• cümə axşamı, 25 aprel, 09:50
  • Baku Bakı 14°C

BDU-da ilk dərs günü

01.11.18 11:00 1258
BDU-da ilk dərs günü
Bu gün düz 99 ildir yol gəlirsən! Həm uzun və məşəqqətli, həm də şərəfli bir yol. "Xalqının tarixinə yeni bir parlaq səhifə yazmaq üçün” bu yola ilk dəfə 15 noyabr 1919-cu ildə çıxdın. "Dahi mütəfəkkirlərimizin zəkasından qaynaqlanaraq”, xeyir –duasını alaraq bir az ürkək, bir az inamla çıxdın bu yola. Cəmi "40 müəllim, 2 fakültə ilə”. Gəlişin "mütərəqqi ziyalılarımızın uzun illərdən bəri apardığı mübarizənin təzahürü idi”. O ziyalılarımız ki, bu arzunu gerçəkləşdirmək üçün heç bir çətinlikdən qorxmadan, hər əzaba qatlaşdılar. Amma ümidlərini üzmədilər. Onlara bu ümid çırağını yandırmaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəsib oldu. "Müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı Dövlət Universitetini yaratmağa nail oldular”. Bu Cümhuriyyət xadimlərinin Azərbaycan xalqı qarşısında "böyük tarixi xidmətlərindən biri idi”.
15 noyabr 1919-cu il. Şənbə günü. BDU-da ilk dərs günü. "Yeni bir tərəqqi dövrünün açılmasının ibtidası olacaq bir gün”. Azərbaycanda universitet təhsilinin təməli qoyulan ilk gün. "Mənəvi böyüklüyümüzün simvolu” olan təhsil və mədəniyyət məbədimiz! Bu məbəd Azərbaycanda "millətin maarif, mədəniyyət və elminin ulu təməli üzərində çatmış ən gur Ocağı oldu”.
28 aprel 1920-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Cümhuriyyətimizin yadigarı olan "ilk addımlarını atan universitetdə təhsilin və tədrisin” xarakteri dəyişdirilməyə istiqamətləndirildi. Universitetin fəaliyyəti "ideoloji çərçivəyə salınaraq” sosializm quruculuğu işinə yönəldi və siyasi hakimiyyət uğrunda mübarizə aparan kadrlar "ştamplayan” emalatxanaya çevrildi. Universitet "Böyük Oktyabr sosialist inqilabının yetirməsi” kimi qələmə verilərək, "marksist-leninçi təhsil” ocağı oldu. Onu yaradanları, əsasını qoyanları unutdurmağa çalışdılar. Amma xoşbəxtlikdən buna nail ola bilmədilər. Dövrün "abı-havasına” uyğun ideya-siyasi işin səviyyəsini yüksəltmək üçün "Lenin yolu ilə”, "Lenin tərbiyəsi uğrunda” devizi altında uzun illər yol gəldi. Sovetləşmə siyasətini hurreylə qarşılayanlar "universitet əvvəlcə ruslaşdırılmalıdır” deyərək məqsədlərinə nail olmaq üçün çox çalışdılar.
İnzibati-amirlik sisteminin formalaşdığı, kütləvi repressiyaların və qırmızı terrorun hökm sürdüyü illərdə universitet repressiya dövrünü də "yaşadı”. Bu universitet həyatında "təhsilin siyasətləşməsi” dövrü idi ki, bu zaman universitet "inqilabi sayıqlıq” dövrünü keçirdi. Bu "sayıqlıq” ona çox baha başa gəldi. Divarları arasında hər an "xalq düşmənləri” peyda olan təhsil ocağı dəhşətli, qorxulu və səksəkəli günlərini, aylarını, illərini "yaşadı”.
Bütün bunlara baxmayaraq, universitetin "Vətən övladlarına ziya vermək amalı heç vaxt dəyişmədi”. "Azərbaycan xalqının milli sərvəti və milli iftixarı olan” universitet yalnız milli və ictimai tərəqqimiz üçün gərəkli olmadı, həm də o, mənəvi qida rolunu oynadı. Azərbaycanda "müstəqil düşüncənin və demokratiyanın beşiyi oldu”. Xalq yenidən azadlığı uğrunda mübarizəyə qalxdı və bu mübarizənin önündə məhz BDU-nun müəllim, professor və tələbə heyəti addımladı. "İqtisadi, ictimai və mənəvi böhran şəraitinə düşmüş universitet” yenidən sınaq dövrünü yaşadı və xoşbəxtlikdən bu sınaqdan da üzüağ çıxaraq dirçəliş dövrünə yol aldı. Ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə öhdəsinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirdi və yetirir.
Bu gün bir əsr yol gələn BDU "dünyanın bir neçə yüz il əvvəl yaradılmış aparıcı universitetləri ilə bərabərhüquqlu əməkdaşlıq edir, hərtərəfli elm və təcrübə mübadiləsi aparır. Bu günə kimi dünyanın 200-ə yaxın aparıcı universiteti Bakı Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Onların arasında ABŞ, İngiltərə, Almaniya, Türkiyə, İtaliya kimi azman ölkələrin aparıcı universitetləri də var.
Sözsüz ki, burada əsas amil Azərbaycan gəncinin elmli, təhsilli və ən əsası vətənpərvər, millətsevər yetişməsidir. Odur ki, Azərbaycan xalqının ən gözəl, orijinal mədəniyyətini, adətlərini qoruyub saxlayan, BDU-da milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək hər an diqqət mərkəzindədir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər