• cümə, 19 Aprel, 10:33
  • Baku Bakı 13°C

Bayram yarmarkalarında ucuz qiymətlər Reportaj Fotolar

29.12.13 09:38 3278
Bayram yarmarkalarında ucuz qiymətlər Reportaj Fotolar
Bayram günlərində satış yarmarkalarının təşkili artıq ənənə halını alıb. Paytaxtda hər il olduğu kimi bu il də yeni il qabağı, dekabrın 28-dən başlayaraq 31-ə kimi Bakının 7 rayonunda bayram yarmarkaları təşkil olunub. Adətən bayramqabağı şəhərin mağazalarında və bazarlarında qiymətlər kəllə-çarxa çıxır. Bəs görəsən yarmarkalarda qiymətlər necədir? Əhali yarmarkadan özünə lazım olan ərzaqları ala bilərmi?
Satıcılar insanları aldadır
Vəziyyət öyrənmək üçün Nəsimi rayonunda “Təzə bazar” adlanan ərazidə təşkil olunan yarmarkaya yollandıq. Yarmarka bazarın bir küncündə təşkil olunduğundan ora getmək üçün bazarın içindən keçmək lazım gəlir. Biz də belə etdik və burada maraqlı bir nüansla qarşılaşdıq. Təzə bazarın bəzi satıcıları ərazidə yarmarka keçirilməsindən istifadə edərək alıcıları aldadırlar. Belə ki, onlar öz məhsullarını yarmarka adı ilə baha satmağa çalışırlar. Yəni satıcıların “bura da yarmarkadır” deməyinə aldanmayın. Onların tələsinə düşməmək üçün bilməlisiniz ki, yarmarka təşkil olunan ərazidə plakat var və satıcılar ağ xalat geyinirlər. Axır ki, “məşhur” yarmarkanın təşkil olunduğu əraziyə çatdıq. Yarmarkaya daxil olarkən “Ərzaq və Kənd Təsərrüfatı Məhsulları Yarmarkası. Yeni iliniz Mübarək” yazılı plakat diqqətimizi çəkdi. Yarmarkada elə də çox adam yox idi.
Qiymətlər ucuzdur
Qiymətlər digər yerlərə nisbətən ucuz olsa da burada çox az ərzaq növləri var idi. Qiymətlərlə maraqlandıqda isə məlum oldu ki, həqiqətən də şəhərin digər mağaza və marketlərindən ucuzdur. Belə ki, burada 1 yumurta -10 qəpik, Qəbələ toyuğu – 3 manat 40 qəpik idi. Hətta, 2 toyuq alana 1-ni də hədiyyə edirdilər.
Daha sonra, çərəzlər satılan piştaxtaya yaxınlaşdıq. Burada qoz ləpəsi 8-9 manat, yer fındığı 2 manat 50 qəpik, ərik qurusu 3 manat, fındıq – 5 manat 50 qəpik, kişmiş - 2 manat 50 qəpik, badam – 9 manata idi. Vurğulayaq ki, Təzə bazarda yarmarka təşkil olunmayan ərazisində qoz ləpəsi 10-16 manat, fındıq isə 7-8 manat idi.
Meyvə çeşidi azdır
Yarmarkada gözümüzə alma və mandarindən başqa heç bir meyvə dəymirdi. Meyvə piştaxtalarının hamısı cürbəcür alma növləri ilə dolu idi. Qiymətləri isə 50 qəpikdən başlayaraq 1 manat 50 qəpik arasında dəyişirdi. Satıcı Məmmədov Xanbala bizimlə söhbətində almaların öz bağının məhsulu olduğunu bildirdi: “Qubada alma bağım var. Bunları da bağımdan yığıb gətirmişəm. Sağ olsunlar bizə burada çox gözəl şərait yaradıblar. Yer pulu ödəmədiyimiz üçün qiymətlər digər bazarlardan 15-25 faiz ucuz verilir”. Xanbala dayı almanı bir kilosunu 40 qəpikdən başlayaraq satır. Mandarini 50 qəpikdən 1 manata, portağalı 1 manat 50 qəpiyə satır.
Yerli kartof bahadır
Yarmarkada ən çox diqqət çəkən və ətrafına alıcı toplaşan məhsul kartof və soğan idi. Kartofun 1 kilosu 70, soğanın isə 45 qəpik idi. Lakin bu məhsulları kisə ilə almaq lazımdır. Satıcının sözlərinə görə 1 kisə 8-10 kilo gəlir: “Yerli kartof baha olduğuna görə, Rusiya kartofu satırıq. Soğan isə Ağdam soğanıdır”.
Yarmarkadan alış-veriş edən Esmira Əliyeva builki yarmarkadan razı qalmadığını bildirdi: “Düzdür, qiymətlər ucuzdur. Amma, bizə lazım olan çox məhsul burada yoxdur. Bazarda baha qiymətə satılan nə xiyar nə pomidor, nə də bibəri burada tapmaq mümkün deyil. Meyvələr isə demək olar ki, ancaq almadan ibarətdir. Nə ananas, nə banan, nə feyxoa, nə kivi yoxdur. Buradan necə bayram bazarlığı etmək olar? Ətlərdən isə yalnız toyuq əti satılır”.
Yarmarkada bəzi firmalar da öz məhsullarını ucuz qiymətə satışa çıxarmışdılar. Bunlardan biri də “Kral” kolbasa firmasıdır. Firmanın satıcısı bizimlə söhbətində bildirdi ki, yarmarka üçün firmanın məhsulları 15 faiz ucuz satılır: “İstəsəniz özünüz də qiymətlərini marketlərdən soruşa bilərsiniz. Hər növ kolbasa və sosiskalarımız 15-20 faiz endirimlə satılır”.
Təzə bazar od tutub yanır
Yarmarkadan alış-veriş edən Nəsimi rayon sakini Rahilə Quliyevanın dediyinə görə, yarmarkanın təşkili ərazidə yaşayan vətəndaşların ürəyincədir: “İlk olaraq ona görə ki, yarmarka evlərə yaxın olduğundan insanlar uzaq məsafə qət etmədən alış-veriş edə bilirlər. Bununla belə, burada satışa çıxarılan məhsullar digər yerlərə nisbətən ucuz satılır. Təzə bazarda adi günlərdə bazarlıq etmək mümkün deyil. Bayramlarda isə sözün əsl mənasında od tutub yanır. Belə bir yerdə yarmarkanın təşkil olunması bizi çox sevindirir”.
400 ton məhsul gətirilib
Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Oqtay Hüseynov mətbuata açıqlamasında bildirib ki, yarmarkanın təşkil olunduğu ilk gün yarmarkada 400 tona yaxın kənd təsərrüfatı məhsulu satışa çıxarılıb. Təkcə bayram satış yarmarkalarında deyil, digər vaxtlarda keçirilən yarmarkalarda da qiymətlər nazirlik tərəfindən daim nəzarətdə saxlanılır. Bayram yarmarkası 4 gün keçiriləcək. Bu müddətdə yarmarkada satışa çıxarılan məhsullar nazirlik tərəfindən müəyyən edilən qiymətlərdən aşağı alıcılara təklif olunur.
Qeyd edək ki, yarmarka Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakının 7 rayonunda, 9 ünvanda - Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyətində; Xətai rayonu Bakı kinoteatrının yanında; Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisində; Nəsimi rayonu “Təzə bazar”ın ərazisində, Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanında; Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2-də; Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanında; Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında təşkil olunub.
Aygün Əziz
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər