Bayram tətili günlərində Şəkiyə turist axını olub
Azərbaycanın qədim
mədəniyyət məskənlərindən olan Şəki bu gün, həm də, regionun ən önəmli turizm mərkəzi
kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi,
orta əsrlərə aid karvansaraylar, tarixi-memarlıq abidələri, yerli sənətkarların
əl işlərinin sərgiləndiyi "Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar
hesab olunur.
Əvvəlki illərdə
olduğu kimi, bu dəfə də Ramazan bayramı ilə əlaqədar tətil günlərində Şəkiyə gələn
turistlərin sayında xeyli artım müşahidə olunur. Turistlərin ən çox üz
tutduqları tarixi məkanlardan olan "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun
ərazisini hər gün yüzlərlə turist ziyarət edir. Bu ərazidə yerləşən muzey və
karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq
abidəsi Şəki xanlarının sarayı, sənətkarlıq emalatxanaları yerli və xarici
turistlərin daha çox marağına səbəb olur.
Qoruğun
direktoru Təranə Abdullayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram tətili
günlərində Şəkiyə gələn yerli və xarici turistlərin sayında nəzərəçarpacaq dərəcədə
artım müşahidə olunur. Qrup halında gələnlər arasında məktəb kollektivlərinə
daha çox rast gəlmək mümkündür. Xarici turistlər arasında isə Avropa ölkələrindən,
həmçinin Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrindən gələnlər üstünlük təşkil
edirlər.
Qoruğun
direktoru bildirib ki, bayram günlərində şəhərə turist axınını nəzərə alaraq,
qoruğun ərazisindəki Şəki xanlarının sarayının, muzeylərin qapıları səhər
saatlarından axşamadək qonaqların üzünə açıq olur. Turistlərə xidmət göstərmək
üçün sarayın yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə
asudə vaxt və istirahət guşəsi yaradılıb. Turistlər burada quraşdırılan
çadırlarda dincələ, milli geyimdə foto çəkdirə, Şəki şirniyyatları ilə samovar
çayına qonaq ola bilərlər. Uşaqlar da yaddan çıxmayıb, ərazidə onlar üçün müxtəlif
attraksionlar quraşdırılıb. Faytonla, atla gəzintilər də gələnlərin böyük
marağına səbəb olur. Turistlərin asudə vaxtlarının maraqlı keçməsi üçün qoruğun
ərazisindəki tarixi abidələrin önündə tez-tez konsertlər təşkil olunur.
Turistlərə göstərilən
xidmətlər barədə məlumat verən Təranə Abdullayeva deyib: "Bu mövsümdən
başlayaraq turistlərə bir neçə yeni xidmət növü də təklif olunur. Yenicə fəaliyyətə
başlayan səyyar bələdçilər turistlərin arzusuna uyğun olaraq, onları şəhərin
görməli yerləri, tarixi məkanları ilə tanış edir, otellər, restoranlar barədə məlumat
verirlər. Xan yaylağına gəzintilərin təşkili də turistlərin böyük marağına səbəb
olur”.
Luiz İller Azərbaycana
rəfiqələri ilə birlikdə İsraildən qonaq gəlib. Onlar ölkəmizdə ilk dəfədir
olurlar. Təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən israilli turist
deyib: "Çox gözəl ölkəniz var. Bakıda, Qubada olduq, indi isə Şəkidəyik.
Buranın çox gözəl təbiəti var, insanları qonaqpərvərdir. Xan sarayı möhtəşəm
abidədir. Ölkənizdə tarixi-mədəni irsin qorunmasına çox böyük diqqət
yetirilir”.
Əslən iraqlı
olan, hazırda isə İsraildə yaşayan Farid Akeireb Azərbaycana dostu ilə birlikdə
gəlib. Qonağın dediyinə görə, yaşadıqları ölkələrdən fərqli olaraq, Azərbaycanda
olan sabitlik və əmin-amanlıqdan çox məmnundurlar və ölkəmizin bölgələrini
rahat şəkildə gəzib-dolaşa bilirlər. Qonaq bildirib ki, Xan sarayı Şəkinin necə
qədim və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir.
Qoruğun ərazisində
yerləşən "Sənətkarlar evi”ndə də bayram tətili günlərində xüsusi canlanma hiss
olunur. Burada fəaliyyət göstərən şəbəkə ustası Hüseyn Hacımustafazadə və təkəlduz
ustası Vəfa Mustafayevanın dediyinə görə, turistlər yerli sənətkarların əl işlərinə
böyük maraq göstərirlər.
Rusiyanın uzaq İrkutsk vilayətindən Azərbaycana
xanımı ilə birgə qonaq gələn Anatoliy Skopiçin bildirdiyinə görə, yaşadıqları
ölkələrdə belə sənətkarlıq nümunələrinə rast gəlmək mümkün deyildir. Rusiyalı
ailə bundan sonra Azərbaycana daha tez-tez qonaq gələcəklərini bildirib.