AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baydenin kadr siyasəti

Baydenin kadr siyasəti

Təfsilat
22 Yanvar 2021, 20:30 1049
ABŞ-ın yeni prezidentinin komandası anti-Rusiya mövqelilərdən formalaşır 
 
Co Bayden ABŞ-ın 46-cı prezidenti kimi and içdikdən sonra onun qarşıda ciddi problemlərin həllinin durduğu  şəksizdir. Prioritet, sözsüz ki, xarici siyasət məsələləri olacaq. Analitiklər ABŞ-ın xarici siyasətində köklü bir dəyişiklik gözləməsələr də, əsas diqqətin İran və Rusiyaya ayrılacağı şəksizdir. Yeni prezidentin komandasına nəzər saldıqda, məhz həmin ölkələr üzrə ixtisaslaşan şəxslərin olduğunun çoxluq təşkil etdiyi görünür. Hazırda dünya mediasında Baydenin yeni administrasiyasında təmsil olunacaq şəxslər əsas müzakirə mövzularından biridir. Baydenin yüksək postlara təklif etdiyi şəxslərin təcrübə və biliyi həddən artıq mürəkkəb tranziti idarə etməyə imkan verir. Hələ noyabrın 24-də yüksək postlara namizədlərini təqdim edən zaman Bayden bildirmişdi ki, söhbət milli təhlükəsizlik və xarici siyasətdən gedəndə vaxt itirmək olmaz: "Mənə, Amerikanı stolun başında oturmağa qaytara biləcək, dünyanın ən ciddi problemlərini həll edə və birinci gündən işləməyə qadir olan komanda gərəkdir. Dəyər və ənənələrimizi bərpa etməyin zamanı çatıb”. Bayden hələ Senatda təsdiq olunacaq şəxslərlə bağlı bildirib ki, bu şəxslər nəinki təcrübəli və böhranlı vəziyyətlərdən çıxmağa qadir insanlardır, həm də innovasiyalı yanaşmaları ilə seçilirlər. Onların diplomatiya sahəsində təcrübələrinə isə heç kim çata bilməz.
 
Baydenin güvəndiyi şəxslər kimlərdir?
 
İlk olaraq dövlət katibi Entoni Blinkendən başlayaq. 58 yaşlı bu şəxs Barak Obama dövründə dövlət katibinin müavini vəzifəsində çalışıb. Blinken yeni prezidentin ən etibarlı şəxslərindən biri hesab edilir və Baydenlə 2002-2008-ci ildə Senatın beynəlxalq əlaqələr komitəsində sıx əməkdaşlıq edib. Sonra isə Bayden vitse-prezident olanda Obamanın prezidentliyi dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışıb. Bayden kimi, o da beynəlxalq münasibətlərin vacibliyi üzərində dayanıb. Ehtimal edilir ki, müttəfiqlərlə çoxsaylı fikir ayrılıqlarını aradan qaldırmaq istiqamətində aktiv iş aparacaq. Gəncliyini Parisdə keçirən Blinken sərbəst şəkildə fransız dilində danışır, beynəlmiləlçi baxışları ilə seçilir. Bu da onu deməyə əsas verir ki, əvvəlki administrasiyanın "Hər şeydən öncə Amerika” dünyagörüşünü kəskin şəkildə dəyişə bilər. NATO ilə əməkdaşlığın qatı tərəfdarı olan bu diplomat, postsovet geosiyasi reallıqlarından yaxşı məlumatlıdır. Ehtimal ki, Kremlin aqressiyasına qarşı sərt mövqe tutacaq. Krımın işğalından sonra Rusiyaya qarşı sərt sanksiyaların qəbulunda əhəmiyyətli rol oynayıb, Kiyevə ölümsaçan silahların verilməsi barədə uğursuz çağırışların müəllifi kimi də tanınır. "Düşünürəm ki, onun birinci və ən böyük prioriteti ABŞ-ın dünyada etibarlı bir müttəfiq və tərəfdaş kimi qəbul edilməsinin bərpasıdır. O, zədələnmiş münasibətləri bərpa etmək istəyir. Əslində mantra "geri qayıtdıq” deməkdir. O, ABŞ-ın Paris iqlim razılaşmalarına yenidən qayıtmasının və START müqaviləsini uzatmağın potensial yolunu axtarır” - deyə, Atlantik Şurasından Mark Simakovski bildirib.
 
