Bayram tətillərində artıq çəki almamaq üçün nə etməli? - Gənclərə məsləhət
Bayramlar
bitdikdən sonra demək olar ki, hər kəs aldığı artıq çəkidən şikayətlənir. Xüsusilə də, həmin
bayram Novruzdursa, evdə qaldığımız müddətdə kilo almamağımız qeyri-mümkündür.
Çünki istər-istəməz bayram şirniyyatları, xüsusi olaraq bişirdiyimiz yeməklər çəkimizin
artmasına təsir edir. Maraqlıdır, bəs necə edək ki, bayram tətillərində artıq çəki
almayaq?
Bu
mövzuda dietoloq Tutu Zeynalova ilə
həmsöhbət olduq. Müsahibimiz deyir ki, bayram günlərində artıq çəki almağımızın
bir çox səbəbləri var: "Bayram tətilində digər günlərdən fərqli olaraq yuxudan
gec oyanırıq. Və təbii ki, oyanma vaxtımız dəyişdiyinə görə də, səhər yeməyimizi
gec yeyirik. Bu da metabolizmanın zəifləməsinə gətirib çıxarır. Həmin günlərdə əksəriyyətimiz
səhər yeməyi olaraq şəkərbura, paxlava, qoğal və bu kimi şirniyyatlarla
qidalanırıq. Buna görə də qan şəkərimiz sürətlə yüksəlir və gün ərzində daha
tez-tez şirin şeylərlə qidalanmaq istəyirik. Azərbaycan mətbəxinin zənginliyi,
bayram axşamı süfrəsinin bol olması da öz sözünü deyir. Bayramın ən gözəl adətlərindən
biri də qonaq getməyimizdir. Qonaq getdiyimiz evdə də bizə yeməyə nələrisə təklif
edirlər. Təklifi geri çevirə bilmirik. Və beləcə həm evdə, həm də getdiyimiz
yerdə kifayət qədər kökəldən qidalar qəbul edirik”.
Dietoloqdan
"Bəs nə edək, Novruz bayramı şirniyyatlarından özümüzü məhrum edək?” sualına da
cavab istədik: "Əslində problem yediklərimizdə deyil, hərəkətsiz
olmağımızdadır. Yeyirik yatırıq, təzədən durub yenə yeyirik və daha çox hərəkətsiz
oluruq. Problem yaradan da elə bunlardır. Çəkimizin artmağına səbəb bizim
yediklərimizdən aldığımız enerjini yandırmamağımızdır. Amma buna görə üzülməyə
dəyməz. Sadəcə, çalışaq ki, bayramdan sonra fiziki aktivliyimizi artıraq. Daha
çox hərəkətli olaq və içdiyimiz suyun miqdarını çoxaldaq. Hər birimiz çəkimizin
üç faizi mislində su içsək, daha yaxşı olar. Həmçinin, günə 2 stəkan su ilə
başlasaq, şəkərli və undan hazırlanmış məmulatları rasionumuzdan uzaqlaşdırsaq,
bu zaman istədiyimiz nəticəni əldə edə bilərik”.
Həmsöhbətimiz
deyir ki, az-az, amma tez-tez qidalanmaq lazımdır: "Axşam saatlarında və səhər
ac qarına meyvə yemək məsləhət deyil. Yaxşı olar ki, axşam süd içsinlər və ya
qatıq yesinlər. Həmçinin, menyumuzda tərəvəz istifadəsini artırıb, qırmızı əti
müəyyən qədər azaltmaq lazımdır. Həftədə iki dəfədən artıq qırmızı ət yemək elə
də yaxşı deyil. Bir də yuxumuza fikir vermək mütləqdir. Çalışaq ki, yuxu
saatımız 6 saatdan az olmasın, 8 saatdan çox. İdman hərəkətlərindən ən yaxşısı
yürüşdür, təmiz havada gəzməkdir. Üzgüçülük də ola bilər”.
Bəzi
insanlar idmana gedib arıqlayır, idmanı dayandırdıqdan sonra isə yenidən kökəlirlər.
Bunun səbəbi nədir, insan daim idmana getməlidirmi? T.Zeynalova deyir ki, insan
idmana getməklə müəyyən bir enerji xərcləyir və o enerjini xərcləməyi
dayandıranda həmin çəkini geri alacaq: "Çünki qəbul etdiyiniz enerjini xərcləmirsiniz,
amma qidalanırsınız. Düşünün, avtomobilə yanacaq tökürsünüz, amma sürmürsünüz,
bu zaman nə baş verər? Bu zaman həmin yanacaq yerində qalacaq. Nə qədər ki,
sağlam həyat tərzi sürəcəksiniz, yediklərinizə diqqət edib, hərəkətli
olacaqsınız, bir o qədər formada, normal çəkidə qalacaqsınız. Bu, bütün dünyada
belədir, bunu heç kim özündən kəşf etməyib. Mən özüm həftədə 3 dəfə idman edirəm,
yediklərimə diqqət edirəm”.
Günel Azadə