AZE | RUS | ENG |

Bədii ədəbiyyatda məktəb mövzusuna niyə yer yoxdur?

Bədii ədəbiyyatda məktəb mövzusuna niyə yer yoxdur?
“Artıq cəmiyyətdən siqnallar gəlir ki, bu, düz deyil”

Son vaxtlar ümumtəhsil məktəbləri ətrafında baş verən hadisələr, bədii ədəbiyyatda məktəb, müəllim-şagird, uşaq-valideyn, eləcə də təhsilalanların bir-birinə münasibəti məsələlərinin yer almaması, ümumən şagirdlərin mütaliəyə maraqlarının olmaması fikirlərini də gündəmə gətirdi. "Bədii ədəbiyyat məktəbdən və şagirdlərdən üz çevirib” fikri ilə ədəbiyyat adamları da qınandı.
Sovet dövrü ədəbiyyatında bu tip mövzular yer alsa da, çağdaş dövrdə məktəb həyatı yazarların aktual mövzusuna çevrilə bilməyib. Yazılanlardan da cəmiyyət xəbərsizdir.
"Müzakirə”mizdə səbəbləri aydınlaşdırmağa çalışdıq.
 
Əsərlərin təbliği zəif aparılır
 
Tənqidçi Vaqif Yusifli bugünkü ədəbiyyatımızda ən zəif nöqtənin uşaq ədəbiyyatı hesab olunması ilə bağlı səslənən fikirləri inkar etmir: "Uşaqlar üçün əsərlər az yazılır və yazılanlar da yüksək səviyyəli deyil. Bununla belə, mən fikirləşirəm ki, yaxşı əsərlər də yazılır, sadəcə, məktəblərdə bu əsərlərin təbliği zəif aparılır. Məsələn, bizdə uşaq jurnalları çap olunur. Ancaq bu jurnallardan bəlkə də bir çox məktəblilərin xəbəri yoxdur. Məktəblərdə uşaq ədəbiyyatı ilə bağlı nümunələr təbliğ olunmur. Mən öz nəvələrim üçün həmişə rəngli uşaq kitabları alıram. Böyük nəvəmlə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı sual-cavab edirəm. Onlara bəzi əsərləri oxuyuram. Bu problem həm məktəblə, həm də ailə ilə bağlıdır. Həyat yoldaşım sinif müəllimidir. Gileylənir ki, bəzən bizim dərsliklərdə elə mövzular yer alıb ki, onların bədii səviyyəsi uşaqları təmin etmir. Uşaqlara yönələn, onların zövqünə, dünyagörüşünün formalaşmasına təsir edə biləcək əsərlər olmalıdır».
 
Ədəbiyyat cəmiyyətdə dominant deyil
 
"Bu gün Azərbaycan məktəblərində, ümumən cəmiyyətdə baş verən hadisələr təkcə məktəbinmi, institutunmu, hər hansı mədəniyyət ocağınınmı günahıdır?” sualına cavab axtaran yazıçı Orxan Fikrətoğlu hesab edir ki, bu problemlər insan böhranı ilə bağlıdır: "Bunun məsuliyyəti daha çox, yazıçının çiynindədir. Çünki daha çox, yazıçı insanı yetişdirir. Yəni insanı yetişdirən, cəmiyyəti formalaşdıran, ab-havasını müəyyən edən ədəbiyyatdır. Təəssüf ki, Azərbaycan ədəbiyyatı, xüsusən son dönəm ədəbiyyatı bu sosial məsələlərə, cəmiyyətdə baş verən proseslərə bir qədər bizim ənənəvi olan didaktik baxışla baxmır. Onu ədəbi dəyər saymadığından, ondan tamamilə imtina edib. Bilmirəm bu nə dərəcədə düzgündür, ancaq artıq cəmiyyətdən siqnallar gəlir ki, bu, düz deyil”. Yazıçının fikrincə,  ədəbiyyatın, kinonun, KİV-in özünün də son hadisələrin baş verməsində məsuliyyəti var: "Mən Aprel hadisələri zamanı da dedim ki, Azərbaycan ziyalıları öz xalqından minimum 5-6 addım geridədir. O vaxt Gəncədən ayağı yalın cəbhə bölgəsinə gedənlər oldu. Bu, genetik kod idi, oyanmışdı. Bunun Azərbaycan ziyalısına heç bir bağlılığı yoxdur. Azərbaycan ziyalıları inanmıram ki, vətənpərvər ruhda nəsə etmişdilər. Çünki 5 film çəkilibsə, onun üçünün ssenarisini mən yazmışam. Bu baxımdan cəmiyyətdə baş verənlərdə ədəbiyyatın günahının olduğu fikri ilə razıyam». Yazıçı bununla belə, hesab edir ki, ədəbiyyat baş verənlərin həllində rol oynamır: "Sosial şəbəkələrin dominant olduğu bir reallıqda ədəbiyyatdan nəsə ummaq düzgün deyil. Ədəbiyyat heç nəyi dəyişmir. Ədəbiyyat sadəcə, ruhani mühiti, fəzanı formalaşdırır. Axı həyat özü sox çevikləşib. Hətta, reallıq özü qəddar dərəcədə çevikdir. Bugünkü nəsil artıq tamam başqa dəyərlərlə, fərqli müstəvidə düşünən bir nəsildir. Onların özünütəsdiqi, böyüklərlə münasibəti mütləq qanunlar çərçivəsində tənzimlənməlidir. Bu, ədəbi qanunlarla deyil, məcəllələrlə həyata keçməlidir. Məktəb direktoru və yaxud şagirdin özünün öhdəliyi olmalıdır. Ümumiyyətlə, hamının öhdəliyi olmalıdır. Çünki bugünkü insan mənəvi, əxlaqi, intellektual insan olmadığı üçün mütləq qanunlarla idarə olunmalıdır. Öz karyerasını düşünən bugünkü insanın əxlaqı, mütləq qanun çərçivəsində tənzimlənməlidir. Özünü təsdiq etmək istəyən, ailəsində problem olan insanlar da bu gün qanunlarla tənzimlənməlidir. Bizim üçün başqa çıxış yolu qoymayıblar”. O.Fikrətoğlunun fikrincə, bədii ədəbiyyatı oxuyan adamlar cəmiyyətə qəddarlıq təlqin edə bilməzlər: "İnanmıram ki, Çexovu, Yusif Vəzir Çəmənzəminlini oxuyan adam cəmiyyətdə qəddarlıq törətsin. Ancaq bu gün real baxsaq, ədəbiyyat cəmiyyətdə dominant deyil. Onda gərək bütün məktəblər yalnız bədii ədəbiyyat oxuya. Burada təhsil problemləri var».   

 
Şagirdlərin kitaba marağı artsa...
 
Yazıçı Eyvaz Zeynalov hesab edir ki, bədii ədəbiyyatın gücü təhsil alanlar üçün aktual ola bilər: «Hesab edirəm ki, ədəbiyyatımızda məktəblə, müəllim-şagird, uşaq-valideyn münasibətləri ilə bağlı kifayət qədər nümunələr var. Bu əsərlər şagirdlərin həm təhsil almalarında, həm də mənəviyyatlarının zənginləşməsində mühüm rol oynaya bilər. Belə ki, Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu kimi yazıçılar məktəb həyatı, müəllim-şagird, valideyn-uşaq və s. mövzularda əsərlər yazıblar. Mən özüm də keçən il uşaqlar üçün «Bahalı şokolad» adı altında hekayələr kitabı çap etdirmişəm. Sadəcə, bu əsərlərin təbliğini həyata keçirmək məktəbdə müəllimlərin üzərinə düşür. Məktəblərdə bu istiqamətdə geniş işlər görülməlidir ki, şagirdlər bu kimi əsərləri oxusunlar”. Yazıçının fikrincə, ümumtəhsil məktəblərində yazıçı və şairlərlə görüşlər keçirilməlidir: "Sovet dövründə tez-tez məktəblərə yazıçılar, şairlər gələrdi. Bu görüşlərin böyük təəssüratı olur, həm də kitaba marağı artırırdı. Şagirdlərin kitaba marağı artsa, onlar kənar işlərə meyl etməzlər. Bəzən deyirlər ki, reytinq xətrinə televizorda şou verilişlər göstərirlər və insanların zövqü də budur. Ancaq bu fikir düzgün deyil. Əgər televizorda elmə, təhsilə, ədəbiyyat adamlarına, alimlərə aid verilişlər hazırlasalar, insanların zövqü də tədricən bu istiqamətdə formalaşar. Bu verilişlər də daha çox reytinq toplayar. Məktəblərdə də şagirdlərin fikirlərini bu cür yönləndirmək lazımdır. Şagirdlər üçün tez-tez ədəbiyyat adamları, alimlər, Qarabağ döyüşlərinin iştirakçıları ilə görüşlər təşkil olunmalıdır. Qoy onlar keçirilən görüşlərdən sonra öz təəssüratlarını bölüşsünlər”. Yazıçı etiraf edir ki, müasir dövrdə mobil telefonlar, internet və s. texnoloji yeniliklər uşaqları daha çox cəlb edir: "Ancaq onların birtərəfli maraqları bəzən faciəvi hadisələrə gətirib çıxarır, uşaqları pessimist ruhda böyüdür. Yeniyetmə yaş dövrü elədir ki, gərək onların fikirlərini müsbət nöqtələrə cəlb edəsən. Elə olanda onlar həmin sahələrə daha çox maraq göstərər və pessimist ruhda olmağa vaxtları qalmaz».
 
Həyatın modeli
 
Yazıçı Reyhan Yusifqızı ümumiyyətlə, uşaqlar üçün yazarların az olduğunu deyir: «Ancaq demək olmaz ki, uşaqlara ünvanlanan əsərlər yazılmır. Əsas məsələ onları təbliğ etməklə bağlıdır. Çünki əsərlər yazılır, ancaq təbliğ olunmur. Yazıçı özü əsəri təbliğ etməməlidir. Cəmiyyət özü bu əsərləri tanıtmalıdır”. Yazıçının fikrincə, sovet dövründə uşaqlara ünvanlanan əsərlər daha çox yazılıb. Müasir dövrdə isə bu cür əsərlər çox az yazılır: «Əsasən şeirlər yazılır. Nəsr əsərləri, xüsusilə də intellektual nəsr demək olar ki, yoxdur. Mən intellektual proza yazan yeganə yazıçı sayılıram. Elmi-kütləvi kitablar, elmi fantastika janrında yazılan əsərlər demək olar ki, yazılmır». Yazıçı hesab edir ki, məktəb yaşlı uşaqlara ünvanlanan bədii əsərlər yazılsa, bunun müsbət təsiri olar: «Bədii ədəbiyyatın uşaqların həyatında böyük rolu var. Hətta, belə bir deyim var: «Mənə deyin, uşaq vaxtı hansı kitabları oxuyubsunuz, sizin necə insan olduğunuzu deyim”. Bədii ədəbiyyat uşağın şəxsiyyətini formalaşdırır. Bədii ədəbiyyatdakı süjet həyatın bir modelidir. Uşaq da həyatın modelini bu kitabdan öyrənir. Əgər valideynlər bilsələr ki, uşaqlarının şəxsiyyətinin formalaşmasında bədii ədəbiyyatın nə qədər rolu var, onda övladlarının mütaliəsinə daha çox diqqət ayırarlar. Bədii ədəbiyyat uşaqların intellektual səviyyəsini təyin edir». Yazar hesab edir ki, uşaqların mütaliəsində məktəbin və valideynlərin üzərinə böyük vəzifə düşür: «Valideyn uşaqların əlindən tutub kitabların sehirli aləminə gətirməlidir. O, kitab dünyasına valideynləri ilə birgə gəlməlidir. Hətta, oxumaq deyil, uşağın gözlərinə baxaraq, reaksiyasını tutaraq, kitabı ona danışmaq lazımdır. Uşaq bir kitabı valideynə 10 və ya 20 dəfə oxutdura bilər. Valideyn kitabı oxuya-oxuya uşaqda asılılığı yarada bilsə, rahat ola bilər. Sonra uşaq tədricən özü oxuyacaq”. Yazıçı bildirir ki, məktəbdə şagirdlərlə ədəbiyyat adamlarının görüşlərinin təşkilinin də onların təlim-tərbiyəsində, təəssüratlarının formalaşmasında müsbət təsiri var: «Bu ənənələr bu gün də var. Belə görüşlər uşaqların yaddaşında iz qoyur, onlara təsir edir. Uşaqlar yaxşı kitablar istəyirlər. Çox vaxt uşaqların kitab seçimində böyük çətinlikləri olur. Valideynlərin çoxu uşağa hansı kitabı alacağını bilmir. Uşağın səviyyəsinə, yaşına və dilinə uyğun kitab vermirsənsə, bu, artıq əks reklamdır. Əgər uşaq oxuduğunu başa düşmürsə, əksinə, onda müsbət emosiyalar yaranmır. Uşağa uyğun olmayan kitablar onu kitabdan çəkindirəcək. Onların müsbət qəhrəmanları olmalıdır. Çünki onlar özlərini də qəhrəman görürlər, və hansısa qəhrəmana oxşamağa çalışırlar. Necə ki, onlar filmlərə baxırlar, eləcə də kitabdakı hadisələri gözlərinin qabağında canlandırırlar. Həmin qəhrəmanları sevirlər, onların rəsmlərini çəkirlər. Bu kimi nüanslar onlara müsbət təsir edir».   
 
Təranə Məhərrəmova 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779