• cümə, 29 Mart, 11:49
  • Baku Bakı 5°C

Bədii motivlərin funksionalliği

10.06.20 15:15 1618
Bədii motivlərin funksionalliği
Rəngkar Azər Əliyevin mənzərə janrında axtarışları
Müasir Azərbaycan təsviri sənətində müəyyən janra davamlı müraciəti ilə onun estetikasını zənginləşdirməyə nail olanlar arasında rəngkar Azər Əliyevin adı hörmətlə çəkilir. Bunu onun əsasən müstəqillik dövrünə təsadüf edən yaradıcılığında geniş yer tutan çoxsaylı mənzərələrin bənzərsizliyi də təsdiqləyir. Rəssamın belə əsərləri ilə 2018-ci ildə məşhur Luvr muzeyində təşkil olunan "Art Shopping” beynəlxalq müasir sənət sərgisində tanış olmağa imkan tapan ən tələbkar seyrçilərin onları XXI əsr Azərbaycan rəngkarlığının yaddaqalan uğuru kimi dəyərləndirmələri də, bu mənzərələrdə bu vaxta qədər müşahidə olunmayan özünəməxsus estetikanın təzahürü ilə bağlı olmuşdur.
Bu yerdə əlavə edək ki, Azər Əliyevin mənzərə janrının "estetik xəritəsi”ni genişləndirdiyi qabarıq duyulan həmin işlərə dünyanın bir çox yerlərində onun da qatıldığı beynəlxalq simpoziumlarda da duyulası maraq ifadə olunmuşdur. Bu mənada onun ərsəyə gətirdiyi mənzərələrin bir çox muzey və şəxsi kolleksiyalarda yer almasını da təbii saymaq olar...
Qeyd etmək lazımdır ki, onun təsvir obyektlərinə fərdi və fərqli yanaşmanın nəticələri olan mənzərələrində motivlərin funksionallığının qabardılması yüksək sənətkarlıqla ifadə olunduğundan, onlar çox uğurlu kompozisiya nümunələri kimi yadda qalırlar. Başqa sözlə desək, Azər Əliyevin əsərlərində dünyamız heç də çoxların düşündüyü kimi dəyişib, real görkəmini itirməyib. Sadəcə, görünənlərə ənənəvilikdən uzaq - özünəməxsus bədii-yaradıcı münasibət göstərilib. Odur ki, tablolarda gördüklərimiz fərqli – obyektə bu vaxta qədər nəzər yetirilməyən yeni bir baxışın nəticələri kimi qəbul olunurlar...
Etiraf edək ki, çoxlarına ilk baxışda sadə görünən mənzərə janrının bədii tutumuna nələrinsə əlavə olunması heç şübhəsiz, ona müraciətlərin davamlı və dərin müşahidələrdən qaynaqlanan estetikanın üzə çıxarılmasından, bu bədii yanaşmanın duyğulandırıcılıqdan və düşündürücülükdən keçməsindən başlanır. Bununla belə deyək ki, təsviri sənətin bütün janrları bəlkə də kifayət qədər qədim tarixə və zəngin bədii ənənələrə malik olduqlarından onların hər birinin bədii tutumunda çağdaş durumda hansısa yenilik etmək, doğrudan da, çox çətindir.
Ancaq bu janrların hər birinin bədii evolyusiya tarixinə nəzər yetirsək, onda onlarda baş vermiş dəyişiklikləri görmək mümkündür. Əgər bu vurğuladıqlarımızı mənzərə janrının inkişafına aid etməli olsaq, onda göz önünə təbiətə real-klassik yanaşmanı, "barbizonçu” müşahidələrini, impressionist təəssüratları və ən nəhayət, mücərrəd bədii şərhləri gətirməyə məcburuq. Heç şübhəsiz əhatəli bir dövrün bədii hadisələrinin nəticələri olan bu əvəzləmələr - yeni üslub və cərəyanların yaranması özündən əvvəlkilərin inkarından çox, yaradıcıların müxtəlif nəsillərinin təbiətə fərqli münasibət göstərmək cəhdlərinin görüntüsü olmuşdur.
Bu mənada Azərbaycan təsviri sənəti XIX əsrin sonlarından başlayaraq bütün XX yüzillik boyu geniş mənada Avropa bədii ənənələrinə yaxınlaşdığını sərgiləsə də, hələ ki, cərəyan və üslub bolluğundan uzaq idi. Başqa sözlə desək, şairə-rəssam Xurşudbanu Natəvandan başlayaraq Əli bəy Hüseynzadə və ən nəhayət, Bəhruz bəy Kəngərli də miniatür üslubu ənənələrini müasirləşdirməyə, ona daha çox realist-gerçəkçi bədii tutum verməyə yönəli olan Azərbaycan incəsənətində özünəməxsusluğu ilə seçilən mənzərələr yaratmaq arzusunda idilər. Baxmayaraq ki, onların arasında Bəhruz bəyin əsərləri bədii şərhinə görə duyulası dərəcədə fərqlənirdi. Bu janra ötən əsrin əllinci illərindən başlayaraq davamlı şəkildə münasibət bildirən Səttar Bəhlulzadə isə, təbiətə qeyri-adi dərəcədə vurğunluğu ilə son nəticədə mənzərəni yalnız gözəllik qaynağı olmaq çərçivəsindən çıxardı, ona bir qədər gözlənilməz - başqa janrlar kimi düşündürücülük-fəlsəfi tutum verə bildi. Çoxlarının zamanında duya bilmədiyi bu bədii-estetik məziyyəti böyük mənzərə ustasının yoxluğundan sonra, onun əqidə dostu Fərhad Xəlilov da öz əsərlərinin başlıca məziyyətinə çevirə bildi.
Bu gün isə həmin başlanğıcın layiqli davamçılarından biri Azər Əliyevdir, desək, yanılmarıq. Onun müstəqillik illərində yaratdığı "fəlsəfi mənzərə”lər sözün əsl mənasında milli təsviri sənətimizdə ənənə və müasirliyi özündə yaşadan gözəl sənət nümunələridir...
Öncədən deyək ki, Azər Əliyevin görüntüyə gətirdiyi və çox vaxt da qəribə ecazkarlığı ilə seçilən təbiət motivləri heç də rəssam təxəyyülünün məhsulu olmayıb, bilavasitə reallıqdan götürülüblər. Onların demək olar ki, hamısı rəssamın doğma Azərbaycanın müxtəlif guşələrinə səyahətlərinin nəticəsidir. Bununla belə onların arasında Abşeron, Şamaxı, Quba, İsmayıllı və Qəbələ motivləri tanınandırlar.
Qənaətimizcə, rəssamın böyük məhəbbətlə çəkdiyi bu mənzərələri adilikdən çıxaran və seyrçi üçün cəlbedici edən əsas xüsusiyyət onlarda çoxlarına adi görünən təbiət motivlərinə gözlənilməz, bəzi hallarda isə qeyri-adi baxışların mövcudluğudur. Hiss olunur ki, Azər Əliyevin gerçəkliyə baxışlarının kökündə onun gördüklərini heyrətə çevirmək bacarığı və təbiətə sonsuz vurğunluğu durur. Elə bu səbəbdən başqaları üçün bəlkə də adi görünən mənzərələr onun əsərlərində bütün mənalarda fərqli bədii-fəlsəfi tutum alır. Odur ki, rəssamın əsərlərində reallıqla irreallığın qovşağında təqdim etdiyi mənzərələr də inandırıcı və duyğulandırıcı qəbul olunurlar. Bu mənada onun son müxtəlif illərdə yaratdığı "Qırmızı mənzərə”, "Ritmlər”, "Ucalıq”, "Günəşli gün”, "Müjdə”, "Abşeronda”, "Həsrətlilər”, "Kənd motivi. Gözləmə”, "Payız” "Mavilik”, "Şahdağ” və s. əsərlərin adını çəkmək olar.
Doğrudan da, müəllifin ağacları və evləri duyulası sevgi ilə mavi yerliyə səpələməsi ("Ritmlər”), budanmış ağaclarda şanapipiyin müjdə gözləməsi ("Müjdə”), suya həsrətli qayıqların sahil boyu düzülməsi ("Həsrətlilər”), sinəsinə sıxdığı əllərini nigarançılıq göstəricisinə kökləməsi ("Kənd motivi. Gözləmə”), azman ağacın payız donunu qürur qaynağına çevirməsi ("Ucalıq”) rəssam təfsirində həm rənglərin oyunundan yaranmış gözəllik qaynağıdır, həm də arifanə baxışda fəlsəfi tutumlu olmaqla, düşündürücüdür...
Yuxarıda adlarını çəkdiyimiz mənzərələr motiv baxımından kifayət qədər rəngarəngdirlər. Çox vaxt gerçəklikdə onların oxşarına, hansısa yerlərlə anım yaradan məqamlara rast gəlinsə də, Azər Əliyevin həmin məkanlara kifayət qədər obrazlı tutum verdiyi də görünəndir. Başqa sözlə desək, çoxlarının gözündə ənənəviləşən yerlər müəllifin tətbiq etdiyi "bədii yalan” və şişirtmə sayəsində yeni görkəm almışdır. Amma müəllifin bu bədii üsulların ifadə gücünə qatdığı "yalan”ların həddi inandırıcılıq çərçivəsini aşmadığından, gözümüz önündə canlanan təbiət motivləri cəlbedici, çox vaxt isə duyğulandırıcı qəbul olunurlar.
Azər Əliyev rəngin təsir gücünə inanan və bir qayda olaraq ondan bütün tablolarında geniş istifadə edən yaradıcılardandır. Qədim miniatür üslubu estetikasından yaradıcılıqla faydalanan rəssam, təzadlı rənglərin harmoniyasının təsirliliyinə müasirlik ruhu qatmaqla, motivlərin funksionallığını tamaşaçıya çatdıra bilmişdir. Əlavə edək ki, onun hər bir kompozisiyasında fərqli rakursları bir araya gətirməklə, onların bütövlüyünə nail olması da klassik ənənəyə özünəməxsus münasibətinin nəticəsidir. Odur ki, belə əsərlər zamansızlığa qovuşmuş kimi ən ciddi və möhtəşəm sənət ekspozisiyalarında tamaşaçı diqqətini cəlb etməkdədir...
Sonda tanışlıq üçün deyək ki, Azər Əliyev ixtisas təhsilini əvvəlcə məşhur "Əzimzadə məktəbi”ndə (1984-1988), sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1992-1997) alıb. Əsərləri Almaniya, Türkiyə, Rusiya və s. ölkələrdə təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə göstərilib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent vəzifəsində çalışır...

Ziyadxan Əliyev




















banner

Oxşar Xəbərlər