• çərşənbə axşamı, 19 mart, 15:19
  • Baku Bakı 8°C

Bədbəxtlik üzərində xoşbəxtlik quranlar

11.01.19 18:13 1576
Bədbəxtlik üzərində xoşbəxtlik quranlar
Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan, oradan ölkəmiz əleyhinə kampaniya aparan antimilli ünsürlər, eləcə də onların daxilimizdəki "züy tutanları” bir neçə gündür Mehman Hüseynov məsələsini şişirdir, süni ajiotaj yaratmağa cəhd edirlər. Xüsusən də M.Hüseynovun qardaşı, bir vaxtlar qadın paltarında Bakıdakı səfirlikləri dolaşan Emin Hüseynov hazırda sığındığı ölkədə "hüquq müdafiəçisi” qismində tədbirlər keçirir, mövzunu gündəmdə saxlayır. Avropa küçələrinə çıxardığı 3-5 nəfərə "free Mehman” şüarları səslətdirir, internet üzərindən davamlı videolar paylaşır. Bir sözlə, "şüvənşünaslıq elmi”, dezinformasiya ilə manipulyasiya etmək üzrə ixtisaslaşan E.Hüseynov guya qardaşının hüquqlarını müdafiə etmək üçün cilddən-cildə girir, beynəlxalq müstəvidə qara-qışqırıq salmağa çalışır. Məsələnin mahiyyəti isə onun dil-boğaza qoymadan danışdıqlarından tamamilə fərqlidir.

Xaricdəki anti-milli qruplar və onların havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə ediblər. Məsələ elə təqdim edilib ki, guya M.Hüseynov günlərdir quru aclıq keçirir, ona fiziki və mənəvi işgəncələr verilir, səhhəti kritik durumdadır və sair. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin M.Hüseynovun aclıq aksiyası keçirmədiyi, səhhətinin qaydasında olduğu barədə yaydığı məlumata əhəmiyyət verilmir. Antimilli ünsürlər məqsədli şəkildə başlatdıqları növbəti kampaniyanı davam etdirmək üçün M.Hüseynovun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı kimi rəsmi məlumatlara da diqət kəsilmirlər. Adətləri üzə nəzarətlərində olan internet resurslarında, media qurumlarında, eləcə də sosial şəbəkələrdəki səhifələrdə M.Hüseynov barəsində qeyri-obyektiv, dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edirlər.

Destruktiv qüvvələr İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirməsinə də diqqət yetirmirlər. Halbuki, MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan M.Hüseynov konfidensial qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır. Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa da göndərilib.