MKİ rəhbəri – Uilyam Berns
 
Baydenin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizəd irəli sürdüyü Uilyam Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyada səfiri olub. 2009-cu ildə Kondoliza Raysın istefasından sonra Hillari Klinton vəzifəsinə başlayanadək dövlət katibi səlahiyyətlərini icra edib. Daha əvvəl onun namizədliyi bu posta irəli sürülsə də, sonradan Entoni Blinken indiki vəzifəyə namizəd göstərilib. Uilyam Berns 1956-cı ildə Şimali Karolinada anadan olub. 2011-2014-cü illərdə dövlət katibinin müavini işləyib. Əgər təsdiq olunarsa, onda bu, bir qədər ənənələrə zidd olacaq. Diplomatik stajı olan və kəşfiyyat cəmiyyətində təcrübəsiz ilk şəxs kimi bu posta yiyələnəcək. Onun Dövlət Departamentində (1982-2014) fəaliyyəti o deməkdir ki, işini bilir və yeni administrasiyanın iki prioritet istiqaməti - Rusiya və İranla işləməyə hazırdır. 64 yaşlı Berns Corc Buşun prezidentliyi dövründə Moskvada səfir vəzifəsində çalışıb, 2015-ci il İranla ABŞ arasında məxfi nüvə danışıqlarında əsas şəxs kimi göstərilirdi. Bildirirdi ki, ABŞ nüvə razılaşmasına qayıdacaq. Beş prezident (həm demokrat, həm respublikaçı) dövründə çalışan Berns xarici siyasətin əsas sahələrindən baş çıxarır. Lakin bəziləri Çinlə münasibətlərin zəif tərəf ola biləcəyini irəli sürürlər.
 
Ən gənc kadrı və qaradərili müdafiə naziri
 
Ən əhəmiyyətli postlardan biri - milli təhlükəsizlik məsələləri üzrə müşavir 44 yaşlı Ceyk Sallivan yeni prezidentin ən gənc kadrlarından biridir. Gəncliyinə baxmayaraq xarici siyasət üzrə ekspert hesab edilir. Əvvəllər Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Hilari Klinton dövlət katibi olanda da planlama siyasəti bölməsinin rəhbəri olub. Blinkenlə sıx münasibətlərin qurulmasına nail olub və indi də yeni administrasiyada sıx əməkdaşlıq edəcəkləri gözlənilir. Tramp dövründə müttəfiqlərlə pisləşən münasibətlərin bərpasına çalışacağı gözlənilir. "İranı tam qaydasına gətirəcəyini” vəd edərək, nüvə sövdələşməsini bərpa edəcəyinə, sonra isə Tehranın bunlara əməl edəcəyini tələb edəcəyinə söz verir. Digər sahələr, Sallivanın özünün də dediyi kimi, Çin və koronavirus pandemiyası olacaq.
Müdafiə naziri Llloyd Ostinə gəldikdə, 40 illik hərbi təcrübəsi var. Böyük təcrübəyə malik bu şəxs İraqda silahlı qüvvələrin sayının azaldılmasına və onların Əfqanıstanda sayının artırılmasına rəhbərlik edib. Eləcə də, "İslam Dövləti” qruplaşmasına qarşı mübarizədə aktivliyi ilə seçilib. Deyilənlərə görə, Bayden onun Obama dövründəki Mərkəzi Komandanlığa rəhbərliyindən razı olub. Onu bu posta namizəd irəli sürərkən bildirib ki, Ostinin bir əsgər kimi təcrübəsindən yararlanacaq. Əgər 67 yaşlı Ostini nazir postuna təsdiq etsələr, onda bu postda çalışacaq ilk afroamerikalı olacaq. Konqresdə müzakirələr zamanı problem üzə çıxa bilər. Qanunvericiliyə görə, bu postu mülki şəxs tuta bilər. Bu səbəbdən də, ola bilsin Konqres Ostinlə bağlı istisnaya getsin. Bu hal iki dəfə olub - 2017-ci ildə Ceyms Mettisə və 1950-ci ildə Corc Marşalla qarşı.
Başqa əhəmiyyətli post - BMT-dəki səfir vəzifəsinə Linda Tomas-Qrinfild irəli sürülüb. Beynəlxalq münasibətlərdə 35 illik təcrübəsi var. Baş prokuror vəzifəsinə isə Merrik Qarlend irəli sürülüb. 68 yaşlı Qarlend ədliyyədə geniş təcrübəyə malikdir. Əgər onun namizədliyi keçərsə, onda bu postda öz əməkdaşlarını açıq şəkildə aşağılayan  Uilyam Barrı əvəzləyəcək.
 
