• cümə, 29 Mart, 17:51
  • Baku Bakı 14°C

Bayrağımın qırmızı rəngi

09.11.13 09:15 2748
Bayrağımın qırmızı rəngi
Natiq Məmmədli
[email protected]
Bəzən bilərəkdən, ya bilməyərəkdən bayrağımızın tərs asıldığını görəndə qəlbimizə toxunur, etiraz edirik. Bu, təbii ki, dövlətimizin atributuna sayğımızdan qaynaqlanır. Digər tərəfdən, milliliyi, müasirliyi və imanı özündə birləşdirərək ilahi kompromisi təcəssüm etdirən bayrağımızın nişanələrinin səhv salınması, başqa sözlə, dinin millətdən yuxarıda dayanması Şərqin ilk demokratik cümhuriyyətini quran babalarımızın yolundan sapmaq kimi başa düşülür. Bizə əmanəti belə miras qoyublar - «Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvolu». Bu baxımdan, bizim bayrağımız millətin yol xəritəsidir: haradan başladığımızı, hara söykəndiyimizi və nəhayət, hara getdiyimizi dəqiq göstərir. Qalır, ulu sələflərimizin başını aşağı eləməmək, yolundan sapmamaq.
Bayrağın göstərdiyi yol isə onun qırmızı rəngində təcəssüm tapıb. Nə möcüzəli hikmətdirsə, necə asılır asılsın, qırmızı rəng öz yerində qalır. Sanki bayraq bizi sinəmizdən tutub bərk-bərk silkələyir ki, türk qanlı da olsan, islam imanlı da olsan, səmtini dəyişmə, sənin üzün Avropayadı. Yanındakı qonşulara bax, onların bayrağına bax, sən onlardan daha yaxın avropalısan, sən onlardan daha çox müasirsən, sənin babalarının ürəklərinin qanı ilə suvardıqları məfkurə ağacı onlarınkından bir baş da yuxarıdı.
Mən bu bayram vaxtı, bütün Azərbaycanı sarmış üçrəngli bayrağın ad günündə daha çox onun qırmızı rəngi haqda danışmaq istəyirəm. Türk qanlıyıq məlumdu: uzun illər özümüzün, dilimizin adını deməyə imkan verməsələr də, türk oldğumuzu kimlərinsə xətrinə dəyməsin deyə hürkə-hürkə pıçıldasaq da, bu, belədir. Özümüz deməsək, başqaları sirimizi-sifətimizi görən kimi, enli alnımıza, qalın qaşlarımıza, qarabuğdayı görkəmimizə baxan kimi bilirlər biz kimik.
70 ilin qara kölgəsi bizi islamdan ayrı saldı. Elə indi də yarımçıq müsəlmanıq, «məhərrəmlikdə içmək olmaz», «orucluq çıxsın oturarıq» deyən biz deyilikmi? Amma nə qədər yaxamızı kənara çəksək də, ibadətə hələ də xurafat kimi yanaşıb, inanca saqqalın uzunluğu-qısalığı ilə dəyər verməyə çalışsaq da, Məkkəyə turist kimi gedib hacı kimi qayıtsaq da, islam əvvəl-axır gəlib tapır bizi, nəşimizi qəbirə uzadanda ağır əlini çiynimizə toxundurub qulağımıza özünün səmavi hikmətlərini pıçıldayır. Bu, taledir, qaç görüm qaça bilərsənmi? Türklük bizim zatımızda, islam imanımızda dayanıb. Biz anadan belə doğulmuşuq.
Bəs qırmızı rəng nədir? Babalarımızın əlini gözlərinin üstünə qoyub baxdığı, uğrunda vuruşduğu, mübarizəsinin yarımçıq qoyduğu yerini də bizə əmanət elədiyi yoldu, qırmızı rəng. Azərbaycanın bayrağını onsuz təsəvvür eləmək olarmı? Allah eləməsin! Bəlkə də kimlərsə qanmazlıqdan belə düşünə bilər, amma biz ki qanırıq. Yuxarıda adını çəkdiyim ilahi kompromis elə qırmızı rəngə görədir. Bunun tarixi var, bunun kökləri var. Bayrağımızın daşıdığı dəyər Əfqanidən süzülən «milli birlik və islam vəhdəti düşüncəsi» bulağından su içib. Qoca Şərqi mürgüdən ayıltmaq istəyən neçə-neçə işıqlı dühamızın dərin axtarışlardan, saysız-hesabsız təlatümlərdən sonra gəldiyi bir qənaət olub – qırmızı rəngin işığını tutub üzü Avropaya tərəf addımlamaq.
Əli bəy Hüseynzadə hələ bayrağımız mövcud olmamışdan on bir il əvvəl böyük uzaqgörənliklə onun əlamətlərini nişan vermişdi. 1907-ci ildə «Füyuzat»ın 23-cü sayında yazırdı ki, «bizə fədai lazımdı, türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai». Məhəmməd Əmin Rəsulzadə 1915-ci ildə işıq üzü görən «Açıq söz» qəzetinin bütün saylarının üstündə bir şüar yazmışdı – «türkləşmək, müasirləşmək, islamlaşmaq». Sən demə, bayrağımız yeganə atributdur ki, onun əlamətləri doğuluşundan xeyli əvvəl məfkurə daşıyıcılarının, istiqlal mücahidlərinin ürəyində dalğalanmış, sonra millətə yansımışdı. Bu bayraqda hər şey var: keçmiş də, bu gün də, gələcəyin nişanəsi də.
Cümhuriyyət quranların irsində bir cümlə də tapmaq olmaz ki, onlar öz xələflərinə rus qafalı, Orta Asiya qafalı olmağı tövsiyə etsinlər, xeyr, söhbət firəng qafalı olmaqdan gedir. Gəlin bir özümüzə baxaq: kostyumumuz, qalstukumuz ən son dəbdə, yeməyi çəngəl-bıçaqla yeyirik, adam arasında burnumuzu qurdalamırıq, ingilis dilini bilənlərimizin sayı da, maşallah, ana dilində danışanlardan çoxdur, evlərimizi avro stildə tikirik, avro stildə təmir edirik, pulumuzun ən sanballısı avrodu, bəs onda biz niyə avropalı ola bilmirik? Qafa çatışmır, qafa! O kişilər bizə deməyiblər ki, avropalı əlbisən olsun, deyiblər ki, avropalı qafan olsun. Hanı Əli bəy Hüseynzadənin nişan verdiyi insan?
Bizim düşüncəmizdə avropalaşmaq müasirləşmək sözünün sinonimidir. Bunun əksini deyən varmı? Etiraz edirsənsə, alternativin nədir? «Bizə fədai lazımdı - türk qanlı, müsəlman etiqadlı, firəng qafalı fədai» - bundan güclü söz deyə bilərsənmi ki, millətə işıq gələn tərəfi göstərsin? Bəs onda niyə kötük kimi ilişib qalmısan mənim gülüstanımda?! Bu dirənişin faydası yoxdur, axırı var. Axırı da belə olur:
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Kükremiş sel gibiyim, bendimi çiyner aşarım;
Yırtarım dağları, enginlere sığmam, taşarım.
Milli müstəqilliyin bünövrəsinin qoyulması müstəqilliyi tərənnüm edən rəmzlərin dirçəldilməsindən başlayır. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı kimi qəbul olundu. Bu gün o, dünyanın ən hündür dirəyinə sancılmış fəxarət yerimizdi.
Ey uca bayraq! Bilmirəm Vətən deyəndə kim haranı nəzərdə tutur, mənim Vətənim sənin kölgənin düşdüyü yerdir. Sənin kölgən düşən yer mənim Vətənimdir. Kölgən heç vaxt bu torpağın, bu diyarın üstündən əskik olmasın! Bizə göstərdiyin yolla addımlayaq, azmayaq, cızığımızdan çıxmayaq. Bayramın mübarək, ey qurdbaşlı bayrağın balası bayraq!
banner

Oxşar Xəbərlər