«Bədənimdə həmişə qançırlar, çapıqlar və yaralar olub» FOTOLAR

«Bədənimdə həmişə qançırlar, çapıqlar və yaralar olub» FOTOLAR

Müsahibə
12 Dekabr 2012, 14:22 3189
Keçən əsrin 80-ci illərində kunq-fu filmləri ilə parlayan Ceki Çanı Honqkonqun gənc aktyoru adlandırırdılar. İndi isə o, məşhur amerikalı qəhrəmandır. Hollivud aktyorunun Moskvaya gəlişi görünməmiş ajiotaja səbəb olub. Aktyorun fanatları havanın şaxtasına baxmayaraq, aktyorun yerləşdiyi otelin qarşısında qalaraq ondan avtoqraf almaq üçün saatlarla gözləyiblər. Onlardan bəziləri aktyorun yanvar ayında Rusiya prokatına çıxacaq «Allahın yaraqları-3: Zodiak missiyası» filmi ilə bağlı keçirdiyi mətbuat konfransında da iştirak ediblər.

58 yaşlı aktyor öz yaradıcılığı ilə bağlı pərəstişkarlarını sakitləşdirib, çoxlu planlarının olduğunu və təqaüdə hazırlaşmadığını bildirib. Aktyor öz populyarlığının Rusiyada bu qədər böyük olmasından da heyrətlənib. Ona görə də mətbuat konfransından sonra məmnunluqla «Komsomolksiy pravda»nın suallarını cavablandırıb.

Məni axmaq hesab etmək lazım deyil

- “Allahın yaraqları-3” filminin ikinci hissəsi 20 il bundan əvvəl prokata çıxıb. Sizi bu tarixçəyə məhz indi qayıtmağa nə vadar etdi?
- Mən çəkiliş haqqında 7 il bundan əvvəl fikirləşməyə başladım. Onda bu, yalnız ideya idi. Mənimçün həmişə vacib olan özümün yazdığım ssenaridir. Nə qədər ki, ssenaridən 100 faiz razı deyiləm heç vaxt öz layihəmə yaşıl işıq yandırmıram. Bu illər ərzində layihə ilə məşğul oldum. Ancaq alınmadı. Nəhayət, yarım il əvvəl boş vaxtım yarandı və özümə dedim ki, “vaxtdır”. Asta-asta hərəkət etməyə başladım və nəhayət, alındı.

- Siz bir çox layihələrinizdə təkcə rejissor, aktyor və ssenarist deyilsiniz, həm də operatorsunuz, tryukların quruluşçususunuz, hətta, bəzən işıqçısınız. Təsəvvür etmək çətindir, siz bütün bunları necə çatdırırsınız?
- Siz mənə görə narahat olmayın! Mən artıq 52 ildir ki, kinoda işləyirəm. Bu müddətdə, xüsusən karyeramın başlanğıcında belə mənə təkcə çəkiliş meydançasında məşğul olmaq lazım gəlmirdi. Ona görə də mənimçün bir neçə adamın funksiyasını yerinə yetirmək tamamilə normal haldır. Yəqin ki, həm də hər şeyə ən xırda detallarına qədər nəzarət etmək lazım gəlir – onda da mən nəticədən razı qalıram. Mən demək olar ki, çəkiliş meydançasında doğulmuşam və bütün həyatımı orada keçirirəm. Həyatım boyu müxtəlif kino ixtisaslarını görmüşəm – işıqçıdan tutmuş kaskadyora qədər. Bu, mənə həyatımın bir hissəsi kimidir. Çoxları fikirləşir – o, bunları necə edir? Bu, mənimçün çətin deyil, çünki mən bununla doğulmuşam. Bununla belə, mənə daha çox rejissor olmaq xoş gəlir: “Hamısı məni eşidir. Mən nəyi görmək istədiyimlə bağlı nəzarət etməyi bacarıram”.
- Mürəkkəb tryukların sərbəst ifası da bu seriyadandır?
- Yəqin ki. Mən həqiqətən tryuklarımın böyük hissəsini özüm yerinə yetirirəm. Sadəcə, məni axmaq hesab etmək lazım deyil. Ən çətin və təhlükəli tryuklarım üçün peşəkarlara pul ödəyirəm. Digər tərəfdən, bəzən mənimçün bu tryukların hansının təhlükəli olub-olmadığını müəyyənləşdirmək çətindir. Mən tez-tez axmaq avantüraların içərisinə düşürəm. Məsələn, «Polis tarixçəsi» filminin çəkiliş meydançasında mənə hündürdən tullanmaq və elektrik fanarlarının yanına düşmək lazım idi. Mən yuxarı qalxandan sonra başa düşdüm ki, bu, daha çox kino işini yox, intiharı xatırladır. Amma mən elə adamam ki, son anda da geri çəkilmirəm.
- Elə isə məni bir sual maraqlandırır: sizin bədəninizdə heç olmasa bircə dənə sınmayan sümüyünüz varmı?
- Deyəsən yox... Mən başımdan tutmuş barmaqlarımın ucuna qədər sınıqlar almışam. Bədənimdə həmişə qançırlar, çapıqlar və yaralar olub. Mənim burnum, başım, ayaqlarım, qollarım… - hamısı sınıb. Bəzən barmaqlarımdan hansısa bütünlüklə sınıb, amma sözün düzü, məhz hansı olduğunu xatırlamıram. Hərdən zarafat edirəm ki, nə vaxt ölsəm mənim cəsədimi təhqiqat üçün hansısa xəstəxanaya verərsiniz.
- Siz hansı aktyorluq məktəbi sistemi üzrə işləyirsiniz?
- Mən hazırda Çində məktəb açmağa çalışıram. İstəyirəm ki, ulduzların “əkşn” (hərəkət) filmlərində necə oynadığını insanlara öyrədim. Məqsəd təkcə necə döyüşmək və vuruşmaq deyil, həm də rolu oynamaq, kameranı hiss etməkdir. Mənim Honqkonqda və Pekində kino-kompaniyam var. Biz gənc rejissorlara kömək edirik.

