• şənbə, 20 Aprel, 00:43
  • Baku Bakı 15°C

BDU-nun rektorları - “24-lər”dən birincisi

20.12.17 09:20 3273
BDU-nun rektorları - “24-lər”dən birincisi
1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi qeyd olunacaq. Bu şanlı təhsil ocağı Azərbaycan elminin inkişafında müstəsna xidmətlərə sahibdir. "Kaspi” qəzeti BDU-nun yubileyi münasibətilə, təhsil ocağının tarixi, universitetə rəhbərlik etmiş şəxslər barədə məlumatları oxuculara çatdıracaq.
1919-cu ildə Azərbaycan öz maarif ocağını yaratdı və Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Təbii, bu elm ocağının daha böyük nailiyyətlər əldə etməsində kollektivlə yanaşı, onun rəhbəri olan rektorların da əvəzedilməz rolu olub. 1919-cu ildən bu günə kimi BDU-ya 24 rektor rəhbərlik edib. Universitetlərin şahı olan BDU-nun 24 rektorunun iş fəaliyyəti, idarəetmə mədəniyyəti, dünyagörüşü, həyata baxışı haqqında oxuduqlarımı, gördüklərimi, eşitdiklərimi oxucularımla bölüşmək istədim. Onu da qeyd edim ki, onlardan 8-ini daha yaxından tanımışam. İlk tanıdığım rektor 1984-cü ildə BDU-ya qəbul olarkən, akademik Faiq Bağırzadə oldu. Elə illər sonra da BDU-nun mənim üçün evim qədər əziz olmasına səbəb də Faiq müəllim oldu. 1987-ci ildə Qəbələ (o zaman Qutqaşen idi) rayonunda "Qalibiyyət” qəzetində istehsalat təcrübəsində olarkən, qəzetdə "Kəlbətin” əminin Bum səfəri” sərlövhəli bir felyetonum çap edilmişdir. Felyetonda rayon Yol İstismar İdarəsi, rayon İcraiyyə Komitəsi və dolayısı ilə rayon Partiya Komitəsinin yarıtmaz işini tənqid etmişdim. Bundan hiddətlənən rayon Partiya Komitəsinin rəhbərliyi BDU-nun rəhbərliyinə məktub göndərərək, mənim universitetin tələbələri sırasından xaric edilməyimi xahiş etmişdi. Bu məktubla əlaqədar fakültə rəhbərliyi məni rektorun iş otağına apardı. Bu haqda Faiq müəllim haqqında yazarkən geniş məlumat verəcəyəm. Bircə onu qeyd etmək istərdim ki, Faiq müəllim humanistlik edib məni universitetdən xaric etmədi. Əksinə, felyetonu oxuduqdan sonra başını qaldırıb yarıciddi, yarızarafat "Amma yaman yazıbsan ha. Deyəsən Cəlil Məmmədquluzadənin felyetonlarını çox oxuyursan. Gələcəkdə daha güclü qələm sahibi olmasan, Qulu Xəlilovun sənə öyrətdikləri halalın olmasın” deyərək, mənə qapını göstərdi.
BDU 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilir və həmin ilin 8 sentyabrında Xalq Maarif Nazirliyinin təqdimatına əsasən universitetin ilk rektoru Vasili İvanoviç Razumovski təyin olunur. Maraqlıdır, kimi idi V.İ.Razumovski və necə oldu ki, BDU-nun ilk rektoru o oldu?
1857-ci ilin bir yaz axşamı Simbirsk vilayətində anadan olan Vasili ilk təhsilini də orada alıb. 1880-ci ildə Kazan Universitetinin tibb fakültəsini bitirib və dörd il sonra tibb elmləri doktoru elmi dərəcəsini alaraq, həmin universitetin operativ cərrahlıq kafedrasında işə başlayıb. 1887-ci ildə professor adına layiq görülən Vasili elə həmin illər ərzində həm də hospitalda, fakültə cərrahlığı klinikasında işləyib.
