AZE | RUS | ENG |

“Bədbəxtlik bürosu”

“Bədbəxtlik bürosu”
Hər gün onlarla insan itkin düşür. Onların haqqında axtarış elan edilməsi ilə bağlı xəbərlərə telekanallarda, mətbuat səhifələrində rast gəlinir. Polis idarələrinin dəhlizlərinə daxil olanlar da ilk növbədə axtarışda olanların fotoları ilə qarşılaşırlar. “İtkin düşən insanların taleyi ilə bağlı axtarış sistemi mərkəzinin yaranması çox vacibdir”. Rusiya ekspertlərinin bu təklifi ölkədə insanların səssiz-səmirsiz itkin düşmələri ilə bağlıdır. Bu sistem ABŞ-ın Vaşinqton ştatında yaranan nümunənin analoqudur. Belə ki, kompyuter texnologiyası hətta 15 il əvvəl itkin düşən 5 yaşlı uşağın da zahiri görkəmini yarada bilir. Bununla da axtarışın işini asanlaşdırır. Bundan əlavə, təkliflər var ki, cinayət axtarışı sistemində itkin düşənlərin axtarışı ilə bağlı xüsusi bölmə yaradılsın. Bədbəxt taleli insanlarla bağlı hazırlanan “Yol xəritəsi”nin müəlliflərinin sözlərinə görə, keçən il federal axtarışda olan 50 min adam tapılmayıb. Onlardan hər on nəfərdən beşi yetkinlik yaşına çatmayanlardır.

Geri qayıtmayanlar

Yaxın adamının itməsi hadisəsi istənilən ailədə baş verə bilər. İşə, məktəbə, instituta, işgüzar görüşə, əyləncəyə, mağazaya gedən, amma geri qayıtmayan nə qədər insanlar var... Onlardan nə teleqram, nə məktub, nə SMS, nə də zəng gəlir. İtkin düşən adama görə həmişə ağıla ən dəhşətli ehtimallar gəlir: oğurlayıblar, öldürüblər, maşın və ya qatarın altına düşüb, başına hansısa pis iş gəlib və ya hardasa köməksiz vəziyyətdə həlak olub. İtən adamın yaxınları və doğmaları təlaşa düşür, ən “dəhşətli” instansiyalara - polisə, xəstəxanalara, nəhayət, “morq”a zəng vururlar. Bir çox yerlərdə insanlar pasportlarını daim üzərlərində gəzdirirlər. Tutaq ki, kimisə maşın vurur və o bir neçə gün xəstəxanada yaddaşsız halda uzanır. Yalnız özünə gələndən və adını, soyadını söyləyəndən sonra onun kimliyi üzə çıxır. Əgər dünyasını dəyişsəydi, nə baş verəcəkdi?

Məlumatsızlıq

Bu hadisələr içərisində ən dəhşətlisi məlumatsızlıqdır. Yaxın adamları illərlə itkin düşən əzizinin taleyi haqqında heç nə öyrənə bilmirlər.

İnsanlar necə və nə üçün itir? İl ərzində cinayətkarların qurbanına çevrilən və xəbər-ətərsiz itkin düşən nə qədər insanlar var. Rusiyada hər il onların sayı 700-1000 nəfər arasında dəyişir. Psixi problemləri olan balaca uşaqlar və ahıl adamlar bəzən könüllü evdən gedir, sektalara qoşulurlar.
DİN ekspertləri hesab edirlər ki, itkinlərin 60 faizi iqtisadi səbəblər üzündən yoxa çıxır. İnsanlar yaxşı həyat və ya iş üçün miqrasiya edir, onların haqqında axtarış elan edən yaxınlarına heç bir məlumat vermirlər.

Rusiya DİN-ində “ümidverici” statistika var: xəbərsiz itkin düşənlərin əksəriyyəti sağdır. Bununla belə, hər il ölkədə xəbərsiz itkin düşən 120 mindən artıq insan tapılır. Hər il də 70 mindən çox insan haqqında axtarış elan edilir. Onların içərisində MDB ölkələrindən gələn vətəndaşlar da az deyil.