Məni təqaüdə göndərməyin

- Bəlkə artıq az riskli rolların seçilməsinin zamanı çatıb? Bir müsahibənizdə demisiniz ki, bu, sizin sonuncu filminizdir.
- Ancaq məni təqaüdə göndərmək fikrinə düşməyin. Hansısa anlaşılmazlıq olub. Mən demişəm ki, «Allahın yaraqları-3» mənim sonuncu böyük döyüş filmim olacaq. Demək olar ki, son vaxtlar bu cür hərəkətli və genişmiqyaslı filmdə oynamamışam. Artıq 52 ildir ki, filmlərdə çəkilirəm. Həmişə də bununla əlləşirəm. Hərdən özümdən soruşuram: «Bu, çoxmu belə davam edəcək?» Ondan sonra düşünürəm ki, bundan sonra fikrimi başqa rollara yönəldəcəyəm.
- Daha sizi dramatik filmlərdə görmək olacaq?
- Təkcə dramatik filmlərin olması o qədər də vacib deyil. Sadəcə, janrın dəyişməsi zamanı gəlib çatıb. Məni kinoda nə vaxt ki, döyüşçü adlandırırlar, bu, mənim xoşuma gəlir. Mən döyüşməyi bacaran əsl aktyoram. Robert De Niro, Klint İstvud kimi. İstəyirəm ki, məni yalnız belə xatırlasınlar. Mənə elə gəlir ki, bu illər ərzində yalnız yaxşı filmlər ortaya qoymuşam. Bununla belə, bir gün fikirləşdim: «Nə üçün mən yalnız vuruşmalıyam?», «Nə üçün mənim filmlərimdə yalnız bunlar olmalıdır?» Bizim cəmiyyət qarşısında məsuliyyətimiz var. Son 10 ildə mən məhz aktyor oyununu əlavə etməyə çalışmışam. İndi kinoya gələn cavanlar əl-qolla daha çox hərəkət edirlər. Onlar gəlirlər və gedirlər, amma əsl aktyorlar qalır. Mən sizə göstərmək istəyirəm ki, təkcə əl-qol atan insan deyiləm. Mən aktyoram. Mən bu və ya digər filmə çəkilməmişdən əvvəl fikirləşirəm: bunu öz uşaqlarıma göstərə bilərəmmi və ya bütün dünyaya təqdim edə bilərəmmi? Mən bütün ideyalarıma, bütün layihələrimə bu baxışla yanaşıram. Mənim üçün insan amili çox əhəmiyyətlidir. Bu, hər cür şöhrətdən, hər cür varidatdan da vacibdir.

- Nə üçün siz heç vaxt pis oğlanların rolunu oynamırsınız?
- Çünki bilirəm ki, mənim filmimə çoxlu uşaqlar baxır. Mən yaxşı olmalıyam, onları pərişan edə bilmərəm. Ona görə də mən pis qəhrəmanları oynamıram. Mənim uşaqlar arasında çoxlu pərəstişkarlarım var. Onlar məni yamsılayırlar. Rolu oynamamışdan zalım insanın cəmiyyətdə necə qarşılandığını da bilmək vacibdir. Müasir filmlərdə onlar necəsə karikaturanı xatırladırlar. Onların xarakteri ssenaridə o qədər də əhəmiyyətli deyil. Mən rollarıma xarakterimdən çalarlar qatıram. Mən həyatda heç vaxt zalım olmuram. Əsəbi məqamlardan qaçıram, gülümsəməyə çalışıram. Ancaq çəkiliş meydançasında bərk acıqlandıra bilərəm. Çünki mən orada çox ciddiyəm. Orada çox işləmək lazım gəlir. Çünki fikrimi işə cəmləşdirirəm. Mən orda başqa Ceki Çanam.
- Amma karyeranızın başlanğıcında deyəsən mənfi personajlar olub?
- Mən onda bu qədər məşhur deyildim. Bununla belə pulu yaddan çıxarmayın. Bu, hər cavan aktyora lazım idi. Mənimçün də pulun önəmi vardı. Xoşbəxtlikdən bu gün pul problemi mənimçün o qədər də aktual deyil. Mən xoşbəxt adamam. Ona görə ki, nə zaman özüm istəyirəmsə, onda da oynayıram.
- Siz Moskvada və yaxud Rusiyada çəkilməyi planlaşdırmırsınız?
- Gələn il mən Monqolustan və Rusiya sərhədlərində filmə çəkiləcəyəm. Ola bilər ki, həmin filmin çəkilişinin bir hissəsi Sibirdə aparılsın. Əgər Rusiya prodüserləri mənimlə maraqlansalar, mən elə də uzaqda olmayacağam.
- Tezliklə Yeni ildir. Şaxta babadan nə xahiş etmək istərdiniz?
- Mən çoxlu pul istəyərdim. Çünki yalnız o zaman xeyriyyəçiliklə məşğul ola bilərəm. Dünyanın hər yerindən fanatlarım mənə pul göndərirlər. Əgər hər bir kəs “dollar” göndərərsə, biz məktəb tikərik.

Tərcümə etdi:
Təranə Məhərrəmova
FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR">