• cümə, 19 Aprel, 11:16
  • Baku Bakı 13°C

BDU-da böyük günə hazırlıq başlayıb - Reportaj

23.06.14 10:15 2229
BDU-da böyük günə hazırlıq başlayıb - Reportaj
Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali məktəblər ənənəvi olaraq hər il iyun ayında məzun günü keçirirlər. Böyük təntənə ilə qeyd olunan bu əlamətdar günə universitetlər bir neçə ay öncədən hazırlaşmağa başlayırlar. Ölkəmizdə ən möhtəşəm məzun günü Bakı Dövlət Universitetində keçirilir. Bu il iyunun 27-də baş tutacaq tədbir üçün tələbələr artıq sonuncu hazırlıq mərhələlərini həyata keçirirlər. Biz də tələbələrin məzun gününə necə hazırlaşdıqlarını görmək və onlarla söhbətləşmək üçün Bakı Dövlət Universitetinə yollandıq.
“Hər şey tələbələrin istəyinə uyğun həyata keçirilir”
BDU-da təhsil alan tələbələrin köməkliyi ilə məzunların məşq prosesinin keçirildiyi akt-zalına üz tutduq. Məzun günündə çıxışları olan, şeir söyləyən və universiteti fərqlənmə diplomu ilə bitirən 34 tələbə akt-zalına toplanmışdı. Onları bu əlamətdar günə hazırlaşdıran isə Bakı Dövlət Universiteti Müəllimlərin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevdir. Fikrət müəllim deyir ki, məzun günündə baş tutacaq bütün proseslərdə tələbələrin fikirləri, ideyaları nəzərə alınır. Onun sözlərinə görə, hətta tədbirə dəvət olunacaq müğənnilər də tələbələr arasında sorğu keçirildikdən sonra müəyyən edilir: “İyunun 27-si baş tutacaq məzun gününə hər il olduğu kimi, bu il də tələbələr xüsusi hazırlaşırlar. Bu əlamətdar gününün təşkilatçılığında məzunlarımızın ideyalarına xüsusi önəm verilir. Onlar bu əlamətdar günə xüsusi hazırlaşırlar”.
“Universitetim”
Hər il olduğu kimi bu il də məzun günündə fərqlənmə ilə bitirən tələbələr səhnədə Zəlimxan Yaqubun “Universitetim” şeirini söyləyəcəklər. Hələ məşq prosesində həyəcanları üzlərindən oxunan tələbələr Fikrət müəllimin köməkliyi ilə şeiri oxumağa başlayırlar. Kimi şeiri söyləməyə utanır, kimi çaşır, kimisi də təmkinlə şeirləri səsləndirirdilər. Fikrət müəllim isə şeiri əvvəlcə özü oxuyur, tələbələrə də intonasiya ilə, odlu-alovlu oxumağı məsləhət görürdü. Lakin tələbələr həyəcanlı olduğu üçün şeir oxumaq tərzləri onlara da gülməli gəlirdi. Onlar həm məşq prosesində hazırlaşır, həm də əylənirdilər.
“Qeyrətinizi yerdə unutmayın”
Hazırlıq əsnasında məlum oldu ki, məzun günündə tələbələrin ən sevdiyi nüans məzun geyimlərində papaqlarını göyə atmalarıdır. Hətta Fikrət müəllim onlara zarafatyana ifadə ilə dedi ki, “papağınızı göyə atdıqdan sonra götürməyi unutmayın. Çünki, bilirsiz, papaq qeyrətdir”. Tələbələr Fikrət müəllimin bu zarafatından sonra gülüşüb məşqlərinə davam etdilər.
Məşq prosesində tələbələr əvvəlcə həmin gün ard-arda nə edəcəklərini müzakirə etdilər. Daha sonra bu hərəkətləri səhnədə tətbiq etmək zamanı gəldi. Fikrət müəllimin köməkliyi ilə səhnəyə çıxan tələbələr şeirlərini oxudular, səhnədə necə durmaq, nə zaman danışmaq kimi mühüm prosesləri məşq etdilər.
Məşq zamanı keçən il keçirilən “Məzun 2013” törəni tələbələrə göstərilir, onun əsasında tədbirin planı tutulurdu.
“Bu universitetə oxumaq istəmirdim”
Hər il olduğu kimi, bu il də fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanlandığı təşəkkür məktubu oxunacaq. Bu vəzifəni universitetin biologiya fakültəsinin magistr pilləsinin məzunu Lalə Kazımova yerinə yetirəcək. Lalə bu il artıq ikinci məzun gününü qeyd edir. Həmsöhbətimiz deyir ki, o, 6 ildir BDU-da təhsil alır və bu universitetin onun formalaşmasında çox böyük rolu olub: “6 il öncə Bakı Dövlət Universitetinə daxil olarkən, düzünü desəm, o qədər də sevinməmişdim. Çünki bu universiteti ilk sıralarda yazmamışdım. Amma burada oxuduqca universitetimi sevməyə başladım. İyunun 27-dən etibarən isə universitetlə vidalaşırıq. Çox kədərlənirəm. Burada tələbə yoldaşlarımla, müəllimlərimlə bir ailə kimi olmuşuq. Onlardan ayrıldığıma görə, çox sevinə bilmirəm”.
“Düşünmək istəmirəm”
Məzun gününün təşkilatçılığını isə İlkin Şərifov boynuna götürüb. İlahiyyat fakültəsini qırmızı diplomla bitirən İlkin gülərək deyir ki, 3-cü dəfədir bu universitetdən məzun olur: “3 ildir k, məzun gününün təşkilatçılığını mən edirəm. Hər il sanki həmin tələbələrlə özüm məzun olurdum. Bu il öz məzun günümüzün təşkilatçısıyam. O qədər həyəcanlıyam ki, nə hiss etdiyimi bilmirəm. Bu barədə heç düşünmürəm və düşünmək də istəmirəm. Universitet mənim həyatımda xoş xatirələrlə yadda qalıb”.
İlkin belə əlamətdar günlərdən birində başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: “Məzun 2013” çox maraqlı keçmişdi. Biz universitetdə bu günü qeyd etdikdən sonra o ilin məzunları ilə birlikdə şəhərə çıxdıq. Səhərə kimi dostlarımızla birlikdə şəhərdə gəzdik. Həm dəniz kənarına gedib dənizi, həm də günəşin doğmasını seyr etdik. O gün o qədər əylənmişdik ki, hətta bəzi dostlarımız skamyalarda yatmışdılar”.
“Özümlə fəxr edirəm”
Gülsəba Kamilova da bu il universiteti qırmızı diplomla bitirir. Deyir ki, rektor Abel Məhərrəmovun əlindən fərqlənmə diplomu almaq onun üçün fəxrdir: “6 ildir ki, BDU-da təhsil alıram. Bakalavr pilləsini də, magistraturada olduğu kimi fərqlənmə ilə bitirmişdim. Lakin həmin gün nənəm rəhmətə getdiyi üçün bu günün mənim üçün o qədər də önəmi yox idi. Bu il isə çox həyəcanlıyam. Həm kədərlənirəm, həm də sevinirəm. Ən əsası özümlə fəxr edirəm ki, valideynlərimin başını ucaltdım. Allah hər valideynə və tələbəyə bu hissləri yaşamağı nəsib etsin”.
Məşq prosesi bitdikdən sonra tələbələrə gələcək həyatlarında uğurlar arzulayıb oradan ayrıldıq.
Aygün ƏZİZReportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">

banner

Oxşar Xəbərlər