BDU Türk Universitetlər Birliyi ilə əməkdaşlıq edəcək
Bakı Dövlət Universitetində Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası (Türk Şurası) Baş katibinin müavini Ömer Kocamanın rəhbərlik etdiyi
nümayəndə heyətinin rektor, akademik Abel Məhərrəmov ilə görüşü keçirilib.
Rektor son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun
beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan
bəhs edib.
Baş katib Ömer Kocaman, öz növbəsində, təmsil
etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, Şuranın məqsəd və vəzifələri
sırasında elm, texnologiyalar, təhsil və
mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət
kəsb etdiyini bildirib. O, BDU və Türk Şurası çərçivəsində fəaliyyət göstərən
Türk Universitetlər Birliyinin birgə layihələrinin həyata keçirilməsində
maraqlı olduqlarını nəzərə çatdırıb.
Daha sonra Türk Universitetlər Birliyi ilə BDU-nun əməkdaşlıq
əlaqələri, təhsil və elmlə bağlı bir sıra layihələrin icrası qərara alınıb.
Qeyd edək ki, görüş ərəfəsində nümayəndə heyətinin
prorektor, professor Sani Hacıyev,
Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova və Beynəlxalq layihələr
şöbəsinin müdiri Elmira İsmayılova ilə görüşü olub. Görüş zamanı Türk
Universitetlər Birliyi nəzdindəki Orhun Süreci proqramın BDU-da
reallaşdırılması məsələləri, həmçinin universitetdə Boloniya prosesinin tətbiqi,
Erasmus Mundos, Mövlanə Mübadilə proqramları kimi layihələrin icrası müzakirə
edilib.