Ən qalmaqallı namizəd - Nuland
 
Bayden dövlət katibinin müavinləri postuna da namizədlər irəli sürüb. Bu vəzifələri Uendi Şerman və Viktoriya Nuland tutacaq. Dövlət Departamentində silahlanmaya nəzarət üzrə ekspert postunu Bonni Cenkins təyin olunub. Nuland dövlət katibinin siyasi məsələlər üzrə müavini olacaq. O, Dövlət Departamentində 30 il işləyib. ABŞ prezidentinin Rusiya və keçmiş SSRİ ölkələri üzrə əsas məmuru olub. Ukraynada 2014-cü ildə inqilab zamanı ABŞ dövlət katibinin müavini olan Nulandın aktiv fəaliyyəti ona "inqilab ifritəsi” ləqəbi qazandırmışdı. Rusiya Xarici İşlər Nazirliyi onun adını "qara siyahı”ya salıb. Nuland 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarınadək ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasında, xüsusilə postsovet dövlətlərinə qarşı siyasətlə bağlı məsələlərə nəzarət edib. Kiyevdə Ukrayna lideri Viktor Yanukoviçin devrilməsinə səbəb olan kütləvi etirazlar zamanı Nuland nümayişçilərə açıq şəkildə dəstək verən Qərb rəsmilərindən biri olub. O, həmin vaxtda  etirazçılarla görüşməsi və peçenyelər verməsi ilə məşhur olmuşdu.  Rus dilində mükəmməl danışan Viktoriya Nuland Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasının qızğın tərəfdarlarından biri hesab olunur. Bundan başqa, o, rəsmi Moskvanın "hərbi təcavüzünə” qarşı qlobal cəbhənin yaradılmasına çalışanlardan biri olub. V.Nulandın yenidən gəlişi, sözsüz ki, ən çox Ukraynanı sevindirməlidir. Rəsmi Kiyev onun 2014-cü ildə Maydan hadisələrinə - şəxsən mitinqə gələrək etirazçılara dəstək verməsini minnətdarlıqla xatırlayır.
O, Boris Nemtsovun öldürülməsindən sonra Rusiyaya qarşı tətbiq edilən "Maqnitski qanunu”nun müdafiəçilərindəndir. O zaman Bayden də Maydan hərəkatını dəstəkləmişdi. Qısa ifadə etsək, Nuland Ukrayna və Rusiyaya qarşı Obama-Bayden siyasətinin qatı tərəfdarıdır.
 
Bakıda işləyən diplomat da yeni komanda
 
ABŞ-ın Bakıdakı səfirinin keçmiş müavini vitse-prezidentin milli təhlükəsizlik müşaviri olacaq
ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris özünün milli təhlükəsizlik müşavirini müəyyən edib. Bu postu diplomat Nensi MakEldouni tutacaq. Nensi MakEldouni 1958-ci ildə anadan olub, 30 ildən çox ABŞ diplomatik xidmətində qulluq edib. O cümlədən 2001-2004-cü illərdə ABŞ-ın Bakıdakı səfirinin müavini, 2005-2008-ci illərdə Türkiyədəki Birləşmiş Ştatlar missiyasının rəhbərinin müavini olub. Habelə Bolqarıstanda səfir işləyib, 2009-2011-ci illərdə dövlət katibinin Avropa işləri üzrə köməkçisinin müavini vəzifəsini tutub. Nensi MakEldouni daha sonra Xarici Xidmət İnstitutunun (FSİ) direktoru olub. Bir çox xarici dillərdə, o cümlədən Azərbaycan və türk dillərində bilir. Nensi MakEldouni Bayden administrasiyasında yüksək vəzifələrə təyin olunan bir neçə keçmiş diplomatdan biridir.
Eyni zamanda xəzinə naziri təyin ediləcəyi gözlənilən Cenet Yellenin xüsusi köməkçisinin türk əsilli Didəm Nişançı olacağı bildirilib. Sözügedən vəzifənin Nişançıya təklif edildiyi və onun bunu qəbul etdiyi bildirilir. Nazirlik bunu təsdiqləyəcəyi halda, türk qadın Yellenə ən yaxın simalardan biri olacaq. Didəm Nişançı keçmiş prezident Barak Obamanın dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında xüsusi köməkçi vəzifəsində çalışıb və 2018-ci ildə "Blumberq”ə keçməmişdən əvvəl "Promontory Financial Group”da çalışıb.
O, 1998-2001-ci illər arasında Xəzinə Nazirliyində də işləyib. Təyinat ABŞ Senatı tərəfindən təsdiqlənərsə, Cenet Yellen ölkə tarixindəki ilk qadın xəzinə naziri olacaq.  
 
Azər NURİYEV