AZE | RUS | ENG |

BBC-də böhran

BBC-də böhran
Dünyanın ən aparıcı media nəhənginin baş direktoru istefa verib


Dünyanın ən aparıcı media nəhəngi - BBC-də dərin böhran yaşanır. Korporsiyanın reytinqinə çox ciddi zərbə vura biləcək hadisə baş verib. Korporasiyanın baş direktoru Corc Entvistle “Newsnight” proqramının ötən həftəki buraxılışından sonra Britaniyada qızışmaqda olan qalmaqal fonunda istefa verib.
Proqramda Şimali Uels uşaq evlərində uşaqlara qarşı cinsi təhqir halları araşdırılıb və bu səhvən siyasətçi Lord Makalpinenin pedofiliyada iştirakda ittiham olunması ilə nəticələnib. Corc Entvistle Lord Makalpinedən üzr istəyib və verilişi efirə getməzdən əvvəl izləmədiyini deyib. “Baş direktor həm də baş redaktor olduğu üçün, eləcə də bütün proqramların hazırlanmasına cavabdehlik daşıyır. Noyabrın 2-də yayımlanmış “Newsnight” proqramında tətbiq edilən qəbuledilməz jurnalistika standartlarını nəzərə alaraq, baş direktor vəzifəsindən istefamı bir şərəf məsələsi sayıram" – deyə Entvistle istefası haqda bəyanatında deyib. Onun ardınca BBC-nin xəbərlər departamentinin rəhbəri Helel Boaden və müavini Stiv Mitçel istefa verib. İstefa barədə şərh verilməsə də, tezliklə rəsmi açıqlama yayılması planlaşdırılır.
“Newsnight” proqramında 1970-80-ci illərdə şimali Uelsdəki uşaq evlərində uşaqlara qarşı cinsi təhqirlər haqqında danışılıb. Bu barədə uşaq evinin keçmiş baş tərbiyəçisi danışıb və cinsi təhqir edənlərdən birinin Mühafizəkarlar partiyasından yüksək rütbəli siyasətçi olduğunu bildirib, amma onun adını çəkməyib. Verilişdə adı çəkilməsə də, Lord Makalpinenin sözü gedən cinayətkar olduğu barədə internetdə yanlış məlumatlar yayılıb. İstefa verməzdən əvvəl Entvistle məsələ ilə bağlı daxili araşdırmaya başlanmasına göstəriş vermişdi. Entvistle sentyabrın 17-də baş direktor vəzifəsinə gəlmişdi. Qəfil istefası onu BBC tarixinə ən qısa müddət ərzində xidmət göstərən baş direktor kimi salacaq. Baş direktor vəzifəsini müvəqqəti olaraq BBC Worldwide rəhbəri Tim Davie icra edəcək.
Artıq korporasiya rəhbərliyi BBC-də islahatların aparılmasının zəruriliyi məsələsi ortaya çıxıb. BBC-nin Qəyyumlar Şurasının sədri lord Patten bildirib ki, tammiqyaslı ciddi struktur islahatın aparılmasına ehtiyac var. “Britaniyada uşaqbazlıq qalmaqalının işıqlandırılması ilə bağlı reportaja görə BBC Baş Direktorunun istefa verməsi korporasiyada radikal islahata ehtiyacın yarandığını sübut edir”- deyə BBC Trustin rəhbəri Lord Patten deyib. O deyib ki, ictimaiyyətin korporasiyaya etibarını bərpa etmək üçün vəzifəsində qalmaq niyyətindədir. Patten eləcə də qeyd edib ki, korporasiyanın yeni baş direktoru qarşıda gələn bir neçə həftə ərzində təyin olunacaq. Lord Patten BBC-də yüksəkrütbəli menecerlərin sayının həddən çox sayda olduğunu diqqətə çəkib: “BBC-nin rəhbər heyətinin sayı Çin Kommunist partiyasının rəhbər heyətinin sayını üstələyir”.
Son məlumatlara görə, cəmi 54 gün vəzifədə olmuş BBC Baş Direktoruna vəzifəsindən gedərkən 750 min dollar birdəfəlik maaş ödəmək qərarı Britaniya parlamentində tənqidlərə səbəb olub. Bu məbləğ Baş Direktorun bir illik maaşıdır. Mühafizəkarlar partiyasından millət vəkili, parlamentin Mədəniyyət Komissiyasının sədri Con Vittinqale BBC rəhbərinə 750 min dollar ödənməsinin niyə düzgün qərar olduğunu bilmək istədiyini deyib. Müxalifət Leyboristlər partiyasının sədr müavini Harriet Harman ödənişin "haqlı" olmadığını deyib və Baş Direktoru bu məbləğdən imtina etməyə çağırıb. Baş Direktorun istefası ilə bağlı bəyanatında BBC Trust rəhbəri deyib ki, Entvistle ilə əldə olunan razılaşmaya görə, BBC ona 12 aylıq maaşını ödəmək qərarına gəlib.
Xatırladaq ki, oktyabr ayında “Newsnight” proqramı daha bir qalmaqalın mövzusu olub. Verilişin redaktoru Peter Ripponun teleaparıcı Cimmi Savillein həyatı haqda reportajı proqramdan çıxardığı aşkar olunub. Proqram ötən ilin sonunda, Saville öldükdən sonra efirə getməli idi. Polisin məlumatına görə, Britaniyanın əyləncə dünyasında nüfuzlu fiqurlardan biri olmuş Cimmi Saville 300-dən artıq cinsi zorakılıq hallarında iştirak etmiş hesab olunur. Yaranan qalmaqalla bağlı London polisi - Scotland Yard Savillein işilə bağlı yaşı 70-i ötmüş yaşlı kişinin həbs edildiyini bildirib. Həbs olunan şəxsin kimliyi açıqlanmır. Onun yerli vaxtla səhər saat 7-də həbs olunduğu bildirilir. Həbs olunmuş şəxs bir sıra seksual səciyyəli cinayətin törədilməsində şübhəli sayılır. Scotland Yard tərəfindən sözügedən şəxsin saxlanması əməliyyatı Cimmi Saville və onun çevrəsi üzvləri tərəfindən uşaqlara qarşı seksual təcavüz səciyyəli hərəkətlərə yol verilməsilə bağlı açılmış cinayət işi çərçivəsində edilib.
Beləliklə, dünya nəhəngi BBC yenidən qalmaqalın mərkəzinə düşüb. Qeyd edək ki, bir müddət əvvəl korporasiya özünün dünyadakı 74 milyon tamaşaçısından “qaydaları pozduğuna görə” üzr istəmişdi. Üzrxahlığa səbəb isə BBC World News-un yaydığı bəzi sənədli filmlər olub. Qalmaqal isə keçən il Britaniyanın “İndependent” qəzetinin araşdırmasında üzə çıxıb. “İndependent” maraqlanıb ki, necə olur ki, BBC Britaniyanın FBC Media şirkətindən sənədli filmi almağa cəmi 1 funt sterlinq verir? Araşdırma nəticəsində məlum olub ki, Malayziya haqda BBC-də nümayiş olunan 8 filmi çəkməyə həmin FBC Media Malayziya hökumətindən 17 milyon funt sterlinq alıb. Həmin filmlər Malayziyanın mübahisəli palma yağı sənayesini müsbət işıqlandırırdı. Araşdırmaya görə, FBC Media filmlərin çəkiliş pulunu Malayziya hökumətinin verdiyini BBC-dən gizlədib. Bundan başqa, keçən ilin yazında BBC FBC Medianın Misir hadisələri haqda filmini göstərmişdi. Sonra məlum olub ki, bu filmin çəkilişinə də pulu Mübarək rejimi veribmiş. BBC-nin redaktə standartları komitəsi öz araşdırmasını aparıb və bildirir ki, bu filmlərin nümayişində qaydalar 15 dəfə pozulub. BBC bildirir ki, sənədli filmlərin yerli hökumətlər tərəfindən maliyyələşdirildiyini bilməyib və bu səbəbdən də öz tamaşaçılarından üzr istəyir. Eyni zamanda bildirilib ki, korporasiya yüksək jurnalistika standarlarına sadiq olaraq qalır.

Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202