BDU-da və liseyində Bilik günü qeyd edilib - Fotolar
Bu gün Bakı
Dövlət Universitetində Bilik günü münasibətilə tədbir keçirilib. Rektor,
akademik Abel Məhərrəmov universitetin tarixi keçmişi, müasir inkişaf
mərhələləri barədə danışıb, prezident İlham Əliyevin çağırışı ilə iqtisadi
potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan
islahatlardan bəhs edib.
Bu il ali təhsil müəssisələrinə
keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə
qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü qeyd edən rektor cari
ildə BDU-ya 4798 tələbənin qəbul olduğunu, bunun ötən tədris ilindən 526 nəfər
çox oldugunu bildirib. Rektor bildirib ki, qəbul imtahanı verən tələbələrdən
600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal
toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Bu il Bakı Dövlət
Universitetinin bakalavr və magistratura pillələrində yeni ixtisas və ixtisaslaşmalar
açıldığını diqqətə çatdıran rektor, BDU-nun Qazax filialına 8 ixisas üzrə
tələbə qəbulu aparıldığını, həmin ixtisaslardan Turizm və otelçilik, Ekologiya
və Biologiya müəllimliyinin yeni olduğunu bildirib.
Sonra jurnalistika fakültəsinin dekan
əvəzi, professor Cahangir Məmmədli çıxış edərək tələbələri və onların
valideynlərini təbrik edib.
3-cü ixtisas qrupu üzrə 700 bal
toplayan Elvin İsayev isə bildirib ki, Bakı Dövlət Universitetini ona görə
seçib ki, o, Şərqin ilk dünyəvi ali məktəbi və regionun ən nüfuzlu
universitetidir. Eyni zamanda xalqımızın taleyində mühüm rol oynamış bir ali
məktəbdir.
Rektor
universitetə yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin
tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.
Qeyd edək ki,
hər il olduğu kimi, bu il də universitetdə yeni dərsliklər və dərs vəsaitləri,
metodiki göstərişlər, fənn proqramları, tədris planlarının yazılması ilə
yanaşı, bir çox şöbələr yenidən qurularaq istifadəyə verilib, kafedra, tədris
və elmi-tədqiqat laboratoriyaları əsaslı şəkildə təmir edilib. Təmir-bərpa
işləri Bakı Dövlət Universitetinin bütün fakültələrini əhatə edib və əksər
auditoriyalar müasir multimedia vasitələri ilə təmin olunub. Jurnalistika
fakültəsinin bütün auditoriyalarında təmir işləri aparılıb. Universitet
rəhbərliyi jurnalistika sahəsində hər gün baş verən texnoloji yeniliklərə olan
tələbatı nəzərə alaraq Tədris-teleradio studiyasının, online auditoriyanın
yaradılmasına nail olub. Eyni zamanda Avropa standartlarına uyğun təmir və
təchiz edilmiş kitabxana və oxu zalları, Biologiya fakültəsində yeni
kompozisiyalar və müqəvvalarla zənginləşdirilmiş Təkamül-təlimi muzeyi
istifadəyə hazır vəziyyətə gətirilib, əsas binada, bir və iki saylı tədris
korpuslarında Almaniya istehsalı olan 5 ədəd lift istifadəyə verilib.
Yeni tədris ili
ərəfəsində Bakı Dövlət Universiteti növbəti dəfə dünyanın nüfuzlu
universitetləri arasında yer alıb. Belə
ki, BDU "QS World University Rankings 2016/2017” reytinqində 701+ yerdə,
inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin
reytinqini müəyyənləşdirən "QS Quacquarelli Symonds LTD” şirkətinin siyahısında
isə88-ci yerdə qərarlaşıb.
Bu gün həm də BDU-nun nəzdində fəaliyyət
göstərən Gənc istedadlar liseyində Bilik günü keçirilib. Rektor, akademik Abel
Məhərrəmov tədbirdə iştirak edən müəllim və şagirdləri təbrik edib. Rektor
builki lisey məzunlarından 2 nəfərin qızıl, 4 nəfərin isə gümüş medala layiq
görüldüyünü, məzunların əksəriyyətinin nüfuzlu ali məktəblərə qəbul
olduqlarını, bu il liseyin 5-ci sinfinə qəbul olmuş şagirdlərin də etimadı
doğruldacaqlarını, universitetə şərəf gətirəcəklərinə ümid etdiyini bildirib. Liseyin direktoru, professor Qasım Hüseynov
yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, liseyin
uğurlarından bəhs edib. Tədbirin sonunda
2016-2017-ci tədris ilinin ilk zəngi səslənib.