Bu kimi faktlar qarşısında qalan antimilli ünsürlər və onların xaricdəki havadarları belə məlumatların həqiqəti əks etdirmədiyini sübut etmək üçün müxtəlif vasitələrə əl atırlar. E.Hüseynov "Facebook” üzərindən video-müraciət yayaraq, qardaşı M.Hüseynovun 4 gün quru aclıq etdiyini, indi də gün ərzində əvvəlki kimi bir deyil, yarım çörək yediyini vurğulayır. Fikrini əsaslandırmaq üçün onu da qeyd edir ki, əgər gün ərzində 1000 kilokalorilik qida qəbul edən insan bunun yarısı həcmində - 500 kilokalorilik qida qəbul edirsə, deməli, o, aclıq aksiyası keçirir. Bu açıqlaması ilə özünü gülüş obyektinə çevirən E.Hüseynov bunun ardınca Vaşinqtonda mətbuat konfransı təşkil edərək, guya qardaşına dəstək nümayiş etdirir.
Azərbaycana qarşı qərəzli mövqeləri ilə tez-tez gündəmə gələn "PEN” rəhbəri Tomas Melia və "Amnesty İnternational” təşkilatının Mərkəzi Avropa və Orta Asiya Departamentinin rəhbəri Deniel Bolson, həmçinin Amerikada yaşayan jurnalistlər Ələkbər (Aleks) Raufoğlu və Sevinc Osmanqızı ilə sədarət kürsüsünü bölüşən E.Hüseynov yalan üzərində qurulan fikirlərini ictimailəşdirməyə çalışır. S.Osmanqızının öz səhifəsində yaydığı və tərcüməçilik etdiyi videoda ən birinci diqqət çəkən odur ki, mətbuat konfransı keçirilən zal tamam boşdur, cəmi 3 nəfər ön sırada əyləşib. Halbuki, S.Osmanqızının - "PEN təşkilatı öz ətrafında 2 minə qədər amerikalı jurnalisti, yazarı birləşdirir”, - fikrinə inansaq, heç olmasa konfrans zalını dolduracaq media mənsubu tədbirə qatılmalıydı. Amma bu, baş verməyib. Boş zala üzünü tutan E.Hüseynov əvvəlcə iddia edir ki, 6 gündür Mehmanla danışmaq mümkün deyil. Sonra isə deyir ki, vəkili Şəhla xanım Mehmanla görüşüb və onun hələ də aclıq aksiyasını davam etdirdiyini söyləyib. Bunun ardınca da vurğulayır ki, Mehman süd və süd məhsulları qəbul edir, guya ona işgəncə verilir, səhhətində ciddi problemlər var və sair.
Əlbəttə ki, E.Hüseynov bu cür bir-birini təkzib edən fikirlərlə öz yalanını ilk növbədə özü üzə çıxarır. Adam hər açıqlaması və davranışı ilə göstərir ki, qardaşının aclıq aksiyası keçirməsində daha çox maraqlıdır, nəinki Mehmanın səhhətinin qaydasında olmasında. Bundan başqa, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Rauf Zeyni, eləcə də hüquq müdafiəçisi Sahib Məmmədov mətbuata açıqlamalarında bəyan ediblər ki, M.Hüseynovla həm onlar, həm də beynəlxalq təşkilatların nümayəndələri görüşüblər. Onlar M.Hüseynovun aclıq aksiyası keçirmədiyini, sadəcə, mədəsində qıcıqlanma olduğu üçün gün ərzində süd, qatıq, kəsmik, yoqurt, bal və sair bu kimi qida məhsulları qəbul etdiyini qeyd ediblər. Bu isə aclıq aksiyası keçirmək deyil, mədənin vəziyyətinə görə dieta saxlamaqdır. Üstəlik, Mehmanın saxlanma şəraiti, qidalanma, görüşmək, telefonla danışmaq və sairlə bağlı probleminin olmadığını dilə gətiriblər. Bildirilib ki, həbsxanaya düşməzdən əvvəl M.Hüseynovun ayağında damar genişlənməsi olduğundan hazırda yalnız bununla əlaqədar səhhətində narahatlıq var. Bu narahatçılığın aradan qaldırılması üçün cəzaçəkmə müəssisəsi tərəfindən ona həkim müalicəsi, cərrahiyyə əməliyyatı təklif olunsa da, Mehman qəbul etməyib və bildirib ki, azadlığa çıxandan sonra özü əməliyyat etdirəcək.Hüquq müdafiəçisi S.Məmmədov onu da əlavə edib ki, cəzaçəkmə müəssisəsindəki qaydalara görə, hər hansı məhkum aclıq aksiyası başlayanda da, aksiyanı dayandıranda da sənədləşmə, aktlaşma işi aparılır. Mehman da belə bir akta şəxsən qol çəkib və həbsxanada baş vermiş insident zamanı da hər hansı təzyiqə, işgəncəyə məruz qalmadığını təsdiqləyib. Hətta bu barədə onunla görüşənlərə də bildirib və söylədiklərinin olduğu kimi mətbuata çıxarılmasına da etiraz etməyib. Hüquq müdafiəçisinin sözlərinə görə, M.Hüseynovun yeganə narazılığı ona qarşı açılan əlavə cinayət işi ilə bağlıdır və bu məsələnin hüquq müstəvisində həllini tapması üçün yəqin ki, vəkili tərəfindən müəyyən prosedurlar həyata keçiriləcək.
Ən nəhyət,11 yanvar tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.

Bütün bunları sadalamaqla bir daha baş vermiş hadisə barədə obyektiv mənzərənin canlanmasına çalışdıq. Bunun ardınca isə bəzi məqamlara xüsusi diqqət yetirmənizi istərdik. Yanvarın 21-25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiya zamanı AŞPA deputatları dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparacaqlar. Həmçinin interneti idarəetmə və insan hüquqları məsələləri də gündəmə gətiləcək. Bundan əlavə, Gürcüstanda keçirilmiş prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistandakı növbədənkənar parlament seçkiləri (9 dekabr) də masaya çıxarılacaq. Ermənipərəst dairələrin sifarişini yerinə yetirən E.Hüseynov və onun kimi antimilli ünsürlər M.Hüseynov olayını süni şəkildə şişirtməklə Strasburqda keçiriləcək sözügedən müzakirələri Ermənistanın lehinə, Azərbaycanın əleyhinə çevirmək istəyirlər. Ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan "The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə M.Hüseynov məsələsinin gündəmdə saxlanılması cəhdi də Viktoruya Nulandın uşaqlarının çirkab kampaniyasından xəbər verir. Ermənistanı özünün kiçik bacısı hesab edən Fransa kimi bir dövlətin Xarici İşlər Nazirliyinin M.Hüseynov barəsindəki məlum bəyanatı da vahid mərkəzdən idarə olunan bir kampaniyanı, həmçinin bu kampaniyanın arxasında kimlərin durduğunu bir daha gün işığına çıxarır. Məlum olur ki, dezinformasiya üzərində qurulan bu kampaniyanın əsl məqsədi böyük güclərin, dövlətlərin Azərbaycana növbəti təzyiq göstərmək cəhdidir. Bu məqsədin həyata keçirilməsində E.Hüseynov və onun kimi antimilli ünsürlər maşa, M.Hüseynov isə qurbanlıq rolunu oynayır. Söz yox ki, maşa rolunu oynayan E.Hüseynov buna görə maraqlı dairələrdən böyük məbləğdə qrantlar da alır, qardaşının bədbəxtliyi üzərində xoşbəxtliyini qurmağa çalışır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər