• cümə, 19 Aprel, 08:15
  • Baku Bakı 13°C

Bədii əsərlər satışa çıxarılanda...

24.06.19 15:00 3714
Bədii  əsərlər  satışa  çıxarılanda...
Ötən həftə paytaxtımızın nüfuzlu mədəniyyət ocaqlarından sayılan "Baku Cristall Hall”da açılan Azərbaycan rəssamlarının respublika satış-sərgisini ölkəmizin bəşəri müstəqillik dəyərlərindən səmərəli istifadəsinin daha bir nümunəsi hesab etmək olar. Bura keçən ay Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionunun keçirildiyini də əlavə etsək, deyə bilərik ki, sovet dönəmində baş tutması qeyri-mümkün olan bu hərracla yanaşı, təsviri sənət ustalarının haqqında söz açmaq istədiyimiz ilk satış-sərgisi də mədəni məkanımızın müstəqillik dövrü tarixini şərəfləndirən hadisəyə çevrilmişdir.
Bu iki mədəni tədbiri dəyərləndirmək üçün istər-istəməz respublika təsviri sənət ustalarımızın sovet dönəmindən sonrakı durumuna ekskurs etməyə məcburuq. Etiraf etmək lazımdır ki, SSRİ adlı dövlətin incəsənəti nə qədər ideologiyaya bağlı olsa da, həmin dövrdə rəssam və heykəltəraşların onların yaradıcılıq axtarışlarını genişləndirməyə imkan verən maddi durumu normal olmuşdur. Bunu şərtləndirən başlıca səbəb, heç şübhəsiz, ölkədə istisnasız olaraq bütün təşkilatlara ideoloji təbliğatı təşkil etmək və müəssisələrin tərtibatını gücləndirmək məqsədilə maliyyə vəsaiti ayrılması idi. Xatırladaq ki, əgər bu vəsait il ərzində xərclənməsəydi, onda bu pul itirilmiş hesab olunurdu. Odur ki, heç kim hökumət tərəfindən rəsmi şəkildə ayrılmış bu vəsaiti itirmək istəmirdi. Bu səbəbdən də rəssam və heykəltəraşlar il boyu müxtəlif məzmunlu həmin sifarişləri yerinə yetirir, külli miqdarda qonorar alır, ailə və yaradıcılıq qayğılarını müsbət həll edirdilər. Bu prosesdə demək olar ki, respublikanın bəziləri istisna olmaqla, əksər sənətkarları iştirak edirdilər. Odur ki, sovet dönəmində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Bədii-İstehsalat Fondunun üzvləri olan yaradıcılarımız maddi sıxıntılardan uzaq idilər. Müstəqillik əldə olunandan sonra onlara olan münasibət-qayğı əvvəlki formasını itirdi. Böyük heykəllərin hazırlanması istisna olmaqla, Bədii Fond sifarişlərdən məhrum oldu. İndi maddi dəstək almaq üçün yeganə ümid yeri Mədəniyyət Nazirliyi idi. Sovet dönəmində bu quruma o qədər də ehtiyacı olmayan rəssamlar, məcburiyyət qarşısında qalıb ora müraciət etməli oldular. Amma oranın da imkanları nəhayətsiz deyildi.
...həm auksionun, həm də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan I respublika satış-sərgisinin Bakıda təşkilini yaradıcı insanlara birbaşa qayğının göstəricisi saymaq olar. Çünki, bir qədər gecikmiş keçirilsə də, yalnız bu cür tədbirlərlə dünyada milli incəsənətimizi Azərbaycanın "tanınma nişanı”na çevirməyi bacaran rəssamlara kömək etmək olardı. Ötən il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin əsərlərinin auksionu təşkil olunanda, hamı bunun daha böyük miqyasda keçirilməsini arzulamışdı. Ona görə də "Hilton Bakı” hotelində keçirilən sonrakı və daha nüfuzlu hərracı yalnız alqışlamaq olar. Hər halda bu başlanğıcdır və onun davam etdirilməsi, təkcə hazırda yaşayan rəssamlara yox, həm həmin əsərləri evlərində qoruyan kolleksiyaçılara böyük yardım olardı...
Rəssamlarımızın I Respublika satış sərgisi isə yuxarıda qeyd etdiyimiz kimi məşhur bir məkanda – "Baku Cristal Hall” salonunda təşkil olunub. İyunun 14-də açılan bu sənət yarmarkası iyulun 2-nə kimi davam edəcəkdir. Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Ə.Qarayev və Azərbaycan Rəssamlar İttifaqının sədri F.Xəlilov satış-sərginin rəssam və heykəltəraşların həyatında yaddaqalan rol oynayacağını vurğuladılar. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru və nazirliyin bölmə müdiri Q.Qasımov isə mədəni məkanımız üçün yeni olan tədbirin yaranma səbəblərindən söz açdı. O, bildirdi ki, satış-sərgisinin keçirilməsi təklifini qocaman fırça ustası T.Salahov irəli sürmüşdür. Bu il martın 1-də dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tanınmış mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə o, belə bir sərginin keçirilməsini təklif etmişdi. Bu təklif dövlət başçısı tərəfindən rəğbətlə qarşılanmış və qısa bir müddət ərzində onun əlaqədar qurumlar tərəfindən reallaşması baş tutmuşdur...
Yeri gəlmişkən deyək ki, əgər satış-sərgisində nümayiş etdirilən əsərlər arzulanan kimi öz alıcısını tapa bilsə, elə təkliflə çıxış edən T.Salahov respublikanın ən çox qazanan rəssamı olacaqdır. Belə ki, onun ekspozisiyaya daxil edilmiş iki əsərinin hər birinə 400 000 ABŞ dolları qiymət qoyulmuşdur. Əlavə edək ki, burada 200-ə qədər rəssamın 300-dən çox əsəri nümayiş olunur. Burada rəssamlarımızın ən müxtəlif təbəqələrinin nümayəndələri təmsil olunmuşlar. S.Məmmədov, S.Mirzəzadə, A.İbrahimov, A.Hüseynov, C.Hüseynov, X.Əhmədov, O.Hüseynov, M.Zeynalov, R.Muradov, Y.Haqverdiyeva, M.Abdullayev, İ.Məmmədov, E.Sərxanoğlu, N.Fərəcullazadə, N.Dadaşov, A.Əsgərov, A.Əliyev, Z.Mehdiyev, H.Məmmədov, Ə.Əsgərov, S.Quliyev, E.Babazadə, R.Əbdülhüseynoğlu, H.Abdullayev, İ.İsrafilov, N.Məmmədov, H.Haqverdiyev, N.Bayrışev, F.İbrahimli, A.Hüseynzadə, R.Abasov, M.Orucov, M.Hüseynov, İ.Mirzəyev və b. rəssamların satış-sərginin ekspozisiyasında yer almış əsərlərinin əksəriyyəti yüksək bədii-estetik dəyərə malikdirlər. Yəqin ki, buna səbəb təşkilatçıların iştirakçıları müəyyən tələblərlə qarşılamaları olub. Elə tədbirin keçirilməsinin ağır yükünü ləyaqətlə daşımağı bacaran Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşlarının rəssam emalatxanalarında olmalarının və əsərləri tələblərə müvafiq seçmələrinin də ekzpoziyasının ümumi səviyyəsinin yüksək olmasına əsiri böyük olmuşdur.
İndi çoxumuz ilk dəfə baş tutan bu cəhdin nəticəsinin intizarındayıq. Nə baş verəcək? Biz bizi dünyada tanıdanların yaradıcılıq axtarışlarını davam etdirmələrinə maddi dəstək verə biləcəyikmi? Ən ucuzu 200, ən bahası isə 700000 manat olan müxtəlif janrlı və məzmunlu əsərlərin alıcısı olacaqmı? Sizcə tikinti bumunun vüsət aldığı – çoxsaylı otellərin, Şadlıq evlərinin, Mədəniyyət mərkəzlərinin, müxtəlif funksiyalı binaların inşasının baş tutduğu indiki zamanda iş adamlarımız niyə öz obyektlərini yüksək səviyyəli əsərlərlə bəzəməsinlər? Axı bu tikililərdə yer alacaq əsərlərin aşılayacağı estetik dəyərlər həm də onların özlərinə lazımdır! Elə isə söz imkanlı iş adamlarınındır....
Ziyadxan Əliyev






banner

Oxşar Xəbərlər