• şənbə, 20 Aprel, 18:32
  • Baku Bakı 24°C

Bayram gəldi, bizim ədəbiyyatda nə şeir var, nə də ki...

07.01.19 11:30 2207
Bayram gəldi, bizim ədəbiyyatda nə şeir var, nə də ki...
Yeni ilin bayram əhval-ruhiyyəsi hələ bizləri tərk etməyib. Telekanalların hazırladıqları proqramlar, Yeni ilə həsr olunan verilişlər bu əhval-ruhiyyəyə ayrıca rəng qatır. Bəs ədəbiyyatda Yeni il və ya ümumiyyətlə, bayram mövzusu həmişə aktual olubmu? Yazıçı və şairlərimiz bayram mövzularına yaradıcılıqlarında yer ayırırlarmı?
"Müzakirə”mizdə bayram mövzusunun ədəbiyyatımızda nə qədər aktual olduğunu aydınlaşdırmağa çalışdıq.
Təəssüratdan o yana getmir

"Hər yeni il, yaxud hər hansı bayram gələndə sanki hər şey təzələnir, insanlarda yeni ruh yaranır, yeni düşüncə ifadə olunur” deyən professor Bədirxan Əhmədovun fikrincə, ədəbiyyat, bədii düşüncə də bundan kənarda qalmır. Belə ki, bu ruh, düşüncə məqalələrdə, şeirlərdə, hekayələrdə bu və ya digər şəkildə ifadə olunur: "Bayram əhval-ruhiyyəsinə poeziyada daha tez-tez rast gəlinir, bu mövzuda şeirlər yazılır. Şeirdən sonra hekayə gəlir ki, burada da bəzən ya yeni il, ya da hər hansı bir bayramın ovqatı bədii təsvir obyekti olur. Bu cür mövzular xüsusilə, sovet dövrü ədəbiyyatında geniş yer tuturdu. Bu dövrün məhdud mətbuat orqanlarında bayramlar ərəfəsində bu cür mövzuda şeirlərə, hekayələrə başlıca yer verilirdi. Belə əsərlər iki kontekstdə ortaya çıxırdı; ya redaksiya müəllifdən bu mövzuda şeir, yaxud kiçik hekayə yazmasını xahiş edirdi, ya da şair özü ürəyinin səsi ilə yazırdı”. B.Əhmədovun fikrincə, bu cür əsərlər arasında yüksək sənət əsərinə az rast gəlinir. Bir-birinə yaxın təəssüratlar, bədii təsvir və ifadə vasitələri bu şeirləri çox zaman bir-birinə bənzədir: "Bəzən şairlər həmin şeirləri "Seçilmiş əsərləri"nə daxil etmirlər. Lakin bu tendensiya müasir şairlərin yaradıcılığında çox az yer tutur. Bu gün mətbuatın, saytların, sosial şəbəkələrin bolluğunda bu mövzulara doğru olaraq az yer verilir. Çünki araşdırmalar göstərir ki, bu cür əsərlər təəssüratdan o yana getmir, şairin, yazıçının yaradıcılığında o qədər də əhəmiyyətli yer tutmadığı kimi, oxucu zövqünün də formalaşmasında önəmli rol oynamır. Fikrimcə, çağdaş bədii düşüncədə bayramlara, yeni il mövzularına az yer verilməsinin əsas səbəblərindən biri də budur. Lakin bu o demək deyil ki, bu mövzularda yaxşı əsər yaratmaq mümkünsüzdür. Bir çox şairlərin yaradıcılığında bu mövzuda yaxşı əsərlər yazılıb və yenə də yazıla bilər”.
Bayram yalnız fon rolunu oynaya bilər

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının fikrincə, konkret mənada hansısa bir bayramın ədəbiyyat, daha doğrusu, ədəbi əsər mövzusu olması bir qədər mücərrəd səslənir. Belə ki, bayram yalnız fon rolunu oynaya bilər, ədəbi əsərsə insan talelərini əks etdirirsə, deməli, daha çox insanların ovqatından bəhs eləyəcək: "Bu isə heç də birmənalı deyil, zahirən şənlənən adamın qəlbinin alt qatlarında dərin kədər ola, diqqətini də həmin nöqtəyə yönəldə bilər. Şəxsən məndə həmişə bu cür olub. İlk hekayələrimdən biri "Bayrama üç gün qalırdı” adlanırdı. Hekayə oğul yolu gözləyən qocanın daxili təlatümlərini əks etdirirdi. Sonralar da bəzi yazılarımda bayramdan ötəri fon kimi istifadə eləmişəm. Amma şübhəsiz ki, bayramdan bəhs eləməyən yazıçılar var, bundan sonra da olacaq”.
Buna böyük ehtiyac var