1917-ci ildə V.İ.Razumovski Qafqaz ordusunun baş cərrahı təyin edilir və Tiflisə göndərilir. Lakin Tiflisdə yalnız ordunun baş cərrahı kimi fəaliyyət göstərmədi. O, həm də Cənubi Qafqazda Tiflis Rus Universitetinin layihə və smetasının hazırlanması üçün yaradılan komissiyaya başçılıq edib. Nəticədə Tiflisdə fəaliyyət göstərən Ali qadın kursları 1918-ci ilin iyulunda üç fakültədən – təbiət, tarix-filologiya və tibb fakültələrindən ibarət olan Zaqafqaziya Universitetinə çevrildi. Professor V.İ.Razumovski tədrisin rus dilində aparıldığı bu universitetin rektoru vəzifəsinə seçildi. Amma yarandığı ilk gündən bu universitet respublikalar arasında siyasi ziddiyyətlərlə və böyük maliyyə çətinlikləri ilə rastlaşdı.
Belə bir vaxtda Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinski professor V.İ.Razumovskiyə teleqram göndərib bildirir ki, Bakıda yeni universitet açılır və hökumət ondan universitetin təşkilini öz üzərinə götürərək, bu məqsədlə komissiya yaratmasını xahiş edir. Bundan sonra V.İ.Razumovski Zaqafqaziya Rus Universitetinin rektoru vəzifəsindən imtina edir və Bakıya gəlmək üçün razılığını bildirir.
1919-cu ilin aprelində Bakıya gələn V.İ.Razumovskinin sədrliyi ilə Xalq Maarif Nazirliyi nəzdində Bakı şəhərində dövlət universitetinin təşkili üçün komissiya yaradılır. Komissiyanın üç aylıq gərgin müzakirələrindən sonra, 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul etdi və sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən professor V.İ.Razumovski universitetin rektoru təyin edildi.
Universitetdə tədrisin rus dilində aparılması ictimaiyyət arasında narahatlığa da səbəb olur. Bəziləri "burada tələbələrə elm öyrətməkdən daha çox, missionerlik edərək çarizmin milli siyasətinin təbliğ ediləcəyindən” narahat olduğunu bildirirlər. Odur ki, universitetin açılması ərəfəsində bu söz-söhbətlər daha da böyür. Hətta bu söz-söhbət o dövrün mətbuat səhifələrinə, parlamentin plenar iclaslarına, siyasi partiyaların toplantılarına da yol açır. Azərbaycanlı ziyalıların narahatlığını hiss edən V.İ.Razumovski hökumət və parlament üzvləri ilə görüş keçirərək, onları tam əmin edir ki, yeganə məqsədləri gənclərə elm öyrətməkdən ibarət olacaqdır. Vədinə xilaf çıxmayan V.İ.Razumovski 1919-cü ilin 8- sentyabrından 1920-ci ilin 26-ı mayınadək BDU-ya rəhbərlik edir. "Mən Bakı Universitetinin çox böyük gələcəyinə inanıram” deyərək, böyük ümidlərlə işə başlayan V.İ.Rozumovski birdən-birə "səhhətindəki narahatçılığa” görə rektor vəzifəsindən imtina etdi. Bu "imtina”dan sonra o, BDU-nun tibb fakültəsinin operativ cərrahiyyə kafedrasının direktoru vəzifəsinə təyin edilir. Amma o burada da 1920-ci ilin oktyabrınadək işləyir. Təzyiqlər böyük rus alimi V.İ.Razumovskini Bakını tərk etməyə məcbur edir. O, 1920-ci ilin payızında həmişəlik Bakını tərk edir, Saratova köçərək, orada yerli universitetin ümumi cərrahiyyə kafedrasına rəhbərlik etməyə başlayır.
