• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

BDU-nun rektorları - “ 24-lər”dən on birincisi

21.06.18 12:30 1409
BDU-nun rektorları - “ 24-lər”dən on birincisi
Əvvəla, onu qeyd edim ki, bu gün də çoxları belə fikirləşir ki, sovetlərin dövründə sənədləşmə işi çox yaxşı aparılıb. Amma əsasən, bunun əksinin şahidi oluram. Məsələn, "BDU-nun rektorları” sil-silə yazılarımla bağlı yenidən kitabxanalara, arxivlərə baş vurmalı oldum. 1941-44-cü illərdə BDU-ya rəhbərlik edən Şamil Rəhim oğlu Əliyev haqqında arxivlərdə demək olar ki, heç bir sənəd tapmadım. Yalnız BDU-nun arxivində Ş.R.Əliyevin 1944-cü ilə qədər olan fəaliyyəti haqqında qısa informasiya əldə edə bildim. Lakin 1944-cü ildən 1969-cu ilə qədər (1969-cu ildə vəfat edib) onun yaşam və iş fəaliyyətini əks etdirən bir sənəd belə əldə edə bilmədim. Sanki, Şamil Əliyev BDU-dan rektor vəzifəsindən çıxandan sonra "qeyb” olub.
Yeri gəlmişkən, əldə etdiyim informasiya üçün BDU arxivinin işçilərinə, xüsusən də Şəhla xanıma dərin minnətdarlığımı bildirirəm. Amma işçilərdən fərqli olaraq, gəlişim arxivin müdiri Xalidə xanımın ürəyincə olmadı. Hətta əsəbi halda bildirdi ki, bu mövzuda nə qədər kitablar yazılıb, buna yenidən ehtiyac varmı? Hörmətli Xalidə xanım, əvvəla, BDU-ya rəhbərlik edən 24 rektorun həyat və fəaliyyətini bir yerdə əks etdirən heç bir kitab yoxdur, yalnız məqalələr yazılıb. Sizin qeyd etdiyiniz kitablar Xalid Əlimirzəyevin "Azərbaycan Dövlət Universiteti 50 ildə” (1969), Aslan Atakişiyevin "Bakı Dövlət Universitetinin tarixi” (1991) və hazırda BDU-nun rektoru, akademik Abel Məhərrəmovun "Bakı Dövlət Universiteti” (2000), "Bakı Dövlət Universiteti-90” (2009) və "Bakı Dövlət Universiteti-95” (2014) əsərləridir. Bu kitablarda BDU-nun yaranma tarixi, inkişafı, elmi-tədqiqat mərkəzinə çevrilməsi və s. məsələlər ətraflı şəkildə şərh edilib.
BDU-nun tarixini əks etdirən arxiv sənədlərindən, elmi mənbələrdən və xatirələrdən belə aydın olur ki, universitetin fəaliyyəti dövründə ən gərgin, ağır, çətin illər repressiya dövrü və Böyük Vətən Müharibəsi illəri olub. Çünki bu illərdə universitetdə təhsil tamamilə siyasiləşdirilib. Hökumət var-gücü ilə BDU-nu "yeni mütəxəssis kadrlar –sosializm uğrunda çarpışan mübarizlər” ştamplayan emalatxanaya çevirməyə çalışmışdır (Qismən buna nail də olmuşdur).
Belə çətin illərdə BDU-ya rəhbərlik edən ziyalılarımızdan biri də Şamil Rəhim oğlu Əliyev olub. Ş.Əliyev 1912-ci ildə Ağdam rayonunda, sadə bir ailədə dünyaya gəlib. Doğulandan iki il sonra atasını itirən Şamil, bir neçə il böyük qardaşının himayəsində böyüyüb. İllər sonra isə tərcümeyi-halında qeyd etdiyi kimi, 1920-24-cü illər də Şuşada uşaq evində qalıb və ilk təhsilini də orada alıb. 1924-cü ildə Şuşa Pedaqoji Texnikumuna daxil olan Şamil, 1928-ci ildə buranı yaxşı qiymətlərlə başa vuraraq, daha mükəmməl təhsil almaq üçün üz tutur Bakıya. Elə həmin il BDU-nun tarix fakültəsinə qəbul olur. 1931-ci ildə təhsilini başa vuran Şamil müəllim yenidən Ağdama qayıdır. 1933-cü ilin sonlarına kimi həm Ağdamda, həm də Şuşada pedaqoji fəaliyyətlə məşğul olur. Həmin illərdə bölgələrdə ali təhsilli kadrlar az olduğu üçün gənc müəllim bir müddət Şuşa Pedaqoji Məktəbində direktor və Şuşa Rayon Təhsil Şöbəsində müdir əvəzi işləyir. 1929-cu ildə Azərbaycan Kommunist (b) Partiyası sıralarına daxil olan Şamil müəllim artıq mərkəzin diqqətində idi.
Vəziyyəti ağır olsa da, Şamil müəllim təhsilini davam etdirmək, elmi axtarışlar aparmaq istəyindən dönmür. 1933-cü ilin sonlarında yenidən Bakıya gəlir və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına ADPU) aspiranturasına daxil olur. 1938-ci ildə onu bu instituta direktor müavini təyin edirlər. 1939-cu ilin sentyabrına kimi bu vəzifədə işləyən Şamil müəllimi, həmin il Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü ilə Moskvaya Ali Partiya Məktəbinə oxumağa göndərirlər. 1941-ci ildə təhsilini başa vuran Şamil müəllim vətənə qayıdır və bir necə ay Mərkəzi Komitədə işləyir.
1941-ci il iyunun sonlarında Şamil Rəhim oğlu Əliyev BDU-ya rektor təyin edilir və 1944-cü ilin aprel ayının sonlarına kimi bu vəzifəni yerinə yetirir (1944-cü il, mayın 22-dən BDU-nun rektoru vəzifəsini Abdulla Qarayev icra edib). Xatirələrdən və deyilənlərdən belə aydın olur ki, Şamil müəllim çox gənc olmasına baxmayaraq, vəzifəsinin öhdəsindən layiqincə gəlib. Qalma-qallardan, intriqalardan çox uzaq olan, təbiətən mülayim, xoşrəftar, hər işi səbirlə, təmkinlə həll etməyi bacaran Şamil müəllim BDU-ya ölkənin çox ağır və çətin illərində rəhbərlik edib. Dünyanı lərzəyə salan, milyonlarla insanın ölümünə səbəb olan, böyük şəhərləri xarabaxanaya çevirən müharibə, universitet həyatına da sağalmaz yaralar vurdu. Bu, tədris prosesində özünü da qabarıq büruzə verdi. Müəllim çatışmazlığı ilə üzləşən elm məbədində 1942-43-cü tədris ilində universitetin akademik heyətindən 16 nəfər işdən getmiş, yalnız 7 nəfər mütəxəssisi dəvət etmək mümkün olmuşdur. Müharibənin birinci günü universitetin rektoru Cəbrayıl Ələsgərovun könüllü olaraq vəzifəsindən imtina edib cəbhəyə getməsi BDU kollektivinin bir növ könüllü səfərbərliyinə "siyasi zəmanət” oldu. Cəbhəyə ilk yola düşən tərkibdə BDU-dan 159 nəfər müəllim, 23 nəfər aspirant, 1141 nəfər tələbə vardı.
Müharibə qayda-qanunlarına əsasən, BDU hökumət tərəfindən hərbiləşdirildi. Rektor Ş.Əliyevin 1941-ci il 15 iyul tarixli əmrinə əsasən əvvəlcə universitetin əsas binasının, sonra isə bütün fakültələrin özünümüdafiəsi təşkil edildi. Elə həmən ilin avqustunda rektor daha bir əmr imzaladı. Bu əmrə əsasən, bütün fakültələrdə tibb bacıları hazırlanması üçün 4 aylıq kurslar təşkil olundu. Bütün bu tədbirlər universitetdə hərbi işlərin mükəmməl görülməsinə istiqamətləndirilmişdi. Rektor Ş.Əliyev hərbi-bədən tərbiyəsi fənlərinin tədrisinə xüsusi fikir verirdi. O, 1942-ci il 27 noyabr tarixli əmrində bu sahədə tədrisin səviyyəsinin daha da yüksəldilməsini bir daha tələb edirdi. Dövlət Müdafiə Komitəsinin "SSRİ vətəndaşlarının ümumi məcburi hərbi təlimi haqqında” qərarına əsasən, 1942-ci ilin mayında universitetdə 32 nəfərdən ibarət xalq qoşunu bölüyü və 68 nəfərdən ibarət qadın batalyonu yaradılaraq, müntəzəm olaraq məşğələlər keçirilməyə başlandı. Hətta BDU rəhbərliyi elmi-tədqiqat işlərinin mövzularını seçərkən hərbi təşkilatlarla razılaşmalı, çox hallarda isə yalnız onların sifarişlərini yerinə yetirilməli idi. Bu mövzuların yerinə yetirilməsinə ciddi nəzarət var idi. Çünki, bəzən bu mövzular dövrünün ən yüksək mükafatına layiq görülürdü. Məsələn, görkəmli alim Yusif Məmmədəliyevin metodlarının, tövsiyələrinin istehsalatda tətbiqi böyük iqtisadi səmərəyə səbəb olmuşdur. Müharibə illərində Bakıda alkilbenzol istehsalı zavodunun tikilməsi və işləməsi buna sübutdur. Və yaxud 1944-cü ildə Y.Məmmədəliyev "Aviasiya yanacaqları üçün yüksək keyfiyyətli əlavələr alınmasının yeni metodunun hazırlanmasına görə” Stalin mükafatına layiq görülmüşdü. Amma burada bir faktı da qeyd etmək yerinə düşərdi ki, həmin illər ərzində siyasi mövzular daha çox üstünlük təşkil edib. Məsələn, reallıqdan çox uzaq olan, Aprel sosialist inqilabının "nailiyyətlərini” vəsf edən yüzlərlə mövzuda yazılan əsərlər, elmi işlər buna bir daha sübutdur. 1942-ci il dekabrın 29-da universitetin Böyük Elmi Şurasının iclası oldu. İclasda rektor Ş.Əliyev siyasi tərbiyə işinə dair "Beynəlmiləl tərbiyə” mövzusunda məruzə etdi. Məruzədə irəli sürülən şərtlərin həyata keçirilməsində universitetin komsomol və partiya təşkilatları çox böyük fəallıq göstərdi. Onlar siyasi tərbiyənin həyata keçirilməsində marksizm-leninizm nəzəriyyəsini əsas götürürdülər.
1930-cu illərdə hökumət tərəfindən parçalanan BDU 1941-ci ilin sonlarında yenidən birləşdirildi. 1941-ci ilin oktyabrında AK (b) P MK və Respublika Xalq Komissarları Sovetinin qərarına əsasən 1941-42-ci tədris ilində V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, K.Marks adına Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Bədən Tərbiyəsi İnstitutu və Xarici Dil Müəllimləri İnstitutu BDU-ya birləşdirildi. Nəticədə, universitet yenidən xeyli genişlənsə də, bu proses çox az çəkdi. 1943-cü ilin iyununda Bədən Tərbiyəsi İnstitutu yenidən bərpa oldu. 1944-cü ilin yanvarında Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutu, həmin ilin sentyabrında isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu ayrılıb müstəqil instituta çevrildi.
Müharibə illərində çətinliklər olmasına baxmayaraq, BDU-da yeni kafedralar, fakültələr, şöbələr də yaradıldı. 1944-cü ilin əvvəllərində Azərbaycan Xalq Komissarları Şurası və Kommunist Partiyası Mərkəzi Komitəsi şərq xalqlarının tarixinin və dillərinin öyrənilməsini gücləndirmək barədə qərar qəbul etdi. Beləliklə, 1943-1944-cü tədris ilində BDU-da 49 kafedra, 10 fakültə fəaliyyət göstərirdi. 1944-cü ilin yanvarında universitetin nəzdində Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradıldı. Bütün bu çətinliklərə baxmayaraq, BDU həmin illərdə ölkədə ən güclü elmi mərkəzə çevrildi və bu nailiyyətlərin əldə edilməsində işgüzar, bacarıqlı bir rəhbər kimi Şamil müəllimin də əməyi var idi.
Bəşər tarixi göstərir ki, dövlətin bir idarəetmə formasından digərinə, bir siyasi rejimdən başqasına keçməsi hədsiz dərəcədə çətin və məsuliyyətli məsələdir. BDU fəaliyyətini uzun illər hakim partiyanın tələb və təkliflərinə uyğunlaşdırmağa məcbur olsa da, bu gün o, xalqın yaddaşın da millətin maarif, mədəniyyət və elminin ulu təməli üzərində çatılmış ən gur ocaqdır. Bu ocağın daha gur alovlanması üçün hər bir azərbaycanlı onun dəyərini bilməli və gələcək nəsillərə layiqincə ötürməlidir.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər