Bayraq günündə doğulub bayraq uğrunda həyatını qurban verən şəhidimiz - FOTOLAR

Ədalət Dəmirov döyüşə gedən gün dostuna zəng edib, amma
valideynlərinə bu barədə heç nə deməməsini tapşırıb
Torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsi başlayanda cəbhəyə
yollanan qəhrəman oğullarımızın cərgəsində Göyçay rayonunun gəncləri də geri
qalmadı. Onlar Vətən savaşını haqq savaşı bilərək mərdliklə döyüşdülər. Yurd
yerlərimizin azadlığı uğrunda şəhid olanları da oldu, sağ-salamat geri
qayıdanları da.Rayonun Aşağı Qaraməryəm
kəndində yaşayan Dəmirovlar ailəsini isə bu gün təkcə həmin kənddə və ətraf
kəndlərdə deyil, rayonlarında da hamı tanıyır. Yaşadıqları kəndin və qonşu
kəndlərin Vətən Müharibəsinə yollanan onlarla oğlundan biri, amma şəhid olan
yeganə övladıdır Ədalət Dəmirov. Sakit təbiəti, saflığı, zəhmətkeşliyi ilə
kənddə hörmət qazanan gənci bu gün təkcə bir kəndin deyil, bir rayonun, bir
ölkənin qəhrəman oğlu kimi dəyərləndirirlər.Ədalətin 19 yaşı vardı. Sadə bir ailədə böyümüşdü. Pinəçi işləyən
atası Nüsrət Dəmirov övladlarını halal zəhmətə, torpağa, Vətənə sevgi
aşılayaraq böyüdüb. Yeganə oğlu Ədaləti hərbi xidmətə yola salanda da "Vətən
qarşısındakı borcunu yerinə yetirməyə gedirsən” - deyə xeyir-dua verib.

"Oğlum şəhid olmuşdu...”
Ədalət orta məktəbi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində
bitirib. Ali təhsil almaq, həyatda özünə sənət qazanmaq arzularından öncə hərbi
xidmətini başa vurmaq istəyib. 2020-ci il yanvarın 3-də Vətən qarşısında
borcunu yerinə yetirmək üçün Göyçay rayon Səfərbərlik Xidmətindən hərbi xidmətə
yola düşüb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər
kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb.Ə.Dəmirov Vətən müharibəsi başlayandan bir neçə gün sonra - oktyabr
ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə
göndərilib.Atası Nüsrət Dəmirov deyir ki,
sonuncu dəfə Ədalətlə sentyabr ayında danışıblar: "Onda səhhətinin yaxşı olduğunu, xidmətinin
bitməsinə az qaldığını söylədi. Onda heç kim bilmirdi müharibə olacaq. Sentyabrın
27-də müharibə başladı. Daha onunla danışa bilmədik. Sonuncu dəfə qonşudakı
dostuna zəng vuraraq müharibəyə getdiyini deyib. Dostuna tapşırıb ki,
evdəkilərə demə, qoy narahat olmasınlar”.

Ədalət Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olması ilə bağlı xəbəri alanda
atası Füzuli rayonuna yollanıb, oğlunun cəsədini axtarıb. "Həlak olanların
cəsədini gətirib Füzulidəki xəstəxananın həyətinə yerləşdirirdilər. Ədalət
minomyotla vurulmuşdu. Övladımı müəyyənləşdirmək üçün qan analizi verdim. 10
gün analizin cavablarını gözlədim. "Sen get, cavab olunca sənə zəng edəcəyik”-
deyə bildirdilər. Zəng gəlmədikcə "yəqin oğlum sağdır” deyə ürəyimdə
düşünürdüm. Amma vaxt uzandıqca gözləyə bilmədim, yenidən Füzuliyə yolandım.
Ədalətin meyitini həlak olan hərbçilərin arasından tapdım. Oğlum şəhid
olmuşdu...”

Anası Ruhiyyə xanım
oğlunun vətən yolunda şəhid olmasından qürur duyur: "Ədalət torpaqlarımızın
azadlığı uğrunda döyüşüb və şəhid olub. Yeganə təsəllim budur. Bir ana kimi
oğlumun yoxluğu mənim üçün ağırdır. O evin yeganə oğlu idi. Evin hər yerində
onun xatirələri var”.

Bibisi Nurə Əsədova üçün də
qardaşı oğlunun Vətən uğrunda şəhid olması yeganə təsəllidir: "Ədalət çox
tərbiyəli və saf uşaq idi. Əsgərlikdə olanda da mənə tez-tez zəng edir, hal-əhval
tuturdu. Dəfnində bütün kənd camaatı göz yaşı tökürdü. Elə təmizliyinə görə də
Tanrı onu şəhidlik zirvəsinə qaldırdı”. Bibisi danışır ki, Ədalət ata-anasının
zəhmətinə dəyər verən övlad olub: "Bir dəfə rayon mərkəzinə dostları ilə
gedəndə atası ona 10 manat vermişdi. Amma o, bu pulu xərcləməyib gətirmişdi.
"Ata, sən bu pulu çox əziyyətlə qazanmısan. Mən onu xərcləyə bilmədim” deyə
atasına qaytarmışdı. Bu kimi xüsusiyyətlərinə görə qohum-qonşu da, dost-tanışı
da onu çox sevirdi”.

Ədalət noyabrın 9-da - Bayraq Günündə doğulmuşdu. "Əgər icazə
versələr, ad günümü gəlib evdə qeyd edəcəyəm” deyirmiş. Amma noyabrın 2-də
şəhid olması xəbəri gəlib. "Ədalət 19 yaşını məzarda qeyd elədi. O,
qəhrəmanlıqla həlak oldu. Vətən qarşısında borcunu canı ilə ödədi. Bircə
təsəllim odur ki, şəhidlər Tanrının yanında cənnət müjdəçisidirlər. Onlar
ölmürlər, zirvəyə yüksəlirlər”- bibisi deyir.

Aşağı Qaraməryəm kəndinin camaatı şəhidini yüksək dəyərləndirir.
Onlar pul toplayaraq Ədalətin şəklini kəndin girişində əbədiləşdiriblər. Adına
bulaq yaradıblar, ətrafı işıqlandırıblar: "Kənd camaatı kəndin yeganə şəhidinə
son borclarını verirlər. Onun ruhu qarşısında baş əyirlər”.

”Səninlə fəxr edirəm,
dostum!”
Ə.Dəmirov döyüşə yollananda sonuncu dəfə dostu Davud Babayevlə telefonla danışıb: "Ədalət mənim həm dostum, həm ən yaxşı sinif yoldaşım idi. Demək
olar ki, mənə qardaş əvəzi idi. Nə sıxıntım olsa, onunla bölüşəndə rahatlıq
tapırdım” deyə D.Babayev dostundan qürurla söhbət açır: "Ədalətlə uşaqlıqdan
bir yerdə böyümüşdük, bir oynayıb, bir gülmüşdük. Qəmimiz də, sevincimiz də bir
idi. Məktəb illərində çox sakit, tərbiyəli şagird kimi bütün kollektivin
rəğbətini qazanmışdı. Ədalət
tərbiyəsi, əxlaqı ilə seçilirdi. O, həmişə sakitliyi sevirdi. Heç vaxt heç
kimlə işi olmazdı. Uşaqlar arasında
münaqişə düşəndə həmişə aralayardı, sülhsevər biri idi. Ən çox futbola marağı
vardı. Hər futbol oynayanda "Məni də gözləyin, başlamayın ha...” dediyi daim
qulağımda səslənir. İdmandan başqa 2 -ci hobbisi balıq tutmaq idi. Hamıdan çox
balıq tutmaq istəyirdi. Həmişə deyərdi ki, mənsiz balığa getməyin. İstədiyi hər
şeyə can atırdı. Mərd idi, düzgünlüyü sevirdi, heç vaxt yalan danışmazdı. Həm
də zarafatcıl idi, qəribə gülüşü vardı. Heç vaxt o sima yadımdan çıxmaz. Hər gün dərsə gələndə
maraqlı təəssüratlar danışardı. Arada müəllim hirslənərdi. Müəllimlərə çox
hörməti vardı. Oxuduğu müddətdə heç bir müəllimə söz qaytarmazdı. Bu da onun
ailə tərbiyəsindən irəli gəlirdi”.

Dostu danışır ki, Ədalət məktəbdə oxuyanda
Hərbi hazırlıq dərsini daha çox sevirmiş: "Hərbi hazırlıq dərslərinə
xüsusi marağı vardı. Məhz bu marağı onun vətənpərvər yetişməsində böyük rol
oynadı. Ədalət döyüşə gedən gün mənə zəng vurdu. Həmişəkindən fərqli danışırdı,
sanki Şəhadətə yüksələcəyini bilirdi. "Görüşmək ümidi ilə” deyib telefonu söndürdü. Təəssüf ki, görüşə
bilmədik. Bu, axırıncı danışığımız oldu, ondan sonra onun səsinə həsrət
qaldıq.
Ədalətin şəhid olması tək ailəsini deyil, bizi də sarsıtdı. Hərdən
elə bilirəm ki, nə vaxtsa gələcək, sanki şəhid olmayıb, bir gün zəng edib "mən
sağam” deyəcək, bizlə həmişəki kimi danışacaq”. D.Babayev dostunun itkisinə nə
qədər çox üzülsə də, onun Vətən uğrunda şəhid olmasından qürur duyur: "Nə qədər
sarsıdıcı olsa da, bir o qədər də fəxr edirəm ki, mənim dost dediyim şəxs bu
gün Allah yanında ən uca zirvədədir - şəhidlik məqamına sahibdir.
O, nəinki ailəsinin, hər birimizin, bütün Azərbaycan xalqının
qəlbində xüsusi yer tutur. Məhz belə qəhrəmanlarımız sayəsində illərlə
həsrətində qaldığımız doğma yurdumuza -
Qarabağımıza qovuşduq. Mən səninlə Fəxr edirəm, nur üzlü dostum! ŞƏHİDİM, heç
vaxt unudulmayacaqsan!”
"Ən vəfasız əşya saatdır. Çünki fırlanıb eyni yerə gəlir, amma
fırlandığı anda apardıqlarını geri gətirmir”. "İnstaqram”da Ədalətin sonuncu
paylaşımı saat şəkli olub. Sanki zamanın onu geri qaytarmayacağını duyurmuş...
İndi Aşağı Qaraməryəm kəndinə gələnləri kəndin girişində şəhid Ədalət
Dəmirovun simasında qəhrəmanlıq ifadə edən şəkli qarşılayır. İnsanlar bu şəklin
qarşısında dayanır, sükut edir, Tanrıdan rəhmət diləyirlər. Dəmirovlar
ailəsinin də yeganə təsəllisi budur:
oğulları Vətən torpaqlarının azadlığı uğrunda şəhid olub. "Vətən sağ
olsun! Ədalət şəhidlik zirvəsinə ucaldı...”- deyirlər.
Təranə Məhərrəmova