Bu narahatlıq əsasən iri rayon və şəhər mərkəzlərinin əhalisi arasında yaşanır. İtən insanlar haqqında məlumatlar 15 il bazada saxlanılır. DİN hesab edir ki, itkin düşənlərin axtarışını sürətləndirmək və mümkün qədər onları sağ-salamat ailələrinə qaytarmaq üçün ölkə üzrə ən effektiv variant “Bədbəxt hadisələrin qeydiyyat bürosu” adlı yeganə şəbəkə yaratmaqdır. Artıq “Bədbəxtlik bürosu” Rusiyanın bir neçə şəhərində, o cümlədən, Moskvada və yaxın şəhərlərdə yaradılıb. Bütün ölkə üzrə bu sistemlə işləməyin effektli nəticələr verəcəyi ehtimal olunur. Belə ki, məlumat və sorğu xidməti online rejimdə işləyir. Bura bütün tibb müəssisələrindən informasiyalar daxil olur. Polis həmin məlumatlarla tanış olduqdan sonra axtarış və ya ekspertlərin təhqiqatı başlayır. Onlar məlumatları ailələrə və digər əməkdaşlara da ötürürlər. Eyni zamanda, yaxın adamlarını itirənlərin suallarını cavablandırırlar. Polisin statistikası əmin edir ki, məhz büronun fəaliyyəti nəticəsində itkin düşən insanlar barəsində 60 faiz ərizələr daxil olub. Ancaq problem ondadır ki, bu xidmət yalnız regionları əhatə edir, ölkənin hər yerinə əl uzatmağa maliyyə vəsaiti çatmır. Elə bu üzdən ekspertlər hesab edirlər ki, bu xidmət mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir.

Bəs bu büro necə işləməlidir? Məsələn, xəstəxanaya üzərində heç bir sənədi olmayan və huşunu itirmiş xəstə daxil olur. Bəzən də olur ki, adını və ünvanını xatırlamayan azyaşlı uşaq və ya ahıl adam müraciət edir. Əlbəttə, onları yedizdirmək, xəstəxanada yerləşdirmək və s. lazım gəlir. Büro həmçinin polisə xəbər verməkdə onlara yardımçı olur. Moskva regionunda belə büro itkin düşən insanların qohumlarının şikayət ərizələri və tibb müəssisələrinin məlumatları əsasında yaranıb. Hər gün büronun növbətçi işçiləri tibb müəssisələri ilə əlaqə saxlayır, zərərçəkənlər və haqqında məlumat olmayan xəstələrin daxil olub-olmaması ilə maraqlanırlar. Üç gündən bir büroya məhkəmə tibb ekspertizasının “morqlar”dakı vəziyyətlə bağlı məlumatı və dövlət hesabına dəfn edilən insanlar haqqında informasiyalar daxil olur. Büroda hər gün tanınmayan meyitlər və naməlum xəstələr haqqında məlumatlar hazırlayaraq, cinayət axtarışı idarəsinə göndərirlər. Büronun işinin əsasını vətəndaşların müraciəti təşkil edir. Gün ərzində büroya 230 zəng daxil olur və 20-30 adam öz ayağı ilə gələrək müraciət edir. Hər il Moskva polisi xəbərsiz itkin düşən insanlar haqqında təxminən 3 min məktub alır. Bəzi hallarda itkin düşənlər haqlarında axtarış elan olunmamış tapılırlar. İl ərzində Moskva ərazisində 1500-2000 tanınmayan cəsəd tapılır. Hər 3 meyitdən 2-sinin haqqında cinayət işi açılmır. Bu o deməkdir ki, insan bədbəxt hadisə nəticəsində vəfat edir, ancaq onun ölümü cinayətlə bağlı deyil.

Büro xidmətinin əməkdaşları itkin düşən adamlar haqqında dərhal məlumat verilməsini tövsiyə edirlər. Ərizələrin isə ya qohumlar, ya tanışlar, ya da lap yoldan keçənlər tərəfindən verilməsinin əhəmiyyəti yoxdur. Əgər bütün hallarda polisə məlumat vermək gərəkirsə, büroya da zəng edib qeydiyyatdan keçmək məsləhətdir. Məlumatlarda itkin düşənin yaşı, boyu, zahiri görkəmi, paltarı, fiziki çatışmazlıqları, dişlıri, protezi, xroniki xəstəliyi və s. haqda məlumatlar qeyd olunmalıdır. O cümlədən, daşınmaz əmlakı, avtomobilinin olub-olması, üzərində hansı predmetləri gəzdirməsi, kimlərlə əlaqə saxlaması, dostları, qohumları, iş yoldaşları, bank və sosial kartları və s. məlumatlar da göstərilməlidir. Onun zərərli vərdişləri haqda da məlumatlar göstərilməlidir. Hansısa detalı gizlətmək təhqiqatı yalnız çətinləşdirə bilər. Yaddaşını itirən uşaqların, qocaların ad və soyadını onların paltarlarına tikmək tövsiyə edilir. Bundan əlavə, qəfildən evdən gedib qayıtmayan adamların otağındakı əşyalara polis nəfəri gələnə qədər toxunulmamalıdır.

Ekspertlər hesab edirlər ki, itkin düşənlər tapıldıqdan sonra onların haqqında cəmiyyət də məlumatlı olmalıdır. Belə ki, onların həyat hekayəti kiminsə gözünü aça və ya kimisə qarşılaşacağı bədbəxtlikdən qoruya bilər.

Rusiya mətbuatından tərcümə etdi:
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946