Yazıçı İlqar Fəhmi bayram mövzusuna münasibətdə yaradıcı insanları iki qismə bölür: Bir qisim insanlar var ki, onlar bayram əhval ruhiyyəsi olanda yazmaq həvəsləri olmur. Onlar gərək ağır, psixoloji vəziyyətə düşsünlər ki, nəsə yazsınlar. Elə yaradıcı insanlar da var ki, onlar psixoloji cəhətdən gərgin olanda yaza bilmirlər. Əksinə, onlara xoş əhval-ruhiyyə lazımdır». Yazıçı təəssüflə, son vaxtlar bizdə ağırını, acını, iztirabı yazmaq ənənəsinin formalaşdığını deyir: "Ədəbiyyata nəzər yetirəndə adama elə gəlir ki, bunu yaradan insanların heç vaxt xoş günü olmur, fərəh hissi keçirmirlər. Ona görə, dərddən yazırlar. Çünki xoş hissi yazmaq ənənəsi yoxdur. Sovet dövrünün ən gərgin vaxtlarında insan ancaq fərəhi, gözəllikləri, inkişafı yazmalı idi. İztirabı yazmaq realizmdən kənar hesab edilirdi. Ona görə də, 50-ci illərin ədəbiyyatına nəzər yetirəndə problemlər çox olsa belə, əsasən tərənnüm poeziyası – yəni bayram əhval-ruhiyyəsi, gözəlliklər, fərəh, şənlik hiss olunurdu. Görünür ki, bu, ictimai mühitdən də, insanların sənətə münasibətindən də asılıdır”. Yazıçının fikrincə, sovet dövründə bayram əhval- ruhiyyəsi o qədər çox idi ki, insanlar qara rəng üçün, kədər üçün darıxırdılar: "Son vaxtlar əksinədir. Ədəbiyyatımızda o qədər neqativ var ki, sözün həqiqi mənasında bayram əhval-ruhiyyəsinə ehtiyac hiss olunur. Təəssüf ki, özüm də daxil olmaqla yazıçı və şairlərin əsərlərində bunu görmürəm. Ancaq buna böyük ehtiyac var”.
Ehtiyac duymadıqda bayram mövzusundan qaçmaq

"Kitabi Dədə Qorqud”a, yaxud klassik ədəbiyyatımızdan Nizami Gəncəvinin, Xətainin yaradıcılığına əl uzatsaq, yazın gəlişinin bayram təsvirləri ilə tərənnümünə rast gələ bilərik”- deyə yazar Aqşin Yenisey bildirir: "Üzü bəri gəldikdə, Vaqifin satirasında "Bayram gəldi, heç bilmərəm neynəyim, bizim evdə axta zoğal da yoxdur” reailst-pessimist bayram ovqatı əhvalımıza bir sarkazm qatacaq. Daha sonra Məhəmmədhüseyin Şəhriyarın "Heydərbabaya salam” poemasında Novruz bayramı, xüsusilə İlaxır çərşənbə çox obrazlı şəkildə canlandırılır. İsmayıl Şıxlının "Dəli Kür” romanında da İlaxır çərşənbə səhnələri çox canlı təsvirlərlə verilib. Sovet ədəbiyyatımız, ümumiyyətlə, bayram əhval-ruhiyyəlidir”. Dünya ədəbiyyatına gəldikdə, yazar qeyd edir ki, daha çox İsa Peyğəmbərin doğum gününü bayram edən xristian ədəbiyyatına aid əsərlərin adını çəkmək olar: "Xristianlar Yeni il bayramını, bilirsiniz ki, IV əsrdən başlayaraq qeyd edirlər. Bəlkə də, elə bir xristian müəllif tapmaq olmaz ki, əsərlərində İsanın doğuluşuna, o cümlədən, Milad bayramına münasibət bildirməmiş olsun. Ümumilikdə, yazıçı və şairlər ehtiyac duymadıqca, həmişə bayram mövzusundan qaçıblar. Ya da Rablenin "Qarqantua və Pantaqruel”ində olduğu kimi, bayramı burjua əyləncəsi, süni şənlik ab-havası kimi təsvir ediblər”.
Bədii sözün bayramı olacaq gün

Tənqidçi Əsəd Cahangir bayram mövzularına həsr olunan hər hansı bir əsəri xatırlamır. "Elmi əsərlər yazılıb. Universitet illərində bizə dərs deyən görkəmli alim Azad Nəbiyev Novruz bayramı ilə bağlı tədqiqatlar aparmışdı. Onun bu mövzuda əsərləri nəşr olunurdu. Kinematoqrafiyada – «7 oğul istərəm»də, «Dəli Kür» filmlərində müəyyən səhnələr Novruz bayramı ilə bağlıdır. Həmin kadrlar filmin ən gözəl səhnələrindəndir. Amma bədii ədəbiyyatda özəl olaraq Novruz bayramı ilə bağlı bir şeir, poema və ya hekayənin yazılması yadıma gəlmir. Hansısa əsərdə bu bayramın adı çəkilə bilər, ancaq sırf bu mövzuya həsr olunan əsər xatırlamıram». Tənqidçinin fikrincə, bayram mövzusunun yazılmamasının əsas səbəbi ədəbiyyatımızın bayrama və kədərə münasibətdə iki mərhələsinin olması ilə bağlıdır: «Ötən minilliyin beş yüzüncü ilində bizim ədəbiyyatımızın sevinc notları güclü olub. Biz Nizaminin, Nəsiminin, Xətainin poeziyasında böyük coşqunluq, əzəmət görürük. Amma əsrin ikinci yarısında - Füzulidən başlayaraq poeziyada kədər sevinci üstələyib. Füzuli artıq Novruz bayramına deyil, Kərbala müsibətinə şeir yazıb. Füzulinin şeirinin mahiyyəti qəmdir. Onun yaradıcılığında şeir qəmdən doğulur”. Tənqidçinin fikrincə, Füzulinin qoyduğu ənənə, nəzəri istiqamət bu gün də davam edir. Belə ki, bizim şairlərimiz daha çox dərddən, qəmdən yazır. Bayram əhval-ruhiyyəli, şən notlara köklənən şeirə rast gəlmək çox çətindir: "Molla Pənah Vaqif bir şeirində «Bayram gəldi, heç bilmərəm neynəyim, bizim evdə dolu çuval da yoxdur"- deyə yazırdı. Hətta onun kimi şən, həyatsevər bir şair belə Novruz bayramı münasibəti ilə yazdığı şeirdə giley-güzar edirdi. Ola bilər ki, indi kimsə bayram mövzusunda yazır. Hazırda minlərlə şair var. Onların hamısının yazdıqlarını oxumaq bir qədər absurd səslənir. Amma hər halda diqqət çəkən bir nümunə xatırlamıram. Bunun səbəblərindən biri də odur ki, son 20-30 ildə xalqımızın həyatında çox kritik hadisələr baş verdi. Bir imperiya dağıldı, xalqımızın həyatında faciələr baş verdi, torpaqlarımız işğal edildi, şəhidlər verdik, güzəran problemi yaşandı. Bütün bu problemlərin içində şair və yazıçıları qınamaq da bir qədər düz deyil. Düzdür, indi həyatımız get-gedə məcrasına düşür, iqtisadiyyatımızda stabilləşmə gedir. Ancaq poeziya, ədəbiyyat bir çox hadisələrə jurnalistika kimi dərhal reaksiya vermir. Ədəbiyyatın hadisələrə reaksiyası müəyyən müddətdən sonra baş verir”. Ə.Cahangir şairlərimizin, yazıçılarımızın şən əhval-ruhiyyəli şeirlər, qələbə, zəfər zolaqlı romanlar yazması üçün həyatımızın daha gözəl olmasını arzulayır: "Bütün bunların həyata keçəcəyi gün, yəqin ki, bədii sözün də bayramı olacaq».

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər