar tərcüməçilərimizin
olduğunu da istisna etmir: "Bir neçə tərcüməçimizin qələminə də bələdəm. Tərcüməçilik
həm də estetik hadisədir. Dilin estetikasıdır. Tərcüməçilər mütləq bunu nəzərə
almalıdır”. Ədəbiyyatşünas tərcümə sahəsində, xüsusən televiziyada filmlərin
dublyajının ürəkaçan olmadığını da qeyd edir: "Yanlış tərcümələr verilir.
Aktyorlar tərəfindən tərcümələr bəzən bizim ana dilimizdə o qədər pis səslənir
ki, tamaşaçı onu başqa dildə seyr etməyə daha çox üstünlük verir. Tərcümə
işinin səs estetikasına da baxılmalıdır. Tərcümə yalnız vizual hadisə deyil.
Aktyorlar bu tərcümələrə xüsusi fikir verməlidirlər”.
Tərcüməçilər ixtisaslaşmalıdırlar
"Tərcümə
elə bir yaradıcılıq sahəsidir, orada sadəcə, bir dildən başqa dilə sözləri
mexaniki çevirmək, sətri tərcümə kifayət
etmir” deyən tənqidçi Əsəd Cahangir hesab edir ki, tərcüməçi istedad sahibi
olmalıdır. Belə ki, o, çevirdiyi əsəri öz dilində yenidən yazmalıdır: "Çox
zaman bu tələblər Azərbaycan dilinə edilən tərcümələrdə özünü doğrultmur.
Xüsusilə də müstəqillik dönəmində edilən tərcümələr o qədər də ürəkaçan deyil.
Mexaniki və sətri tərcümələr edilir. Bəzən görürsən ki, kompüter
texnologiyasının verdiyi imkanlardan istifadə edib texniki tərcümələr edirlər.
Bu da çox əcaib cümlələrin, qeyri-məntiqi mətnin meydana gəlməsinə səbəb olur.
Mətnin həqiqi gözəlliyi bu tərcümədə itib-batır və estetik təsir gücünü itirir.
Oxucu belə tərcümələri axıra qədər oxuya bilmir”. Yaxşı tərcümə olunmuş əsərlərin
də olduğunu bildirən tənqidçi, poeziyada
Ramiz Rövşənin tərcümələrini yüksək qiymətləndirir: "Gənc tərcüməçilərdən Rövşən
Ramizoğlunun, Yaşar Əliyevin tərcümələri məni qane edir. Əlisə Nicatın
filosoflardan etdiyi tərcümələr oxunaqlıdır. Nəriman Əbdürrəhmanlının, Vilayət
Quliyevin etdiyi tərcümələri bəyənirəm. Bunlar ümumi bir tərcümə sisteminin
içində çoxluq təşkil etmirlər. Tərcümədə qrammatikanın, sintaksisin qaydaları
çox zaman pozulur. Mətn bütövlükdə alınmır, cümlələrin daxili rabitəsi itir. Tərcüməçi
mətni tam duymur, onu mexaniki şəkildə tərcümə edir. Bu da ona gətirib çıxarır
ki, tərcümə oxunmur. Kəmiyyət göstəricisi olaraq qalır”. Ə.Cahangirin sözlərinə
görə, sovet dövründə tərcümənin öz ənənəsi və sistemi olub: "Təbii ki, bu
sistem dağılıb. Yenisi tam formalaşmayıb, görünür, bu, həm də keçid dövrü ilə
bağlıdır. Ümid edirik ki, yaxın gələcəkdə bədii tərcüməçilərlə bağlı olan ciddi
problemlər həllini tapacaq”. Bədii tərcüməçiliyi inkişaf etdirməyin yollarından
danışan tənqidçi hesab edir ki, bunun üçün səlis tərcüməçilər yetişdirilməlidir:
"Tərcüməçilər lap orta məktəb və universitet illərindən müəyyən bir dili öyrənməlidirlər.
Özlərini gələcəyin tərcüməçisi kimi uşaq yaşlarından hazırlamalıdırlar. Bundan
sonra müəyyən yaşa çatdıqdan, ali təhsil aldıqdan sonra xarici ölkələrə xüsusi
tərcümə kurslarına göndərilməlidirlər. Dünya bədii tərcümə ənənələrini, mədəniyyət
və qaydalarını mənimsəyərək, tərcümə etdikləri dilin daşıyıcısı olan xalqın içərisində
yaşayaraq, onun ədəbiyyatını, dilini, mədəniyyətini mənimsəyərək vətənə
qayıtmalıdırlar. Yalnız bundan sonra xarici əsərləri bizim dilə çevirə bilərlər.
Tərcüməçilər ixtisaslaşmalıdırlar. Yalnız belə olan halda, gələcəkdə bədii tərcümənin
kütləvi surətdə uğurundan danışmaq mümkün olacaq. Yoxsa həvəskar səviyyədə
yazılan tərcümələr, xüsusilə də fəlsəfədən edilən tərcümələri tamamilə qeyri-məqbul
hesab edirəm. Onları oxumaqdansa, bildiyiniz hər hansı xarici dildə həmin müəlliflərin
əsərlərini oxumağı tövsiyə edirəm. Bu, daha yaxşı effekt verər”.
Bir nəfərin öhdəsinə buraxmaq lazım deyil
Yazar Mirmehdi Ağaoğlu bədii tərcümə sahəsində peşəkar tərcüməçilərin az
olduğunu deyir. Belə ki, bizdə əsas tərcümələr rus və türk dilindən aparılır,
orijinaldan birbaşa tərcümələr çox azdır: Ümumiyyətlə, peşəkar tərcüməçilər
azdır. Rus dilindən və türk dilindən edilən tərcümələr barmaqla sayılacaq qədərdir.
Tərcüməçilərə də çox barmaqarası baxılır. Onlara münasibət də çox zəifdir. Yəni
laqeyd yanaşırlar. Bu kimi məsələlər də sonradan tərcüməyə təsir göstərir”.
Yazarın fikrincə, tərcüməçilərə daha diqqətlə yanaşılıb, onlara verilən qonorar
çoxalsa, bu, tərcüməçilərin məsuliyyətinə təsir göstərər və işlərinə daha ciddi
yanaşarlar: "Ümumilikdə yanaşanda, bəzi əsərləri bir nəfərin öhdəsinə buraxmaq
lazım deyil. Tərcüməçi əsəri çevirib bitirdikdən sonra redaksiya heyəti çapa
gedənə qədər onu nəzarətdən keçməlidir. Elə nəşriyyat da çapdan əvvəl əsəri
oxumalıdır. Bu, daha peşəkar və mükəmməl əsərlərin ortaya çıxmasına səbəb olar.
Bizdə dünya ədəbiyyatında özünəməxsus yer tutmuş böyük əsərlər yalnız bir şəxsin
əlindən çıxır. Təbii ki, onun da gözündən nələrsə qaçır. Nəticədə hər hansı
qüsurlar olur. Əgər bunu ikinci bir adam oxusa, təbii ki, həmin qüsurları tuta
bilər. Nəşriyyat onu oxumadan, ikinci bir şəxsə redaktə etməyə vermədən, necə gəldi
çapa verdiyi üçün bu cür problemlər yaranır. Təklif edərdim ki, belə ciddi əsərləri
bir adam tərcümə etməsin. Biri tərcümə edirsə, bir neçə nəfərin də ona baxışı
olsun. Redaktədə iştirak etsinlər ki, əsər kamil şəkildə ortaya çıxsın. Biz
kiçik ölkəyik. Bizdə hansı əsər tərcümə olunsa da, bu, bir nəfərin tərcüməsi
olacaq. Çalışmaq lazımdır ki, bu tərcümələrə bir nəfərin əməyinin məhsulu kimi
yox, kollektiv əməyi kimi baxaq ki, daha dəyərli məhsullar ortaya çıxsın və gələcək
nəsillər də bundan yararlana bilsin”. Tərcümə olunan əsərlərin seçiminə gəlincə,
M.Ağaoğlu hesab edir ki, bu məsələdə müəyyən maraqlar var. Eləcə də əsəri çap
edən nəşriyyatın marağı və dünyagörüşü də böyük rol oynayır: "Seçimlər pərakəndədir,
amma dövlət səviyyəsində də bəzi tərcümələr həyata keçirilir. Məsələn, Nobel
mükafatı alan, dünya ədəbiyyatında əsas yer tutan əsərlər üzərində tərcümə
prosesi gedir. Bu cur ciddi tərcümələrin Azərbaycan dilinə tərcümə olunması
vacibdir. Belə əsərləri təsadüfi adamların öhdəsinə buraxmaq lazım deyil.
Yaxşısı budur ki, dövlət özü bu tip əsərlərin tərcüməsinin marağında olsun. Azərbaycan
kiçik ölkədir. Burda kitab biznesi Amerikanın bazar qaydaları ilə inkişaf edə
bilməyəcək. Ona görə də bu cür ciddi əsərlərin tərcüməsi üçün dövlət özü maraq
göstərməli və onların tərcüməsinə diqqət yetirməlidir. Bu, bədii tərcümə işi
üçün də faydalı olar”.
Təranə Məhərrəmova