BDU-da beynəlxalq konfrans öz işinə başlayıb - Fotolar
Bu gün
Bakı Dövlət Universitetində (BDU) "Hüququn və hüquqi təhsilin keçid
dövründə olan ölkələrin inkişafında rolu: Azərbaycan nümunə kimi” adlı beynəlxalq
konfrans öz işinə başlayıb. Universitetin Mətbuat və informasiya şöbəsindən "Kaspi”yə
bildirilib ki, BDU, Ədliyyə Nazirliyi nəznində Ədliyyə Akademiyası və Alman
İnkişaf Agentliyi (GİZ) tərəfindən birgə təşkil olunan beynəlxalq konfransı giriş sözü ilə akademik Abel Məhərrəmov açıb. O, Azərbaycanın sürətlə inkişaf edən ölkə olmaqla bir
çox böyükmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak
etdiyini bildirib. Akademikin sözlərindən məlum olub ki, güclü hüquqi sistem
sağlam investisiya iqliminin əsasını təşkil edir və BDU-nun Hüquq fakültəsi
bunun vacibliyini anlayaraq hüquq təhsilinin gələcək inkişaf yollarını müəyyən
etməyə yardımçı olacaq beynəlxalq konfransın keçirilməsinə qərar verib.
Hüquq fakültəsinin
dekanı, professor Əmir Əliyev isə bildirib ki, bu tədbir Almaniya, Litva kimi inkişaf etmiş ölkələrin,
Moldova, Makedoniya, Gürcüstan kimi inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə
tanış olmağa uyğun bir platformadır.
Dekan onu da əlavə edib ki, konfransda Bakı Dövlət Universiteti, Moldova
Dövlət Universiteti, Vilnus Dövlət Universiteti, Avropa Humanitar Universiteti,
Makedoniya Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Azad
Universitetinin müəllim heyəti və Gürcüstanın Vəkillər Kollegiyasının üzvü
iştirak edir. Burada hüquq təhsilindəki cari problemlər, qarşıya qoyulan məqsədlər
və həmin məqsədlərə çatmaq üçün görüləsi tədbirlərin müəyyən olunması müzakirə
olunacaq.
Ədliyyə Akademiyasının rektor vəzifəsini
icra edən Elçin Xələfovun çıxışından sonra "Qanunun aliliyi – institusional
islahatın simvolu" mövzusunda Moldova
Dövlət Universitetinin professoru Olesea Plotnik, "Litvada İnzibati hüquq çərçivəsində qanuni gözləntilərin
müdafiəsi” mövzusunda isə Vilnus Universitetinin professoru, Litvanın Hüquq
İnstitununun direktoru, professor Jurgita Pauzaite-Kulvinskiene məruzə ediblər.
Qeyd edək
ki, konfrans iki gün davam edəcək və hüququn müxtəlif sahələrinə dair məruzələr
dinləniləcək.