Nə baş verdi ki, V.İ.Razumovski çox sevdiyi BDU-dan uzaqlaşmalı oldu? Yeni qurulan "hökumət”in yeni "qayda-qanunları” BDU-nun elmi fəaliyyətini siyasi partiyanın (bolşevik) ideyalarına uyğun istiqamətləndirdi. Məsələn, 1920-ci ilin 11 mayında Xalq Maarif Komissarı Dadaş Bünyadzadə V.İ.Rozumovskiyə göndərdiyi sərəncamda tələb edir ki, universiteti sosialist əmək quruluşunun vəzifələrinə uyğun ruhda yenidən təşkil etmək üçün layihə hazırlansın. Layihənin tez bir zamanda hazırlanmamağı Xalq Maarif Komissarı Dadaş Bünyadzadəni "hövsələdən çıxardı” və (bütün araşdırmalardan, xatirələrdən belə aydın olur ki, Maarif Komissarı yazıb-oxumağı heç ortabab səviyyədə belə bacarmayıb. Bu haqda o dövrün əksər ziyalılarının xatirələrində yetərincə faktlar var. Məsələn, Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də (2011) çox böyük təəssüf hissi ilə yazırdı: "Dadaş Xoca oğlu Bünyadzadə Sovet dönəminin lap ilk çağlarında Azərbaycan İnqilab Komitəsinin üzvü, eyni zamanda Azərbaycan Maarif Komissarı təyin edilib, halbuki yazı yaza bilmirdi) V.İ.Razumovskini daha tez BDU-dan uzaqlaşdırmaq qərarına gəldi. Amma onu yola salarkən "dərin hörmət və səmimiyyətini” də gizlədə bilmədi: "Sizinlə böyük təəssüf hissi ilə ayrılaraq bütün bəşəriyyətin xeyrinə çox faydalı elmi fəaliyyətinizi davam etdirmək işində Sizə uzun ömür arzulayırıq”.
Sovet dövrü tədqiqatlarını nəzərdən keçirərkən aydın olur ki, V.İ.Razumovski ilə hökumətin münasibəti təzadlı olub. Məsələn, "Əmək qəhrəmanı” (1923), "Əməkdar elm xadimi (1934) kimi fəxri adlara sahib olan və ən əsası Rusiyada ilk dəfə olaraq kortikal epilepsiya zamanı beyində cərrahiyyə əməliyyatı aparmış və müstəqil cərrahlıq məktəbi yaratmış V.İ.Razumovski haqqında Azərbaycan Sovet Ensiklopediyasında cəmi 5 cümlə məlumat verilib. (Bax: ASE. X cilddə. VIII cild-1984, səh, 77). Hansı ki, V.İ.Razumovski sovet dövrünün ən görkəmli cərrahlarından biri idi və tədqiqatları cərrahlığın ən aktual məsələlərinə həsr edilmişdir.
Azərbaycanda universitet təhsilinin təməlinin qoyulmasında çox böyük əməyi və rolu olan V.İ.Razumovskinin bu sahədəki xidmətlərini o zaman BDU da fəaliyyət göstərən Birləşmiş Cəmiyyətlər Şurası yüksək qiymətləndirmişdir: "...Siz bizim universitetin yaradılması və inkişafı işinə nə qədər qüvvə, məharət və bilik sərf etmiş, bu vəzifənin zəruri, lakin çətin vəzifə olduğu bir məqamda onu həyata keçirməyə, maarif işinə dərin məhəbbət və böyük mərdliklə girişibsiniz. Bizim üçün Siz universitetin qəlbi idiniz, hamı üçün eyni dərəcədə hörmətli və eyni dərəcədə əziz idiniz”.
Sovetlər yalnız Azərbaycanda deyil, bütün Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) məkanında idarəetməni "sinfilik və partiyalılıq prinsipləri” ilə qurdular. Buna ram olanların mükafatı vəzifə, mənsəb, ad-san, olmayanların isə sürgün, həbs, güllələnmə və yaxud ən yaxşı halda "sakit ölüm” oldu. BDU –rektorlarının da "payı”na bunların hamısından düşdü. İlk rektorumuz V.İ.Razumovskinin qisməti 1935-ci ildə "sakit ölüm” oldu. Amma bu gün də, sabah da hər bir Azərbaycanlı BDU-nun yaranmasından və fəaliyyətindən söz düşəndə, Vasili İvanoviç Razumovskiyə Tanrıdan rəhmət diləyir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər